From Wikipedia, the free encyclopedia
Qarabağ xalçaçılıq məktəbi — Azərbaycan xalçaçılıq məktəblərindən biri.
Qarabağ xalçalarının 33 kompozisiyası mövcuddur. Yerli qoyun növlərinin yununun xüsusiyyətlərinə görə Qarabağ xalçaları sıx hündür və yumşaq xova malikdir. Qarabağ xalçaları həyat eşqi və parlaq koloriti ilə seçilirlər. Onlar dörd qrupa bölünürlər: medalyonsuz, medalyonlu, namazlıqlar[1] və Süjetli. Bu xalçalar Qarabağın dağlıq hissəsində Malıbəyli, Muradxanlı, Daşbulaq, Cəbrayıl, Horadiz və bir çox başqa qəsəbələrində istehsal olunurdu.[2][3]
Azərbaycanın cənub-qərbində yerləşən Qarabağ xalça məktəbi iki regionda – dağlıq və aran zonalarında inkişaf etmişdir. Yazılı mənbələrdə ərəb tarixçiləri Əl – Müqəddəsi, Məsudi və b. tərəfindən X əsrdən başlayaraq yun və pambıq emalı ilə məşğul olan iri sənətkarlıq mərkəzi kimi adı çəkilən Qarabağın Dağlıq zonasında XIX əsrdə xalça istehsalında Şuşa şəhəri və Daşbulaq, Dovşanlı, Girov, Trniviz, Çanaxçı, Tuğ, Köhnə Tuğlar, Hadrut, Muradxanlı, Qasımuşağı, Qubadlı, Qozağ, Mirseyid, Bağırbəyli, Xanlıq, Dağ Tumas kəndləri əsas rol oynayırdılar. Dağlıq zonaya nisbətən xammalla, şübhəsiz ki, daha yaxşı təmin olunmuş aran rayonlarında Cəbrayıl, Ağdam, Bərdə və Füzuli xalça istehsalında əsas yer tutur. Bu mərkəzin hər birində əhalisi satış üçün intensiv şəkildə xalça toxuyan çoxlu miqdarda kəndlər mövcud olmuşdur. Oz bədii quruluşu, texnoloji xüsusiyyətləri, rəng həlli baxımından Zəngəzur və Naxçıvan xalça istehsalı mərkəzləri də Qarabağ xalça məktəbinə daxildirlər.
"Aran xalçası", "Bağçadagüllər xalçası", "Balıq xalçası", "Buynuz xalçası", "Bərdə xalçası", "Bəhmənli xalçası", "Qarabağ xalçası", "Qoca xalçası", "Qasımuşağı xalçası", "Ləmbəran xalçası", "Muğan xalçası", "Talış xalçası", "Lampa xalçası", "Malıbəyli xalçası", "Xanqərvənd xalçası", "Xanlıq xalçası", "Xantirmə xalçası", "Çələbi xalçası", "Şabalıdbuta xalçası", və s. çeşnili xalça kompozisiyaları Qarabağ xalçaçılıq məktəbinin klassik nümunələrindəndir. Qarabağda evlərin interyerlərinə uyğunlaşdırılmış 5 xalçadan ibarət dəst xalı – gəbələr geniş yayılmışdır.
