mənimsəmə təsərrüfatından istehsal təsərrüfatına keçid From Wikipedia, the free encyclopedia
Neolit inqilabı və ya neolitləşmə — insan icmalarının əsası ibtidai ovçuluq və yığıcılıq olan mənimsəmə təsərrüfatından əkinçilik və heyvandarlığa əsaslanan istehsal təsərrüfatına keçidi.[1] Arxeologiyaya görə heyvanların və bitkilərin əhilləşdirilməsi müxtəlif dövrlərdə 7-8 bölgədə müstəqil şəkildə baş vermişdir.[2] Neolit inqilabın baş verdiyi ən erkən mərkəz kimi Yaxın Şərq hesab edilir. Burada əhilləşdirmənin 10 min il əvvəl başlaması təxmin edilir.[3]
"Neolit inqilabı" anlayışı elmə ilk dəfə 1923-cü ildə marksist-arxeoloq Qordon Çayld tərəfindən gətirilmişdir.[4] Onun yazdığına görə neolit dövrünün xarakterik xüsusiyyəti təkcə istehsalçı təsərrüfat növünə keçməkdən ibarət olmayıb. Əvvəlki Mezolit dövründə hakim olan kiçik ovçu və yığıcı qruplar sahələrinə yaxın şəhər və qəsəbələrdə məskunlaşdı, əkinçilik (suvarma daxil olmaqla) və yığılmış məhsulun xüsusi olaraq tikilmiş bina və tikililərdə saxlanılması yolu ilə ətraf mühiti kökündən dəyişdirdi.
Əmək məhsuldarlığının artması əhalinin çoxalmasına ərazini qorumaq üçün nisbətən geniş silahlı dəstələrin yaradılmasına, əmək bölgüsünə, əmtəə mübadiləsinin canlanmasına, mülkiyyət hüquqlarının yaranmasına, mərkəzləşdirilmiş idarəetmənin, siyasi strukturların, ideologiyanın və yeni nəsil nəsillərə ötürməyə imkan verən şifahi, həm də yazılı şəkildə bilik sistemlərinin yaranmasına səbəb oldu. Yazının meydana çıxması tarixindən əvvəlki dövr bitir. Bu isə ümumiyyətlə daş dövrünün sonuncusu olan Neolit dövrünə təsadüf edir. Ancaq Neolit inqilabı insanın təbiətlə harmoniyada bir yerdə yaşamasının məhvi kimi də izah edilə bilər. Bundan sonra insan sivilizasiyanın ortaya çıxmasına və texnoloji tərəqqiyə səbəb olan ətraf mühitin ehtiyaclarına uyğunlaşdıraraq özünü təbiətə qarşı qoyur.
Marksist tarixşünaslıqda (akademik Q.B.Polyak, professor A.N.Markova) Neolit inqilabını mənimsəmə iqtisadiyyatından istehsal iqtisadiyyatına keçid kimi yozulur. Neolit dövrünün texnoloji xüsusiyyətlərinin məhsuldar iqtisadiyyatın yaranmasına nisbəti və bu hadisələrin müxtəlif mədəniyyətlərdə ardıcıllığı müzakirə mövzusu olaraq qalır. Göründüyü kimi o, fərqlənir və yalnız insan cəmiyyətinin inkişafının bəzi universal qanunlarının fəaliyyətinin nəticəsi deyildir.[5][6]
Bəzən Neolit inqilabı adlandırılan bu ictimai hadisə mərkəzləşdirilmiş idarəetmə və siyasi strukturlar, irearxik ideologiyalar, fərdiləşdirilmiş bilik sistemləri (məsələn, yazı), sıx məskunlaşma yerləri, ixtisaslaşma və əmək bölgüsü, daha çox ticarət, incəsənət və memarlığın inkişafı mülkiyyətə sahib olmanın istəyi üçün zəmin yaratmışdı. Məlum olan ən erkən sivilizasiya Cənubi Mesopotamiyada Şumerdə yaranmışdır (təqribən e.ə. 6500 min il); Bu mədəniyyətin də ortaya çıxması da Tunc dövrünün başlanğıcından xəbər verirdi.[7]
