Moskva uğrunda döyüş (rus. Битва за Москву; alm. Schlacht um Moskau) — İkinci dünya müharibəsi ərzində Şərq cəbhəsində Sovet və alman qoşunları arasında baş vermiş döyüş əməliyyatlarına verilən addır.
Moskva uğrunda döyüş | |||
---|---|---|---|
Tarix | 2 oktyabr 1941 – 7 yanvar 1942 | ||
Yeri | Moskva vilayəti | ||
Səbəbi | Barbarossa əməliyyatı | ||
Nəticəsi |
SSRİ birliklərinin qalib gəlməsi
|
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Bu döyüş əməliyyatları Şərq cəbhəsinin 600 km genişliyindəki sektoru boyunca baş tutmuşdur və strateji əhəmiyyətli iki dövrə bölünür. Birinci dövr Sovet qüvvələrinin şəhəri alman hücumlarından müdafiə etməsindən, ikinci dövr isə almanlara qarşı əks-hücum əməliyyatından ibarətdir. Döyüşlər 1941-ci ilin oktyabrından 1942-ci ilin yanvar ayına qədər davam etmişdir. Bu şəhər Nasist Almaniyası və onun müttəfiqlərinin Sovet İttifaqının işğalı üçün əsas hərbi və siyasi obyektivlərindən biri idi.
Almanların strateji hücum əməliyyatı olan "Tayfun əməliyyatı" iki cinah hücumundan ibarətdi. Belə ki, bu əməliyyatın planına əsasən almanların 3-cü və 4-cü tank orduları Moskvanın şimalındakı Kalinin cəbhəsinə, 2-ci tank ordusu Tulanın qərbinə, Moskva vilayətinin cənub istiqamətinə göndərilmişdi, 4-cü alman ordusu isə qərb istiqamətindən birbaşa Moskva şəhəri üzərinə hücuma keçməli idi.[9]
İlkin olaraq, Sovet qoşunları Moskva vilayətinin strateji müdafiəsini təşkil etmək məqsədilə üç müdafiə zolağı yaratdı və yenicə təşkil olunmuş ehtiyat orduları irəli çəkdi, həmçinin Sibir və Uzaq Şərq hərbi dairələrindən gələn yeni qoşun hissələrini cəbhə xəttinə göndərdi. Moskva uğrunda döyüşlərin ilkin mərhələsində alman hücumlarının qarşısı alındı, Sovet strateji əks-həmləsi və kiçikmiqyaslı hücum əməliyyatları alman qüvvələrinin Oryol, Vyazma və Vitebsk şəhərləri ətrafındakı mövqelərə çəkilməsi və üç alman ordusunun mühasirəyə düşməsi ilə nəticələndi. Bununla da, almanların SSRİ-ni tezliklə məğlub etmək cəhdi uğursuzluqla nəticələndi.[10] Feldmarşal Valter fon Brauxiç Quru Qoşunları baş komandanı vəzifəsindən azad olundu və Adolf Hitlerin göstərişi ilə Almaniyanın ali hərbi komandiri təyin olundu.
Arxa plan
Barbarossa əməliyyatı adlanan alman işğal planına görə Moskvanın işğalı dörd ay ərzində baş tutmalı idi. 22 iyun 1941-ci ildə alman qoşunları Sovet İttifaqı üzərinə hücuma keçdi, yerdə mövqelənmiş Sovet Hərbi Hava Qüvvələrinin əksər hərbi texnikası məhv edildi və blitskriq taktikasından istifadə edən alman qüvvələri Sovet İttifaqı ərazisinin dərinliklərinə doğru irəliləməyə başladı. Almanların Şimal Ordu Qrupu Leninqrad istiqamətində hərəkətə keçdi, Cənub Ordu Qrupu Ukrayna üzərində nəzarəti ələ keçirdi və Mərkəz Ordu Qrupu Moskva istiqamətində irəliləməyə başladı. 1941-ci ilin iyuluna qədər Mərkəz Ordu Qrupu Dnepr çayını keçərək Moskva yolu ilə hücumu davam etdirdi.[11]
1941-ci ilin iyulunda alman qüvvələri Moskva istiqamətində vacib dayaq nöqtəsi hesab olunan Smolensk şəhərini ələ keçirdi.[12] Bütün risklərə baxmayaraq, Ukraynanın ərzaq və təbii ehtiyatlarını ələ keçirmək üçün Hitler şimal və cənub istiqamətlərindən hücum əmri verdi və nəticədə, Leninqrad və Kiyevdə yerləşən Sovet qüvvələri məhv edildi.[13][14] Lakin, qeyd olunan istiqamətlərdə baş tutmuş hücum əməliyyatları almanların Moskva üzərinə hücumunu ləngitdi. 30 sentyabr 1941-ci ildə şəhər istiqamətində hücum başladıqda alman qüvvələri artıq zəifləmişdi və Sovet tərəfi səfərbər etdiyi yeni qüvvələr hesabına şəhərin müdafiəsini gücləndirmişdi.
İlkin alman hücumu (30 sentyabr – 10 oktyabr)
Planlar
Hitlerin fikrincə, Sovet paytaxtının ələ keçirilməsi öz əhəmiyyətinə görə ikinci dərəcəli idi və o inanırdı ki, Sovet İttifaqını diz çökdürmək üçün onu iqtisadi cəhətdən məğlub etmək lazımdır. Hitler fikirləşirdi ki, bu məqsədə çatmaq üçün ilk növbədə Kiyevin şərqindəki Ukraynanın təbii ehtiyatlarla zəngin bölgəsini ələ keçirmək lazımdır.[15] Lakin, alman ordusunun Ali Baş Komandanı təyin olunan Valter fon Brauxiç Moskvaya birbaşa hücumun tərəfdarı idi.[15] Ordunun Baş Qərargah rəisi Frants Halder də Moskvanın ələ keçirilməsinin Sovet qüvvələrinin məğlub edilməsi üçün kifayət edəcəyi fikrində idi.[16] Bu görüş alman ali hərbi komandanlığının əksəriyyəti tərəfindən dəstəklənirdi.[15] Buna baxmayaraq, Hitler ilk növbədə Ukraynanın işğal edilməsini əmr etdi. Ukrayna üzərinə hücum uğurlu oldu və nəticədə, 26 sentyabr tarixinə qədər baş vermiş döyüşlərdə bir milyona yaxın Qırmızı Ordu üzvü həlak oldu, əsir düşdü və ya yaralandı, həmçinin almanların hücumu davam etdirildi.
