From Wikipedia, the free encyclopedia
Snoop Dogg (ing. Calvin Cordozar Broadus Jr.; 20 oktyabr 1971[1][2][…], Lonq-Biç, Kaliforniya[3]) — amerikalı repçi, aktyor. 1992-ci ildə Dr. Dre ilə çoxsaylı əsərlərə imza ataraq məşhurlaşıb. Snoop Dogg ABŞ-də 23 milyondan çox, dünya üzrə isə 35 milyondan çox albom satmağa müvəffəq olmuşdur. O, "Amerika Musiqi" mükafatı və "Praymtaym Emmi" mükafatı laureatıdır. 17 dəfə "Qremmi" mükafatına namizəd olmuşdur.
Snoop Dogg | |
---|---|
Ümumi məlumatlar | |
Doğum adı | Calvin Cordozar Broadus Jr. |
Ləqəbləri | Snoop Dogg, Snoop Doggy Dogg, Snoop Lion, Bigg Snoop Dogg, Snoopzilla |
Doğum tarixi | 20 oktyabr 1971[1][2][…] (53 yaş) |
Doğum yeri | |
Uşağı | 4 |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | repçi, müğənni, mahnı yazarı[d], musiqi prodüseri, media şəxsiyyəti[d], aktyor, musiqi şirkəti idarəçisi[d], sahibkar, iş adamı, aktivist, kino aktyoru, səsləndirmə aktyoru[d] |
Fəaliyyət illəri | 1991-ci ildən |
Janrlar | Qərb Sahili hip-hopu[d], g-funk[d], qenqsta-rep[d], reqqi, müasir R&B[d], hardkor hip-hop[d], horrorkor[d] |
Albom şirkətləri | Doggy Style Records[d], RCA Inspiration[d], Interscope Records, No Limit Records[d], Priority Records[d], Geffen Records[d], RCA Records |
Üzvlüyü |
|
snoopdogg.com | |
Vikianbarda əlaqəli mediafayllar |
"Doggystyle" Snoop Dogg-un 1993-cü ildə buraxdığı ilk solo albomu olmuşdur. Albomun prodüserliyini tanınmış prodüser Dr. Dre etmişdir. Death Row Records tərəfindən buraxılan bu albom Snoop Dogg-a böyük uğur qazandırmışdır. Albom ilk həftəsində 800.000 nüsxə satmağa müyəssər olmuşdur. Sonrakı illər RIAA tərəfindən dörd dəfə platin sertifikatı almışdır. Albomdan iki mahnı Billboard Hot 100-də ilk onluğa daxil olmuşdur. "What's My Name?" və "Gin and Juice" trekləri o vaxtlar musiqi dinləyiciləri arasında çox məşhur idi. 1994-cü ildə Snoop Dogg, "Murder Was the Case" adlı qısametrajlı filmdə baş rola çəkilmişdir. O, bu film üçün saundtrek də təqdim etmişdir. Onun ikinci albomu "Tha Doggfather" 1996-cı ildə buraxılmışdır. Bu albom çartlarda bir nömrə idi.
Əsl adı Calvin Cordozar Broadus Jr. olan Snoop Dogg 20 oktyabr 1971-ci ildə Kaliforniya ştatının Lonq-Biç şəhərində anadan olub. Doğma atası Vernell Varnando, anası isə Beverli Teytdir.[4][5] Atası Vyetnam müharibəsində iştirak etmiş, müğənni və poçtalyon kimi də çalışmış bir adam idi. Atası ailəsini tərk edəndə Snoop hələ üç aylıq idi. Snoop Dogg-a ögey atası Calvin Cordozar Broadus Sr.-nın adı verilmişdir.[6] Bioloji atası onun həyatında ümumiyyətlə yox idi. Snoop Dogg balaca olanda "Peanuts" cizgi serialındakı "Snoopy" adlı personajı çox sevərdi. Anası buna görə ona "Snoopy" deyə xitab edərdi.[7] O, üç uşaqdan ortancılıdır. Onun anası və ögey atası 1975-ci ildə boşanmışdır. Snoop Dogg kiçik yaşlarında kilsədə oxumağa və piano çalmağa başlamışdır. O, hələ altıncı sinifdə rep ifa edirdi.[8][9] Uşaq ikən evə pul qazanmaq üçün, konfet satır, qəzetlər çatdırır və mağaza poketlərini daşımaqla məşğul olurdu. O, kilsəyə getməyi xoşlayan və həm xorda, həm də futbol komandasında fəal iştirak edən həvəsli bir uşaq idi. 1993-cü ildə Snoop Dogg etiraf etmişdir ki, anası onu bəlalardan qorumağa çalışsa da, o, yeniyetməlik illərində dəstələrə qoşulub və qanunsuz işlər görüb.[10]
Snoop Dogg məktəbdə müntəzəm olaraq rep oxuyurdu. O, bu barədə danışıb: "Mən məktəbin dəhlizlərində rep oxuyanda bütün şagirdlər maraqla başıma toplaşırdı, hay-küyü eşidən direktor elə bildirdi ki, dava zad baş verib. Mən elə o vaxt başa düşdüm ki, xüsusi istedadım var. İnsanlar mənimlə maraqlanmağa başlayanda, mən də özümlə maraqlanmağa başladım."