1750-ci illərin əvvələrində Qarabağ xanı Pənahəli xan Şuşa şəhərini saldırdı. Şəhər ilk vaxtlar Pənahabad adlandırıldı və uzun illər Qarabağ xanlığının paytaxtı oldu. XVIII əsrdə Qarabağ xalçaçılıq məktəbi Şuşada cəmlənmişdir. XVIII əsrdə Şuşada klassik çeşnili xalçalarla yanaşı, Rusiyadan, eləcə də Avropadan gətirilmiş məcməyi, ətirli sabun, çit və digər müxtəlif məişət əşyaların üzərindən götürülmüş naxışlardan yeni xalça kompozisiyaları – "Bağçadagüllər xalçası", "Saxsıdagüllər xalçası", "Bulud xalçası" və s. çeşnilər toxunurdu. Qarabağ xalçalarının rəng – boyaq palitrası olduqca zəngindir. Bu palitra Qarabağ təbiətinin bütün rənglərinin ən zərif çalarlarını özündə əks etdirir. Qədim dövrlərdən Azərbaycan xalçalarının ara sahə yerliyi ənənəvi olaraq qırmızı rəngdə işlənmişdir. Müxtəlif bitkilərlə yanaşı, orta əsrlərdən burada rənglər müxtəlif növ həşaratlardan da alınmışdı. Onların içərisində qırmızı rəng almaq üçün ən geniş yayılmışı koşenildir. Xalq arasında ona – "qırmız böcəyi", "qurd qırmız", "palıd cücüsü" deyilirdi.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olub, hazirda erməni işğalı altında inildəyən Qarabağımızın bütün milli sərvətlərinin mənimsəyən bu azğın düşmənləri qabaqlayıb, öz sərvətlərimizə sahib çıxmaq hər birimizin vətəndaşlıq borcudur.[4]
Qarabağ xalçalarının motivləri öz bədii dəyərinə və təfsirinin orijinallığına görə bənzərsizdir. Bu xalçalar üfuqi simmetriya prinsipi üzrə mövzunu dekorativ cəhətdən mənimsənilməsinin əsl xalq manerasında qurulmuşdur. Əvvəllər Qarabağ xalçalarında gözəl rəsmlərlə yanaşı, ovçuluq süjeti əsaslıq təşkil edirdisə, sonralar xalçaçılığın ovçuluq süjetinə marağın azaldığı aydın görünür. Onlarda dinamik ov səhnələri demək olar ki, yoxdur, ovçuluğun ancaq atributları, simvolları göstərilmişdi. Sonralar həmin proses getdikcə dərinləşir və XX əsrin ilk rübündə ovçuluq bir mövzu kimi tamamilə yox olur, öz yerinin bir-birilə ancaq kompozisiya baxımından əlaqəli heyvan təsvirlərinə verir."Şəddə" tipli xalçaların xovlu xalçalara təsiri məhz bununla izah edilir.
Qədim xovsuz "Şəddə" xalçaları kompozisiya cəhətdən ibtidai, üfuqi simmetriyanın prinsipi üzrə qurulur və birtipli adam və heyvan fiqurları paralel bölgüdə intəhasız təkrar edilir. Bitkin ovçuluq motivlərinə marağı itirən xovlu xalça ustaları həmin bədii prinsipdən istifadə edirlər. Məsələn: XIX əsrin axırlarında Qarabağda "Atlı-itli","İtli-Pişikli","Marallı-Ceyranlı" cə s. Xovlu xalçalar toxunmuşdur. Bu kompozisiya baxımından heyvan təsvirləri olan üfuqi zolaqlardır.
Xalq dastanının qəhrəmanı, Şərqin böyük şairi Firdovsi nin "Şahnamə" poemasında baş qəhrəman Rüstəmə həsr edilmiş Qarabağ xalçaları xüsusilə gözədəyəndir. Rüstəm və Söhrab xalçalar seriyası miniatür rəngkarlığı üçün ənənəvi kompozisiya prinsiplərinin xalq ruhunda təfsiri ilə diqqətə layiqdir. Bunlar öz ideya, bədii xüsusiyyətlərinə görə xalq xalçaçılıq sənətinin sözün əsl mənasında tayı-bərabəri olmayan inciləridir.
Qarabağ məktəbində süjetli xalçaçılıq özünəməxsus üslubda inkişaf etmişdir. Qərbi Avropa rəngkarlığının təsvirindən azad olan bu xalçaçılıq sənəti kökləri əsrlərin dərinliklərinə, xalqın psixologiyasına gedib çıxan dekorativ tətbiqi sənətin təşkilinin əzəli bədii prinsiplərini bərqərar edirdi. Çox fiqurlu kompozisiyalarda motivlərin nəql şəklində təfsirindən süurlu surətdə imtina edilməsi simvolikanın və həyat hadisələrinin qrafik şərhinin güclənməsi-bunlar Şimali Azərbayacan, xüsusilə Qarabağ xalçalarında ən xarakterik cizgilər idi.[5]
Qarabağ xalçalarının 33 kompozisiyası mövcuddur. Qarabağ xalça məktəbi "Ləmpə, "Şələbi, "Qoca", "Malıbəyli", "Buynuz", "Dəryanur, "Açma-yumma"", "Şabalıd-burta", "Balıq" və b. xalçaları məşhurdur.