Yayın sonlarına doğru Hitler öz diqqətini Moskvaya yönəltdi və bu məsələni Mərkəz Ordu Qrupuna həvalə etdi. Moskvanın işğalını tamamlamaq üçün dörd piyada ordusuna əlavə olaraq, üç tank qrupu və Luftvaffenin ikinci flotilliyası təyin olunmuşdu.[17] Ümumilikdə, bu əməliyyatı yerinə yetirmək üçün iki milyondan çox alman hərbçi, 1000–2470 arası tank, həmçinin 14 min artilleriya vasitəsi təyin olunmuşdu. Alman hərbi hava qüvvələri güclü olsa da, yay kampaniyası ərzində itkilərə məruz qalmış, 1603 təyyarə məhv edilmiş, daha 1028 təyyarə isə zədə almışdı. Tayfun əməliyyatı üçün nəzərdə tutulmuş Lüftvaffenin ikinci flotilliyasının tərkibində yalnız 549 ədəd xidmətə yararlı təyyarə vardı.[18] Hücum standart blitskriq taktikası əsasında hazırlanmışdı. Belə ki, bu taktikaya əsasən almanlar tank qrupları ilə Sovet müdafiə xəttini yararaq, onun dərinliyinə daxil olmalı və ikiqat cinah hücumları ilə Qırmızı Ordu divizionlarını mühasirəyə salıb, onları məhv etməli idi.[19]
Almanların Moskvaya gedən yolunun qarşısını kəsmək məqsədilə Sovet qüvvələri Vyazma və Bryansk şəhərləri arasında müdafiə xətti yaratmışdı. Müdafiə xəttini təşkil edən ordular bundan əvvəl də ağır döyüşlərdə iştirak etmişdi. Bununla belə, Sovet qoşunlarının 1,250,000 nəfərdən ibarət şəxsi heyət, 1000 tank və 7600 artilleriya qurğusundan ibarət qüvvəsi var idi. Sovet Hərbi Hava Qüvvələri isə buna qədər baş vermiş döyüşlərdə 7500, bəzi mənbələrə görə isə 21,200 təyyarə itirmişdi.[20][21] Buna baxmayaraq, Sovet hərbi sənayesinin qeyri-adi uğuru sayəsində Sovet qüvvələri Tayfun əməliyyatının başlanğıcında 936 xidmətə yararlı təyyarəyə sahib idi ki, bunların da 578-ni bombardmançı təyyarələr təşkil edirdi.[22]
Vyazma-Bryansk cəbhəsi boyunca yerləşən Sovet qüvvələrinin almanlar tərəfindən məğlub edilməsindən sonra, alman qüvvələri şərq istiqamətində hücumlarını davam etdirərək Moskvanın şimal və cənub istiqamətlərindən mühasirəyə alınmasına başlamışdı. Lakin, davam edən ağır döyüşlər almanların effektivliyini azaltmış və lojistik təchizatlarla təmin olunmanı çətinləşdirmişdi. Alman 2-ci tank ordusunun komandiri Haynts Vilhelm Quderian yazırdı ki, onların silahlanmasında olan və vurulmuş tanklar yeniləri ilə əvəzlənməmişdi, həmçinin əməliyyatın başlanğıcında hərbi texnika üçün yanacaq azlığından əziyyət çəkirdilər.[23]
Vyazma və Bryansk döyüşləri
Alman hücumları plana uyğun şəkildə davam edirdi. Belə ki, 4-cü tank qrupu cəbhənin mərkəz istiqamətilə demək olar ki, heç bir maneəyə rast gəlmədən irəlilədi və öz mobil qüvvələrini 3-cü tank qrupu ilə birlikdə Vyazmanın mühasirəsini tamamlamaq məqsədilə şimala yönəltdi. Qalan birliklər isə 2-ci tank qrupu ilə əlaqədar şəkildə cənuba doğru istiqamət alaraq Bryansk şəhəri ətrafında mühasirə həlqəsi yaratmağa başladı. Sovet tərəfi isə öz müdafiə hazırlıqlarını davam etdirirdi. 10 oktyabr 1941-ci il, cümə günü almanların 3-cü və 4-cü tank qrupları Vyazmada birləşdi.[24][25] Nəticədə, şəhərin qərb hissəsində mövqe tutan dörd Sovet ordusu (19-cu, 20-ci, 24-cü və 32-ci ordular) mühasirəyə düşdü.[26]
Sovet qüvvələri mühasirəyə düşmələrinə baxmayaraq, döyüşü davam etdirirdilər. Vermaxt mühasirəyə salınmış rəqib qüvvələrini tamamilə məhv etmək üçün Moskva üzərinə hücuma dəstək verməli olan qüvvələr də daxil olmaqla, 28 divizionu döyüşlərin davam etdiyi bölgəyə göndərdi. Sovet qərb cəbhəsi və ehtiyat cəbhəsi qoşunlarının qalıqları geri çəkildi və Mojaysk ətrafında yeni müdafiə xətti yaratdı. İtkilərin sayının çox olmasına baxmayaraq, mühasirəyə düşmüş qüvvələr kiçik dəstələr halında mühasirədən çıxmağı bacarmışdı. Vyazma yaxınlığında döyüşən Sovet qoşunlarının düşmənə qarşı göstərdiyi müqaviməti Sovet ali komandanlığına Moskvanın müdafiəsini təşkil etmək məqsədilə nəzərdə tutulmuş dörd Sovet ordusunun (5-ci, 16-cı, 43-cü və 49-cu ordular) yenidən təşkili üçün vaxt qazandırdı. Bunun ardınca, müdafiəni daha da gücləndirmək üçün Şərqi Sibirdən üç atıcı və iki tank divizionu da Moskva ətrafına gətirildi.[26]
Cəbhənin nisbətən cənub istiqaməti hesab olunan Bryansk yaxınlığında ilkin Sovet müqaviməti Vyazmadakı qədər effektiv deyildi. Belə ki, bu istiqamətdə almanların 2-ci tank qrupu şəhər ətrafından hərəkət edərək 2-ci ordu ilə əlaqə yaradaraq, 3 oktyabra qədər Oryol şəhərini, 6 oktyabr tarixinə qədər isə Bryansk şəhərini işğal etdi.