Yuxarıda göstərilən Neolitin xüsusiyyətləri əkinçiliyin başlanğıcı ilə əlaqəsi, ortaya çıxma ardıcıllığı, sosial təkamülün universal qanunları və müxtəlif ərazilərdə bir-birləri ilə qarşılıqlı əlaqəsi akademik mübahisələrin mövzusu olaraq qalır.[8][9] Neolit inqilabın ilk baş verdiyi ərazinin təxminən eramızdan əvvəl 10.000-dən sonra, Yaxın Şərqin daha geniş məhsuldar ərazilərinə malik Bərəkətli Hilal torpaqlarında baş verdiyi ehtimal edilir.[10]
Neolit dövrü. E.ə. VIII minillikdə ibtidai cəmiyyətin tarixində Yeni Daş dövrü — Neolit dövrü başlanmışdı. Bu dövrdə əhali oturaq həyata keçmişdi. İnsanlar başlıca olaraq əkinçilik və maldarlıqla məşğul olurdular. Bunlarla yanaşı, ovçuluq və balıqçılıq da əsas məşğuliyyət idi. Onlar dulusçuluqla məşğul olur, saxsı qablar hazırlayırdılar. İnsanlar daş alətləri cilalamağı və deşməyi öyrənmişdilər. Toxuculuqda sümükdən hazırlanmış bizlərdən istifadə edirdilər. Bu dəyişikliklər icma xarici əlaqələrin də inkişafına səbəb olurdu. Ticarət əlaqələrinin inkişafı icmaların kənar icmalarla müntəzəm təmasını təmin edirdi.[11] Yuxarıda göstərilənlər sonda "Neolit inqilabı"nın baş verməsinə gətirib çıxarmışdı. Arxeologiyaya görə heyvanların əhliləşdirilməsi və bitkilərin əkilməsi müxtəlif dövrlərdə 7-8 bölgədə müstəqil şəkildə baş vermişdir. Neolit inqilabın ən erkən mərkəzi, əhliləşdirməsi ən az 10 min il əvvəl başladığı Orta Şərqdir. Dünya Sisteminin mərkəzi bölgələrində ovçuluq,yığıcılıqla məşğul olan cəmiyyətlərinin əkinçilik cəmiyyətlərinə çevrilməsi və ya dəyişdirilməsi eramızdan əvvəl X-III minilliyə qədər uzanan bir dövrdür,əksər periferik bölgələrdə istehsal iqtisadiyyatına keçid çox sonra başa çatdı.[12]
Ümumilikdə kənd təsərrüfatının mənşəyi haqqında bir-birinə zidd olan (lakin bir-birini istisna etməyən) nəzəriyyələr mövcuddur. Ən çox yayılmış aşağıdakılardır.
Yabanı taxıl ən az 105.000 il əvvəl toplanmış və yeyilmişdir. Lakin əhliləşdirmə çox sonra baş vermədi. Eramızdan əvvəl IX minillikdən ildən başlayaraq, neolit dövrünün səkkiz səpin məhsulu - emmer buğda, təkdənli buğda, adi arpa, əkin noxudu, mərcimək, kürüşnə, qoyunnoxudu və adi zəyrək - Levantda becərilirdi.[21] Əkin çovdarı daha əvvəl becərilmiş ola bilər, lakin bu mübahisəli olaraq qalır.[22] Düyü 6200 il bundan əvvəl Çində mədəni bitkiyə, 5700 il bundan öncə erkən əkinçilikdə, maş lobya, soya və fasol lobya mədəni bitki halına gətirilib. Donuzlar Mesopotamiyada e.ə.XI minillikdə, təqribən e.ə.XI-IX minilliklər arasında qoyunlar əhliləşdirildi. 8500-cü il bundan əvvəl ibtidai öküz müasir Türkiyə və Pakistan ərazilərində əhliləşdirilmişdi. Şəkər qamışı və bəzi kök tərəvəzləri Yeni Qvineyada eramızdan əvvəl VII minillikdə yabanı bitkidən mədəni bitki halına gətirilmişdi. Sorqo, e.ə.III minillikdə Afrikanın Sahel bölgəsində əkilmişdi. Cənubi Amerikanın And dağlarında kartof, e.ə. VIII-V minilliklər arasında əkilməyə başlamış, onunla birlikdə yabanı lobyada mədəni lobya halına gətirilmiş, koka, lama, alpaka və dəniz donuzları əhliləşdirilmişdi. Banan, eyni dövrdə Papua-Yeni Qvineyada becərildi və hibrid edildi. Mesoamerika xronologiyasına görə, qarğıdalı e.ə. IV minillikdə becərilməyə başlandı. Pambıq 3600 il bundan əvvəl Peruda əkilməyə başlandı. Dəvələr gec, e.ə.III minillikdə əhliləşdirildi.