Şuşa xalçaları xovunun hündür olması, əlvan, şux koloritli, çox nazik, incə xüsusən də dəst xalı-gəbə kimi iri ölçülü xalçaların toxunması ilə seçilir. Şuşa xalçalarını səciyyələndirən cəhət təbii boyaq maddələrin xalçalara verdiyi parlaqlıq, şux rəng palitrasıdır. Azərbaycanda olan 1500 növ boyaq bitkisinin əksəriyyəti Qarabağda olmuş, burada toxunan xalçaların ipliklərinin boyanmasında onlardan istifadə olunmuşdur. Vidadi Muradovun yazdığına görə, Qarbağda, o cümlədən də Şuşada 35-dən artıq orijinal xalça çeşnilərindən istifadə olunmaqla xalçalar toxunmuşdur.[6] Xanlara məxsus böyük sarayların və iri malikanələrin bəzədilməsi üçün böyük ölçülü xalılar toxunmuşdur. Buna nümunə olaraq, eni 2 və uzunu 5–7 xan arşını (xan arşını 1,5 arşına bərabər gəlir) olan xalıları, eni 1 və uzunu 5–7 xan arşını olan cüt "kənarə", "başlıq", "ayaqlıq" kimi beş hissədən ibarət "xalı-gəbə" dəstlərini misal çəkmək olar. Bu dəstlərin toxunmasında, əsasən, "Ləmpə", "Qoca", "Balıq", "Buynuz", "Açma-yumma", "Bulud" kimi geniş yayılmış çeşnilərdən istifadə edilmişdir.[7] Qarabağ sənətkarlarının toxuduğu xalçalara verdikləri adlar bəzən onların ölçülərini də müəyyən edir. Məsələn, "gəbə" – xalı ilə kənarə arasındakı ölçüdə bir xalça, taxtüstü – 3x1 xan arşını ölçülü divar və ya taxt üçün nəzərdə tutulan xalça, "xalı balası" – 4x1 xan arşını ölçüsündə xalı və s.[8] Şuşa həm də ipək xalçaları ilə şöhrət qazanmışdır. İpək xalçalar, əsasən, mötəbər şəxslər, zadəganlar üçün sifarişlə və ya ixrac məqsədilə toxunurdu.[9] Şuşa xalçalarının tarixi XVIII əsrin ikinci yarısına, Şuşanın təsis edilməsindən sonrakı dövrə təsadüf edir. Məsələn, "Bulud", "Bağçada güllər", "Saxsıda güllər" adlı məşhur Şuşa xalçalarının toxunmasına Azərbaycanın Rusiyaya ilhaqından sonra başlanılmışdır. XIX əsrin ikinci yarısından etibarən Azərbaycanın Ümumrusiya əmtəə tədavülünə qoşulması ilə əlaqədar Rusiyadan Azərbaycana müxtəlif çeşidli mallar – çit, hörmə, krujeva, "xoruznişan" dəsmallar, bəzəkli çini qablar, zərgərlik məmulatları, həndəsi naxışlarla bəzədilmiş damalı kağızlara bükülmüş sabun və s. materiallar gətirilirdi. Şuşada istehsal olunan bir çox xalçalar da xalça sənətkarlarının həmin məmulatların üzərindəki təsvirlərdən ilham alaraq yaratdığı nümunələrdir. Şusanın "Bağçada güllər" kompozisiyalı məşhur xalçaları buna misal ola bilər. Bu xalçaların naxışları Pavlovski Posad şəhərində istehsal olunan güllü yaylıqlardan götürülmüşdür. Ona görə ilk dəfə "Güllü yaylıq" adlandırılan bu xalçalar sonralar "Bağçada güllər" adı ilə məşhurlaşmışdır. Şuşada toxunan "Saxsıda güllər", "Bulud" xalçaları da rus dekorativ sənətinin təsiri ilə yaranan xalça çeşniləridir. İlk dövrlər güllü naxışlar kiçik ölçülü xalçalara, sonralar isə dəst xalı-gəbələrə da tətbiq olunmağa başlamışdır.