Havanın dəyişməsi ilə birlikdə almanların işləri də getdikcə çətinləşməyə başladı. 7 oktyabr, çərşənbə axşamı günü ilk qar yağmış və sürətlə ərimişdi ki, bu da yolların və açıq ərazilərin bataqlığa çevrilməsi ilə nəticələnmişdi. Bununla da, alman zirehli qrupları böyük ölçüdə yavaşlamışdı ki, bu da Sovet qüvvələrinə geriyə çəkilmək və yenidən qruplaşmaq imkanı yaratmışdı.[27][28]
Sovet qoşunları bəzi məqamlarda əks-hücuma keçməyə də nail olmuşdu. Məsələn, Mtsenk şəhəri yaxınlığında almanların 4-cü tank divizionu Dmitri Lelyuşenkonun rəhbərliyi ilə formalaşdırılmış 1-ci qvardiya xüsusi atıcı korpusu və Mixail Katukovun 4-cü tank briqadası tərəfindən pusquya salınmışdı. Ağaclarla örtülü ərazidə gizlənmiş yeni istehsal T-34 tankları alman zirehli texnikalarına ərazidən keçməyə imkan yaratmış, Sovet piyadaları almanların hücumunun qarşısını aldıqdan sonra hər iki cinahdan hücuma keçən Sovet tankları alman "Panzer IV" tanklarını məhv etmişdi. Bu məğlubiyyət almanlara çox pis təsir etmişdi. Hətta Vermaxt sonradan bu hadisənin nəyə görə baş verdiyini dəqiqləşdirmək üçün xüsusi istintaq təşkil etmişdi. Quderian və onun qoşunları döyüşlər ərzində alman istehsalı tankların Sovet T-34 tanklarına qarşı aciz olduğunu başa düşmüşdü. General Quderian yazırdı ki, "Bizim "Panzer IV" tankları öz 75 mm-lik qısa topları ilə T-34 tanklarına yalnız arxa tərəfdən mühərriklərinə atəş açmaqla onları məhv edə bilər." Quderian öz xatirələrində yazırdı ki, "ruslar artıq bəzi şeylər öyrənməyə başlayıblar."[29][30]
Döyüşlər ərzində baş vermiş başqa Sovet əks-hücumları da alman hücumunu zəiflətmişdi. 2-ci alman ordusu Quderianın qüvvələrinə şimaldan dəstək verərək Bryansk cəbhəsinin mühasirəsini tamamlamağı qarşısına məqsəd qoysa da, Qırmızı Ordunun güclü təziyiqi və hava dəstəyi ilə üzləşmişdi.[31]
Sovet qüvvələrinin ilkin məğlubiyyətinin almanlar tərəfindən qiymətləndirilməsinə görə, Vyazma və Bryansk mühasirələrində 673,000 Sovet hərbçisi Vermaxt tərəfindən əsir götürülmüşdü,[32] lakin sonradan aparılan araşdırmalar zamanı bu rəqəmin bir qədər şişirdildiyi deyilsə də, ən azı 514,000 Sovet hərbçisinin əsir düşdüyü aşkarlanmışdır. Bu da Sovet qoşunlarının öz gücünün 41 faizini itirməsi ilə nəticələnmişdi.[33] Sovet komandanlığı bu döyüşlər ərzində 499,001 nəfər şəxsi heyət itirdiklərini açıqlamışdır.[34] 9 oktyabrda Nasist Almaniyasının Propaqanda Nazirliyinin başçısı Otto Ditrix Hitlerə məruzəsi zamanı Moskvanı müdafiə edən orduların məhv olmağa yaxınlaşdığını bildirmişdir. Ditrix mətbuat konfransı zamanı xarici müxbirləri Sovet müqavimətinin bir neçə saat ərzində dağılacağına inandırmışdır. Alman mülki əhalisi arasında Barbarossa əməliyyatının başlanmasından etibarən aşağı düşən ruh yüksəkliyi yenidən artmağa başlamışdır.[35]
Buna baxmayaraq, Sovet müqaviməti artıq Vermaxtı yavaşlatmışdı. 10 oktyabrda almanlar Moskvanın qərbində yerləşən Mojayska çatanda burada yeni Sovet qüvvələri ilə möhkəmləndirilmiş müdafiə xətti ilə qarşılaşdılar. Elə həmin gün Moskvanın müdafiəsi Leninqrad cəbhəsindən geri çağrılan Georgi Jukova tapşırıldı və general-polkovnik İvan Konyev isə onun müavini təyin olundu.[36][37] 12 oktyabrda Jukov, Mojaysk xəttinin gücləndirilməsi məqsədilə bütün mümkün qüvvələrin toplanmasını əmr etdi.[38] Bu zaman Lüftvaffe hələ də hava nəzarətini əlində saxlayırdı və 537 hava hücumu həyata keçirmişdi ki, bu da təqribən 440 maşın və 150 artilleriya qurğusunun məhv edilməsi ilə nəticələnmişdi.[39][40]
Stalin 15 oktyabrda Kommunist Partiyası, Silahlı Qüvvələrin Baş Qərargahı və bəzi mülki hökumət ofislərinin Moskvadan Kuybişevə (indiki Samara) təxliyə olunmasını əmr etdi. Moskvada məhdud sayda dövlət rəsmisi qalmışdı. Bu təxliyə Moskvanın yerli əhalisi arasında təşviş yaranmasına səbəb oldu. 16-17 oktyabrda mülki əhalinin əksəriyyəti şəhəri tərk etməyə cəhd göstərdi. Bütün bunlara baxmayaraq, Stalin Sovet paytaxtında qaldı ki, bu da əhali arasında qorxu və təşvişin azalmasına təsir etdi.
