From Wikipedia, the free encyclopedia
Xuluflu Vəli Məmmədhüseyn oğlu (26 may 1894[1] və ya 1894[2], Xuluf, Yelizavetpol qəzası – 13 oktyabr 1937[1], Bakı) — ədəbiyyatşünas, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1934), professor (1931).
Vəli Xuluflu | |
---|---|
Doğum tarixi | 26 may 1894[1] və ya 1894[2] |
Doğum yeri | |
Vəfat tarixi | 13 oktyabr 1937[1] |
Vəfat yeri | |
Həyat yoldaşı | Fatma Xuluflu |
Uşaqları |
oğlu: Çingiz qızı: Sunduz |
Fəaliyyəti | yazıçı, xalq nağılları kolleksiyaçısı |
Vəli Xuluflu 26 may 1894-cü ildə Yelizavetpol quberniyasının (indiki Şəmkir rayonunun) Xuluflu qəsəbəsində anadan olub.[3]. O, ibtidai təhsilini 1905–1907-ci illərdə mollaxanada alıb. Repressiya qurbanı Vəli Xuluflu 1912-ci ildə Gəncədə Şah Abbas məscidi nəzdindəki "Mədrəseyi-ruhaniyyə"ni bitirmiş, istiqlal şairi Əhməd Cavadla birlikdə dövrün tanınmış şəxsiyyətləri, məşhur din xadimi Yelizavetpol (Gəncə) Müsəlman Ruhani Seminariyasının müdiri Axund Hüseyn Pişnamazzadədən, ədəbiyyatşünas Abdulla Surdan, dilçi-folklorşünüs Mirzə Abbas Abbaszadədən, filosof şair-dramaturq Hüseyn Caviddən, M. Müşfiqin həyat yoldaşının əmisi, tanınmış pedaqoq İdris Axundzadədən, şair və ictimai xadim Əli Razidən, vətənpərvər şair Əli Nəzmidən dərs almışdır.[4] 1913-cü ildən "Mədrəseyi-Ruhaniyyə" müəllim kimi fəaliyyət göstərib. Həmin vaxtdan gizli inqilabi işə qoşulub və 1919-cu ildə RSDFP sıralarına daxil olub.[5] Xuluflu təhsilini davam etdirərək 1917-ci ildə Gəncədə Müəllimlər İnstitutunu bitirib və müəllim kimi fəaliyyətini davam etdirib.[6]
1921–1922-ci illərdə Gəncə quberniyasında qəza partiya komitəsinin katibi vəzifəsində çalışıb. 1921-ci ildə partiya sıralarında "təmizləmə işləri" ilə əlaqədar Sov.İKP üzvlüyündən çıxarılıb. O, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olub, 1922–1927-ci illərdə Yeni Türk(Azərbaycan) Əlifbası Komitəsində təlimatçı kimi işləyib. Eyni zamanda 1927–1929-cu illərdə "Bakı fəhləsi" kooperativ nəşriyyatı və "Azərnəşr"in bədii-ədəbiyyat şöbəsi ilə əməkdaşlıq edib. O, həmçinin 1928-ci ildə Bakıda keçirilən Azərbaycan Aşıqlarının I Qurultayında iştirak edib[6] O, 1927-ci ildə yenidən partiya üzvlüyünə bərpa edilib. 1922–1929-cu illərdə Yeni Türk Əlifbası Komitəsinin fəal üzvü olub.[5]
Vəli Xuluflu Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda elmi katib olaraq çalışıb. Onun yenidən təşkili vaxtı isə 1929–1932-ci illərdə Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru olub. Vəli Xuluflunun şifahi xalq ədəbiyyatı nümunələrinin toplanması və nəşrində xüsusi xidmətləri olub. O, 1926-cı ildə "El aşıqları" toplusunu tərtib və çap etdirmişdir.[5][6]
İnsititut ləğv ediləndən sonra 1933-cü ildə bir müddət Mərkəzi Arxiv İdarəsində müdir vəzifəsində çalışıb. Daha sonra Azərbaycan SSR Xalq Maarif Komissarlığında universitet və elmi-tədqiqat müəssisələri idarəsinin rəisi və Dövlət Elmi Şurasının sədr müavini vəzifələrində çalışıb. Həmçinin 1933-cü ildən SSRİ EA Azərbaycan şöbəsinin baş mütəxəssisi olub. 1936-cı ildən isə SSRİ EA Azərbaycan filialının Tarix İnstitutunun direktor müavini və digər vəzifələrdə çalışıb.[5]
Vəli Xuluflu yeni türk əlifbası komitəsinin üzvü və yeni əlifbanın digər ölkə xalqları arasında yayılması üzrə təlimatçı kimi fəaliyyət göstərib. Bu münasibətlə o, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan Respublikalarında, Krımda, Kazan və digər şəhərlərdə olmuşdur.[5]
Xuluflu həmçinin yüzlərcə qəzet və jurnal məqaləsinin müəllifidir. O, eyni zamanda aşıq yaradıcılığını çox sevirdi. Onun toplayıb nəşr etdirdiyi "Koroğlu" dastanı buna bir nümunədir.[5] Məhz buna görə də Rəhman Salmanlı onu "Folklorşünaslıq elminin Koroğlusu" adlandırmışdır. 1924-cü ildən Azərbaycanı Tədqiq və Tətəbbö cəmiyyətinin işlərində fəal çalışmışdır.
