From Wikipedia, the free encyclopedia
Qazi Bürhanəddin Əhməd (1345, Kayseri – 1398, Sivas) — şair, alim və dövlət xadimi. Bürhanəddin əvvəllər qazılıq etmiş, daha sonra Ərətna bəyliyinin vəziri olmuş, ən sonda isə paytaxtı Sivas olmaqla özünün bəyliyini formalaşdırmışdır. Onun qurduğu bəylik "Qazı Bürhanəddinin dövləti" adlandırılmaqda idi. Özünün qurduğu bəyliyin müstəqilliyini qorumaq üçün o, Osmanlı, Məmlük, Qaramanoğulları və Ağqoyunlu dövlətlərinə qarşı 18 il mübarizə aparmışdır. O, müasir Azərbaycan türkcəsinə yaxın türkcədə şeirlər yazmışdır. Bundan başqa onun fars və ərəb dillərində yazılmış şeirləri də olmuş, eyni zamanda İslam şəriəti ilə bağlı araşdırmalar etmişdir. Onun yazmış olduğu divan türk dilində yazılmış ilk divandır. O, ümumiyyətlə müasir Azərbaycan və Türkiyə ədəbiyyatlarının qurucularından biri hesab edilir. O, xüsusilə Azərbaycan türkcəsində olan şeiriyyatın inkişafında xüsusi rol oynamışdır.[1]
Qazi Bürhanəddin Əhməd bəy Salur | |
---|---|
Qazəbürhanəddinoğulları bəyliyi bəyi | |
1381 – 1398 | |
Əvvəlki | II Mehmed (Ərətna bəyliyi bəyi olaraq) |
Sonrakı | Ələddin Əli bəy Bürhanəddinoğlu |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Kayseri, Qaramanoğulları bəyliyi |
Vəfat tarixi | |
Vəfat yeri | Sivas |
Vəfat səbəbi | Öldürülmə |
Milliyyəti | Azərbaycan türkü |
Fəaliyyəti | şair |
Atası | Kayseri qazısı Qazı Şəmsəddin Mehmed |
Uşağı | Ələddin Əli bəy Bürhanəddinoğlu |
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Qazi Bürhanəddin Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.[2]
Əziz ibn Ərdəşir Astrabadi (və ya digər adı ilə Əbdüləziz Bağdadi) Qazi Bürhanəddinin saray şairi olmuş və "Bəzm və Rəzm" əsərini yazmışdır. O, bu əsərində özünün himayədarı olan Bürhanəddin barədə məlumatlar da vermişdir. Onun bu əsəri sonrakı əsrin məşhur ərəb tarixçisi İbn Həcərin (1372-1448) əsərində istifadə edilmiş, İbn Həcərin əsərindən isə öz növbəsində XVI əsr Osmanlı tarixçisi Daşkörpüzadə istifadə etmişdir.[3] Məşhurr şərqşünas Gibb özünün əsərində Daşkörpüzadənın İbn Həcərdən[4] almış olduğu materiallardan yararlanmışdır.[3]
Bürhanəddinin həyatı barədə məlumatlar verilən bir digər əsər Dəməşqdən olan İbn Ərəbşahın (1392-1450) əsərində verilməkdədir. O, uzun illər Əmir Teymurun əsirliyində yaşamış, daha sonra isə özünün bioqrafiyasını yazmışdır. Krımski qeyd edir ki, kifayət qədər qəribə bir şəkildə Bürhanəddin barədə xeyli məlumat verilən İbn Ərəbşahın əsəri Gibb tərəfindən istifadə edilməmiş və ya ona bu əsər məlum olmamışdır.[5] Eyni zamanda ibn Ərəbşah da Əziz ibn Ərdəşirin əsəri barədə məlumatlı olmuş, əsərində Əzizin əsərinin Qaramanda saxlandığını, cəmi dörd cilddən ibarət olduğunu yazmışdır.[6]
Bürhanəddinin edam edilməsi və dövlətinin Osmanlı İmperatorluğu tərəfindən tutulması şəraitinin təsviri Bürhanəddinin Nikopolis döyüşündə (1396) ölümündən az əvvəl Osmanlılara əsir düşən, ömürü Bəyazid və oğlanlarının hakimiyyəti dövründə sona çatan İohan Şiltberqerin xatirələrində yer alır. Qeyd edilməlidir ki, İohan özü şəxsən Osmanlı ordusunun Sivası ilhaq etdiyi yürüşdə iştirak etmişdir.[7]
Qazı Bürhanəddinin qonşu dövlətlərin hökmdarları və öz aralarında yazışmaları da Bürhanəddinin həyat və yaradıcılığı haqqında məlumat mənbəyidir.[8][9]
XIV əsrin əvvəllərində Elxanilər dövlətinin təzyiqlərinə məruz qalan Konya mərkəzi olan Anadolu Səlcuqluları süquta uğradı. Onun yerinə keçmiş dövlətin yerində müxtəlif bəyliklər ortaya çıxdı. 1335-ci ildə Anadoludakı Elxani canişinlərindən biri olan Ərətna bəy özünün müstəqilliyini elan etdi. Lakin o, qısa müddətlik Məmlük sultanından asılılığı qəbul etdi. Onun bəyliyinin ilk mərkəzi Ərzincanda, daha sonra isə Kayseridə yerləşməkdə idi. Ümumiyyətlə bu dövrdə formalaşan bəyliklər tez-tez bir-biriləri ilə müəyyən bölgələr uğrunda müharibələr aparmaqda idilər. Ərətna bəyliyi 1381-ci ildə Qazi Bürhanəddinin özünü müstəqil hakim elan etməsinə qədər Ərətna bəyin övladları tərəfindən idarə edildi.[10]
Bürhanəddinin Anadoluya köç edən ilk əcdadı Xarəzmli Məhəmməd Rəsul Sevinc adlı şəxs olmuşdur.[11] O, Oğuzların Salur boyundan gəlməkdə idi.[12][13] Əziz Astrabadi Bürhanəddinin soyunu belə qeyd etməkdədir: Şəmsəddin məhəmməd, Süleyman Siracəddin oğlu, Hüsəməddin oğlu, Cəlaləddin Həbib oğlu, Məhəmməd oğlu, Rəsul oğlu, Sevinc oğlu.[14][15] Bürhanəddinin ulu babası artıq təxminən 1290-cı illərdə Kastamonu tərəflərdə dünyaya gəlmişdi.[11] O, Kayseri qazizi tərəfindən bəyənilmiş, onun qızı ilə evləndirilmiş və buna görə də, vəzifə əldə etmişdir. Əziz Astrabadinin bildirdiyinə görə, ondan sonra onun övladlarının çoxu qazı vəzifəsini tutmuşdurlar[11]. Beləliklə, Bürhanəddinin ailəsi nəsillər boyu qazı vəzifəsini icra etmişdir.[13] A. Krımski Bürhanəddin barədə "qazının oğlu, qazının nəvəsi, qazının nəticəsi və qazının kötükçəsi" sözlərini yazmaqdadır.[5] Eyni zamanda Bürhanəddinin ulu babası olan Səlcuqlu ailəsindən bir qızla evlənmiş və onun övladı Süleyman Siracəddin artıq çox hörmətli bir şəxsə çevrilmişdir. Buna görə də Süleyman Konya Səlcuqlularının sonuncu sultanının qızı ilə evlənmişdir.[16] Onun övladı Şəmsəddin Məhəmməd isə ailə ənənəsinə uyğun olaraq Kayseridə qazı vəzifisini icra etmişdir. İbn Ərəbşah Ərətna hakimi barədə yazarkən Bürhanəddinin atası barədə də məlumat verməkdədir. O, Ərətna hakiminin vəzirlərini qeydedərkən onların arasında Bürhanəddinin atasının da olduğunu, həm də ən güclü vəzir olduğunu yazmışdır.[17]
Bürhanəddin Ramazan ayının 3-də, yəni 8 yanvar 1345-ci ildə dünyaya gəlmişdir.[12] Onun anası əsilzadə ailəsində dünyaya gəlmiş və Səlcuqlu sultanı Sultan Qiyasəddin Keyxosrovun qohumu idi. Beləki Bürhanəddinin ana tərəfdən babası olan Abdullah Çələbi vəzir olmaqla birlikdə, nüfuzlu səlcuqlu bürokrati Cəlaləddin Mahmud Mustovhinin oğlu idi.[18][13] Bir başqa müəllif olan və "Tarix-e Olcaytu" əsərinin müəllifi olan Abdullah ibn Əli Kaşaninin bildirdiyinə görə Ərətna bəyin bacısı olmuşdur. O, Bürhanəddin yaş yarım ikən ölmüşdür.[19] Buna görə də Bürhanəddin öz atasının təlim-tərbiyəsi və tədrisi altında böyümüşrdü.[18] O, gənc yaşlarında fars və ərəb dillərini öyrənmiş, İslam hüququ, məntiq, at sürmə, qılınc döyüşdürmə və oxçuluq kimi sahələrdə bacarığa sahiblənmişdir.[13]