Mojaysk müdafiə xətti (13-30 oktyabr)
13 oktyabr 1941-ci il tarixinə qədər Vermaxt qoşunları Moskvanın qərbində bu şəhəri qorumaq üçün Kalinindən Volokolamsk və Kaluqa şəhərlərinə qədər uzanan dörd istehkam xətti ilə müdafiə olunan Mojaysk müdafiə xəttinə çatdı. Son gücləndirmələrə baxmayaraq, bu müdafiə xəttini yalnız təqribən 90,000 Sovet hərbçisi tərəfindən qorunurdu ki, bu da hücuma keçən alman qüvvələrinə nisbətən çox az idi.[41] General Jukov ona verilən məhdud resurslara baxmayaraq, öz tabeçiliyində olan qoşunları dörd mühüm nöqtədə yerləşdirməyi qərara aldı: general-leytenant Konstantin Rokossovskinin rəhbərlik etdiyi 16-cı Ordu Volokolamsk şəhərini, general-mayor Leonid Qovorovun rəhbərlik etdiyi 5-ci Ordu Mojaysk şəhərini, general-mayor Qolubevin rəhbərlik etdiyi 43-cü Ordu Maloyaroslavets şəhərini, general-leytenant İvan Zaxarkinin rəhbərlik etdiyi 49-cu Ordu isə Kaluqa şəhərini müdafiə etməli idi.[42]
Moskva şəhərinin özündə isə müdafiəni gücləndirmək məqsədilə tələsik mühəndis-istehkam işləri aparılırdı. Jukovun verdiyi məlumata əsasən, 250 min qadın və uşaq Moskva ətrafında xəndək və tank əleyhinə çuxurların qazılması işinə cəlb olunmuşdu. Şəhərdə yerləşən mülki təyinatlı zavodlarda artıq hərbi təyinatlı məhsullar istehsal olunmağa başlanmışdı. Məsələn, bir avtomobil zavodu avtomatik silah üçün mərmilər istehsal edən zavoda çevrilmişdi, saat zavodunda mina partladıcıları, şokolad fabrikində cəbhəyə göndərilmək üçün ərzaq istehsal olunurdu, həmçinin avtomobil təmiri stansiyasında zədələnmiş tank və digər hərbi texnikanın təmiri həyata keçirilirdi.[43] Bütün bu hazırlıqlara baxmayaraq, paytaxt alman tanklarının atəş radiusu daxilində yerləşirdi və Lüftvaffe şəhər üzərində genişmiqyaslı hava reydləri həyata keçirirdi. Lakin, bu hava reydləri ekstensiv hava hücumundan müdafiə vasitələrinin təsiri altında baş tutduğundan və mülki yanğın briqadaları effektli fəaliyyət göstərdiklərinə görə şəhərdə ciddi dağıntılara səbəb olmamışdı.[44]
13 oktyabr 1941-ci ildə (başqa mənbələrə görə 15 oktyabr) Vermaxt hücumlarını davam etdirməyə başladı. İlk növbədə, alman qüvvələri nisbətən zəif müdafiə olunan Kalinin şəhərinin şimal-şərqindən, həmçinin cənubdan Kaluqa və Tula şəhərləri istiqamətindən hücuma keçdi. 14 oktyabra qədər almanlar Tula istisna olmaqla, qalan bütün qeyd olunan məntəqələri ələ keçirməyə nail oldu. Bu cür ilkin qələbələrdən ruhlanan almanlar möhkəmləndirilmiş müdafiə xəttinə qarşı cinah hücumu təşkil etdi. Nəticədə, alman qoşunları intensiv döyüşlərdən sonra 18 oktyabrda Mojaysk və Maloyaroslavets, 21 oktyabrda Naro-Fominsk və 27 oktyabrda Volokolamsk şəhərlərini ələ keçirdi. Cinah hücumu təhlükəsinin getdikcə artması səbəbilə Jukov öz qoşunlarını Nara çayının şərqinə qədər geri çəkməyə məcbur oldu.[45]
Cənubda almanların 2-ci tank ordusu Tula istiqamətində hücumu heç bir müqavimətə rast gəlmədən davam etdirdi. Çünki, Mojaysk müdafiə xətti bura qədər uzanmırdı və buna görə də həmin istiqamətdə hücumun qarşısını ala biləcək Sovet qoşunları yox idi. Buna baxmayaraq, pisləşən hava şəraiti, yanacaq problemləri, zədələnmiş yollar və körpülər almanların hücumunu ləngitdi ki, bu da Quderianın rəhbərlik etdiyi alman qoşunlarının 26 oktyabra qədər Tula şəhəri ətrafına çatmağına imkan vermədi.[46] Almanların ilkin hücum planına görə onlar Tulanı tezliklə ələ keçirdikdən sonra cinah hücumu ilə Moskva ətrafına çıxmalı idilər. 29 oktyabrda almanların Tula şəhərinə ilk hücumu Sovet qoşunlarının 50-ci Ordusu və mülki könüllülər tərəfindən dayandırıldı.[47] 31 oktyabrda alman ordusunun yüksək komandanlığı lojistik təchizat problemləri aradan qaldırılana və hava şəraiti normallaşana qədər bütün hücum əməliyyatlarını təxirə salmaq haqqında qərar qəbul etdi.