Folklorşünas alimin Azərbaycan folklor örnəklərinin toplanması, nəşri və tədqiqində müstəsna xidmətləri olub. Belə ki, o, 1927-ci ildə "Koroğlu" dastanının aşıq Hüseyn Bozalqanlının dilindən yazdığı 2 qolunu, 1929-cu ildə isə 4 qolunu və 6 nağılvarı hekayəti kitab şəklində nəşr etdirib.[6]
Vəli Xuluflu "Azərbaycanın Tədqiq və Tətəbbö" cəmiyyəti tərəfindən Şəmkir, Tovuz və Qazax rayonlarına elmi ezamiyyətə göndərilmiş və 1926-cı ildə "Azərbaycan xalq ədəbiyyatından materiallar" seriyası ilə "El aşıqları" kitabını nəşr etdirmişdir[7]. Alim kitaba Qurbani, Xəstə Qasım, Aşıq Ələsgər, Aşıq Hüseyn Şəmkirli və başqalarının tərcümeyi hallarını daxil etmişdir. Bununla yanaşı, müxtəlif aşıqların yaradıclığında olan qoşma, gəraylı, təcnislər, həmçinin Şəmkirli Aşıq Hüseynə aid olan "Reyhan" dastanını əlavə etmişdir. Vəli Xuluflunun 1927-ci ildə "El aşıqları" adı ilə çap etdirdiyi başqa bir kitabında da Şamxor və Tovuz bölgələrində yaşayan aşıqların yaradıcılığından nümunələr toplanmışdır.[6]
Alimin Azərbaycan folklorşünaslığında müstəsna xidmətlərindən biri "Koroğlu" dastanı ilə bağlı olmuşdur. Belə ki, Vəli Xuluflu 1925–1926-cı illərdə Tovuzda elmi ezamiyyətdə olur və aşıq Hüseyn Bozalqanlıdan topladığı "Koroğlu" qollarını 1927 və 1929-cu illərdə iki müxtəlif nəşr halında çap etdirmişdir. 1927-ci ildə nəşr olunan kitab "Toqat səfəri" və "Bağdad səfəri" adlı iki qoldan ibarətdir. Kitabın əvvəlində "Başlanğıc əvəzinə" adlanan hissədə Koroğlunun adı ilə bağlı olan qalalardan, onların yerləşdiyi ərazidən və Koroğlunun özü barədə xalq arasında dolaşan bir sıra əfsanə və rəvayətlərdən bəhs olunur. Kitabın sonunda isə Hüseyn Bozalqanlının tərcümeyi-halı öz əksini tapmışdır.[6]
"Koroğlu" dastanının qolları bilavasitə aşıq Hüseyn Bozalqanlının öz dilindən yazılmış və aşığın söylədiyi şəkildə kitaba daxil edilmişdir. Vəli Xuluflu "Koroğlu" dastanının 1927-ci il nəşrində "Koroğlu nağılları" adlanan hissədə Koroğlu nağıllarının başlıca beş qolu olduğunu qeyd edib: " Toqat səfəri", "Bağdad səfəri", "Ərzurum səfəri", "Ərəb Reyhan" və "Bolu bək".
