Azərbaycan sovet tarixçisi From Wikipedia, the free encyclopedia
Əliyev İqrar Həbib oğlu (14 mart 1924, Bakı – 11 iyun 2004, Bakı) — Azərbaycan-sovet tarixçisi, AEA müxbir üzvü (1980), professor (1981), AMEA-nın həqiqi üzvü (2001) və Beynəlxalq EA-nın Azərbaycan Bölməsinin həqiqi üzvü (2003).[1][2][3]
İqrar Əliyev 14 mart 1924-cü ildə Bakıda anadan olmuşdur. Orta təhsilini Bakıda yerləşən 18 nömrəli məktəbdə almışdır. Məktəbdə oxuduğu dövrdə Mikayıl Müşfiq və Məmməd Hüseyn Təhmasib ona dərs demişlər. Ali təhsilini 1940–1945-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində almışdır. Universiteti bitirdikdən sonra elə həmin il Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunun əyani aspiranturasına qəbul olunmuşdur.[1][2][3]
İqrar Əliyev 1949-cu ildə fəlsəfə doktoru, 1961-ci ildə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş, 1981-ci ildə professor elmi adını almışdır. 1980-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilən İqrar Əliyev 2001-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdir. 2003-cü ildə isə Beynəlxalq Elmlər Akademiyası Azərbaycan Bölməsinin həqiqi üzvü seçilmişdir.[1][2][3]
İqrar Əliyev Azərbaycan EA Tarix İnstitutunda əmək fəaliyyətinə başlamışdır. İqrar Əliyev 1 yanvar 1957-ci ildən 17 yanvar 1978-ci ilə qədər Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun Azərbaycanın qədim dövrü tarixi şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Daha sonra 1978-ci ildən 11 iyun 2004-cü ilədək həmin institutun direktoru vəzifəsini icra etmişdir. 1981–1984-cü illərdə İctimai elmlər bölməsinin akademik-katibi vəzifələrində fəaliyyət göstərmişdir. Eyni zamanda İqrar Əliyev pedaqoji fəaliyyətlə məşğul olmuş, 1945–1974-cü illərdə Bakı Dövlət Universitetində dərs demişdir.[1][2][3]
İqrar Əliyev uzun müddət Ali Soveti Rəyasət Heyəti yanında Azərbaycan Toponimiya Komissiyasının sədri olmuşdur. Mədəniyyət və Tarixi Abidələrin Mühafizəsi Cəmiyyətinin və Dövlət Mükafatları üzrə Komitənin sədr müavini vəzifələrini icra etmişdir. Həmçinin elm və texnika sahəsində Dövlət Mükafatı Komissiyasının, Nizami Komissiyasının, Azərbaycan Sovet Ensiklopediyası Elmi Şurasının, Azərbaycan Milli Elmlər Akademiyasının "Xəbərlər"inin və Rusiya Elmlər Akademiyasının "Вестник Древней истории" jurnallarının redaksiya heyətlərinin də üzvü olmuşdur. Eyni zamanda o, universitetin Tarix fakültəsi Qiyabi şöbəsinin dekanı, Qiyabi Pedaqoji İnstitutunda Ümumi tarix kafedrasının müdiri vəzifələrini icra etmişdir.[1][2][3]
Qədim yunan və latın dillərini mükəmməl bilən İqrar Əliyev 1962-ci ildə, elmlər doktoru olduqdan sonra Leninqradda akademik V. V. Struve və sair rus alimlərinin rəhbərliyi ilə İran filologiyası sahəsində öz biliyini təkmilləşdirmiş, eləcə də Yaxın Şərqin bir sıra ölü dillərini — akkad, qədim yəhudi, şummer dillərini öyrənmişdir.[2]
Azərbaycanın qədim tarixi üzrə yeni elmi məktəbin yaradıcılarından biridir və ilk dəfə Qədim Şumer, Assur, Babil, İran, o cümlədən digər Qədim Şərq mənbələrini elmi dövriyəyə cəlb etmişdir. Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq Midiya tarixini tədqiq etməyə başlamışdır. Onun çoxsaylı əsərlərində Midiya mədəniyyəti geniş işıqlandırılıb, Cənubi Azərbaycan və onunla həmhüdud olan əyalətlərin sakinlərinin etnik tarixi problemi dərindən tədqiq edilib.[2]
Alimin çoxillik zəhməti uğurla nəticələnmiş və Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq 1960-cı ildə nəşr edilmiş və istər Azərbaycanda, istərsə də xarici elm aləmində geniş nüfuz qazanmış fundamental "Midiya tarixi" monoqrafiyasının (təxminən 42 ç.v. həcmində) yaradılması ilə başa çatmışdır. Bu əsəri o, 1961-ci ildə Moskvada SSRl Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda doktorluq dissertasiyası kimi müdafiə etmişdir.[2]
Ümumittifaq səviyyəli bir alim kimi formalaşan İqrar Əliyevin fəaliyyəti üç əsas istiqamətdə özünü göstərir: Qədim Şərq filologiyası, arxeologiya və bilavasitə Azərbaycanın qədim tarixi.[2]
İ. H. Əliyev Azərbaycan Ensiklopediyası Elmi Şurasının üzvü olmuşdur. Onun Ensiklopediyada dərc etdirdiyi çoxsaylı məqalələrin çox böyük əhəmiyyəti vardır. Bu məqalələr Azərbaycanın qədim tarixinin, Qədim Şərq filologiyasının, xüsusilə də Qafqaz Albaniyası tarixi problemlərinin çox böyük dairəsini əhatə edir. Bundan əlavə, o, 1979-cu ildə nəşr edilmiş "Azərbaycan tarixi"nin müəlliflərindən biridir. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə 1993-cü ildə geniş bir dövrü əhatə edən daha ətraflı geniş və irihəcmli bircildlik "Azərbaycan tarixi" işıq üzü görmüş, Azərbaycan Elmlər Akademiyasında qədim tarix üzrə ilk elmlər doktoru olan İ. Əliyevin 150-dən çox nəşr olunmuş əsərin, о cümlədən, 10 monoqrafiyanın müəllifidir.[2]
Azərbaycanşünas və şərqşünas alim bir çox arxeoloji ekspedisiyaların işində, о cümlədən Qəbələ, Şamaxı, Naxçıvan, Ağsu, İsmayıllı, Lənkəran, Astara və s. rayonlarda arxeoloji abidələrin qazılmasında və tədqiq olunmasında bilavasitə iştirak edib, öz əsərlərində həmin materiallara əsaslanaraq tədqiqatlar etmişdir.[2]
İqrar Həbib oğlu Əliyev 2004-cü il iyunun 11-də vəfat edib.[1][2][3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.