Vermaxtın Moskva istiqamətində hücumu (1 noyabr – 5 dekabr)
Oktyabrın sonlarına qədər alman qüvvələri artıq taqətdən düşmüş vəziyyətdə idi. Belə ki, onların maşınlarının yalnız üçdə bir hissəsi işlək halda idi, həmçinin isti geyim də daxil olmaqla, digər qış təchizatının cəbhə xəttinə çatdırılmasında problemlər mövcud idi. 1939-cu ildə Varşavanın işğalının almanlara baha başa gəlməsindən sonra, onlar bu cür böyük şəhərlərə güclü piyada qüvvələri dəstəyi olmadan birbaşa tanklarla daxil olmağı çox riskli sayırdı.[48]
Qırmızı Ordu və mülki əhali arasında ruh yüksəkliyini daha da artırmaq məqsədilə Stalin, 7 noyabr tarixində (İnqilab günü) Qırmızı meydanda ənənəvi hərbi paradın keçirilməsini əmr etdi. Hərbi paradda iştirak edən Sovet qoşunları Kremlin binasının qarşısından keçərək birbaşa cəbhəyə yola düşdü. Bu parad cəbhə xəttində davam edən Sovet müqavimətini simvolik cəhətdən nümayiş etdirdi və növbəti illərdə baş vermiş döyüş əməliyyatlarına da psixoloji təsir göstərdi. Bu cəsur göstəriyə baxmayaraq, Qırmızı Ordunun mövqeləri təhlükəli vəziyyətdə qalmaqda davam edirdi. Baxmayaraq ki, Sovet rəhbərliyi gözlənilən alman hücumuna qarşı Klin və Tula şəhərlərini yüz minə yaxın yeni qüvvə ilə gücləndirmişdi, bununla belə, Sovet müdafiəçiləri rəqibə nisbətən zəif hesab olunurdu. Buna baxmayaraq, Stalin alman mövqelərinə doğru bir neçə preventiv əks-hücumlar təşkil etməyi tapşırırdı. Jukov isə onun bu qərarına etiraz edərək əlində olan bütün ehtiyatın tükənəcəyindən narahatlığını ifadə edirdi.[49] Vermaxt bu cür Sovet əks-hücumlarının əksər hissəsini dəf etməyi bacardı. Yeganə uğur kimi Moskvanın qərbində yerləşən Aleksino şəhəri yaxınlığında baş tutmuş döyüşdə Sovet tanklarının alman 4-cü ordusuna ciddi itkilər verməsini qeyd etmək olar. Həmin döyüş zamanı almanların tank əleyhinə silahlara sahib olmamasına görə onlar yeni və yaxşı müdafiə olunan Sovet T-34 tanklarını dayandıra bilməmişdilər.
31 oktyabrdan 13 noyabra qədər Vermaxt yüksək komandanlığı Moskva istiqamətində ikinci hücumu təşkil etmək məqsədli hazırlıqlarına fasilə verdi. Almanların bu istiqamətdə əsas zərbə gücü hesab olunan Mərkəz Ordu Qrupu hələ də güclü hərbi birləşmə hesab olunsa da, aramsız döyüşlər onun döyüş qabiliyyətini aşağı salmışdı. Almanlar Sovet rəhbərliyinin şərqdən cəbhə xəttinə gətirdiyi yeni qüvvələrdən xəbərdar olsa da, Sovet tərəfinin döyüşlər ərzində verdiyi çoxsaylı itkilərə görə onların güclü müdafiə təşkil edə biləcəyini gözləmirdi.[50] Lakin, oktyabr ayındakı vəziyyətə nisbətən, Sovet motoatıcı divizionları daha əlverişli müdafiə mövqeləri ələ keçirməyə nail olmuşdu. Sovet qoşunları cəbhənin əksər hissəsində çoxqatlı müdafiə sistemi qurmağa nail olmuşdular və ikinci eşalon müdafiə mövqelərində ən azı iki atıcı divizion yerləşdirmişdilər. Artilleriya dəstəyi təmin olunan mühəndis-istehkam qrupları alman qoşunlarının hücumunun gözlənildiyi əsas yollarda mövqe tuturdu. Həmçinin, cəbhədən arxada döyüş üçün əlverişli bir neçə Sovet ordusu da mövcud idi. Son olaraq onu da qeyd etmək lazımdır ki, Sovet qoşunları, xüsusilə zabitlər indi daha təcrübəli idi və hücum üçün daha yaxşı hazırlanmışdılar.
15 noyabr 1941-ci ilə qədər şaxtanın təsirindən yer dondu ki, bu da palçıq problemini həll etdi. 51 diviziondan ibarət zirehli alman qoşunları hücuma keçərək, Moskvanın mühasirəyə alınması hədəflərinə çatmaq üçün paytaxtın şərqində yerləşən Noqinsk şəhərində əlaqə qurmalı idilər. Bu məqsədə çatmaq üçün almanların 3-cü və 4-cü tank qrupları Volqa su anbarı və Mojaysk arasında qüvvələrini toplamalı və Sovet 30-cu ordusunu keçərək Klin və Solneçnoqorska çatmaqla paytaxtı şimaldan mühasirəyə almalı idi. Cənubda, 2-ci tank ordusu Tulanı keçərək, hələ də Sovet qoşunlarının nəzarəti altında olan Kaşira və Kolomnaya hücuma keçməli, daha sonra şimala doğru cinah hücumu təşkil etməklə Noqinskdə digər alman qoşunları ilə birləşməli idi. 4-cü alman piyada ordusu isə mərkəz istiqamətdən irəliləyərək cəbhə xəttindəki Sovet qoşunlarını geriyə doğru sıxışdırmalı idi.
Uğursuz hücum
15 noyabr 1941-ci ildə alman tank orduları Klin istiqamətində hücuma başladı, hansı ki, Stalinin əmri ilə Sovet qoşunları Volokolamsk istiqamətində əks-hücuma hazırlaşdıqları üçün Klin yaxınlığında heç bir ehtiyat qüvvə saxlamamışdılar. İlkin alman hücumları cəbhənin iki yerə bölünməsi, həmçinin Sovet qoşunlarının 16-cı və 30-cu ordularının bir-birindən ayrılması ilə nəticələndi. Ağır döyüşlər bir neçə gün davam etdi. Bu döyüşlər barədə Jukov sonradan öz xatirələrində qeyd edirdi ki, "düşmən bütün itkilərinə baxmayaraq, nəyin bahasına olursa-olsun Moskvaya çatmaq üçün döyüşürdü."[51] Vermaxtın bütün cəhdlərinə baxmayaraq, çoxqatlı müdafiə sistemi Sovet tərəfinin itkilərinin sayını azaldırdı.
