From Wikipedia, the free encyclopedia
Xudadat bəy Ağa bəy oğlu Məlik-Aslanov (az.-əski. خداداد بگ آقا بگ اوغلی ملک-اصلانوف; aprel 1879, Taynaq, Şuşa qəzası – 23 iyul 1935, Bakı) — dövlət xadimi, alim, ixtiraçı-mühəndis, yol nəqliyyatı və texniki elmlər sahəsində ilk azərbaycanlı professorlardan biri. Azərbaycan Xalq Cümhuriyyətinin poçt-teleqraf naziri (may 1918 – mart 1920), poçt və teleqraf naziri (may–oktyabr 1918) və ticarət, sənaye və ərzaq naziri (dekabr 1919 — fevral 1920).
Xudadat bəy Məlik-Aslanov | |
---|---|
28 may 1918 – 30 mart 1920 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | vəzifə ləğv edilib |
28 may 1918 – 6 oktyabr 1918 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Ağa Aşurov |
24 dekabr 1919 – 18 fevral 1920 | |
Əvvəlki | Ağa Əminov (ticarət və sənaye naziri kimi) |
Sonrakı | Məmmədhəsən Hacınski |
Şəxsi məlumatlar | |
Doğum tarixi | aprel 1879 |
Doğum yeri | |
Vəfat tarixi | 23 iyul 1935 (56 yaşında) |
Vəfat yeri | |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | mühəndis, siyasətçi, universitet müəllimi[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Xudadat bəy Ağa bəy oğlu Məlik-Aslanov 1879-cu ildə Şuşa qəzasının Taynaq kəndində[1] anadan olmuşdu. O, 1898-ci il Şuşa realnı məktəbini bitirmiş, 1904-cü ildə Peterburq (indiki Sant-Peterburq) Yol Mühəndisliyi İnstitutuna daxil olmuş və 1904-cü ildə oranı 1-ci dərəcəli diplomla bitirmişdi.[2]
Peterburq mühitində 1901–1904-cü illərdə-tələbəlik illərində Rusiya Sosial Demokrtatik Fəhlə Partiyasının (RSDFP) üzvü olan Xudadat bəy Məlik-Aslanov sonra heç bir partiyaya daxil olmamış və ömrünün axırınadək bitərəf qalmışdı
1904-cü ildə İnstitutu bitirdikdən sonra təyinat əsasında Sankt-Peterburqda Voloqda-Petrozavodsk Dəmiryolunun çəkilişi ilə əlaqədar Peterburq İdarəsində 6 ay mühəndis vəzifəsində işləmişdi.
Məlik-Aslanov 1905-ci ilin əvvəlində Tiflisə köçmüş və Zaqafqaziya Dəmiryolu sistemində çalışmağa başlamışdı. Zaqafqaziya Dəmiryolu İdarəsinin işçisi kimi o, əvvəlcə mühəndis, sonra Stansiya rəisinin köməkçisi, daha sonra isə Zaqafqaziya Dəmiryolunun ən ağır və dağlıq hissəsi hesab edilən Suram Aşırımı keçidində yol xidməti rəisinin köməkçisi və rəisi olmuşdu. Onun rəhbərliyi altında həmin xidmət sahəsində xeyli mülki tikinti aparılmış, Surom bölməsində texniki qurğular tikilmişdi. İkinci Dəmiryol Xəttinin çəkilişi davam etdirilərək Çiatura marqans mədənlərinə ensiz zolaq dəmir yolu salınmış, texniki işlər görülmüşdü. Həmin vəzifələrdə işlədiyi dövrlərdə onun Peterburqda çıxan 4 elmi məqaləsi də dərc olunmuşdu.
Rusiyada 1917-ci ilin fevral inqilabından sonra Müvəqqəti Hökumətin sərəncamı ilə martın 9-dan Xudadat bəy Məlik-Aslanov Tiflisdə Xüsusi Zaqafqaziya Komitəsinin Zaqafqaziya Dəmir Yolu üzrə müvəkkili təyin olunmuşdu. O, 1917-ci il noyabrın 15-də Y. Gegeçqorinin sədrliyi altında yaradılan Zaqafqaziya Komissarlığı hökumətində Fətəli xan Xoyski və Məmməd Yusif Cəfərovla birlikdə onun tərkibinə daxil olmuşdu. Xudadat bəy Məlik-Aslanov Zaqafqaziya Komissarlığında və 1918-ci il aprelin 26-da yaranmış Zaqafqaziya Federativ Respublikasında dəmir yol nəqliyyatı komissarı və naziri təyin edilmişdi. Həmin vəzifələrdə çalışdığı dövrdə onun Qafqaz dəmir yolu nəqliyyatı tarixinə həsr olunmuş kitabı nəşr olunmuşdu.