Tunc dövrü 3300 il bundan əvvəl, Mesopotamiya, Şumer, Qədim Misir, Hindistan yarımadasının Hind vadisi mədəniyyəti, qədim Çin və qədim Yunanistan kimi mədəniyyətlərdə əkinçiliyin intensivləşməsinə şahid oldu. Şumer cütçüləri, təqribən e.ə. VIII minillikdən bəri kəndlərdə yaşayır, arpa və buğda dənli bitkiləri yetişdirirdilər. Bölgənin az yağışlı olduğunu nəzərə alaraq, əkinçilikdə Dəclə və Fərat çaylarına bel bağlayırdılar. Çaylardan çəkilən suvarma kanalları, şəhərlərə dəstək olmaq üçün kifayət qədər böyük miqdarda dənli bitkilərin böyüməsinə imkan verirdi. İlk kotanlar e.ə. III minillikdə Uruk piktoqraflarında görünür; Toxumu şumlanmış boruya atan toxum əkinləri eramızdan əvvəl 2300-cü ildə möhürlərdə görünür. E.ə. 2300-cü ilə aid möhürlərdə, əkinçilikdə kotandan istrifadə öz əksini tapmışdır. Tərəvəz bitkilərinə qoyunnoxudu, mərcimək, əkin noxudu, paxla, soğan, sarımsaq, kahı, kəvər daxil idi. Xurma, üzüm, alma, qovun və əncir də daxil olmaqla meyvələr yetişdirirdilər. Əkinçiliklə yanaşı, şumerlər həm də balıq tuturdular, quş və ceyran ovlayırdılar. Qoyun, keçi, inək və quş ətinin ətini əsasən elit təbəqədən olan insanlar yeyirdi. Balıq qurudularaq, duzlanaraq saxlanılırdı.[23][24]
Qədim Misir mədəniyyəti Nil çayı və çaydakı mövsümi daşqınlar sayəsində inkişaf edirdi. Çay daşqınlarının proqnozlaşdırılması və münbit torpaq misirlilərə böyük əkinçilik sərvəti əsasında bir imperiya qurmağa imkan verdi. Misirlilər Paleolit dövrünün sonundan Neolitə qədər sülalələrdən əvvəlki dövrdə, təxminən eramızdan əvvəl X-IV minilliklər arasında, əkinçiliyi geniş miqyasda tətbiq edən ilk xalqlar arasında idi.[25] Bu,suvarma sisteminin inkişafı ilə mümkün olmuşdur.[26] Zəyrək və papirus kimi texniki bitkilərlə yanaşı, əsas qida bitkiləri buğda və arpa kimi dənli bitkilər əkilirdi.[25]
Əsl innab, e.ə. IX minillikdə Hindistan yarımadasında əkilməyə başlanmışdır.[27] Adi arpa və buğda becərilməsi - iribuynuzlu heyvanların, ilk növbədə qoyunların və keçilərin əhliləşdirilməsi ilə yanaşı, e.ə. VIII-VI minilliklərə aid Mehrqarx mədəniyyətində izlənildi.[28][29][30] Bu dövrdə fil də əhliləşdirildi.[27] Pambıq e.ə. V-IV minilliklərdə becərilmişdir.[31] E.ə. V minillikdə Kəşmirdə əkinçilik icmaları geniş yayılmışdı.[32] Suvarma Hind vadisi mədəniyyətində 4500 il bundan əvvəl inkişaf etmişdir. Bu yenilik nəticəsində,drenaj və kanalizasiya kanallarından istifadə olunan daha yaxşı planlaşdırılmış yaşayış məntəqələrinin yaranmasına səbəb olan Hind vadisi mədəniyyəti daha da böyüdü.[32]Arxeoloji qazıntılar nəticəsində 2500 il bundan əvvələ aid kotan tapılmışdır.[33]