Almanların 3-cü tank ordusu ağır döyüşlərdən sonra 23 noyabrda Klin şəhərini, 24 noyabra qədər isə Solneçnoqorsk şəhərini ələ keçirməyi bacardı. Buna baxmayaraq, Sovet qoşunlarının müqaviməti hələ də güclü idi və bu döyüşlər hələ heç nəyi həll etməmişdi. Deyilənlərə görə, Stalin Jukovdan Moskvanın necə uğurla müdafiə olunacağını soruşmuş və Jukov da cavabında bunun mümkün olduğunu, lakin bu məqsədə çatmaq üçün onlara təcili şəkildə ehtiyat qüvvənin lazım olduğunu bildirmişdir. 27 noyabra qədər almanların 7-ci tank divizionu Moskvaya çatmaq üçün sonuncu mühüm maneə hesab olunan Moskva-Volqa kanalının üzərindən keçən körpünü ələ keçirərək Kremlinə 35 km məsafəyə qədər yaxınlaşsa da, sonradan 1-ci zərbə ordusunun güclü əks-hücumu nəticəsində geri çəkilməyə məcbur oldular. Elə həmin tarixlərdə alman qoşunları Moskvanın mərkəzindən 29 km şimal-qərbdə yerləşən Lobnya şəhərinə çatdı və alman zabitləri Sovet paytaxtında yerləşən bəzi mühüm binalara daxil olmağı bacardı.[52] Davam edən ağır döyüşlər nəticəsində həm Sovet, həm də alman qüvvələri getdikcə tükənirdi.
18 noyabr 1941-ci ildə Tula yaxınlığında baş tutmuş döyüşlərdə almanların 2-ci tank ordusu bu şəhəri mühasirəyə almağa cəhdlər etdi. Alman qoşunları qış geyimi və təchizatına sahib olmadan yorğun vəziyyətdə döyüşməyə davam edirdi. Almanların ilkin hücumları onların hər gün yalnızca 5–10 km irəliləməsi ilə nəticələnirdi.[53] Tula yaxınlığında mövqe tutan alman tank ordularının Sovet qoşunlarının 49-cu və 50-ci orduları tərəfindən cinah hücumlarına məruz qalması onların hücumunu getdikcə yavaşladırdı. Buna baxmayaraq, Quderianın tabeçilyi altındakı alman qoşunları 22 noyabr 1941-ci ildə Stalinoqorsku işğal etdi və burada yerləşən Sovet atıcı divizionunu mühasirəyə aldı. 26 noyabrda alman tankları Moskva yolunda yerləşən çox əhəmiyyətli Kaşira şəhərinə daxil oldu. Buna cavab olaraq, növbəti gün həmin istiqamətdə Sovet əks-hücumu baş tutdu. General Belovun 2-ci süvari korpusu 173-cü atıcı divizion, 9-cu tank briqadası, iki əlahiddə tank batalyonu, həmçinin təlim və milis birliklərinin dəstəyi sayəsində Kaşira yaxınlığında alman hücumunun qarşısını ala bildi.[37]:35–36[54][55] Dekabrın əvvəllərində almanlar şəhərdən geri çəkilməyə məcbur oldu.[56] Sovet qoşunlarının nəzarəti altında saxlanılan Tula şəhəri həm hərbçilər, həm də mülki şəxslər tərəfindən müdafiə olunurdu. Cənub istiqamətində almanlar heç vaxt paytaxta yaxınlaşa bilmədilər.
Moskvanın şimal və cənub istiqamətlərində ciddi müqavimətlə üzləşən alman qoşunları 1 dekabr tarixində Minsk-Moskva yolu ilə birbaşa Moskva istiqamətində hücuma başlamağa qərar verdi. Bu hücum məhdud tank dəstəyi ilə təmin olunmuşdu və ekstensiv Sovet müdafiəsinə qarşı həyata keçirilirdi. Almanların bu hücum cəhdi Sovet qoşunlarının 1-ci qvardiya motoatıcı divizionunun müqaviməti ilə üzləşdi, həmçinin 33-cü ordunun cinah əks-hücumu nəticəsində dayandırıldı. Elə eyni gündə, Vermaxtın Moskva istiqamətində hücumda iştirak edən yeganə xarici hərbi birləşməsi olan fransızlardan ibarət 638-ci piyada alayı Dyutkovo kəndi yaxınlığında döyüşlərə qoşuldu.[57] 2 dekabrda almanların kəşfiyyat batalyonu Moskvanın mərkəzindən 30 km uzaqlıqda yerləşən Ximki şəhərinə, həmçinin burada yerləşən dəmiryolu stansiyasına çatmağı bacardı. Bu, alman qüvvələrinin Moskvaya ən çox yaxınlaşdığı məqam kimi tarixə düşdü.[58][59]
1941-1942-ci illərin qış fəsli 20-ci əsrdə Avropanın ən soyuq qışı kimi tarixə keçmişdi. 30 noyabrda alman generalı fon Bok Berlinə məruzə edərək, temperaturun – 45 °C olduğunu bildirmişdir.[60] 6-cı tank divizionunun komandiri general Erxard Raus temperaturun gündəlik gedişatını öz gündəliyində qeyd edirdi. Həmin məlumatlara əsasən daha soyuq dövr dekabrın 4-dən 7-nə qədər davam etmişdir. Belə ki, həmin dövr ərzində temperatur –36 ilə –38 °C arasında dəyişirdi.[61] Rəsmi Sovet Meteoroloji Xidmətinin məlumatlarında isə dekabrda qeydə alınmış ən aşağı temperatur –28.8 °C olmuşdu. Alman qoşunlarında qış üçün münasib geyim təchizatının olmaması səbəbilə alman hərbçilər arasında 130,000-dən çox donvurma halı qeydə alınmışdı.[62] Sürtkü yağları donduğuna görə texnikalar istifadə olunmazdan hələ bir neçə saat əvvəldən qızdırılmağa başlanırdı.[62] Eyni soyuq hava Sovet qoşunlarına da təsir edirdi, lakin onlar daha yaxşı təchizatlı idi.