O, Zaqafqaziya Seymində "Müsəlman fraksiyası"nın, 1918-ci il mayın 27-də Tiflisdə Məhəmməd Əmin Rəsulzadənin sədriliyi ilə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü olmuşdu. Məlik-Aslanovun tərkibinə daxil olduğu Tranqafqaz hökumətinin "Müsəlman fraksiyası" o zamanki müzakirələrin gedişində Türkiyənin təkliflərinin qəbul edilməsini məqbul hesab edirdi. O, hələ 1918-ci ilin yanvar ayında sülh məsələsinə dair gedən danışıqların müzakirəsində hökumət üzvü kimi yaxından iştirak etmişdi. Azərbaycan nümayəndəsi kimi o, öz çıxışında bildirmişdi ki, Rusiya ərazisində yeni yaranmış hökumətlərin TransQafqazda heç bir marağı yoxdur. Ona görə Xudadat bəy Məlik-Aslanov yeni yaranmış hökumətlərin rəyini gözləmədən Tranqafqazın müstəqilliyini elan edib sülh danışıqlarına başlamağın zəruri olduğunu irəli sürmüşdü.[2]
1918-ci ilin mayına kimi Azərbaycanın müstəqilliyi yox idi. Yalnız həmin il mayın 28-də Azərbaycan dövlət müstəqilliyinə nail oldu. Həmin gün Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti yarananda Fətəli xan Xoyskinin başçılığı altında birinci milli müvəqqəti hökumət 9 nazirlikdən ibarət təşkil olunmuşdu. Həmin nazirliklərdən biri də Dəmir Yolu, Poçt və Teleqraf Nazirliyi idi. O zaman müstəqil Azərbaycan Cümhuriyyətinin ilk yollar, poçt və teleqraf naziri məhz bu sahəyə yaxşı bələd olan Xudadat bəy Məlik-Aslanov təyin olunumşdu (rəsmən dəmiryol nəqliyyatı yazılsa da, Xudadat bəy Məlik-Aslanov bütün növ (həmçinin su, quru, hava) yolları naziri idi.
O, Azərbaycan Cümhuriyyətinin 1-ci və 2-ci hökumət kabinetlərində yollar, poçt və teleqraf naziri, 3-cü və 4-cü və 5-ci kabinələrdə ancaq yollar naziri vəzifələrində çalışmışdı. Məlik-Aslanov 1919-cu il fevralın 18-dək həm də müvəqqəti olaraq ticarət, sənaye və ərzaq nazirinin səlahiyyətlərini də yerinə yetirmişdi.
Azərbaycan Xalq Cümhuriyyətinin 1-ci hökumət kabinetində (28 may – 17 iyun 1918-ci il) hələ də partiya mənsubiyyəti üzrə bitərəf olan Xudadat bəy Məlik-Aslanov yekdilliklə əvvəllər bu sahədə çalışmış, ixtisaslı və təcrübəli bir mütəxəssis kimi dəmir yol nəqliyyatı, poçt və teleqraf naziri təyin olunanda da, 2-ci hökumət kabineti zamanı (17 iyun – 7 dekabr 1918-ci il) yenə həmin vəzifəni davam etdirəndə də respublikada dəmir yolu, digər yol sahələrinin və poçt və teleqraf sistemlərinin təşəkkülü və inkişaf etdirilməsi üçün bacardığını əsirgəməmişdi.
Xudadat bəy Məlik-Aslanov Azərbaycan Xalq Cümhuriyyətinin yollar, poçt və teleqraf naziri vəzifəsində 1918-ci il oktyabrın 6-dək fəaliyyət göstərdi. Sonuncu tarixdə 2-ci hökumətin tərkibində zəruri kabinədaxili dəyişikliklər aparıldı. Bu zaman ayrıca Yollar Nazirliyi və müstəqil Poçt və Teleqraf Nazirliyi təsis olundu. Xudadat bəy Məlik-Aslanov müstəqil Yollar naiziri təsdiq edildi. O, bu vəzifədə AXC süqutuna qədər çalışdı.
1918-ci il dekabrın 7-də Bakıda Azərbaycan Parlamentinin təntənəli açılışı oldu. Məlik-Aslanov Milli Şuranın 1918-ci il 19 noyabr tarixli "Azərbaycan Məclisi-Məbusanın təsisi haqqında qanuna" əsasən Azərbaycan Parlamentinin tərkibinə daxil edildi. Azərbaycan Parlamenti rəsmən 120 nümayəndədən ibarət idi. Parlamentin milli tərkibi müsəlman əksəriyyətindən savayı 21 erməni, 10 rus, habelə polyak, yəhudi deputatlardan və digər milli azlıqları təmsil edən deputatlardan ibarət idi.