"Koroğlu" dastanının 1927-ci ildə ərəb əlifbasındakı nəşri Vəli Xuluflu tərəfindən demək olar ki, olduğu kimi 1929-cu il nəşrinə daxil edilmişdir. Alim 1929-cu ildəki nəşrinə dastanın dörd qolunu — "Toqat səfəri", "Bağdad səfəri", "Dərbənd səfəri" və "Dəli Koroğlu və Bolu bəy"i daxil etmişdir. Kitabdakı yeni qollar Aşıq Əsəddən yazıya alınmışdır.[6]
Professor Azad Nəbiyev tədqiqatlarında Vəli Xuluflu tərəfindən 1933–34-cü illərdə "Koroğlu"nun 14 məclisdən ibarət daha mükəmməl üçüncü nəşrinin hazırlandığı göstərilir. "Koroğlu" dastanı 1929-cu ildə latın qrafikasında Vəli Xuluflu tərəfindən "Azərbayanı öyrənən cəmiyyət"in xətti ilə yenidən nəşr olunmuşdur. Yeni nəşr Hənəfi Zeynallının redaktorluğu ilə baş tutmuşdur. Alim kitabın birinci hissəsində dastanın 1927-ci il nəşrindəki ilk qollarını vermişdir: "Koroğlu kimdir", "Nigar xanımın gəitrilməsi", "Dəmirçioğlunun dəlilər cərgəsinə girməsi", "Koroğlunun taciri qaçanda", "Cünul aşıq", "Cünul aşıq və Telli xanım".[6]
Kitabın ikinci hissəsində Gürcüstan türklərindən Koroğlu əhvalatları əks olunur. Həmçinin bu hissədə "Koroğlu" dastanı ilə o qədər əlaqəsi olmayan nümunə və məlumatlar verilmişdir. Həmin nümunə və məlumatlar "Əlavələr" altında verilmişdir. Səkkizinci "Əlavə"də Aşıq Əsədin tərcümeyi-halı verilmişdir. Folklorşünas alim "Koroğlu" dastanını yazıya alarkən folklor mətnlərinin toplanması ənənələrinə sadiq qalaraq mətnə və dialektə müdaxilə etməmişdir. Vəli Xuluflu bununla bağlı belə bir qeyd vermişdi:[6]
Kitabın ərəb əlifbası çapında aşığın ifadəsini saxlamışdıqsa da, kəlmələrinin tələffüzünü olduğu kimi yazmamışdıq. Yeni əlifba (ikinci) çapında da bundan imtina etdik. Çünki aşıq Söyün (Hüseyn - müəllif) və aşıq Əsədin ikisi də qazaxlı olduğundan onların tələffüzündə bir çox xüsusiyyətlər vardır. Onların tələffüzləri olduğu kibi yazılsa idi, başqa qəzaların oxucuları üçün anlaşılması çətin olardı. |
Professor Azad Nəbiyev tədqiqatlarında Vəli Xuluflu tərəfindən 1933–1934-cü illərdə "Koroğlu"nun 14 məclisdən ibarət daha mükəmməl üçüncü nəşrinin hazırlandığı göstərilir.[6]. Vəli Xuluflu 43 illik ömründə tarix, dilçilik və ədəbiyyatşünaslıq sahələri ilə bağlı bir çox işlər görmüş və kitablar ərsəyə gətirmişdir. O, 1925–1932-ci illər ərzində Azərbaycan elm aləminə 10 kitab bəxş etmişdir.[5]
Xalqın mədəniyyət tarixində və savadlanmasında xüsusi yeri olan Vəli Xuluflu 37-ci il repressiyalarının qurbanlarından biri oldu. Onun fəaliyyətində sovet hökumətinə qarşı nöqsan axtarırdılar. Buna görə də belə bir arayış tərtib edildi:[5]
Xuluflu Vəli Məmmədsöyün oğlu (Məmmədhüseyn əvəzinə) əksinqilabçı, millətçi təşkilatın üzvüdür. Buna əsaslanaraq, Vəli Xuluflunun həbs edilməsini zəruri hesab edirik. |