Almanların Moskva istiqamətində hücumu dayanmışdı. Alman generalı Haynts Quderian öz gündəliyində yazırdı ki, "Moskva istiqamətində hücum uğursuz oldu. Biz düşmənin gücünü, onun sayını və iqlim şəraitini düzgün qiymətləndirmədik. Xoşbəxtlikdən, mən öz tabeçiliyimdəki qoşunları 5 dekabrda dayandırdım, yoxsa itkilər qaçılmaz olacaqdı."[63]
Sovet əks-hücumu
Vermaxtın Moskva istiqamətində hücumları dayandırmasına baxmayaraq, alman kəşfiyyat orqanları belə hesab edirdi ki, Sovet qoşunlarının artıq ehtiyat qüvvəsi qalmayıb və onlar əks-hücuma keçə bilməyəcəklər. Stalinin göstərişi ilə Sibir və Uzaq Şərqdən 18 divizion, 1700 tank və 1500-dən çox döyüş təyyarəsinin cəbhə xəttinə göndərilməsi ilə almanların bu gözləntilərinin səhv olduğu üzə çıxdı.[64] Dekabrın əvvəllərinə qədər Qırmızı Ordunun 58 divizion ehtiyat qüvvə toplaması ilə birlikdə Stalin generallar Jukov və Vasilevski tərəfindən hazırlanmış əks-hücum planını qəbul etdi.[65] Bu yeni ehtiyatlarla birlikdə Sovet qüvvələrinin döyüşə hazır vəziyyətdə 1,100,000 nəfər şəxsi heyəti oldu ki, bu da alman qoşunlarının sayından bir qədər üstün idi. Buna baxmayaraq, qoşunların düzgün mövqelərdə yerləşdirilməsi nəticəsində bəzi mühüm nöqtələrdə Sovet qoşunlarının rəqib üzərində şəxsi heyətin sayı baxımından ikiqat üstünlüyü təmin olundu.
5 dekabr 1941-ci ildə "Moskvaya birbaşa təhdidin aradan qaldırılması" məqsədilə Sovet qoşunları Kalinin cəbhəsində əks-hücuma keçdi. Cənub-qərb və Qərb cəbhələri də növbəti gün öz hücum əməliyyatlarına başladılar. Bir neçə günlük kiçik irəliləyişlərdən sonra Sovet orduları 12 dekabrda Solneçnoqorsk və 15 dekabrda Klin üzərində nəzarəti bərpa etdi. Quderianın rəhbərlik etdiyi alman qoşunları tələsik Venev istiqamətində, daha sonra isə Suxiniçi ətrafına qədər geri çəkildi. Bununla da, Tula şəhərinə yaranmış birbaşa təhlükə aradan qalxdı.[37]:44–46, 48–51
8 dekabr tarixində Hitler 39 nömrəli direktivi imzaladı ki, bununla da alman qoşunları bütün cəbhə boyunca müdafiəyə çəkildi. Quderian bu qərarın qəbul olunduğu gün Hans Şmidt və Volfram fon Rixthofenlə müzakirəsi zamanı hazırkı cəbhə xəttini əldə saxlamağın mümkün olmadığına razılaşdılar.[66] 14 dekabrda Frants Halder və Günter fon Kluqe Hitlerin təsdiqi olmadan öz qoşunlarının məhdud bir hissəsini Oka çayının qərb sahilinə çıxartdı.[67] 20 dekabrda alman yüksəkrütbəli zabitlərinin görüşü zamanı Hitler öz hərbçilərinə cəbhə xəttinin hər bir hissəsini sona qədər müdafiə etməyi "ehtiyac olarsa, artilleriya atəşi altında səngər qazmağı davam etdirməyi" əmr etdi.[68] Lakin, Quderian Hitlerin bu qərarına etiraz edərək itkilərin döyüşlərdən daha çox, soyuq hava şəraitindən baş verdiyini və qış təchizatının vaxtlı-vaxtında çatdırılmadığını bildirdi.[69] Buna baxmayaraq, Hitler mövcud cəbhə xəttinin müdafiə olunmasında israrını davam etdirdi və 25 dekabra qədər onun bu qərarına qarşı çıxan Quderianı, həmçinin müvafiq olaraq 4-cü tank ordusu və 9-cu ordunun komandirləri olan Höpner və Ştraussu da vəzifəsindən uzaqlaşdırdı. Fedor fon Bok da rəsmi qeydlərdə "səhhətində yaranmış problemlərə görə" vəzifəsindən uzaqlaşdırıldı.[70] Hitlerin əsas köməkçilərindən biri olan Volter fon Brauxiç də 19 dekabrda vəzifəsindən alındı.[37]:42[71]
Dekabrın ikinci yarısında Lüftvaffe tamamilə iflic vəziyyətinə düşmüşdü. Temperaturun −42 °C-yə çatması ilə birlikdə meteoroloji rekord qeydə alındı.[72] Temperaturun getdikcə azalması lojistik təchizat və texniki təminatda çətinliklərin yaranmasına səbəb olmuşdu. Lüftvaffe virtual olaraq Moskva səmalarından uzaqlaşdırılmışdı və Sovet Hərbi Hava Qüvvələri getdikcə üstünlüyü ələ alırdı. Lüftvaffenin yenidən gücləndirilməsi ilə birlikdə Hitler situasiyanı qoruyacağına ümid edirdi. Almaniyadan 102 ədəd "Junkers Ju-52"lərdən ibarət iki bomardmançı və dörd nəqliyyat təyyarəsi qrupunun gəlməsi ilə cəbhədə döyüşən alman qüvvələri dəstəklə təmin olundu, həmçinin mühasirəyə düşmüş hərbi birliklər təxliyə olundu. Bu hava dəstəyi sayəsində Mərkəz Ordu Qrupu tamamilə yox olmaqdan qurtuldu. Sovet qoşunlarının bütün cəhdlərinə baxmayaraq, Lüftvaffe Mərkəz Ordu Qrupunun sağ qalmasında mühüm rol oynadı. 17 və 22 dekabr tarixləri aralığında alman hərbi hava qüvvələrinə məxsus təyyarələr Tula yaxınlığında düşmənin 299 texnikasını və 23 tankını məhv etdilər ki, bu da Qırmızı Ordunun almanları təqib etməsinin qarşısını aldı.[73][74]
Cəbhənin mərkəz istiqamətində Sovet qoşunlarının sürəti daha aşağı idi. Sovet qoşunları yalnız on günlük ağır döyüşlərdən sonra 26 dekabrda Naro-Fominsk, 28 dekabrda Kaluqa, 2 yanvarda Maloyaroslavets şəhərlərini azad etdi. Sovet orduları 7 yanvar 1942-ci il tarixinə qədər baş vermiş döyüşlərdən sonra almanları Moskva şəhərindən 100–250 km məsafədə uzaqlaşmağa məcbur etdilər. Stalin hücumların davam etdirilməsini və almanların Mərkəz Ordu Qrupunu məhv etməyi əmr etsə də, artıq taqətdən düşmüş Qırmızı Ordu hissələri bu tapşırığı yerinə yetirə bilmədi.[75]
Nəticə
Qırmızı Ordunun qış əks-hücumu alman qoşunlarının Moskva ətrafından çəkilməsi ilə nəticələnsə də, şəhər cəbhə xəttinə yaxın məsafədə yerləşdiyi üçün potensial təhlükə qalırdı. Buna görə də Stalin ilk növbədə Moskvanın təhlükəsizliyini təmin etməyi qarşısına məqsəd qoymuşdu.[76] Moskvadan başlayan əks-hücumdan dərhal sonra, Rjev istiqamətində ardıcıl Sovet hücumları hər iki tərəfin çoxsaylı itkilər verməsi ilə nəticələndi. 1943-cü ilin əvvəllərindən etibarən almanlar cəbhənin qərb istiqamətində geri çəkilməyə başladı. İkinci Smolensk döyüşü nəticəsində məğlub olan almanların Mərkəz Ordu Qrupu Smolensk körpüsü və Dnepr çayının sol sahilindən geri çəkilməsinə baxmayaraq, Moskvanın tam təhlükəsizliyi hələ də təmin olunmamışdı.