Məlik-Aslanov Azərbaycan Parlamentinin tərkibində "Müstəqillər fraksiyası"nda təmsil olunurdu. Parlamentdə bu fraksiyanın cəmi 4 nəfər nümayəndəsi vardı. Onun adı "Müstəqillər fraksiyası"nın Parlamentə təqdim olunan nümayəndələrinin siyahısında sayca 3-cü (Əlimərdan bəy Topçubaşov və Səməd bəy Mehmandarovdan sonra) oxunurdu.
Xudadat bəy Məlik-Aslanovun təşəbbüsü ilə 1919-cu ildə Bakıda ana dilində dərs keçilən ilk dəmir yolu nəqliyyatı məktəbi açılmışdı. O, Azərbaycan Parlamentində 1919-cu ilin martında yaradılan əlifba islahatı üzrə xüsusi komissiyanın sədri seçilmişdi. Onun rəhbərliyi altında latın qrafikalı əlifbaya keçilməsinə dair bir neçə qanun layihəsi hazırlanmışdı. Komissiyanın hazırladığı tədbirlər planını parlament təsdiq edir, lakin Azərbaycan Xalq Cümhuriyyəti süqut etdiyindən bu məsələni həyata keçirmək mümkün olmur.
1919-cu il iyunun 11-də Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi fövqəladə səlahiyyətli ali orqanı-respublika Dövlət Müadfiə Komitəsi (DMK) yaradıldı. Nazirlər Şurasının başçısı Nəsib bəy Yusifbəylinin sədr olduğu DMK-in birinci müavini Xudadat bəy Məlik-Aslanov oldu. O, yeri gəldikcə Nazirlər Şurasının sədri vəzifəsini də icra edirdi. Məsələn, Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının sədri N. Yusifbəylinin 1919-cu il 23 iyul tarixli 33 nömrəli əmri elan olunmuşdu. Rəsmi dövlət orqanı "Azərbaycan" qəzetində dərc olunmuş bu elanda bildirilirdi ki, həmin tarixdən xidməti ezamiyyətə getməsilə əlaqədar olaraq Bakını tərk etdiyi üçün Nazirlər Şurasının sədri vəzifəsinin müvəqqəti yerinə yetirilməsi yolları naziri Xudadat bəy Məlik-Aslanova həvalə olunur.
Xudadat bəy Məlik-Aslanov "Müsavat" ("Bərabərlik") partiyasının 1919-cu il dekabrın 2-də Bakıda keçirilmiş İİ qurultayında bu partiyanın o zaman Azərbaycan xalqının taleyində oynadığı rolun tarixi əhəmiyyətini qeyd edərək bildirmişdi:[2]
“Müsavat” partiyası olmasaydı, indi bizim şahidi olduğumuz hadisələrin heç biri baş verməzdi |
Xudadat bəy Məlik-Aslanov 1920-ci ilin 27–28 Aprel işğalından sonra Azərbaycan Xalq Cümhuriyyətinin dövlət xadimi olmasına baxmayaraq, Azərbaycan SSR-ə lazım olan dəyərli bir mütəxəssis kimi öz ixtisası üzrə rəhbər vəzifələrdə çalışmışdı. Belə ki, o, 1921-ci ilin əvvəllərindən Azərbaycan SSR Dövlət Tikinti Komitəsində əvvəlcə Şöbə müdiri, sonra isə Komitə sədri işləmişdi. Sonra o, Azərbaycan Ali Xalq Təsərrüfatı Şurası yanında Dəmir Yol Tikintisi İdarəsinin rəisi, Şuranın məsləhətçisi olmuşdu. Məlik-Aslanov 1922–1930-cu illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsinin Sənaye-Nəqliyyatı Bölməsinin müdiri (1923–1925) və Rəyasət Heyətinin üzvü (1922–1924), Zaqafqaziya Dəmir Yolu İdarəsinin üzvü, Azərbaycan Poliitexnik İnstitutunun İnşaat Fakültəsinin Yol, Sənaye, Nəqliyyat və Tikinti Bölməsinin müdiri, həmin fakültənin dekanı (1924–1930), Azərbaycan SSR Ali Texnika Komitəsinin sədr müavini (1928), RSFSR VƏ Azərbaycan SSR-in bir sıra elmi-texniki və mədəni-maarif təşkilatlarının üzvü (1921–1930), SSRİ Ali Xalq Təsərrüfatı Şurasının Elmi-Texniki Kollegiyasının üzvü, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin (MİK) üzvlüyünə namizəd və üzvü (1926–1930), Zaqafqaziya MİK-in üzvlüyünə namizəd olmuşdu.
