Osmanlı imperiyası tərəfindən keçirilən hərbi əməliyyat From Wikipedia, the free encyclopedia
Ədənin alınması — 1547-ci ildə yerli əl-Tevlaki qəbiləsinin nəzarətinə keçən Ədənin Portuqaliya imperiyasının işğal etməsinə qarşı 26 Fevral 1548-ci ildə Piri Rəisin komandanlığı altında Osmanlı imperiyası tərəfindən keçirilən hərbi əməliyyat. Ədən əməliyyatı Osmanlı-Portuqaliya müharibəsi (1538-1557) zamanı əsas hadisələrdən olmuşdur.[1]
Ədənin alınması | |||
---|---|---|---|
Osmanlı-Portuqaliya müharibəsi (1538-1557) | |||
| |||
Tarix | 26 fevral 1548-ci il | ||
Yeri | Ədən, Yəmən | ||
Nəticəsi | Osmanlıların qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Yəmən və onun ən əhəmiyyətli limanı olan Ədən, Məmlük Sultanlığına daxil olduğu üçün 1517-ci ildə Ridaniyə döyüşüdən sonra, bu ölkənin bütün torpaqları ilə Osmanlı imperiyasının tabeliyinə keçdi. Tahirilər sülaləsinin nümayəndələri tərəfindən idarə olunan bölgənin strateji əhəmiyyəti və yerli hökmdarların Qırmızı dəniz bölgəsində getdikcə daha təhlükəli olan Portuqaliyaya rəğbət bəsləməsi səbəbindən Yəmən və Ədənin birbaşa Osmanlı rəhbərliyi altında olacağı təxmin edilirdi. Lakin portuqaliyalıların artan iddiası Osmanlı imperiyasını xüsusilə narahat edirdi. Onlar hər vəchlə Hind Okeanında nəzarəti ələ alaraq, Avropa ilə bütün Şərqi Asiyanın ticarətini inhisara almağa çalışırdılar. Bu səbəbdən portuqallar Ərəbistan yarımadasında olan əsas liman və boğazları ələ keçirməyə çalışırdılar. Məmlük dövlətinin süqutundan sonra Portuqaliyalılara mübarizə aparacaq yeganə dövlət Osmanlı imperiyası idi. Çünki, regionda olan daha bir müsəlman dövləti Səfəvi imperiyasının donanması və odlu silahı az olduğundan onlarla mübarizə aparacaq potensiala malik deyildi. Bu məqsədlə 1525-ci ildə Salman Rəisin komandanlığı altında 18 gəmidən ibarət Osmanlı donanması Ədəni ələ keçirməklə Portuqaliyanın bu bölgədəki mövqelərinə ciddi zərbə vurdu. Lakin 1535-ci ildə Diu Portuqaliyalılar tərəfindən tutuldu.
1538-ci ildə Misir valisi Süleyman Paşanın təmsil etdiyi türklər Ədəni yerli ərəb şeyxlərinin əlindən aldılar. Bu Qucarat Sultanı Bahadır şahın I Süleyman Qanunidən Portuqallara qarşı kömək istəməsindən sonra baş verdi. I Süleyman Qucarata kömək göstərməyə başladı. Bu səbəbdən Ədən Hindistandakı Portuqaliya koloniyalarına basqın üçün qiymətli dayaq idi.[2] 1538-ci ilin sentyabrında Diuya edilən uğursuz hücumdan sonra türklər Ədənə 100-ə yaxın top yerləşdirdilər.[2][3]
1540-cı illərin ilk yarısında yerli ərəb şeyxiləri Portuqaliyanın dəstəyi ilə sultanın hökmranlığına qarşı üsyan qaldırdı və bu əhəmiyyətli limanı ələ keçirdilər. Şeyx Əli bin Süleyman əl-Tevlaki Hörmüzdəki Portuqal komandanına xəbər göndərərək qalayı qorumaq üçün hərbi dəstək istədi. Türklərin Ədəndən qovulma tarixi və şərtləri mübahisəlidir. Portuqaliyalılar tez bir zamanda şeyxə kömək üçün öz nümayəndələrini göndərdilər.[4].