1356-cı ildə Bürhanəddin atası ilə birlikdə Dəməşqə təhsil almağa getmiş, iki ildən sonra isə oradan Qahirəyə yollanmışdır. Tarixçilər güman edirlər ki, bu səyahətin əsl səbəbi Bürhanəddinin atasının siyasi səbəblərə görə Kayseridən sürgün edilməsinə və ya oranı tərk etməyə məcbur olmasına görə olmuşdur. O, Qahirədə fiqh, hədis və təfsir kimi elmlərə yiyələnmişdir. Daha sonra o, 1362-ci ildə Dəməşq geri dönmüş və burada şeir sənətini öyrənmək üçün Qütbəddin ər-Razini il yarim müddətinə ziyarət etmişdir. Qütbəddinin 1364-cü ildə ölümündən sonra Bürhanəddinin atası də qısa müddət sonra vəfat edir. Həm atasının, həm də müəlliminin ölümündən sonra Bürhanəddin öz doğma evinə geri dönür.[13]
1364-cü ildə onun Kayseriyə dönməsindən sonra Ərətnaoğlu bəyliyinin hakimi olan Məhəmməd bəy onu qazı təyin edir və qızı ilə evləndirir.[12] 1365-ci ildə Məhəmməd bəyin ölür. Onun ölüm səbəbi dəqiq bilinmir. Güman edilir ki, o, Amasyaya Canik Hacı Şadgəldi, Milasa Hacı Əmir İbrahim və ya Qarahisardan Qılınc Arslanın üsyanını yatırmaq üçün etmiş olduğu yürüşdə öldürülmüşdür.[13] Digər bir variant isə onun siyasi münaqişələr nəticəsində öldürüldüyü güman edilir.[20] Bürhanəddinin bu hadisədə nə kimi rol oynadığı bilinməməkdədir.[13] Məşhur şotland şərqşünası E. Gibb İbn Həcərin əsərinə istinad edərək bildirir ki, Bürhanəddin bəylik hakiminin qızı ilə evlənmiş, bundan sonra bilinməyən səbəbləə görə bu dostluq düşmənliyə çevrilmişdir. Buna görə də Bürhanəddin öz qayınatasını öldürmüş və hakimiyyəti öz əlinə almışdır.[21]
Atası öldürülən zaman Məhəmməd bəyin oğlu Ələddin Əli cəmi 13 yaşında idi və buna görə də hakimiyyəti əldə edib idarə edəcək gücə malik deyildi. Bu qarışıqlıqlardan istifadə edən Qaramanoğulları Niğdə və Ağsarayı ələ keçirdilər. 1375-ci ildə Qaramanoğullarından Ələddin Kayserini ələ keçirdi və Ələddin Əli Sivasa qaçmağa məcbur oldu. 1378-ci ildə Bürhanəddin Kayserini yenidən ələ keçirdi və Ələddin Qaramanoğlunu buradan qaçmağa məcbur etdi. Buna görə də, Ələddin Əli Bürhanəddini özünün vəziri vəzifəsinə təyin etdi. Bürhanəddinin hakimiyyətə yiyələnmə istəyi Ələddin Əli ilə arasında problemə səbəb oldu. Bu mübarizədə Bürhanəddin qalib ayrılaraq hərbi və siyasi hakimiyyəti öz əlinə aldı. Onun bu səlahiyyətlərinin təstiqlənməsinin işarəsi kimi Səlcuqlular dövründə istifadə edilən bəylərbəyi və ya məlikül-üməra titulu ona təqdim edildi.[13][22]
Onun vəzirliyi dövründə Bürhanəddin ölkəsindəki vəziyyətin yaxşılaşdırılması üçün addımlar atdı. Əmir Hacı Şadgəldi Amasyanı Ələddin Ərətnaoğlundan almışdı. Buna görə də şəhərin kimə məxsusluğu məsələsi üstündə Bürhanəddin ilə arasında problem yaşandı.[23] Bu zaman 1380-ci ildə Ələddin Əli Qazabadda yayılmış vəba xəstəliyinə görə vəfat etdi. Bu zaman onun oğlunun cəmi 7 yaşı var idi. Toplanmış xalq məclisi Bürhanəddindən naib olaraq dövləti idarə etməsini istəsə də, o, bu təklifi rədd etdi. Buna görə də naib vəzifəsi Səlcuqlu sultanlı nəslindən olan və Ələddin Əlinin dul arvadı ilə evlənən Qılınc Arslana keçdi. Bu hadisə bir çox şəxsin narazılığına səbəb olmuşdu, çünki bir çoxu, Bürhanəddinin daha yaxşı hakim olacağına inanmaqda idi. Bundan narahat olan Qılınc Arslan əvvəl hərəkətə keçib rəqibini öldürmək qərarına gəldi. Lakin bundan xəbər tutan Bürhanəddin daha cəld davrandı və onu öldürdü. Bu 1381-ci ilin 19 fevralında baş vermişdi. Bundan sonra yenidən toplanan xalq məclisi yenidən Bürhanəddini dəstəklədi və o, naib oldu. Elə həmin ildə, yəni 1381-ci ildə Bürhanəddin özünün əsas düşməni olan Amasyalı Hacı Şadgəldini məğlub etdi və Sivasda özünün hakimiyyətini elan etdi. O, burada öz adına xütbə oxutdurduqdan sonra Anadolu, Suriya və İraqdakı hakimlərə çapar göndərərək taxta çıxdığını bildirdi.[13]
Gibb Xoca Sadəttin Əfəndiyə istinad edərək onun Bürhanəddinin Sivası və Kayserini ələ keçirərək 20-30 il hakimiyyətdə qaldığını bildirir.[21] Lakin bu şişirtmədir. Mənbələrdən verilən məlumatlardan aydın olur ki, Bürhanəddin ya 17[13] ya da 18 il[12] hakimiyyətdə qalmışdır. Onun sultanlıq illəri davamlı üsyankar bəylərlə münaqişələr, eyni zamanda Osmanlı, Məmlük, Ağqoyunlu kimi güclü dövlətlərlə mübarizə şəraitində keçmişdir.[12]
1383-cü ildə Sivasdakı bəzi bəylərin sui-qəsdindən xilas olan Qazi Bürhanəddin, atası Hacı Şadgəldinin intiqamını almaq üçün qayınatası Candaroğlu Kötürüm Bayeziddən dəstək alaraq hərəkətə keçən Əhməd bəyi məğlub etdi (785/1383-84). Ardınca Zülqədəroğulları ilə əməkdaşlıq edərək, müntəzəm hərbi birləşmələr təşkil edərək Sivasdan Aralıq dənizinə qədər uzanan bölgədəki Türkmənləri itaət altına aldı. Türkmən və Monqol təhlükəsini aradan qaldırdıqdan sonra bacısını Tokat Qalası bəyi ilə evləndirdi; bu dəstəklə Amasya üzərinə yürüyərək Amasya əmirlərini ard-arda məğlub etdi (1384).[13]
Osmanlı sultanı I. Muradın onlara qarşı bir səfər təşkil edəcəyini öyrənən Candaroğulları bəyi Kötürüm Bəyazid, Qazi Bürhanəddinə xəbər göndərərək onunla yaxşı münasibətlər qurmaq istədiyini bildirdi. Lakin səmimi olmadığı anlaşıldıqda həm Qazi Bürhanəddin kimi güclü bir müttəfiqi, həm də taxtını itirdi (786/1384). Bu arada Tokat Qalası hakimi də də Sivasa gələrək Bürhanəddinə tabe olduğunu bildirdi. Qazi Bürhanəddin, 1387-ci ildə Kösədağda olduğu zaman Sivas xalqının üsyan etdiyini öyrəndi və komandanlarından birini göndərərək bu üsyanı yatırdı.[13]
Qazi Bürhanəddin bacarıqla ətrafdakı bəylərin bir-birinə qarşı olan iddialarından yararlanmış, birini o birinə qarşı dəstəkləmişdir. Eyni zamanda o, ordusunu gücləndirmək üçün türkmən və monqol köçəri tayfalardakı kişilərdən də yararlanmışdır.[24] O, uğurlu bir şəkildə bəyliyin keçmiş sərhədlərini bərpa etmiş, lakin Malatyanı ələ keçirməsi Məmlüklərlə münaqişəyə yol açmışdır. Çünki bura ənənəvi olaraq Məmlüklərin nüfuz dairəsi hesab edilməkdə idi. İbn Həcərin məlumatına görə, Malatyanın ələ keçirilməsinə cavab olaraq güclü bir Məmlük ordusu ona qarşı göndərilmişdir.[12][21] Kiçik Asiyadakı bəzi bəylərlə ittifaq halında hərəkət edən Məmlük ordusu 1388-ci ildə Sivası bir neçə ay mühasirədə saxlamış, lakin Bürhanəddini məğlub etməyi bacarmamışdır. Bundan sonra Məmlük hökmdarı Sultan Barkuk onunla sülh imzalamağa məcbur olmuşdur.[24]