[10] Röya Tağıyevanın yazdığına görə, XIX əsrin II yarısından etibarən Şuşada toxunan bütün xalçaların təqribən 35 faizi "Balıq" kompozisiyalı xalça nümunələri idi. Vaxtilə Qarabağın bütün xalçaçılıq məntəqələrində toxunan bu xalçaların istehsalı XVIII əsrin II yarısından etibarən Şuşa şəhərində cəmləşir. "Əfşan" kompozisiyası əsasında qurulan bu xalçalar Cənubi Azərbaycanda "Mahi", Qarabağda isə "Balıq" adı ilə tanınmışdır. XVIII əsrin ikinci yarısından etibarən Qarabağın xalça istehsalı əsasən Şuşa şəhərində mərkəzləşir. Toxuduğu xalça və palazların sayı və keyfiyyətinə görə Şuşa XIX əsrdə Qarabağda birinci yeri tuturdu. İncəliyi, zərifliyi, rəngarəngliyi ilə seçilən "Ləmpə", "Qoca", "Bulud" xalçaları və "Dəst xalı-gəbə" kimi xalça dəstləri burada toxunub. Qarabağın əksər məntəqələrində, o cümlədən Şuşa şəhərində toxunan xalçalar əmtəə xarakterli olub Rusiya, Avropa, Asiya ölkələrinə ixrac olunmuşdur. Statistik məlumatlara görə, 1885–1887-ci illərdə Şuşanın xalça istehsalından gəliri 30 min rubl olmuşsa, 1890-cı illərdə bu gəlir artıq 200 min rubla çatmışdır.[11]
"Buynuz" adı alan xalçalar Qarabağ tipinə aiddir. Onlar Dağlıq Qarabağın müxtəlif xalçatoxuma məntəqələrində istehsal olunur. Qarabağlı qocaman xalça sənətkarları "Buynuz" xalçasını əvvəllər olduğu kimi, "Horadiz" adlandırırlar. Orta Asiyada və Yaxın Şərqdə, həmçinin Azərbaycanda qoyun, öküz, keçi kimi buynuzlu heyvanları müqəddəs hesab edirdilər. Əvvəllər əkinçiliklə, məhsulla, sonra totemizmlə, daha sonra isə astronomik anlayışlarla "Buynuz" müxtəlif simvol və təsəvvürü ifadə edirdi. Güc və cəsarət rəmzi olan öküz eyni zamana, "səma qüvvələri" ilə simvollaşdıraraq, su və əkinçilik allahını təcəssüm etdirir. Xalçanını orta sahəsinin kompozisiyası tamamilə üslublaşdırılmış buynuz təsvirlərindən ibarətdir.[12] "Buynuz" xalçalarının orta sahəsini təşkil edən, oxşar formalı elementlər, bəzəklər incəsənət ənənəsi və ümumi qəbul edilmiş qaydalara görə, bir-birinin ardınja düzülərək üfiqi cərgə yaradır. Bu "Buynuz"ların assimmetrik quruluşu bir tərəfdən xalçanı canlandırır, digər tərəfdən isə bu xalçaları istənilən ölçüdə toxumağa imkan verir. Bu "Buynuz"ların ətrafında toplaşan, xalçanın əsas elementini təşkil edən müxtəlif formalı detallar bu kompozisiyada doldurucu element rolunu oynayır.[13]
Xalça Balıq Bu xalça Qarabağ tipinin ən geniş yayılan xalçalarından biridir. Ölkəmizin şimalında "Balıq", İran Azərbaycanında isə "Moxi" adı ilə tanınır. "Balıq" xalçası Qarabağan bütün xalçatoxuma məntəqələrində istehsal olunmasına baxmayaraq, onun əsas istehsal mərkəzi Bərdə şəhəri hesab olunurdu. XVIII əsrin ikinci yarısından isə "Balıq" xalçası Şuşa şəhərində də istehsal olunurdu. XIX əsrin ikinci yarısından Şuşa şəhərində istehsal olunan xalı və xalçaların təqribən 35 faizi "Baılq" tipinə aid idi. Məşhur "Eraq", "Bıçaq", "Mustofi" və başqa xalçalar əsas etibarilə "Balıq" təsviri əsasında toxunurdular. "Balıq" kompozisiyası eyni prinsipə tabedir, onun spiralları isə qısa məsafəli rapportlarda yerləşirlər. Spiralın sonuna əyilmiş yarpaqlar hərdən uzun formada yığılaraq, "Balıq" təsvirini xatırladır, buna görə də xalça sənətkarları şərti olaraq bu kompozisiyanı "Balıq" adlandırırdılar.