Snoop Dogg yeniyetmə yaşlarında tez-tez qanunsuz əməllərlə məşğul olurdu. O, Lonq-Biç şəhərində fəaliyyət göstərən "Rollin' 20s Crips" adlı dəstəyə üzv olduğunu bildirmişdir.[11] 1993-cü ildə isə bunun doğru olmadığını, polisin və medianın əvvəlki məlumatlarına zidd olaraq heç vaxt dəstəyə qoşulmadığını demişdir. Snoop Dogg 1989-cu ildə "Long Beach Polytechnic High School" məktəbini yeni bitirmiş ikən, kokain daşıdığına görə saxlanılmış və həbs edilmişdir. O, "Wayside" həbsxanası da daxil olmaqla, üç ildən çox vaxtını həbsdə keçirmişdir. Snoop Dogg azadlığa buraxıldıqdan sonra, iki əmisi oğlu, Nate Dogg və Lil' ½ Dead və onların dostu Warren G ilə qrup yaratmış və onlarla birlikdə evdə mahnılar yazmışdır. Onlar öz qruplarına ad kimi məmləkətləri Lonq-Biçin ərazi kodu olan 213-ü seçmişdilər. Snoop Dogg 1991-ci ildə freestyle ifası sayəsində Dr. Dre-nin diqqətini cəlb etmişdir. Dr. Dre, o qədər heyran oldu ki, ondan Death Row Records (keçmiş adı Future Shock) leyblı üçün dinləmələrə qatılmasını rica etdi. N.W.A qrupu ilə sıx əməkdaşlıq edən repçi The D.O.C. Snoop Dogg-a rep yazmağın əsaslarını öyrətmişdir.
Snoop 14 iyun 1997-ci ildə məktəbdə tanış olduğu sevgilisi Şante Taylor ilə kəbin kəsib.[12] 21 may 2004-cü ildə o, "alınmadığını" əsas gətirərək Teylordan boşanmaq üçün ərizə verib. Baxmayaraq ki, cütlük 12 yanvar 2008-ci ildə evliliyini bərpa etmişdir.[13] Cütlüyün üç övladı dünyaya gəlib.[14] Onların ikisi oğlan, biri isə qızdır. Snoop-un bununla yanaşı, Lori Holmond adlı xanım ilə olan münasibətindən 1998-ci il təvəllüdlü Julian Corrie Broadus adlı oğlu da var. Snoop Dogg-un əmisi qızı peşəkar "NJPW" güləşçisi olan Mercedes Moné-dir.[15] Snoop, R&B müğənniləri Brandy və Ray J-nin öz əmisi uşaqları olduğunu deyir. Ancaq Brandy onların həqiqətən qohum olub-olmadığına əmin deyil.[16][17] Snoop Dogg 2015-ci ildə baba olub. Onun oğlu Cordé Broadus, sevgilisi Jessica Kyzer ilə olan münasibətindən uşaq dünyaya gətirib.[18] Cordé-nin 25 sentyabr 2019-cu ildə doğulduqdan cəmi on gün sonra vəfat edən daha bir oğlu da var idi.[19]
Snoop Dogg-un anası Beverli Teyt (ing. Beverly Tate) 24 oktyabr 2019-cu ildə vəfat edib.[20]
2006-cı ildə "Rolling Stone" jurnalına verdiyi müsahibəsində Snoop Dogg iddia etdi ki, o, özünü "mama roza" kimi göstərən digər hip-hop sənətçilərindən fərqli olaraq 2003–2004-cü illərdə həqiqətən də peşəkarcasına "mama rozalıq" ilə məşğul olurmuş. O, bu barədə deyib: "Oğraşlıq mənim canımda olan bir şey idi, mən mama rozalıqla məşğul olmağa başlayanda bundan doğrudan da həzz alırdım. Bu mənim üçün basketbolda səbətə top atmaq kimi bir şey idi, bunu çox yaxşı bacarırdım."