1389-cu ildə Osmanlı sultanı I Murad Kosovo döyüşündə həlak oldu. Onun varisi Yıldırım Bəyazid dərhal Bursaya yola düşdü, çünki Anadoludakı vassal bəylər üsyan qaldırmışdılar. Osmanlıya qarşı yaradılan koalisiyaya Qaraman, Aydın, Saruxan, Menteşe, Germiyan və Həmid bəyliklərinin əmirlikləri daxil idi. Koalisiyanın liderləri Bəyazidin kürəkəni olan Karamanoğlu Alaəddin və Qazi Bürhanəddin idi.[24] Alaəddin Beyşehiri işğal etdi və Eskişəhərə qədər irəlilədi, Germiyanoğlu II Yakub öz torpaqlarını geri aldı, Bürhanəddin isə Kırşəhəri ələ keçirdi.[25] 1390-cı ilin may ayında Bəyazid Qaramanoğlu üzərinə yürüşə hazırlaşmaq üçün Afyonqarahisarda idi. O, Beyşəhiri geri aldı və Konya şəhərini mühasirəyə aldı. Bu vaxt Candar oğullarından Süleyman bəy Kastamonuya qayıdaraq Qaramanoğluna kömək məqsədilə Qazi Bürhanəddinlə ittifaq bağladı. Bu təhlükə görünür ki, Bəyazidi Konyanın mühasirəsindən imtina etməyə və Karamanoğlu ilə sülh müqaviləsi imzalamağa məcbur etdi. 1391/92-ci illərdə Bəyazid Süleyman bəyi hədəf aldı, lakin Qazi Bürhanəddin müttəfiqini dəstəkləmək üçün hərəkətə keçdi. 1392-ci ilin 6 aprelində Venesiya məruzəsində bildirilir ki, Bizans imperatoru II Manuel Osmanlı vassalı kimi Sinopa qarşı Osmanlıların dəniz ekspedisiyasına qoşulmağa hazırlaşırdı. Bu ekspedisiya, Sinop istisna olmaqla, Candaroğulları bəyliyinin ərazilərinin anneksiya olunması ilə nəticələndi.[26][9] Süleyman bəy həlak oldu. Daha sonra Qazi Bürhanəddinin etiraz və təhdidlərinə baxmayaraq, Bəyazid Osmancığı işğal etdi. Lakin Bürhanəddin nəhayət Bəyazidə qarşı Çorumlu yaxınlığında hücuma keçdi və onu geri çəkilməyə məcbur etdi. Bürhanəddin Ankaraya və Sivrixisara qədər irəlilədi.[27][25] Bürhanəddin qüvvələri tərəfindən mühasirəyə alınan Amasya əmiri Əhməd, Şadgəldinin oğlu, Qazi Bürhanəddinə qarşı Osmanlılardan kömək alaraq qalasını Osmanlılara təslim etdi (794/1392). Bəyazidin xidmətində olan əsir Şiltberqer də xatirələrində bundan bəhs etmişdir.[28]
1391/1392-ci ildə Qırxdilim döyüşü baş verdi. Qazi Bürhanəddinin saray şairi Əziz ibn Ərdəşir döyüşün. nəticəsində onun qələbə qazandığını bildirir. Lakin yürüşdə iştirak etmiş Osmanlı sultanı Bəyazidin vassalı II Manuil Paleoloqin məktublarından aydın olur ki, nəticə belə olmamışdır.[26][9] Yerli hakimlər Bəyazidi özlərinin hamisi olaraq tanımış, lakin ordu geri dönərkən Bürhanəddinin hücumuna məruz qalmışdır.[25]
1393-cü ildə Tacəddinoğulları, Taşanoğulları və Bafra hakimi Bürhanəddinə tabe oldu. Elə həmin ildə Anadoludakı monqol bəyləri onu Osmanlıya hücum etməyə təşviq etsə də, onun müşavirləri bu fikrin qəbul edilməsinə icazə vermədilər. Osmanlının Yaşılırmaq hövzəsinə hakim olmasından narahat olan Bürhanəddin bunun qarşısını almaq və cənuba enməyə təşviq etmək üçün müəyyən addımlar atdı.[13] 1393-cü ildə Bürhanəddinin dövləti Osmanlı imperiyasının Anadoludakı ən güclü rəqibinə çevrildi. Buna görə də Anadolu bəylikləri bir qismi Bürhanəddini, bir qismi isə Osmanlını dəstəkləməklə iki yerə bölündülər. Həmin ildə Bəyazid ona qarşı bir neçə yürüş həyata keçirərək bəzi qalaları və şəhərləri ələ keçirdi. 1394-cü ildə Bürhanəddin Qaramanlılar üzərinə yürüş etdi. 1394-cü ildə Anadolu bəylikləri Tikriti ələ keçirmiş Əmir Teymurdan məktub aldılar.[29] Məktubda Teymur onlardan özünə tabe olmağı tələb edirdi. Bürhanəddinin yanına gələn elçilər onun əmri ilə öldürüldülər. Qaynaqlarda onun Teymurun elçilərinin bir qisminin başını kəsdirərək sağ qalanların boynundan asdırıb öz torpaqlarından yola saldığı qeyd edilməkdədir.[30] Bundan yararlanan Ələddin bəy Qaramanoğlu Teymurdan asılılığı qəbul etdiyini bildirdi və onun müttəfiqinə çevrildi. Beləliklə Sivas hakimi olan Bürhanəddin özünü iki düşmən arasında qalmış tapdı. Buna görə də o, 1397-ci ildə özünün keçmiş düşməni olan Məmlük sultanından yardım istədi. O, bunun müqabilində məmlüklərin vassalı olacağını bildirirdi.[12] Eyni zamanda Bürhanəddini şərqdən irəliləməkdə olan Ağqoyunluların hakimi Qara Yuluq Osman bəyə qarşı mübarizə apara bilmək üçün də yardıma ehtiyyacı var idi.[12] Teymur Bəyazidə yazmış olduğu məktubunda Bürhanəddindən və onun keçmiş düşməni olan Məmlük sultanı ilə ittifaqa girməsindən də bəhs etmişdi:[8]
Sivas qazısının yazıq oğlu şeytani planlar qurur və çərkəz uşaqlarla əməkdaşlıq etmək istəyir.
Bürhanəddin hələ Teymurun məktubuna rədd cavabı verdikdə məktubun bir nüsxəsini Məmlük sultanı Barkuk və I. Bəyazidə göndərmişdi. Beləliklə, onun Məmlük sultanı ilə olan ittifaqına Osmanlı sultanı və Qızıl Orda xanı Toxtamış da daxil oldu. Teymur bu ittifaqı pozmaq üçün yola çıxdı və 1394-cü ilin əvvəllərində Anadolu torpaqlarına daxil olaraq Erzuruma qədər gəldi. Lakin birdən qərar verərək Ərzurumdan geri döndü. Teymur təhlükəsi bir müddət ortadan qalxınca Qazi Bürhanəddin öz torpaqlarına hücum edən Amasya əmiri Əhməd bəyin üzərinə yürüdü və hər yeri yandırıb dağıtdı. Teymur, Qazi Bürhanəddinin ona qarşı apardığı fəaliyyətlərdən xəbərdar idi.[13]
Bu arada, oktyabr 1393-də Tikriti ələ keçirən Teymur, Qazi Bürhanəddin və Anadoludaki digər bəylərə məktub yazaraq ona itaət etmələrini istədi. Bu təklifi rədd edən Qazi Bürhanəddin, məktubun bir nüsxəsini Məmlük sultanı Bərquq və I. Bəyazidə göndərdi. I. Bəyazid, Bərkuk, Qızıl Orda xanı Toxtamış və Qazi Bürhanəddin, Teymura qarşı bir ittifaq qurdular. Timur bu ittifaqı pozmaq üçün yola çıxdı və 1394-cü ilin əvvəllərində Anadolu torpaqlarına daxil olaraq Ərzuruma qədər gəldi. Lakin birdən qərar verərək Erzurumdan geri döndü. Timur təhlükəsi bir müddət ortadan qalxınca Qazi Bürhanəddin öz torpaqlarına hücum edən Amasya əmiri Ahmed Beyin üzərinə yürüdü və hər yeri yandırıb dağıtdı. Timur, Qazi Bürhanəddin’in ona qarşı apardığı fəaliyyətlərdən xəbərdar idi. Buna görə də Bəyazidə yazdığı məktubda Məmlük sultanı Berkuk ilə əməkdaşlıq edən Qazi Bürhanəddini cəzalandıracağını bildirdi. Lakin Qazi Bürhanəddinin bu təhdidlərə əhəmiyyət vermədiyi və ondan qorxmadığı bir şeirindən aydın olur.[13] Qazi Bürhanəddin Sultan Bərquq ilə formalaşdırılmış ittifaq barədə belə bir şeir yazmışdı:[31]
Oldı müsəxxər bizə çu Şam ilə Rum,
Düşmənə dəmir boldux, dostlara mum,
Nər kişilər yürisün yollarina,
Çün dosta mübarəküz, düşmənə şum.