Cinayət işinin üstündə isə ittiham 73, 64, 69, 17, 70 maddələri ilə göstərilir. Həmin qərarı 28 yanvar 1937-ci ildə AXDİK idarə rəisi III dərəcəli komissar Sumbatov təsdiq edir. Sumbatov təsdiq etdikdən sonra Vəli Xuluflunun həbsinə qərar verilir. Həbs qərarını III şöbənin rəisi, dövlət təhlükəsizlik leytenantı Qalstyan qəbul edir:[5]
Vətəndaş Xuluflu Vəli Məmmədsöyün oğlu Azərbaycan SSR SM-in 73, 64, 69, 17, 70-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilsin (27.1 1937). |
Həbsdən bir gün əvvəl isə alimin evində axtarış aparılır. Axtarış zamanı guya onun evindən müxtəlif kitablar (Buxarinin, Kamenevin, Trotskinin, Zinovyevin), şəkil və məktublar götürülüb. 29 yanvar 1937-ci il yanvarın 29-da alimi dindirməyə başlayırlar. 5 oktyabr 1937-ci ildə Vəli Xuluflu ittiham edilir və ona qarşı irəli sürülən ittiham 6 maddədən ibarət olur.[5]
11 oktyabr 1937-ci ildə sədr, hərbi hüquqşünas İ. O. Matuleviç, üzvlər, hüquqşünaslar İ. M. Zaryanov və Y. K. Yiqur, katib, hərbi hüquqşünas Kostyuşenko və SSRİ Baş Prokurorluğunun baş köməkçisi R. S. Rozovskinin iştirakı ilə iclas keçirilir. İclasın qərarında deyilirdi:[5]
İş məhkəməyə göndərilsin, işə şahidsiz, prokurorsuz və vəkilsiz baxılsın. |
12 oktyabr saat 18:00-da "məhkəmə" başlayır və 18:20-də sona çatır. Məhkəmə qərara alır:[5]
Vəli Məmmədsöyün oğlu Xuluflu ən yüksək cəzaya – güllələnməyə məhkum edilsin. |
Beləliklə, 13 oktyabr 1937-ci ildə Vəli Xuluflu güllələnir.[5][6]
"Elmi və xəlqi ziyalı – Vəli Xuluflu" adlı mənbədə isə qeyd olunur ki, Vəli Xulufluya dövlət təhlükəsizlik leytenantı Şer Mark tərəfindən əksinqilabçı, millətçi damğası vurulur. Onun həbsi üçün 28 yanvar 1937-ci ildə 68 saylı order yazılır. Həmin gündə Azərbaycan DTK-nin komissarı Sumbatova təqdim olunmuş "qərara əsasən" 3 fevral 1937-ci il tarixində həbs edilir və 35 saylı protokoldan çıxarışda göstərilir.
Vəli Məmmədhüseyn oğlu Xuluflu partiya bileti 1429085, əksinqilab-trotskçi və millətçi kimi DTK-a tərəfindən üzə çıxarılaraq, partiya sıralarından xaric edilsin.
Voroşilov rayon K(b)P katibi Y.Okinşeviç 16.04.1937-ci il. |
Alim həbs ediləndən ay yarım sonra partiya sıralarından "xaric" edilir. Vəli Xuluflu həbs edildikdən sonra evində axtarış aparılır. Axtarış aparılarkən götürülmüş sənədləri protokolda öz əksini tapmışdır. 12493/80 saylı instintaq işində IV şöbənin rəisi, təhlükəsizlik mayoru Gerasimovun 27 yanvar 1937-ci ildə təsdiq etdiyi arayışda qeyd edilir.
SSRİ vətəndaşı, türk dövlət təhlükəsizlik idarəsinin əməkdaşları tərəfindən Tixomirov və Çiçikalovun ifadələri əsasında həbs olunur. O, Azərbaycan cinayət məcəlləsinin 72/73-cü maddələri ilə günahkar bilinir. |
Vəli Xuluflu ölkədə yeni əlifba ideyasının fəal təbliğatçısı idi. O, həmçinin Yeni Əlifba Komitəsinin üzvü idi. O, ağlasığmayan bir terrorda günahlandırılırdı. Bu teroru Vəli Xuluflunun boynuna qoymaq üçün istintaqı aparan Qalstyan alimin həbs olunmasından düz altı ay sonra ona ağır işgəncələr verməklə irəli sürülmüş ittihamları "etiraf etməyinə" nail olur.
