From Wikipedia, the free encyclopedia
Şuşa Xalça Muzeyi (və ya Azərbaycan Xalça Muzeyinin Şuşa filialı) — Qarabağ xalçaçılıq sənəti ənənələrinin öyrənilməsi, qorunması və yaşadılması məqsədilə Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 26 sentyabr 1985-ci il tarixli 502 №-li əmrinə əsasən əsası qoyulan Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialı. Filial fəaliyyətinə 19 may 1987-ci il tarixindən general Səməd bəy Mehmandarova məxsus XVIII əsr abidəsi olan malikanədə başlamışdır.[1][2]
Şuşa Xalça Muzeyi Azərbaycan Xalça Muzeyinin Şuşa filialı | |
---|---|
| |
Əsası qoyulub | 26 sentyabr 1985 |
Açılış tarixi | 19 may 1987 |
Bağlanıb | 1992 |
Ölkə | |
Yerləşir |
Şuşa 1992-ci ilə qədər Şuşada, general Səməd bəy Mehmandarova məxsus malikanədə, 1992-2022 illərdə Bakıda AZ 1003, Mikayıl Useynov prospekti, 28. Dənizkənarı Milli Parkda 2023-cü ildən Şuşada, AZ 5800, 8 Noyabr küçəsi, 57 |
İş rejimi |
Çərşənbə axşamı - Cümə 10:00 -18:00, Şənbə-Bazar 10:00 - 20:00 İstitahət günü - Bazar ertəsi |
azcarpetmuseum.az |
Qədim tarixə malik Qarabağ, o cümlədən Şuşa xalçalarının tədqiqi, təbliği, qorunub-saxlanılması məqsədilə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin əsas fondundan – milli sənət dəyərlərimizi yaşadan xalça və xalça məmulatları, bədii tikmə, milli geyim və zərgərlik nümunələri sərgilənməsi üçün Şuşa filialına göndərilmişdi.[1]
Şuşa filialında Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyinin əsas fondundan seçilmiş xovlu və xovsuz xalçalar, xalça məmulatları, bədii tikmə, milli geyim, zərgərlik və bədii metal nümunələri nümayiş olunurdu.[3]
Filial beş il, 1992-ci il may ayının 8-də Şuşa şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunduğu günə kimi fəaliyyət göstərmişdir. Azərbaycan və Ermənistan arasında baş vermiş hərbi münaqişə 1992-ci ildə filialın öz fəaliyyətini dayandırmasına səbəb oldu.[4] 1992-ci ilin 29 fevral tarixində Şuşa filialının 246 ədəd eksponatından 183-ü (80 ədəd xovlu xalça, 35 ədəd xovsuz xalça və xalça məmulatı, 29 ədəd bədii tikmə və milli geyim, 39 ədəd zərgərlik məmulatı) təxliyə edilərək Bərdəyə, daha sonra Bakı şəhərinə gətirilərək, Azərbaycan Xalça Muzeyinin əsas fonduna təhvil verilmişdir.[1]
Şuşada fəaliyyət göstərən 8 muzeydən yalnız Azərbaycan Xalça Muzeyi əşyalarının yarıdan çoxunu, dahi bəstəkar Üzeyir Hacıbəylinin ev muzeyi isə əşyalarını qismən xilas edə bilmişdir. Xilas edilmiş eksponatlar arasında XIX–XX əsrləri əhatə edən Qarabağın ənənəvi "Şabalıd-buta", "Malıbəyli", "Qoca", "Bəhmənli", "Atlı-itli", "Xanlıq", "Çələbi", "Açma-yumma" çeşniləri əsasında toxunmuş xovlu xalçalar, məişətdə geniş istifadə olunan xovsuz xalçalar və xalça məmulatları, bədii tikmə, milli geyimlər və zərgərlik nümunələri var. Hazırda Şuşa filialı öz fəaliyyətini Azərbaycan Xalça Muzeyində davam etdirir.[1]
Muzeyin Şuşa filialı Qarabağ məktəbinə məxsus xalça nümunələrinin məhz xarici ölkələrdə təbliği məqsədilə ABŞ-də fəaliyyət göstərən "Qarabağ Fondu" ilə əməkdaşlıq edir. Qarabağın unudulmaqda olan toxuculuq texnologiyalarının bərpası və inkişafı Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialının əsas layihələrindəndir. Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialının əməkdaşları tərəfindən Qarabağ məktəbinə məxsus qədim çeşnili "Çələbi", "Bəhmənli" və "Malıbəyli" xalçalarının eskizləri hazırlanaraq 2012-ci ilin yanvar ayından fəaliyyət göstərən xalça sexinə toxuması üçün təhvil verilmişdir. Şuşa xalça sənətkarları hələ 1867-ci il Paris sərgisindən medallarla, diplomlarla qayıtmışlar. 1872-ci ildə Moskvada keçirilən Politexnik Sərgisində də Şuşa xalçaları yenidən xüsusi nişanlarla təltif olunmuşdular.[5]
Erməni silahlı dəstələri zamanla Azərbaycana, o cümlədən Qarabağa çox ağır zərbələr vurub, minlərlə insan qırğınların qurbanı olub, yurd-yuvaları xarabazara çevrilib. 1918-ci il qırğınlarında Azərbaycan hökumətinin dəvəti ilə köməyə gələn Qafqaz İslam Ordusu Qarabağda da faciənin qarşısının alınmasında iştirak edib. Qədirbilən şuşalılar öz xilaskarlarına dərin hörmət və ehtiramla yanaşıblar. Zəngin sənət biliklərinə malik olan Şuşa xalçaçıları öz minnətdarlığını ilmələrlə ifadə ediblər.
Bu xalçalardan ikisi Milli Azərbaycan Tarixi Muzeyinin satınalma komissiyası tərəfindən əldə edilib[6]. Xalçalar 1916-cı ilə aid fotoşəkil əsasında 1920-ci ildə hazırlanıb. Haşiyələrdən birinə ermənilərə qarşı döyüşən hərbçilərin qəhrəmanlığını vəsf edən şeir, digər haşiyəyə Qarabağın məşhur nəlbəki gülü toxunubdur. Xalçanın əsasını təşkil edən mərkəzi hissəsində insan təsvirləri salınıb. Mərkəzi hissənin ətrafındakı haşiyələrdə yazılmış mətnə əsasən təsvirdəki insanların şəxsiyyətini təyin etmək mümkündür. Bunlar: "Cənabi möhtərəm Ənvər bəy əfəndi", "Cənab Şevket Paşa həzrətləri", "Cənab Yusif İzzətdin", "Sultan Məhəmməd Rəşadxan Xamis Həzrətləri"dir. Digər xalçada isə kiril hərfləri ilə "Balama qurban" ifadəsi yazılıbdır. Görünür onu toxuyan şuşalı ana xilaskar orduya öz balası kimi münasibət göstərib, şirin Qarabağ kəlamı ilə onları əzizləyib. Xalçalar eksklüziv olduğuna görə birinci xalça "Türk komandanları", ikinci xalça isə üzərindəki yazı ilə əlaqədar "Balama qurban" adlandırılıb.[7]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.