Bürhanəddin Bərququn yardımı ilə düşmənlərinin öhdəsindən gəlməyi bacardı.[12] Bundan sonra Ağqoyunlu Qara Yuluq Osman bəy ilə ittifaq qurmağı bacarmış Bürhanəddin Amasya və Ərzincandakı üsyançı bəylərə qarşı yürüşlər həyata keçirdi.[12]
Lakin şeirlərindən məlum olduğu qədəri ilə Bürhanəddin Toxtamış xanı bəyənməmiş, lakin ortaq düşmən olan Teymura görə onunla ittifaq qurmuşdur:[32]
Əzəldə haq nə yazılmış isə bolur,
Göz nəni görəcək isə görür,
İki aləmdə haqqa sığınmışuz,
Toxtamış nə ola, ya Axsax Temur
Bürhanəddin 1398-ci ildə Qarabəl bölgəsində Qara Yuluq Osman ilə döyüşdə öldürüldü. Osmanlı tarixçisi Saadəddin Əfəndi bu hadisənin I Bayaziddən qaçıb gizləndiyi Harput dağlarında baş verdiyini bildirir.[12] 1398-1399-cu illərdə bəylikdə Bürhanəddinin oğlu Zeynəl hökmranlıq etsə də, qısa müddət sonra Sivas Osmanlılar tərəfindən işğal edildi.[21]
Şiltberger və İbn Ərəbşah Bürhanəddinin ölümü ilə bağlı hadisələri təsvir edirlər. Onların sözlərinə görə, Qara Yuluq Osmanla Bürhanəddin arasında Osman tərəfindən köç şərtlərinin yerinə yetirilməməsi səbəbilə münaqişə yaranıb.[33] Qara Yuluq Osman gözlənilmədən Bürhanəddinin düşərgəsinə hücum edib və onu qaçmağa məcbur edib. Lakin Bürhanəddin qaçmağa vaxt tapmamış əsir alındı.[34] Qara Yuluq Osman Sivası mühasirəyə alıb və Bürhanəddinin oğlundan şəhəri təslim etməsini tələb edib, imtina edildikdən sonra isə şairi edam edib.[35]
Bürhanəddinin əfv üçün etdiyi müraciətlərə və Kayserini ona təslim edəcəyinə dair vəd verməsinə baxmayaraq, o edam olundu. Cəsədi dörd yerə bölündü və hər bir hissə dirəyə bağlanaraq başı mizrağa taxılmış şəkildə şəhərin qarşısında nümayiş etdirildi.
Bürhanəddinin oğlu yardım üçün Bayazidə müraciət etdi və Bayazid böyük oğlunu 40 minlik bir ordu ilə göndərdi. Beləliklə, Bürhanəddin dövlətinin torpaqları Bayazidin nəzarətinə keçdi. Şiltberger yazır ki, “mən də bu yürüşdə iştirak etdim”.[7] Şiltbergerin və İbn Ərəbşahın bildirdiyinə görə, Bürhanəddin İslam təqvimi ilə Zülqədə ayında, yəni 1398-ci ilin iyul-avqust aylarında edam edilib.[12] Lakin mənbələrdə başqa tarixlər də qeyd olunur. F. K. Brun mənbələrdə Bürhanəddinin ölümü ilə bağlı məlumatları təhlil edərək, 1398-ci ilin doğru tarix olduğunu müəyyən edib.[36] Onun dəfn olunduğu yer haqqında mənbələrdə kifayət qədər məlumat olmasa da, hesab olunur ki, o, Sivasda Qazi Bürhanəddin Türbəsi adlanan yerdə dəfn edilib. Qəbir daşları Göy Mədrəsəsində saxlanılır.[13] İslam Ensiklopediyasına görə, hələ də qorunan Bürhanəddinin Sivasdakı məzarında ölüm tarixi göstərilməyib.[12]
Qazi Bürhanəddinin həyatı, fəaliyyəti, şəxsiyyəti və dövlət idarəçiliyi mövzusunda, eləcə də onun yaradıcılıq mirasının tədqiqi və nəşri istiqamətində müxtəlif tədqiqatlar aparılmışdır. Bununla belə, bu məsələyə toxunarkən mühüm bir nöqtəni vurğulamaq vacibdir. Qazi Bürhanəddin haqqında çoxlu orta əsr mənbələrində məlumatlar mövcuddur və bu mənbələrin sayı kifayət qədərdir. Xüsusilə onun öz tarixçisi olmuş və 1394-cü ildən etibarən onun yanında çalışan Əziz ibn Ərdəşir Astarabadinin “Bəzm və Rəzm” adlı əsəri diqqətəlayiqdir. İbn Ərdəşirin “Əcaib əl-Məqdur” adlı əsərində, eləcə də Anadolu Səlcuqları, bəyliklər, Teymur dövrü və Ağqoyunlularla bağlı mənbələrdə, habelə ərəb və Osmanlı tarixində onun barəsində dəyərli məlumatlar yer alır. Bununla belə, orta əsr mənbələri daha çox Qazi Bürhanəddinin siyasi, diplomatik və hərbi fəaliyyəti, yürüşləri, dövlətin quruluşu, digər dövlətlərlə və tayfalarla münasibətləri üzərində dayanmış, şairlik fəaliyyətini isə arxa planda tutmuşlar. Əslində, onun sənətkarlıq yönləri orta əsr müəllifləri üçün böyük əhəmiyyət kəsb etməmişdir. Bu, təbii olaraq, Qazi Bürhanəddinin dövlət xadimi və hökmdar kimi dəyərləndirilməsi ilə bağlıdır, çünki onun əsərləri ədəbiyyatşünaslıqdan çox, tarix sahəsi ilə əlaqəli hesab olunmuşdur. Təzkirəçi və tarixçilərdən Taşköprüzadə "Şəqaiqün-nümaniyyə", Xoca Sadəddin "Tacüt-təvarix", Katib Çələbi "Kəşfüzzünun" əsərində Qazi Bürhanəddindən ancaq şair kimi bəhs açırlar.[39]
Qazi Bürhanəddinin sənətkar kimi tədqiqi və yaradıcılığının araşdırılması əsasən son dövrlərə aiddir. Onun rus, Avropa və ingilisdilli oxucular arasında tanınmasına isə P. Melioranski, A. Krımski, H.Gibb, L.Levonyan, F. Qodsel və A. Bombaçinin əməyi böyük olmuşdur. P.Melioranski 1895-ci ildə "Vostoçnıye zametki" jurnalında "Qazi Bürhanəddin Sivaslının divanından parçalar" məqaləsində şairin 12 tuyuq və 20 rübaisini rus dilinə tərcümə edərək nəşr etdirmiş və onun haqqında qiymətli məlumatlar vermişdir.[40] Məşhur ingilis şərqşünas G.Hibb isə 1900-cü ildə "Osmanlı ədəbiyyatı tarixi" əsərində şairin həyatı və yaradıcılığı barədə ilk dəfə Avropa oxucularını məlumatlandırmışdır. Amerikada dil məktəbinin müdiri olan F. Qodsel də Azərbaycan şairi haqqında məqalə yazıb nəşr etdirmişdir. O, 1922-ci ildə nəşr olunmuş məqaləsində Qazi Bürhanəddinin tuyuğlarını təhlil edərək, sənətkarın bu janrdakı bacarığından bəhs etmişdir. Cənab Şəhabəddin bu əsərə yazdığı girişdə şairin həyatını, dövrünü və yaradıcılıq yolunu tədqiq etməyə çalışmış, yeni nəticələrə gəlmişdir.[41]
Türk əsəbiyyatşünaslığında Qazi Bürhanəddin yaradıcılığının tədiqiq XX əsrədn başlayır. Ş.Süleyman, M.F. Körpülü, Y.Kabaklı və N.S.Banarlı, Ə.Alpaslan, S.Nüzhət, M.Ergin kimi alimlər onun Türk ədəbiyyatı tarixində xüsusi yer tutduğunu vurğulamış, onu dünyəvi mövzularda yazan, optimist ruhlu hökmdar şair kimi xarakterizə etmişlər. M.F.Köprülü də "Dərgah məcmuəsi"ndə Qazi Bürhanəddin haqqında məqalə yazmış, onun dini mövzuda deyil, dünyəvi mövzularda qəzəllər yazmasını təqdir etmişdir. 1924-cü ildə “Divani-Füzuli”yə yazdığı ön sözdə isə Qazi Bürhanəddin şerinin dil-üslub və ideya-fikir xüsusiyyətlərini belə işıqlandırır: “Əsərlərində şəkli və lisanın ibtidailiyinə və rəqqasəliyinə rəğmən səmimi və çox canlı xüsusi bir ada var. Dünyanın faniliyini və aşiq ərləri nəzərində iki cahanın bir kasa hökmündə olduğunu, məşuqə və aşiqin vəhdətini tərənnüm etmək surəti ilə bir az İran mütəsəvvüflərinin təsirini göstərən bu şairin mənzumələrində hər günlük həyatdan alınmış səmimi milli məfhəmlər də vardır ki, o qaba sətirlər altında kendisinin cəngavər, cəsur ruhu görünür”.