Əkinçilik dövründən əvvəl insanlar daha fərqli qida rasionuna malik idilər. Belə ki, onlar heyvandarlıqdan daha çox əmək tələb edən ovçuluq və yığıcılıq ilə məşğul olurdular. Bir çox ibtidai əkinçiliklə məğşul olanların vəhşi heyvanları ovlamağa davam etdiyini və ovçuluğun bu sahədə xüsusi bacarıqlara (əmək bölgüsü) sahib olan ovçuların məşğul olmasını qeyd etmək lazımdır. Bundan əlavə, minik kimi heyvanların istifadəsindən əvvəl və xüsusən də Afrika xaricində megafaunanın kütləvi şəkildə tükənməsindən sonra da çox təsirli deyildi. Beləliklə, piya edilən ovçuluqdan daha effektiv olan atla hərəkətə keçid, Şimali Amerika hindularına XVIII-XIX əsrin əvvəllərində saylarını kəskin şəkildə artırmağa və Şimali Amerikanın geniş ərazilərini çox sürətlə məskunlaşmasına imkan verdi (bu da gələn avropalı köçkünlərlə qarşıdurmalarına səbəb oldu).
Ovçular və yığıcılar zehni və fiziki qabiliyyətlərini ov prosesi strategiyasına uyğun olaraq istifadə edirdilər. İbtidai icma quruluşunun ilkin dövrlərində bir insanın ovladığı ov ilə nisbətən kiçik insan icmalarının bütün ehtiyacları təmin edə bilərdi. Eyni zamanda, ovçular və yığıcılar şimpanzelərə bənzər davranışlara sahib idilər. Şimpanzelər kollektiv qruplarla kiçik primatları ovlamaq bacarığına malikdirlər.[34]
Lakin ovçuluq və yığıcılıq getdikcə sıradan çıxırdı. Çünki təbiətdən hazır qida almaq getdikcə çətinləşirdi. Əhali sayı artımı və havaların tez-tez dəyişməsi də ovçuluq və yığıcılığa təsir edən amillərdən idi. Həmçinin qonşuların aqressiv hərəkətləri də bu və ya digər şəkildə qida əldə edilməsinə təsir göstərirdi. Qida əldə etmək istəyi xarici təcavüz üçün şərait yaradırdı. Ovçular və yığıcılar əksərən döyüşkən olurdular, lakin onların döyüşkənliyi ərazi ilə məhdudlaşırdı. Belə ki, onlar ərazilərini rəqiblərdən qorumaq istəyi ilə aqresiv olurdular. Digər tərəfdən ibtidai əkinçilər isə əhalinin çoxluğu və torpağın sürətlə sıradan çıxması, ibtidai əkinçilik üsulları onları yeni torpaqlar axtarmaq üçün köç etməyə məcbur edirdilər. Taxıl şəklində qida isə çox yüngül şəkildə əldə edilirdi və nisbətən asanlıqla yerdən yerə köçürülə bilərdi. Artıq məhsuldar bir iqtisadiyyata yiyələnmiş, lakin inkişaf etmiş bir dövlətçilik, köləlik və ya başqa bir başqa şəxsi asılılıq formalarını inkişaf etdirməmiş ibtidai əkinçilərin bu cür köçürülmələri, tez-tez soyqırımla sona çatırdı, çünki işğal olunmuş ərazinin əhalisi müstəsna bir maneə kimi qəbul edilirdi və məhv edilməyə məruz qalırdı.