"Qarabağ" adı ilə tanınan xalçalar Azərbaycanın bütün xalçatoxuyan məntəqələrində istehsal olunub və hal-hazırda da istehsal olunmaqdadır. İstehsal yerindən asılı olaraq bu xalçalar müxtəlif adlarla çağrılır, lakin sənətkarlar bu xalçaları "Qarabağ" adlandırırdılar. XIX əsrdə Şuşada İstanbul bazarlarına satış üçün istehsal olunan bu kompozisiyalı xalçalar "Xan" və ya "Xan Qarabağ" kimi müxtəlif adlar almışdılar, eyni eskizlə Qubada toxunan xalçalar isə "Africa" adlanırdılar. "Qarabağ" adı ilə tanınan xalçalar bir neçə növdə olur:
Xanlıq Azərbaycanın ən tanınmış xalçatoxuma məntəqəsidir. Burada istehsal olunan xalçalar incəsənət əsərlərinin gözəl nümunəsi olub və hər zaman da belə olaraq qalmaqdadır. Yüksək keyfiyyətləri ilə seçilirlər. XIX əsrdə Cəbrayılda, xüsusilə də Mirzəcanlı, Əfəndilər, Daşkəsən, Süleymanlı kəndlərində istehsal olunan xalçalar Dünya bazarına və yaramarkalarına ixracat olunan xalçalardan daha gözəl hesab olunurdu. "Xanlıq" xalçasının orta sahəsində böyük gel yerləşir. Onun yuxarı və aşağı hissəsində iki quba, orta sahənin dörd küncündə isə simmetrik yerləşmiş ləçək yerləşir. "Xanlıq" xalçasına xarakterik olan haşiyələr zolaqlardan ibarətdir. "Xanlıq" xalçasının orijinal nümunələri xüsusi sifarişlə toxunmuş mürəkkəb kompozisiyalı xalını özündə əks etdirir. Məsələn, XIX əsrdə şairə Xurşudbanu Natəvanın müşayiəti altında xalq arasında "xan qızı" kimi tanınan "Xanlıq" xalçası toxunmuşdur.[15]
"Qasımuşağı xalçası"nının adı indiki Laçın rayonunun şimalında yerləşən Şamkənd, Ərikli, Kürdhacı, Çorman və Şəlvə kəndinin əhalisinin adı ilə bağlıdır. Qasım Hacı Sam oğlu qeyd-şərtsiz bir vaxtlar burada yaşayan hörmətli şəxs olub. Bu kəndlərdə yaxın keçmişə qədər yüksək növ xalçalar istehsal olunurdu.
"Qasımuşağı" xalçalarının orta sahəsinin kompozisiyası incəsənət nöqteyi-nəzərdən orijinal olub, müxtəlif detallardan və elementlərdən ibarətdir. Xalçanın mərkəzində haşiyələrlə əhatə olunmuş böyük medalyon yerləşir. Medalyonun ortasında dördguşəli medalyon (xonça) yerləşir. Gölün yanlarından dörd bir tərəfə burulmuş budaqlar ayrılır. Orta sahənin yuxarı və aşağı hissəsində mərkəzi medalyondan çıxan, forma etibarilə budağa oxşar bir neçə böyük "qol" yerləşir. Bu göllərin (böyük gölin yuxarı və aşağı hissəsində) arasında yalnız bu xalçalara xas olan və naxışın ümumi rəsmini harmoniyalaşdıran qubpa yerləşir.
Bu xalçanın adı indiki Füzuli rayonunda yerləşən Böyük Bəhmənli kəndinin adı ilə bağlıdır. "Bəhmənli" xalçasınını orta kompozisiyası bir-birinin ardınca düzülmüş, orijinal formalı fiqurlar təşkil edir. Orta sahədə yerləşən bir və ya iki fiqur xüsusən maraqlı olan kompozisiyadır. qocaman xalçatoxuyanların təxminlərinə görə, bu fiqurlar "heykəl", "manqal" və ya "çanq" (pənjə), digərləri isə sanaqlıbağanı təsvir edir. Belə bir nəticəyə gəlmək olar ki, heyvan fiquruna bənzəyən bu fiqurlar müəyyən tayfanın totemi olan çanaqlıbağanın təsviri ilə bağlıdır.