Köprülünün fikrincə, şairin qəzəllərində sadə xalqın hiss və düşüncələri öz əksini tapmışdır. 1926-cı ildə çap edilən "Mənşəyindən onuncu hicrət əsrinə qədər türk ədəbiyyatı mənzumələri" əsərinin ön sözündə Qazi Bürhanəddin, dünyəvi və dürüst şeirlər yaradıcısı kimi təsvir edilir.
Türkiyəli alim Y.Yücel Qazi Bürhanəddin haqqında "Qazi Bürhanəddin Əhməd və dövləti" adlı fundamental əsər yazmışdır.[42] Bu əsər əsasən onun ictimai-siyasi və hərbi fəaliyyətinə, hökmdarlıq missiyasına diqqət yetirir, şairlik fəaliyyəti isə yalnız arada qeyd olunur. Müəllifin bu monoqrafiyası tarixi mənbələrə əsaslandığı üçün elmi baxımdan əhəmiyyətlidir. Türk alimi Vəsfi Mahir Qocatürk Qazi Bürhanəddini Nəsimi və Nəvai kimi ustad şairlərin ustadı kimi təqdim edir. Nəsiminin onun şeirlərinə nəzirə və cavablar yazdığını, onun şeirinin bədii gözəlliklərindən öyrəndiyini ədəbi nümunələr əsasında aydınlaşdırmağa çalışır. Qocatürk belə bir nəticə gəlir ki, Nəsiminin şeir dili Bürhanəddinin şeir dilinin təkamül etmiş versiyasıdır. Ədəbiyyatşünas Ə. Kabaklı Bürhanəddini "qəhrəmanlıq, eşq və təsəvvüfi atəşli bir tuhla ifadə edən sərdar şair" adlandırır və onun yaradıcılığının türk xalqlarının ədəbiyyatında milli poetik ənənələrin yeni bir təzahürü kimi təqdim edir.[43]
Azərbaycan ədəbiyyatında Qazi Bürhanəddinin bədii irsinin öyrənilməsi və təbliği sahəsində ilk addımları M.F.Köprülü atmış, sonralar isə İ.Hikmət bu işi davam etdirmişdir. M.F.Köprülü "Azəri ədəbiyyatına aid tədqiqlər" əsərində şairdən qısa bəhs etsə də, İ.Hikmət onun haqqında geniş oçerk yazmışdır. Bu oçerkdə Qazi Bürhanəddinin həyatı, yaradıcılığı, şeirlərinin mövzu və dil xüsusiyyətləri təhlil edilmişdir. Azərbaycan ədəbiyyatında tuyuğ janrının inkişafında onun əvəzsiz rolu xüsusi vurğulanmışdır.[44]
Şairin poetik əsərləri müxtəlif ölkələrdə fərqli topluslarda çap olunmuş, onun şeirlər kitabı da nəşr olunmuşdur. 1943-cü ildə İstanbulda Türk Dil Qurumunun nəşr etdirdiyi divanının faksimilesi çap olunmuşdur. 1980-ci ildə isə türk alimi M.Ərgin onun divanını tam şəkildə nəşr etdirmişdir. Bakıda isə şairin şeirlərindən seçmələr və divanı dəfələrlə çap olunmuşdur. Bu nəşrlərin tərtibçisi Ə.Səfərli olmuşdur.[42]
"Tərci üt-tövzih" əsəri. Bürhanəddin İslam hüququ ilə bağlı əsərlər və şeirlər yazmışdır. Qazi Bürhanəddinin ən məşhur əsəri ərəb dilində hüquq elminin əsasları haqqında şərhlər olan "Tərci üt-tövzih" ("İzahların təkrarı") adlı kitabı idi. “İksirüs-səadət fi əsraril-ibadət” əsəri ilə eyni ildə qələmə alınmış bu əsər, “Təlmih” adlı hüquq prinsiplərindən bəhs edən böyük bir əsər üçün “Tərcih” adı altında yazılmış şərh mahiyyətindədir. Bu şərh “Təlmih” üzrə yazılmış ilk əsərdir. Bu əsərin ən maraqlı tərəfi isə heç bir kitaba müraciət edilmədən, yalnız əqli mühakiməyə əsaslanaraq yazılması və bir hökmdar tərəfindən qələmə alınmış olmasıdır.[45]
Əsərin bir nüsxəsi Raqıb Paşa Kitabxanasında 831 nömrədə saxlanılır. Əsərin sonundakı qeyddən 800/1398-ci ildə tamamlandığı məlum olur. 217 vərəqdən ibarət olan əsərin adı kataloqda “Haşiyə alat-Təlvih əl-Müsəmma bit-Tərcih”dir. Eyni əsərin 169 vərəq, 19 sətirdən ibarət olan digər bir nüsxəsi də Millət Feyzullah Əfəndi Kitabları arasında 585 nömrədə “Haşiyə alat-Təlvih” adı ilə qeyd olunmuşdur.[46] Bu nüsxələrdən əlavə, Süleymaniyyə Əlyazma Əsərlər Kitabxanası, Carullah Əfəndi kolleksiyasında saxlanılan 19 sətir və 65 vərəqdən (sonu əskik) ibarət əlyazmasının iç qapağında müəllif adı Hamiduddin Sivasi olaraq yazılmış və kataloqa bu cür daxil edilmişdir. Mövcud iki nüsxə ilə müqayisə edildikdə, bu əsərin "Tərci üt-tövzih"in başqa bir yazması olduğu təsbit edilmişdir.[47]
“İksir əs-səadət fi əsrar əl-ibadət” əsəri. Bürhanəddin həmçinin ərəb dilində ("Səadət iksiri ibadət əsrarında") adlandırdığı sufi traktatını da qələmə almışdır.[20][48]1395-1396-cı illəri Sivasda keçirən Qazi Bürhanəddin, bu müddət ərzində davam edən yürüşlər səbəbilə toplanmış dövlət və xalq məsələləri ilə məşğul olmuş və qalan vaxtlarında isə bu əsərini tamamlamışdır. Əsər çap olunmamışdır. Əsərin müəyyən edilən yeganə ərəb dilində olan nüsxəsi Süleymaniyyə Kitabxanası Ayasofya bölməsində saxlanılır. Bu nüsxənin inventar nömrəsi 1658-dir.[49] 176 vərəqdən ibarət olan bu nüsxədə hər səhifədə doqquz sətir mövcuddur. Nəsx xətti ilə yazılmış mətn hərəkəlidir. Mətnin kənarlarında və yuxarı hissələrində bəzən əlavə izahlar və ya mətnin daha rahat anlaşılmasını təmin etmək üçün qrammatik qeydlər yerləşdirilmişdir. İlk vərəqdə əsərin adı və müəllifin adı – Qazi Bürhanəddin üçün “əl-İmam əl-alim əl-allamə əl-həbr əl-muhəqqiq Bürhanəddin əl-Hakim əs-Sivasi” ifadələri və dua cümlələri var. Bundan əlavə, bu vərəqdə olan qeydlərdən bu nüsxənin Osmanlı Sultanı Mahmud Xan tərəfindən vəqf edildiyi və Həraməyni Şərifeyn vəqfləri arasında olduğu məlum olur. Süleymaniyyə Kitabxanasının Şazəli Təkkəsi bölməsində isə əsərin Osmanlı türkcəsində şərhi əlyazma şəklində saxlanılır. Əsərin şərhi, inventar nömrəsi 52 olan əlyazma əsərin 53-94-cü vərəqlərindədir. Hər səhifədə 17 sətir mövcuddur.[49]