Güllələnməyə məhkum olanlar həddindən çox olduğundan müttəhimlərin məhkəməsi 15–20 dəqiqədən artıq çəkmirdi. Belə ki, 12 oktyabr 1937-ci il saat 18:00-də başlayan məhkəmədə sədr: Matuleviç , üzvlər; Zaryanov, Jiqurun iştirakı ilə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının Səyyar Sessiyasında qərara alınır:
Vəli Məmmədhüseyn oğlu Xuluflu təqsirlidir və o, ən ağır cəzaya-güllələnməyə məhkum edilir. |
Hökm o gecə yerinə yetirilir.
Vəli Xuluflu həbs olunduqdan sonra həyat yoldaşı Fatma Xuluflunun evində axtarış aparılır. Axtarış zamanı şübhəli heç bir şey tapılmır. Lakin evin əşyalarının bir çoxu götürülür, bir qismi isə evdə saxlanılır. 9 iyul 1937-ci ildə Oktyabr xalq məhkəməsi belə bir qərar qəbul edir:[5]
Xuluflu Fatma Əli qızı özü ilə yaşayan bütün ailə üzvləri – oğlu, qızı və anası ilə birlikdə Bakı şəhər soveti tərəfindən verilmiş evdən çıxarılsın. Boşaldılmış ev Bakı şəhər mənzil idarəsinə verilsin. |
Beləliklə, Fatma Xuluflu ailəsi üzvləri birlikdə bayıra atılır. Bununla yanaşı, ondan evi boşaldarkən ona qarşı kobudluq etməməkləri ilə bağlı arayış alırlar. Beləcə, Fatma Xuluflu həbs edilir. Oğlu Çingiz, qızı Sunquz isə Fatma Xuluflunun anasının himayəsində qalır. Fatma Xuluflu həbs edildikdən sonra götürülən ev əşyalarının övladlarına verilməsi ilə bağlı ərizə yazır. Fatma Xuluflunun ərizəsinə cavab olaraq yazılır:[5]
Xahiş edirik, məhbus Xuluflu Fatma Əli qızına bildirəsiniz ki, onun həbs edildiyi zaman evdən götürülən əşyalar satılmış və ondan gələn gəlir dövlətin hesabına keçirilmişdir. |
Beləliklə, Fatma Xuluflu yalnız bir dəfə dindirilir və ona 8 il həbs hökmü oxunur.[5]
Azərbaycan SSR prokuroru A. S. Babayev 1 fevral 1957-ci ildə Fatma Əli qızı Xuluflunun həbsi haqqındakı qərarın ləğv edilməsini istəyir. Beləliklə, fevral ayının 15-də sədr M. Əliyev, üzv Y. Quliyev və prokuror İ. Hacıyevin iştirakı ilə məhkəmə baş tutur. Kollegiya qərara alır:[5]
SSRİ XDİK xüsusi müşavirəsinin Xuluflu Fatma Əli qızı barəsində 29.02.1938-ci il tarixli qərarı ləğv edilsin. Onun işində cinayət tərkibi olmadığı üçün işə xitam verilsin. |
Fatma Xuluflu 26 sentyabr 1957-ci ildə Vəli Xuluflunun bəraət alması üçün ərizə ilə müraciət edir. Nəhayət SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının qərarı ilə Vəli Xuluflu haqqında 12.10.1937-ci il tarixli qərar ləğv edilir, cinayət tərkib olmadığı üçün işə xitam verilir. Lakin Vəli Xuluflunun qəbri bilinmədi.[5]
Bakının ən böyük küçələrindən biri, həmçinin Şəmkir rayonunda mərkəzi küçələrdən biri, orta məktəb və mədəniyyət evi Vəli Xuluflunun adını daşıyır.[5]
Vəli Xuluflu Zaqafqaziya federasiyasının 10 illiyində "İctimai-elmi və ədəbi xidmətlərinə görə" Fəxri tərifnamə və bir qızıl saatla təltif olunmuşdur.[5]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.