Osmanlı dövləti dərhal Portuqaliya hərbi qüvvəsinin bu mühüm limana yerləşdirilməsinin Məkkə, Mədinə və Qırmızı dənizdəki gəmiçiliyin təhlükəsizliyini təhlükə altında qoyacağını gördü və Piri Rəisə Ədəni geri qaytarmağı tapşırdı. Bu məqsədlə Piri Rəis 29 oktyabr 1547-ci ildə müxtəlif ölçülü 60 gəmidən ibarət donanması ilə Süveyşdən yola düşdü. Yəmənin Muha limanına çatdıqda, Yəmən valisi Ferhad Paşadan əlavə beş gəmi alaraq donanmasına əlavə etdi və Ədənə doğru yola çıxdı. Sancaqbəyi Kasım bəyin komandanlığı altında bir Osmanlı bölüyü Ədəni quru yolu ilə mühasirəyə aldı.[5]
Donanma 15 Noyabr 1547-ci ildə Ədən yaxınlığına çatdıqda, Şeyx Əli bin Süleyman əl-Tavlaki təxminən 3.000 nəfərlik bir qüvvə ilə Osmanlı qoşunlarına hücum etdi. Onun bunda məqsədi donanma gəlməmişdən əvvəl mühasirəni qaldırmaq idi. Ancaq Əli bin Süleyman əl-Tavlaki ağır itkilər verdi və özüdə döyüş meydanında öldü. Məğlub olan ərəb qüvvələri qalaya geri çəkildikdə, Əli bin Süleymanın oğlu Məhəmməd komandanlığı öz üzərinə götürdü. 1948-ci il yanvarın 19-da köməyə gələn Portuqaliya donanması, Osmanlı donanmasını Ədən kənarında gördü və geri döndü. Təqib olunan gəmilər, Somali sahilindəki Osmanlı imperiyasının limanı olan Zeyla sahillərində yaxalandı və 120 Portuqaliya dənizçisi əsir düşdü. Gəmilər də yandırıldı.[6]
Piri Rəisin komandanlığı altında olan Osmanlı donanması 1548-ci il yanvarın sonunda Ədən qalası divarları qarşısında görünəndə Portuqaliyalı zadəgan Paju-de-Naronya şəhərin müdafiəsinə rəhbərliyi üzərinə götürdü. Tərflərin qüvvələri bərabər deyildi. Di Noronyanın sərəncamında Hörmuzdən gələn yalnız iki qaleradan ibarət bir komanda var idi. Piri Rəis şəhər istehkamlarının kütləvi bombardmanına rəhbərlik edərkən, di Noronya hərəkətsiz qalaraq, Qoadan kömək gəlməsini gözləyirdi.
Nəhayət, 1548-ci il fevralın 26-da türklər şəhər divarını dağıdaraq şəhərə daxil oldular. Osmanlılar Ədən şəhərini ələ keçirərək mühasirəyə son verdilər.[7] Portuqaliya donanması Hindistandan Qırmızı dənizə böyük bir gecikmə ilə, yalnız mart ayında gəldi. Donanmanın komandiri Alvaros di Kastro (Hindistanın portulaq IV vitse kralı don Juanın oğlu) Ədənin süqutundan xəbər tutaraq, şəhərə yaxınlaşmağa qərar vermədi və Qoaya döndü.
1548-ci ildə Yəmən üsyanı tamamilə yatırılırkən, Osmanlı hakimiyyəti cənubdakı strateji Ədən limanında yenidən quruldu. Ədənin alınması Piri Rəisə 1552-ci ilin avqustunda Maskatı fəth etməsinə yol açdı. Bu şəhər, 1580-ci illərin sonlarına qədər Osmanlı imperiyasının Hind Okeanındakı hərbi əməliyyatlarının ən vacib bazası olmağa davam etsə də, ticarət baxımından Yəmənin Qırmızı dəniz sahilindəki Moha limanından geri qaldı.
Cənubi Ərəbistan Kampaniyası (1546) və Ədənin fəthi ilə Cənubi Ərəbistanda Osmanlı hökmranlığını təsdiqləyən Piri Rəis, Portuqaliyanın Fars körfəzindəki varlığına son qoymağı hədəflədi. Bu məqsədlə admiral II Hindistan Ekspedisiyası olaraq bilinən hərbi əməliyyat hazırlıqlarına başladı.
Ədən üzərində nəzarətin itirilməsi Portuqaliya imperiyasının "Axilles vətəri" oldu və imperiyanın sonrakı parçalanmasını sürətləndirdi. Portuqaliyalılar Hörmuz və Ədən üzərində nəzarət qursaydılar (Afonso d'Albukerku 1513-cü ildə bunu etməyə çalışmışdı), Avropanın Hindistan və Uzaq Şərq ölkələri ilə dəniz ticarətində tam inhisarına nail olmuş olardılar.
1627-ci ildə Zeydi imamlarının başlatdığı qiyam nəticəsində Ədən bir daha itirildi. 1635-ci ildə Osmanlı imperiyasının Yəməndən tamamilə geri çəkilməsi ilə Ədəndəki türk hakimiyyəti rəsmi olaraq sona çatdı və bir daha qurulmadı. 1839-cu ildə İngiltərə, Hindistan koloniyalarına gedən gəmilərinin maddi-texniki ehtiyacları üçün Ədəndəkiki kömür anbarını icarəyə götürdü və daha sonra orada tam hakimiyyətini qurdu. 1870-ci illərdə Yəməndə hakimiyyətlərini bərpa edən Osmanlılar, Birinci Dünya müharibəsi dövründə Ədəni mühasirəyə alsalar da, şəhəri və qəsri ala bilmədilər.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.