Bismillah, həmd və salavatdan sonra əsərin ilk hissəsində Qazi Bürhanəddin "övliyadan kəşf əhli olanların yolu ilə "ifadəsini qeyd edir və bu fəsli yazmağın ona ilham olunduğunu, bununla da əsərini qələmə alarkən "ülaməyi-rüsüm"un qaydalarına da zidd olmadığını ifadə etmişdir. Yalnız Allahın (c.c.) kitabı və peyğəmbərinin sünnətindən faydalandığını, kitabında əsas ilə boş məna arasındakı fərqi ayırdığını bildirmişdir.[50]
Kitabda üç müqəddimə mövcuddur. Birincisində "vücud"[51], ikincisində "icadın tərtibi", üçüncüsündə isə "icadın hikməti" mövzuları müzakirə edilmişdir.[52]
Qazi Bürhanəddin müqəddimələrdən sonra insanda yeddi sifətin olduğunu, insana vacib olan ibadətlərin ümumi olaraq yeddi olduğunu - iman, namaz, oruc, həcc, zəkat, cihad və qurban qeyd etmişdir. Müəllif bu ibadətlərin və həmçinin bayram kimi digər dini əlamətlərin ali məqsədlərinə izah gətirmiş, "zahirlərindəki hikmətlərinə gəldikdə" deyərək, əlavə olaraq ibadətlərin formalarını açıqlamağa çalışmışdır. Bu izahları verərkən, "Əsmai Hüsna" və onların təcəlliləri ilə əlaqə qurmağa çalışmışdır. [53][54]
Əsərin sonunda Qazi Bürhanəddinin ərəb dilində yazdığı üç nət vardır. Nüsxənin son səhifəsində isə يقيني باالله يقيني ifadəsi keçir.[55]
Divan. Onun şeirlərindən ibarət divan Osmanlı əlyazmaları arasında Britaniya Muzeyində saxlanılır. Bu əsərin yeganə mövcud nüsxəsi öz dövründə yazılmış, miniatürlərlə bəzədilmiş bir nüsxədir.[56] “Divan” 1393-cü ilə aid edilir və 20 mindən çox beyt ehtiva edir. Divan iki bərabər olmayan hissəyə bölünmüşdür: birinci hissədə 1500 qəzəl, ikinci hissədə isə 20 rübai və 119 tuyuq — qısa mistik şeirlər yer alır.[12][57][20][58] Gibbə görə, Bürhanəddin qərbi türklər arasında tuyuq adlı qədim şeir formasını istifadə edən yeganə şair idi. Tuyuq dörd misradan ibarət qısa bir şeir növüdür, bu şeir növündə birinci, ikinci və dördüncü misralar qafiyələnir (a-a-b-a).[59]
Qazi Bürhanəddin divanının məlum olan yeganə nüsxəsi, İstanbulda İngiltərə Böyükelçiliyində çalışan Thomas Fiott Hughesin kitabları arasında Londona aparılmış və hazırda British Muzeyində saxlanılmaqdadır (Or., nr. 4126). Qazi Bürhanəddinin xəttatlarından Xəlil ibn Əhməd tərəfindən 796-cı (1393-94) ildə köçürülən bu nüsxə hərəkəli olub, gözəl bir Səlcuq nəshi ilə yazılmışdır. Əsərin baş hissəsi təzhibli, səhifələri cədvəllidir. Divan qəzəllərdən (s. 1-581), rübailərdən (s. 582-585) və tuyuqlardan (s. 586-608) ibarət olub, 1300-dən çox qəzəl, iyirmi rübai və 115 tuyuğ ehtiva edir. Divan klassik tərtibdə düzülməmiş, şeirlər yəqin ki, yazılış sırasına görə tərtib olunmuşdur. Qazi Bürhanəddin şeirlərində təxəllüs işlətməmişdir. Divanla bağlı ilk tədqiqat 1895-ci ildə rus şərqşünası P. Melioranski tərəfindən aparılmış vəyuxarıda da qeyd etdiyimiz kimi bu tədqiqatda iyirmi rübai və on iki tuyuğ rus dilinə tərcümə edilərək nəşr olunmuşdur. F. F. Godsell də dörd qəzəl, rübailərin və tuyuğların hamısını Cenab Şahabəddinin "Qazi Bürhanəddin: Həyatı və Sənəti" başlıqlı məqaləsi ilə birgə nəşr etmişdir. Divanın faksimile nəşrini Türk Dil Qurumunun dəstəyi ilə, elmi nəşrini isə Məhərrəm Ergin (İstanbul 1980) həyata keçirmişdir. Əli Alparslanın Qazi Bürhanəddin Divanından Seçmələr adlı əsəri şair haqqında geniş bir araşdırma, izahları ilə birgə 100 qəzəl, yeddi rübai və on səkkiz tuyuğu ehtiva edir.[60]
"Divan" Azərbaycan alimi, professor Əlyar Səfərli tərəfindən 1988-ci ildə Bakıda nəşrə hazırlanmış və kitab şəklində işıq üzü görmüşdür. Sonrakı illərdə də təkrar nəşr edilnə kitaba Ə. Səfərli şairin qısa tərcümeyi-halını da kitaba daxil etmişdir.[61]
Bürhanəddinin divanı sonrakı dövrlərin digər şeir məcmuələrindən fərqli xüsusiyyətlərə malikdir. Sonrakı dövrlərdə divanlarda qəzəllərə ad vermək qəbul olunmurdu və onlar qafiyənin son hərfinə görə əlifba sırası ilə düzülürdü. Həmçinin, qəzəllərin son beyitində müəllifin təxəllüsünün qeyd olunması da adət idi. Lakin Bürhanəddinin divanındakı qəzəllər əlifba sırası ilə düzülməmişdir, onun təxəllüsü yox idi və o, öz adını şeirlərində qeyd etməmişdir.[62] Onun şeirlərinin prosodiyası (ritmikası) metrik cəhətdən fərqlənməkdə idi. Bu isə daha sonrakı dövrlərdə qeyri-mümkün bir şey idi. Tematik və ritmik baxımdan onun qəzəlləri, türkcə yazılmış olsa da, fars lirik poeziyasının ənənələrinin təsirini də daşımaqda idi.[12]
Qazi Bürhanədinin şeirləri özünəməxsus lirika içində aşıqanə olmağı ilə seçilməkdədir. O, duyğu mərkəzli şeirləri ilə Füzulini, rənq və səmimiyyətlə Osmanlı şairlərindən Bakini xatırlatmaqdadır. Onun şeirlərinin ümumi cəhətlərindən biri vəsf edilən qızın saç, qaş, kiprik, göz, ağız kimi gözəllik ünsürlərinə xüsusi vurğu edilməsindədir. Demək olar ki hər şeirinə bu ünsürlarla başlayan Bürhanəddinin ədəbi tərzlər içərisində təşbeh və cinasa xüsusi diqqət ayrılmaqdadır. Eyni zamanda onun şeirlərində mübarizələrdə keçən həyatının da əksi hiss edilməkdədir. Bu tipdə olan şeirlərində onun döyüşçü, cəsur xüsusiyyətləri önə çıxmaqdadır. Törən tərəfindən onnu bu cəhətinin "Sufilərin diləyi mehrab olmaz. Ər kişinin arzusu meydan olur" misrasında da əks etdirildiyini yazmaqdadır.