Snoop Dogg-un qardaşı Bing Worthington 16 fevral 2024-cü ildə 44 yaşında dünyasını dəyişib.[21]
Snoop Dogg karyerasının başlanğıcından bəri "nəşə" çəkir. Bu, onun imicinin böyük bir hissəsinə çevrilib. 2002-ci ildə o, marixuana istifadəsini birdəfəlik dayandıracağını bəyan edib.[22] Lakin bu qərar uzun sürməmiş və o, bu alışqanlığına təkrar qayıtmışdır. Snoop 2013-cü ildə bildirib ki, hər gün ortalama 80 ədəd marixuana siqareti (ing. blunt) çəkir.[23] 2007-ci ildən o, Kaliforniyada miqrenlərini azaltmaq məqsədilə tibbi marixuana istifadə etmək icazəsi alıb.[24][25][26] 2023-cü ildə Snoop Dogg sosial şəbəkələrdə "çox düşündükdən sonra marixuananı buraxdığını" elan edib. Lakin sonra məlum oldu ki, bu əslində "SoloStove" adlı tüstüsüz ocaq (ing. smokeless fire pit) məhsulunu tanıtmaq üçün hazırlanmış reklam və marketinq strategiyasıdır.[27][28][29]
2009-cu ildə Snoop Dogg-un İslam milləti təşkilatına qoşulduğuna dair məlumatlar yayılıb. Həmin il martın 1-də o, İslam millətinin "İllik Xilaskarlar Günü" bayramında çıxış edib və təşkilatın lideri Lui Farrakaya tərif yağdırıb. Snoop İslam millətinə qoşulduğunu təsdiqləmiş, lakin nə vaxtdan bəri üzv olduğuna dair açıqlama verməmişdir. O, üstəlik təşkilata 1000 dollar ianə etmişdir.[30][31][32]
2012-ci ildə Snoop "yenidən doğulduğunu" açıqlayıb. O, dinini dəyişdirərək Rastafari hərəkatına keçib.[33][34][35][36] Snoop, reqqi musiqisi yaratmağa başlamış və Yamaykaya səfər etdikdən sonra adını Snoop Lion olaraq dəyişidirib.[37] O, "Reincarnated" adlı reqqi janrında olan albomunu təqdim edərkən deyib: "Mən həmişə Bob Marlinin reinkarnasiyası olduğumu demişəm".[38]
2013-cü ilin yanvarında Yamaykadakı Rastafari icmasından bəzi insanlar, xüsusən də reqqi artisti Bunny Wailer, onu mədəniyyətə verdiyi vədlərə əməl etmədiyinə görə tənqid etdi.[39] Daha sonra Snoop, tənqidlərin əsaslı olmadığını ifadə etmiş və şəxsi inanclarının başqaları tərəfindən mühakimə edilməməli olan şəxsi məsələlər olduğunu bildirmişdir.[40]
Snoop Dogg 2018-ci ildə iman və mənəviyyat mövzularını özündə cəmləşdirən "Bible of Love" adlı albom çıxardı. O, verdiyi müsahibədə "yenidən doğulmuş xristian" olduğunu, gospel musiqisindən və xilaskar İsa Məsihə olan imanından ilham aldığını bildirib.[41]
2012-ci ildə Snoop Dogg Respublikaçılar Partiyasının ilkin seçkilərində əvvəlcə Ron Polu dəstəkləmişdir.[42] Lakin o, sonradan fikrini dəyişmək qərarına gəlmiş və ümumi seçkilərdə Barak Obamaya səs verəcəyini demişdir. O, İnstaqramda Obamaya səs vermə səbəblərini paylaşmışdır: "O, qaradır nigga", "O, Jay-Z ilə ən yaxın dostdur" və "Mişelin babat dalı var" dedi. O, həmçinin Mit Romniyə səs verməmək üçün səbəbləri sadalayıb. Onun haqqında alçaldıcı şərhlər verib – "O, ağdır nigga", "Bu şərəfsizin adı Mitdir", "O, alçaqdır".[43]
2013-cü ildə "The Huffington Post"-a verdiyi müsahibədə Snoop Dogg eynicinsli evlilikləri dəstəkləyərək insanların istədiklərini etməkdə və xoşbəxt olmaqda azad olması lazım olduğunu deyib.[44]
2015-ci ildə "South by Southwest" musiqi festivalında çıxış edən Snoop Dogg 1980-ci illərdə Los-Ancelesdə baş verən dəstə zorakılığının artmasının səbəbini Ronald Reyqanın iqtisadi siyasəti ilə əlaqələndirdi.[45] O, ehtimal etdi ki, Reyqan administrasiyası əraziyə silah və narkotiklərin gətirilməsində iştirak etmiş ola bilər.
2015-ci ilin mayında o, Bravo telekanalında yayımlanan "Watch What Happens Live" verilişinin qonağı olub. Danışığı zamanı prezidentliyə namizəd kimi Hillari Klintonu açıq şəkildə dəstəkləyib: "Düşünürəm ki, bu qadının prezident olmasının artıq vaxtı çatıb, ona görə ki, bizə kişilərin düşüncə tərzindən fərqli bir baxış lazımdır",[46] "Amerikanı qlobal səhnədə təmsil edən və qlobal məsələlərdə söz sahibi olan bir qadını görmək çox faydalı olardı. Bax buna görə də seçkilərdə Klinton xanıma səs verəcəyəm."[47]
Studiya albomları
Birgə yaratdığı albomlar
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.