Xudadat bəy Məlik-Aslanovun 1921–1929-cu illərdə Moskvanın jurnallarında bir neçə elmi məqaləsi dərc olunmuşdu. Azərbaycan Politexnik İnstitutunun nəşriyyatında 1927-ci ildə, Azərbaycan Dövlət Nəşriyyatında isə 1929-cu ildə Xudadat bəyin dəmiryolu texnikasına dair iki kitabı işıq üzü görmüşdü. 1929-cu ildə Azərbaycan SSR MİK-in qərarı ilə Məlik-Aslanovun Azərbaycan Dövlət Elmi–Tədqiqat İnstitutunun həqiqi üzvü seçilmişdi. O, 1930-cu ildən Azərbaycan Neft İnstitutunun Nəqliyyat fakültəsinə rəhbərlik etmişdi.[2]
Həyat yoldaşı: Mariya Viktorovna Aleksandrova (1882 – 23.12.1965, Bakı)
Öz uşaqları yox idi, Xudadat bəyin bacısının oğullarını — Xosrovu və Lütfəlini böyüdüblər.
Xudadat bəy 1930-cu ilin əvvəlində Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığının (XDİK) Dövlət Siyasi İdarəsi tərəfindən müxtəlif əsassız ittihamlarla həbs olundu. Onu sovet hakimiyyətini devirməyi qarşısına məqsəd qoymuş "Azərbaycan Milli Mərkəzi" gizli millətçi təşkilatı ilə əlaqədə və ona üzv olmaqla günahlandırırdılar. Həmçinin Məlik-Aslanovu siyasi mühacir kimi Ərdəbildə "Azərbaycan Milli Mərkəzi" Bürosunun mühacir qrupunun rəhbəri, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Dəmir Yol İdarəsinin rəisi işləmiş qardaşı Teymur bəy Məlik-Aslanovla əlaqə saxlamaqda da günahlandırırdılar.
1930-cu il sentyabrın 30-da Azərbaycan SSR DSİ Kollegiyasının Bakıda keçən məhkəmə iclasında "Azərbaycan Milli Mərkəzi"nin "işinə" baxıldı. Həmin "iş" üzrə həbs olunmuş və artıq əvvəlcədən hazırlanmış saxta ittihamnamədən 53 nəfərin adı keçirdi. Onların içərisində Xudadat bəy Məlik-Aslanov da var idi. Məhkəmədə həmin ittihamlarla mühakimə olunanlardan 14 nəfərinə 10 il iş verilmiş, 12 nəfərə isə güllələnmə kəsilmişdi. On il iş alanlar arasında Xudadat bəy Məlik-Aslanov da var idi. Lakin 1932-ci il fevralın 2-də Tiflisdə Zaqafqaziya DSİ-nin Kollegiya Məhkəməsinin iclasında "Azərbaycan Milli Mərkəzi"nin "işi"nə yenidən baxılmışdı. Bu dəfə cəzaların müddətində dəyişiklik olunmuş və Xudadat bəy Məlik-Aslanovun cəzası 10 ildən 5 ilə endirilmişdi.
1933-cü ilin iyulunda həbsdən azad olunan Xudadat bəy sentyabrın 1-dən Azərbaycan Nəqliyyat İnstitutunda Dəmiryolu nəqliyyatı kafedrasına və Azərbaycan İnşaat İnstitutunda İnşaat işinin təşkili kafedrasına rəhbərlik etmişdi. Texnika elmləri sahəsində ilk azərbaycanlı professorlardan biri olan Xudadat bəy Məlik-Aslanov müxtəlif ali məktəblərə dəvət alaraq orada, həmçinin silsilə mühazirələrə oxuyurdu. Xudadat bəy Azərbaycan SSR-də dəmiryol şəbəkəsinin inkişaf planının işlənib həyata keçirilməsi, şəhərdaxili nəqliyyat və s. məsələlərin həllinə dair 70-dən çox elmi məqalə, o cümlədən dəmir yol nəqliyyatına aid 3 monoqrafiyanın müəllifi idi.
Xudadat bəy Məlik-Aslanov 1934-cü ilin avqustunda yenidən əsassız ittihamlarla həbs edilmiş və bu dəfə SSRİ-nin uzaq Sibirdəki xüsusi cəza müəssisələrindən birinə göndərilmişdi. Xudadat bəy Məlik-Aslanov 1935-ci il iyulun 23-də Sibirdə həbs düşərgələrindən birində vəfat etmişdi. Bu zaman onun cəmi 56 yaşı vardı. Ona yalnız 1959-cu ildə bəraət verilmişdi.[2]
● Bakı və Xocavənd şəhərlərində mərkəzi küçələrdən biri Xudadat bəy Məlik-Aslanovun adını daşıyır.
● Məlik-Aslanovlar [+]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.