[35] Müasir tədqiqatçılar bəşəriyyətin sözdə "böyük irqləri"nin meydana gəlməsini əlaqələndirən əkinçiliyin meydana çıxması və bununla əlaqədar geniş ərazilərdə hökmranlığa nail olmağı bacaran fərdi qrupların sayının kəskin artması ilə izah edirlər. Əhalinin təcrid olunması və son dərəcə əlverişli təbii şərtlər səbəbiylə ovçu və yığıcıların həyatını qoruduğu yerlərdə mozaik, polimorfik olaraq qalırdı - digər qrupları sıra kənarlarına itələyərək müəyyən bir irqi tip daşıyıcıların say üstünlüyünə əsaslanan irqi xüsusiyyətlərin düzəldilməsi orada baş vermədi.[35]
Bitkilərin məqsədyönlü becərilməsi cəmiyyətin inkişafı üçün şərait yaratdı və bu ilk sivilizasiyaların meydana çıxmasına səbəb oldu (eramızdan əvvəl III minilliyə qədər). Torpağın becərilməsi sayəsində neolit dövrü insanları tarixdə ilk dəfə təbii yaşayış mühitini öz ehtiyaclarına uyğunlaşdırmağı bacardılar. Neolit dövrdə istehsal iqtisadiyyatı meydana çıxır. Artıq qida əldə etmək, yeni əmək alətlərinin yaranması və məskunlaşmış yaşayış yerlərinin salınması insanı ətrafdakı təbiətdən nisbətən müstəqil etmişdir. Əhalinin artan konsentrasiyası qəbilənin quruluşunu qəbilə icmasından qonşu icmasına dəyişdirdi. Qeyd olunduğu kimi, ibtidai ovçuluqdan əkinçiliyə keçid dövründəki sosial dəyişikliklərin ehtiyaclarına cavab olaraq zoomorf tanrıların yerini antropomorf olanlar, köhnə kultların yeniləri tərəfindən müxtəlif dərəcədə qaldırılması ilə əvəz olundu.[36]
Təxminən yeddi min il davam edən "neolit inqilab"ı dövründə Mesopotamiya və Qərbi Asiyanın digər bölgələri, Misir, Çin, Yaponiya və qədim Amerika mədəniyyətlərinin maddi və mənəvi təməlləri atıldı. İnsan həyatının maddi, bədii və dini cəhətlərində köklü bir dəyişiklik Mesopotamiya və Misirdə eramızdan əvvəl 3-cü minilliyə qədər yazının meydana çıxmasından sonra baş verdi.[37]
"Neolit inqilabı" əlverişli torpaq və iqlim şəraiti ilə seçilən, eləcə də zəruri mədəni-tarixi inkişaf səviyyəsində olan Azərbaycanın tarixi ərazilərindən də yan keçməmişdir. Hələ ötən əsrin 40-50-ci illərində Cənubi Azərbaycannda aşkar olunan və öyrənilən çoxtəbəqəli Göytəpə, Həsənlitəpə, Firuztəpə və digər qədim yaşayış yerləri neolit dövrünə aid yüksək əkinçilik mədəniyyətlərini əks etdirən ilk abidələr olmuşdur.