Qəzəl mövzusunda təsəvvüf anlayışını işləyən Qazi Bürhanəddinin qeyb, şühud, cəzbə, təcəlli, cəm kimi təsəvvüf terminlərindən yerində və doğru istifadə etdiyi, sevgiliyə aid gözəllik elementlərini təsəvvüfi baxımdan qiymətləndirdiyi müşahidə olunur. Şair, İslamdan əvvəlki türk poeziya növlərindən biri olan tuyuğun Anadoluda yayılmasında bir körpü rolunu oynamış, köhnə tuyuğ tərzinə hakim olan hikmət anlayışını təsəvvüf ənənəsi ilə birləşdirərək davam etdirmişdir.[63]
Qazi Bürhanəddin sufi olmamaqla yanaşı, təsəvvüfə yad da deyildi. Məlumata görə, o, şəxsən Muhyiddin İbnü'l-Ərabi tərəfindən yazılmış Füsusu'l-Hikəm nüsxəsini oxuduqdan sonra zahiri və batini gözünün açılıb ilahi nuru gördüyü, həmçinin təsəvvüf haqqında digər kitablar oxuyaraq bu sahədəki biliklərini genişləndirdiyi və sufilərə böyük hörmət göstərdiyi qeyd olunur.[63] Əli Nihad tərlan onun bu motivli dörd qəzəlini incələmişdir.[64][65][66][67] Törən onun Ənvəri, Hafiz-i Şirazi, Ömər Xəyyam kimi iranlı şairlərdən təsirləndiyi bəlli olsa da, Törən onun əruzdan o qədər də yaxşı istifadə edə bilmədiyini qeyd edir. O, buna səbəb kimi o dövr türk şairlərin hamısında bu problemin olması ilə birlikdə, Bürhanəddinin həm də dövlət rəhbəri olduğunun və vaxtı olduğu zaman şeir yazmasını səbəb kimi irəli sürür.
Ləbi-ləlüni sənün can dedilər gerçəkmi?
Xəti-nəsxüni ki, reyhan dedilər, gerçəkmi?
Ləbün andum idi, toldı ağızum şəkkərlə,
Kimə dedüm isə yalan dedilər, gərçəkmi?Tutağun şəkkərinün rəngini qızıl gördüm,
Çünki sordum anı, qandan dedilər, gərçəkmi?[68]
Gözüni qüdrəti-Allaha taldurursan sən,
Səvaba dönə əlündən gəlürsə zəllə bu gün.Kəlal bulma, nigara, bənüm inildümdən,
Bəharü eşq ilə qızmışdurur kəllə bu gün.[69]
Keçdi keçən var isə, dövran budur,
Şimdi qopan canlara cəvlan budur.
Kimdə ki, var isə gəlsün ortaya,
Gizləmək pəs nə içün, meydan budur.
- - - -
Eşq əri bu dünyadə dilriş imiş,
Rəncün içində bu gün dərviş imiş.
Geyməkü yeməkdən artux istəmək,
Ər kişinün canına təşviş imiş.[70]
Qaynaqlar Qazi Bürhanəddinin əsərlərinin dili barədə müxtəlif şeylər yazmaqdadırlar. Bədrəddin Ayni (1360-1451) yazır ki, Bürhanəddinin əsərləri ərəbcə, türkcə və farsca yazılmışdır.[71] Krımski də eyni dilləri qeyd etməkdədir.[58] Xədicə Tören İslam Ensiklopediyası üçün yazdığı məqaləsində onun ərəb, fars və türkcə şeirlər yazdığını qeyd etməkdədir.[63] Klod Kahen isə məsələyə daha fərqli yanaşmaqdadır.[72]
Bütün qaynaqlarda demək olar ki, fars və ərəb dillərində əsər yazdığı təkrar edilsə də, rusca qaynaqlarda məsələ müəyyən qədər fərqlənməkdədir. Əsas məsələ Bürhanəddinin hansı türkcədə əsər yazmağı barədədir. Müxtəsər Ədəbiyyat Ensiklopediyası və Böyük Rusiya Ensiklopediyasında onun əsərlərinin, xüsusən divanının hansı türkcədə olması ilə bağlı ziddiyyətlər vardır.[73] Bürhanəddinin əsərləri ilə bağlı ilk araşdırmalar aparan şəxslərdən biri olan, bu məsələ ilə bağlı müxtəlif məqalələr və kitablar yazan türkiyəli tarixçi Fuad Köprülü bildirir ki, onun divanın bütün xüsusiyyətləri Azərbaycan türkcəsinə uyğun gəlməkdədir. Azərbaycan əsilli türkiyəli türkoloq Əhməd Cəfəroğlu İslam Ensiklopediyasında Azərbaycan dili ilə bağlı maddəsində qeyd edir ki, Bürhanəddin və Nəsiminin əsərləri bu dildə ədəbiyyatın inkişafında önəmli rol oynamışdır.[74] Müxtəsər Ədəbiyyat Ensiklopediyasında Qazi Bürhanəddin ilə bağlı maddəni yazan azərbaycanlı Çingiz Hüseynov qeyd edir ki, Bürhanəddin Azərbaycan və Türkiyə türkcələrində, eləcə də fars dilində əsərlər yazmışdır.[57][75] Türkoloq Beller-Hannın bildirdiyən görə, Bürhanəddinin əsərləri Orta azərbaycanca və ya Əcəm Türkcəsinin ilkin formalaşma mərhələlərindən birini təmsil etməkdədir.[76]
Səfərli yayımladığı Bürhanəddin divanında onun əsərlərinin dilinin Azərbaycan türkcəsi olduğunu qeyd etməklə bu dildəki ədəbiyyatın özülünü qoyanlardan birinin də Bürhanəddin olduğunu bildirir.[77]
XIV əsrdə türk dilinin iki ləhcəsi zonası mövcud idi: Konyanın, Əskişəhərin, Kırşəhərin, Sivrihisarın, Bolunun, Kütahyanın, Aydının daxil olduğu qərb zonası və Kastamonunun, Çankırının, Sinopun, Ərzurumun, Kayserinin, Ərzincanın, Sivasın daxil olduğu şərq zonası.[78][79] Buna uyğun olaraq da bəzi özəlliklər etibarilə bu ləhcələr gələcəkdə müvafiq olaraq Azərbaycan və Osmanlı türkcələrinin əsasını formalaşdırdılar.[78]
Dilçi olan və Bürhanəddinin divanını nəşr etdirən Məhərrəm Erginin verdiyi məlumata görə hələ bu əsrdə Azərbaycan və Osmanlı ləhcələri ayrı-ayrılıqda formalaşmamışdılar. Müəllifə görə hələ bunun üçün bir neçə əsrin keçməsi lazım olacaqdı. O, eyni zamanda Bürhanəddinin divanının dilinin Azərbaycan ləhcəsinin müəyyən xüsusiyyətləri daşıdığını da qeyd etməkdədir.[80][81]
Türk tarixçi olan və Azərbaycan türkcəsində yazılan ədəbiyyatla bağlı ilk akademik araşdırmalardan birinin müəllifi olan Ertaylan isə yazır ki, Bürhanəddinin ən mühüm əsəri olan Divanı Azərbaycan türkcəsində yazılmışdır.[82] Köprülü özünün "Türk Ədəbiyyati Tarixi" adlı əsərində Qazi Bürhanəddini əsərlərində Azərbaycan ləhcəsinin ciddi şəkildə hiss edildiyini yazmışdır.[82] Törenə görə isə, Bürhanəddinin əsərlərinin dili Qədim Anadolu türkcəsi dilindədir.[63] Halbuki eyni zamanda Törən Türk İslam Ensiklopediyasında Qazi Bürhanəddinin yaradıcılığına dair məqaləsində Bürhanəddinin şeir dilinin Köhnə Anadolu dilinin Azərbaycan bölgəsinə aid olduğunu qeyd edir.[80] Banarlı da bənzər fikirləri paylaşmaqdadır.[83] Tarixçi İsmayıl Uzunçarşılının bildirdiyən görə isə, onun əsərlərinin dili Azərbaycan ləhcəsidir.[84] İslam Ensiklopediyasında Bürhanəddinlə bağlı məqalənin müəllifi C. Rıpka onun adını “Azərbaycan ləhcəsi”ndən istifadə edən şairlər sırasında çəkib.[12]
Qazi Bürhanəddin poeziyasının ilk tədqiqatçısı Gibb belə yazırdı:[71]
Onun qəzəlləri və rübailəri saf, lakin kifayət qədər özünəməxsus qərbi-türk dialektində yazılmışdır. Lakin tuyüqlər şərqi-türk sözləri və qrammatik formalarla zəngindir, hansılardan ki, o başqa yerlərdə istifadə etməmişdir.