Bu xalça məhəlli olaraq Şirvan qrupuna, parçanını texniki qabiliyyətinə görə isə Qarabağ tipinə aiddir. Azərbaycanda 17 kənd Muğan adını daşıyır: Muğan Gəncəli, Muğanlı, Muğanclik, Mehrab və Muğanclik Müslüm. Ancaq xalçalar Azərbaycanın cənub-şərq ərazisində yerləşən Muğan və Moqan adı adı ilə tanınıb. X əsrdə yazılmış "Xudud əl Ələmin" əsərində Muğanda böyük miqdarda palaz və çuvallar toxunması qeyd olunub. Xalçatoxuyanlar arasında "Köhnə naxış" adını alan bu xalçaların dekorları əsasən qarmaqşəkilli elementlərdən ibarətdir. Azərbaycanın xalça mədəniyyətində təsdiqlənən və kökləri keçmişə gedən bu elementləri, həmçinin Orta Asiya və Əfqanıstan xalçalarında da görmək olar.[16]
Bu xalça Xəzərin sahillərindən Talış sıra dağlarına kimi uzanan rayona məxsusdur. "Talış" adı ilə tanının xalçanını orta sahə kompozisiyası sadə və mürəkkəb olur. "Talış" xalçaları əvvəllər ipək saplarla toxunurdu, XIX əsrin üçüncü rübündə yun və pambıq liflərlə istehsal olunmağa başladı. Xalçalar parça nöqteyi-nəzərindən kobud, hamar eynirəngli orta sahə və ya kiçik elementlərlə bəzədilmiş sadə kompozisiyaya malik olurlar. Mürəkkəb kompozisiyalı xalçalarla "paxlava naxış" adlanana uzunsov gelli xalçalar aiddir. Bir-birinin ardınca növbələnən, formaca eyni, rəng baxımından fərqli olan bu gellər orijinal bədii kompozisiya yaradır.[17]
Bu xalçalar əsas etibarilə Naxçıvanın xalçaçılıq məntəqələrində və şəhərin yaxınlığında yerləşən Noraşen, Şahbuz, Kolanı kəndlərində, həmçinin Culfa və Ordubadın xalçaçılıq məntəqələrində istehsal olunur. Naxçıvan Azərbaycanın ən qədim şəhərlərindəndir. IX–X əsrlərdə şəhər özününü zilli və xalıları ilə, X–XII əsrdə isə o, bədii metal qabların istehsalının mərkəzi kimi məşhur idi. XVI əsrin sonu – XVII əsrin əvvəllərində yaşamış məşhur türk səyahətçisi Ovliya Çələbi Naxçıvana səfəri zamanı bu şəhəri "Nəqimcahan" adlandırmış və öz əsərlərində onun arxitektura abidələrini və incəsənət mərkəzilərini tərifləymişdi. Naxçıvanın xalçaçılıq məntələrində istehsal olunan xalçalar naxışların məzmununa görə müxtəlifdir, onların hamısı "Naxçıvan" adı altında birləşib.[18]
İlk dəfə bu xalça Çələbilər kəndində istehsal olunub. "Çələbi" xalçalarının naxışlarının kompozisiyası və quruluşu bu kənddə formalaşıb və mükəmməlləşib, daha sonralar isə Dağlıq Qarabağda, Aranda, XIX əsrdən isə Qazax dairəsinin xalçaçılıq məntəqələrində istehsal olunub. "Çələbi" xalçasının orta sahəsinin kompozisiyasını bir böyük və ya bir neçə böyük medalyonlar təşkil edir. Adətən onlar 80–150 sm ölçüdə olur. Bu medalyonlar 16 ləçəkdən ibarətdir və XIV–XVI əsrlər peşəkar rəssamlar tərəfindən yaradılmış əyri xətli medalyonlara bənzəyir, sonradan texnoloci proseslər zamanı öz ilkin görünüşünü itirib. Təqlid və mənimsənilən elementlər Bibi-Heybər məsçidində tapılmış XVIII əsrə aid xalçaya xarakterikdir.[19]
"Malıbəyli" xalçası, Qarabağ xalçaçılıq məktəbi. XX əsrin əvvəli. | "Xanlıq" xalçası. Qarabağ xalçaçılıq məktəbi. Şuşa. XIX əsr | "Xanlıq" xalçası. Qarabağ xalçaçılıq məktəbi. XIX əsr. | "Sumax" xalçası. Qarabağ xalçaçılıq məktəbi. XIX века. Xalçada "S" şəklində əjdaha təsvir olunmuşdur[20] |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.