From Wikipedia, the free encyclopedia
Ömər Muxtar (ərəb. عمر المختار; 20 avqust 1861 — 16 sentyabr 1931) — Liviyadakı İtaliya işğalına qarşı aparılan mübarizənin rəhbəri.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
1861-ci il 20 avqust tarixində Tripolitaniya əyalətinin Cənzur kəndində doğulmuşdur. İlk təhsilini babasından almışdır. Babası 1878–ci ildə həcc zamanı vəfat etdikdən sonra onu və qardaşı Məhəmmədi böyütməyi babasının yaxın dostu Şərif əl-Giryani öz üzərinə götürmüşdür.
Giryani Ömər Muxtarı və qardaşını Cağbubdakı İslam Elmləri Akademiyasına yazdırmış və o burada səkkiz il dini təhsil almışdır. Təhsilini tamamladıqdan sonra Kasur zaviyəsinin (qəzasının) rəhbərliyinə gətirilmiş, daha sonra şimaldakı Ayn-Kalak zaviyəsinin idarə heyətinə seçilmişdir. Sonradan yenidən Kasur zaviyəsi imamlığına qaytarılmış və buradakı fəaliyyəti 1911-ci ildə İtalyanın Liviyaya basqınına qədər davam etmişdir.
Liviya uğrunda aparılan 1911-1912-ci illər Türk-İtalyan müharibəsi 18 oktyabr 1912-ci ildə İsveçrədə Uşi müqaviləsinin imzalanması ilə başa çatsa da, Liviyada italyanlara qarşı xalq azadlıq hərəkatı başladı.
1922-ci ildə Benito Mussolininin başçılığı ilə faşistlərin İtaliyada hakimiyyəti ələ keçirmələri Liviyadakı italyan idarə üsuluna da təsir göstərdi. İtaliya azadlıq hərəkatını yatırmağı və Sənusilərin müqavimətini qırmağı qarşıya məqsəd qoymuşdu. 1923-cü ildə hərəkata rəhbərliyi Ömər Muxtar ələ alır və əmri altında olan qəbilələri 100-300 silahlı atlı olaraq kiçik qruplar halında yerləşdirir. Bu qüvvələr çox cəld və iti hərəkətləri sayəsində İtaliya ordu hissələrinə basqınlar təşkil edir və bir anda aradan çıxa bilirdilər. Ömər Muxtarın tabeliyindəki qüvvələrlə İtaliya ordusu arasında 1923-cü ildən 1932-ci ilə qədər hər il ən azı əllidən artıq döyüş, toqquşma baş vermişdir.
İtaliyalılar təkcə təşkilatlanmış bir qisim Sənusi birliklərinə qarşı deyil, bütünlükdə Liviya xalqına qarşı mübarizə aparırdılar. Ömər Muxtar hərəkatın mərkəzi olaraq qərargahını Calu vahəsinin Cəbələxdar (Yaşıl dağ) hissəsində qurdu. Hərəkatı davam etdirmək üçün maddi yardıma və hərbi qüvvəyə ciddi ehtiyac duyan Ömər Muxtar Misirə gizli səfərlər edərək yardım istəsə də, lazımi köməyi ala bilmir.
İtalyanın Liviyaya yeni təyin etdiyi idarəçi Pyetro Badolyonun cəza üsulları italyanlara qarşı müqaviməti daha da sərtləşdirirdi. 1929-cu ilin fevral-mart aylarında italyanların hücumları daha da gücləndi. İyunun 13-də Siciliani, 18-də Badolyo və ayın 28-də yenidən Siciliani ilə görüşən Ömər Muxtar atəşkəsə razı oldu. Lakin, 2 ay davam edən atəşkəsin oyundan başqa bir şey olmadığını görən Ömər Muxtar oktyabr ayında atəşkəsi pozdu və müqaviməti davam etdirdi.
1929-cu il dekabrın 8-də mücahidlər Benqazidəki İtaliya qərargahına hücum etdilər. Buradakı İtaliya hərbi birləşmələri tamamilə məhv edildi. Bu italyanlar arasında böyük bir çaşqınlıq yaratdı. Mussolini vəziyyəti dəyişməyə cəhd göstərdi və 10 yanvar 1930-cu ildə ordunun rəhbərliyinə general Rodolfo Qrasiani gətirildi. Qrasiani həm nüfuzdan düşməmək, həm də mücahidlərin Misir sərhədləri boyu ərazilərin sakinlərindən yardım almalarının qarşısını almaq üçün sələflərinin etmədiyi bir işə - Liviyanın cənubunda italiyalılarin tuta bilmədikləri Kufra şəhərini işğal etməyə girişdi. 1930-cu ilin sonları üçün aparılmış hazırlıqlardan sonra, 1931-ci ilin yanvar ayında Kufra işğal olundu. İtaliyalıların burada həyata keçirdiyi qətllər, işgəncə və təcavüzlər repressiya həddinə çatmışdı.
Kufranın əldən çıxması ilə mücahidlərin əlində müdafiəsiz Cəbələxdar qalırdı. Artıq burada da son döyüşlər gedirdi. 11 sentyabr 1931-ci il tarixində Ömər Muxtar və bir neçə mücahid Silanta ərazisində italiyalıların nəzarətindəki bölgəyə daxil olurlar. İtalyan kəşfiyyatı bundan xəbər tutur və qısa döyüşdən sonra Ömər Muxtar əsir düşür. Əvvəlcə Süsəyə, oradan isə Benqazidən 60 km uzaqlıqdakı Suluka aparılır və burada Liviyadakı İtaliya ordusunun baş komandanı Rodolfo Qrasianinin qarşısına çıxarılır.
Mücahidlərin təslim olması təklifini rədd edən Ömər Muxtar 15 sentyabr 1931-ci ildə İtaliya məhkəməsi qarşısında mühakimə olunaraq ölümə məhkum edilmiş və növbəti gün Sulukdakı toplama düşərgəsində öz ardıcıllarının qarşısında asılaraq edam olunmuşdur.
Bu gün Liviyanın 10 dinarlıq pul əskinaslarının üzərində Ömər Muxtarın təsviri var.
1981-ci ildə Suriya əsilli Amerika rejissoru Mustafa Akkad onun həyatından bəhs edən və baş rollarını Entoni Kuinn, Oliver Rid və İren Papasın oynadığı "Səhra aslanı" (The Lion of the Desert) filmini çəkmişdir.
2009-cu il iyunun 10-da Liviya lideri Müəmmər Qəddafi özünün ilk İtaliya səfəri zamanı aeroportda İtalyanın baş naziri Silvio Berluskoni ilə görüşərkən yaxasına Ömər Muxtarın həbs səhnəsi olan məşhur fotoşəkli vurmuşdu[3][4].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.