Türk dilçisi H. Develi də Qazi Bürhanəddinin Divanında köhnə Anadolu türkcəsinin hər iki dialektində yazılmış əsərlər olduğunu təsdiqləyirdi. Bu halda qərb dialekti şairin ana dili idi, şərq dialektini isə o, Qahirədə yaşadığı dövrdə öyrənmişdi. Qahirədə rəsmi və ədəbi dil məmlük-qıpçaq dili idi. H. Develinin sözlərinə görə, bu dili "ümumilikdə şərqi-türk dili" kimi adlandırmaq olar. Şərq dialektinə uyğun dil xüsusiyyətləri əsasən tuyüqlərdə rast gəlinir, burada "şərqi-türk elementləri qərbi-türk elementləri ilə yanaşı görünür". H. Develinin fikrincə, "o, bəzən bu dialektin musiqiliyindən üslubunu zənginləşdirmək üçün istifadə etmək istəyirdi, lakin bu dialektə kifayət qədər hakim deyildi".[82] H. Develi hesab edir ki, Azərbaycan dilinin inkişaf tarixini düzgün şəkildə öyrənmək üçün Nasimi və Füzuli mətnlərinə müraciət etmək daha məqsədəuyğundur, Qazi Bürhanəddinin mətnlərinə deyil.[82]
Bəzi müəlliflər Bürhanəddin dövründə "kiçik Asiya türklərinin" vahid bir dili olduğunu və köhnə Anadolu türkcəsinin dialektləri arasında aydın sərhədlərin olmadığını iddia ediblər. Türkolog akademik A. N. Kononov hesab edirdi ki, Bürhanəddin yalnız "Azərbaycan dili ilə əlaqə " türkcə yazsa da, "Bürhanəddin Sivasinin Divanının dilində Azərbaycan dilinə xas olan xüsusiyyətləri görmək mümkün deyil, çünki o dövrdə qərbi oğuz və Azərbaycan dialektləri arasında aydın sərhəd çəkmək mümkün deyildi".[85] Türkoloq V. G. Guzev Osmanlı dili haqqında monoqrafiyasında da qeyd edib ki, həmin dövrdə Anadoluda məskunlaşan türk tayfalarının dili vahid idi:
XIV və XV əsrlərdə kiçik Asiya türklərinin dilində əsərlərin sayı kəskin şəkildə artır. Onlara Bürhanəddin Sivasinin Divanı daxildir.
Daha sonra V. G. Guzev izah edir ki, "kiçik Asiya türklərinin" dili olaraq adlandırılan "qədim osmanlı" termini şərti xarakter daşıyır və həmin dil daha dəqiq şəkildə "qədim Anadolu türk dili" adlanır.[78] Qədim Osmanlı dili iki dialekt zonasına malik idi: qərb və şərq. Guzevə görə, bu dövrdə ayrı-ayrı dillər yox idi, yalnız müəyyən dərəcədə türk və Azərbaycan dilinin xüsusiyyətlərini daşıyan dialektlər var idi və "şərqdə yaradılan abidələrin dili onu Azərbaycan dili ilə yaxınlaşdıran xüsusiyyətlərə malikdir".[78] "Sovet Türkologiyası" jurnalının və "Türk dillərinin müqayisəli-tarixi qrammatikası" nəşrinin baş redaktoru E. R. Tenişev Bürhanəddini "səlcuq (qədim Anadolu türkcəsi, qədim Osmanlı) yazılı-ədəbi dilində" yazan şairlərə aid etmişdir.[86] Türkiyəli alim Nuri Yücə Osmanlı-türk dili haqqında məqaləsində Bürhanəddinin qədim Osmanlı (qədim Anadolu) dilində yazdığını iddia etmişdir.[87]
Qazi Bürhanəddini həm müasirləri, həm də sonrakı dövrlərin tarixçiləri yüksək qiymətləndiriblər. İbn Ərəbşah onun haqqında yazırdı:[34]
Bu gənc çox istedadlı idi, elmi öyrənmək yolunda hətta yuxudan imtina etmişdi və qısa müddətdə bir sıra elmləri dərindən öyrənmişdi...O, alim, qabiliyyətli, nəcib və kamilliyə can atan bir şəxs idi, dəqiq və incə ifadələri və sözləri ilə seçilirdi. Çox güclü nüfuzuna baxmayaraq, xalqla yaxın idi və onlarla mehriban davranırdı. O, çox savadlı, şair, həssas, düşüncəli, xoş, iradəli, cəsur və igid bir insan idi. O, axirət aləminin xeyir və hikmətini özündə cəmləşdirmiş və heç nədən qorxmayaraq, onları minlərlə şəxsə paylamışdı. Alimləri sevirdi, onlarla məclislər keçirirdi, xalqla yaxın idi, onların qayğısına qalırdı.
Tarixçi Stavrides onu "XIV əsr Anadolusunun ən görkəmli şəxsiyyətlərindən biri" adlandırıb.[88] Qazi Bürhanəddin naiblikdən əlavə olaraq on yeddi il hakimiyyətdə olmuşdur. Mənbələr onu yaxşı bir əsgər, cəsur hökmdar, alimlərin himayədarı kimi təqdim edirlər. O, yürüşlərdən sonra iqtisadi həyatın canlanması üçün zəruri tədbirlər görür, yeni rüsumlar tətbiq etməyə çalışmır, yolların təhlükəsizliyi üçün qayğı göstərirdi. "Cəsarət və şücaət onun təbiətinə xas idi", — İbn Həcər belə yazırdı.[13] Lakin onun mənfi xüsusiyyətləri də vardı. Gibb onun xarakterini "iddialı və təcavüzkar" adlandırıb.[20]
Daşköprüzadə və Saadəddin Bürhanəddinin "Tərcih" əsərini dövrlərinin "üləma"ları arasında yüksək qiymətləndirilən bir əsər kimi xarakterizə etmişlər. Bürhanəddin şeirləri günümüzə qədər qorunub saxlanılan və dəqiq şəkildə ona aid edilə bilən Şərqi Türkiyənin ilk şairi olmuşdur. Bürhanəddinin Divanı bu cür əsərlər arasında ən qədimidir. Qazi Bürhanəddin türk poeziyasının inkişafına əhəmiyyətli töhfələr vermiş bir şair olaraq qəbul edilir[63] və XIV əsr türk dilli ədəbiyyatının ən parlaq nümayəndələrindən biri hesab olunur.[89] Qazi Bürhanəddin Azərbaycanın mədəniyyət tarixində də önəmli yer tutur və Nəsimi ilə yanaşı Azərbaycan ədəbiyyatının inkişafında mühüm rol oynamış şəxs kimi qəbul edilir.[74] Nəsimi ilə yanaşı Buürhanəddin də Azərbaycan əruzunun banilərindən biri hesab olunur.[90] Bürhanəddinin Divanı cənub-qərb qrupu türk dillərinin, xüsusən də Azərbaycan dilinin tarixi aspektdə leksikası, qrammatikası və dialektologiyasının tədqiqi üçün böyük əhəmiyyətə malikdir. Divanın leksikasında müasir Azərbaycan dilinin leksikası ilə əhəmiyyətli fərqlər yoxdur, lakin bu leksik tərkib digər türkdilli şairlərin divanlarının leksik tərkibindən əhəmiyyətli dərəcədə fərqlənir.[89]
Bədrəddin əl-Ayninin sözlərinə görə, Bürhanəddin "gözəl" şeirlər yazmışdır.[12] Daşköprüzadə görünür ki, İbn Həcərə istinad edərək deymişdir ki, "Mövlana Bürhanəddin şeir yazmaqda ustad idi".[20] Gibb onu "diqqətəlayiq bir insan" adlandıraraq, "əgər birinci deyildisə belə, qərbi Türkiyənin ilk lirik şairləri arasında idi" deyə qeyd etmişdir.[20]
Bəzi fikirlərə görə, Qazi Bürhanəddin görkəmli bir şair olmasına baxmayaraq, kifayət qədər tanınmamış və nə Azərbaycan, nə də Osmanlı poeziyasına təsir göstərməmişdir.[12][20] Yozef fon Hammer-Purqştal hətta ondan əsərində ümumiyyətlə bəhs etmir.[20] Hərçənd tarixçilər (Daşköprüzadə, Xoca Səadəddin, Katib Çələbi) Qazi Bürhanəddinin tanınmış bir şair olduğunu yazmışdılar, lakin Osmanlı şairləri heç vaxt onu xatırlamamışlar,[63] çünki o, Osmanlı imperiyasının hüdudlarından kənarda yaşamış və Osmanlı mənbələrində ona çox yer ayrılmamışdır.[63] Sonradan Bürhanəddinin divanını ilk tədqiq edən və bəzi şeirlərini dərc edən P. Melioranski olmuşdur ("Əhməd Bürhanəddin Sivasinin divanından parçalar", 1885), ondan sonra isə E. Gibb ("Osmanlı poeziyasının tarixi", 1909) gəlmişdir.[91]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.