1951-ci ildə Şimali Azərbaycanda, Naxçıvan şəhəri yaxınlığındakı çoxtəbəqəli Kültəpə abidəsində başlanılan arxeoloji qazıntılar bütün Cənubi Qafqaz üçün əlamətdar hadisə olmuşdur. Həmin abidənin alt təbəqələri "Neolit inqilabı"ndan xəbər verən ilk arxeoloji artefaktlar kimi qiymətləndirilmişdir. Ötən əsrin 60-80 illərində və yeni əsrin əvvəllərində Mil, Qarabağ və Muğan düzlərində, Gəncəçay hövzəsində, eləcə də Azərbaycanın digər bölgələrində aşkarlanan Şomutəpə, Qarğalartəpəsi, Töyrətəpə, Babadərviş, Əliköməktəpə, Leylatəpə, Kamiltəpə, Şahtəpə, Göytəpə, Polutəpə və digər nadir abidələr Azərbaycanın Yaxın Şərqdə müstəqil qədim əkinçilik mərkəzlərindən biri olmasını sübuta yetirmişdir.[38][39]
Gəncə yaxınlığındakı Neolit düşərgəsindən bıçağaoxşar lövhələr, qaşovlar və başqa kəsici alətlər tapılmışdır. Çaxmaqdaşından və dəvəgözü daşından hazırlanmış həmin alətlərdən insanlar əkin və biçin işlərində istifadə edirdilər. Arxeoloqlar Tovuz rayonundakı Göytəpə yaşayış yerindən maraqlı bir oraq tapmışlar. Oraq iribuynuzlu heyvanın çənə sümüyündən düzəldilmişdir. Ortada sümüyün içərisinə maili xətt boyunca çaxmaqdaşından kəsici qəlpələr bərkidilmişdir. Neolit dövrünün sonuna aid yaşayış evlərinin bərpa edilmiş görünüşü Eneolit dövrü. Bu dövr e.ə. VI—IV minillikləri əhatə edir. Bu dövrdə insanlar ilk dəfə metalla — mislə tanış olmuşlar. Lakin bu dövrdə misdən geniş istifadə olunmamışdır. Çünki mis yumşaq, kövrək olduğundan ondan hazırlanan alətlər tez sıradan çıxırdı. Həm də mis az tapılırdı. Ona görə də təsərrüfatda, məişətdə daş alətlər üstün yer tuturdu.[40]
Eneolit dövrünün yaşayış məskənləri Gəncə-Qazax, Mil-Qarabağ, Muğan, Naxçıvan bölgələrində, Təbriz yaxınlığında, Urmiya gölü ətrafında öyrənilmişdir. Eneolit dövrünün yaşayış məskənləri çay kənarında, əkinçilik və maldarlıq üçün əlverişli yerlərdə salınırdı. Əhali binaları çiy kərpic və möhrədən inşa edirdi. Yaşayış məskənlərində aşkar edilən evlər dairəvi formadadır. Belə evi ərdə ailələr birgə yaşamışlar. İcma torpağında birgə çalışan bu ailələr ümumi məhsul bölgüsündən aldıqları pay hesabına dolanırdılar. Eneolit dövründə toxa əkinçiliyi daha da inkişaf etmişdi. Taxıl kəsici daş lövhələrdən hazırlanmış oraqla biçilirdi. Taxıl ehtiyatı iri saxsı küplərdə saxlanılırdı. Maldarlıq təsərrüfatı da inkişaf etmişdi. Təsərrüfatlarda qaramal və davar saxlayırdılar.[41]
Cəlilabad rayonunda e.ə. V minilliyə aid qədim Əliköməktəpə yaşayış yerindən at sümükləri tapılmışdır. Eneolit dövründə bizə məlum olan ev heyvanlarının artıq hamısı əhliləşdirilmişdi. Əkinçilik və maldarlıq təsərrüfatı inkişaf etmiş, ovçuluq və balıqçılıq əhalinin ikinci dərəcəli məşğuliyyət sahəsinə çevrilmişdi. Eneolit dövrü əhalisinin həyatında sənətkarlıq mühüm yer tuturdu. Sənətkarlar gildən saxsı qablar, daş, sümük və misdən əmək alətləri, məişət və bəzək əşyaları hazırlayırdılar. Sümükdən hazırlanmış iy ucluqları qədim əhalinin toxuculuqla məşğul olduğunu göstərir. Eneolit dövrünün özünəməxsus dəfn mərasimləri olmuşdur. Ölülər yaşayış məskənində, evlərin içərisində və arasında basdırılırdı. Cəsədin üstünə qan (həyat verən) rəmzi sayılan qırmızı boyaçəkir, yaxud oxra səpirdilər. Eneolit dövrü əhalisi müxtəlif dini ayinlər, ovsun mərasimləri keçirirdilər. Qobustandakı qayaüstü rəsmlərin bəziləri bu dövrün ovsun və dini mərasimlərini əks etdirir.[42]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.