Hitler 19 dekabr 1941-ci ildə Moskvanın ələ keçirilməsində uğursuz fəaliyyət göstərən alman qoşunlarının Ali Baş Komandanı Valter fon Brauxiçi vəzifəsindən uzaqlaşdırdı, həmçinin qoşunların idarəçiliyini və hərbi qərarların qəbul olunmasına dair bütün öhdəliyi öz üzərinə götürdü. Bundan başqa, Hitler öz ətrafındakı qərargah zabitlərini çox az və ya heç döyüş təcrübəsi olmayanlar arasından seçdi.[77]
1941-ci ilin iyun ayından bəri ilk dəfə olaraq, Sovet qüvvələri almanların qarşısını aldı və onları geri çəkilməyə məcbur etdi. Bu, Stalinin özünəinam hissinin artmasına və hücumu davam etdirmə qərarı verməsinə səbəb oldu. 5 yanvar 1942-ci ildə Kremlində baş tutmuş görüş zamanı Stalin ümumi payız hücumunun başlayacağını və bu hücumun Moskva, Leninqrad, Xarkov və Krım yaxınlığından başlayacağını elan etdi. Bu plan Jukovun təklifləri əsasında hazırlanmışdı.[78] Qırmızı Ordunun ehtiyat qüvvələri və Vermaxtın taktiki cəhətdən bacarıqlı qoşunları arasında Rjev yaxınlığında baş tutmuş qanlı döyüşlər, həmçinin İkinci Xarkov döyüşündə Sovet qoşunlarının məğlub olması, Demyansk cibində Sovet qoşunlarının uğursuz hücum cəhdi, Leninqradın blokadasını aradan qaldırmaq məqsədilə hücuma keçən general Andrey Vlasovun ordusunun mühasirəyə düşməsi və Krım istiqamətində hücuma keçən Sovet qüvvələrinin ciddi itkilər verərək məğlub olması ilə birlikdə Sovet tərəfi bu hücumda gözlənilən uğur əldə edə bilmədi. Sovet qoşunlarının bu uğursuzluqları Stalinqrad döyüşündə cəbhənin cənub istiqamətində almanların uğur qazanması ilə nəticələndi.
Miras
Moskvanın müdafiəsi alman işğalçılarına qarşı Sovet müqavimətinin simvoluna çevrildi. Faşizm üzərində Qələbə Gününün 20-ci ildönümündə, 1965-ci ildə Moskvaya "Qəhrəman şəhər" titulu verildi. 1995-ci ildə Moskvanın Müdafiəsi Muzeyi yaradıldı.[79]
Rusiyanın paytaxtı Moskva şəhərinin Qırmızı meydanında Oktyabr inqilabının şərəfinə müntəzəm olaraq hər ilin noyabr ayının 7-də təşkil olunan Oktyabr inqilabı paradı 1995-ci ildən etibarən artıq milli səviyyədə qeyd edilmir. Parad Rusiyada Hərbi Şərəf Gününə daxil olan tarixi hadisə şəklində keçirilir. Bu paradda Rusiya Silahlı Qüvvələrinin Moskva Qarnizonu və Qərb Hərbi Dairəsinin üç min nəfərə yaxın hərbi qulluqçusu iştirak edir. Həmin parada Moskva şəhərinin meri başçılıq edir və o, parad zamanı çıxış edir. Parad başlamazdan əvvəl, Moskva döyüşü gənc tələbələr və könüllülər tərəfindən "yenidən canlandırılır."
Paradda iştirak edən qoşunları həmişə silahlı qüvvələrin yüksəkrütbəli veteranı (adətən polkovnik rütbəli hərbçi) idarə edir və parad ərzində onlara müəyyən göstərişlər verir. Parad ərzində musiqi dəstəyi həmişə Moskva Qarnizonu Mərkəzləşdirilmiş Orkestri, həmçinin Qərb Hərbi Dairəsinin müxtəlif hərbi orkestrləri və Rusiya Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Orkestri tərəfindən təmin olunur.[80][81][82]
İtkilər
Müxtəlif mənbələr tərəfindən fərqli rəqəmlər açıqlandığına görə Moskva döyüşü ərzində alman və Sovet itkilərinin dəqiq sayı müzakirə mövzusu hesab olunur. Döyüşlərin başlanğıc tarixi kimi Tayfun əməliyyatının başlandığı 30 sentyabr 1941-ci il tarixi (bəzən 2 oktyabr 1941-ci il) əsas götürülsə də, bu döyüşün nə vaxt başa çatması haqqında iki müxtəlif tarix qeyd olunur. Bəzi mənbələr (Erikson[83] və Qlantz[84] kimi) Sovet qoşunlarının Rjev hücumunun bu döyüşlərə aid olmadığını və onun fərqli əməliyyat olduğunu bildirməsinə baxmayaraq, başqa mənbələr bunu qəbul etmir. Rjev hücumunu başqa əməliyyata aid edən mənbələrə görə Moskva döyüşü 7 yanvar 1942-ci ildə başa çatmışdır.
Bu döyüş zamanı baş vermiş itkilərə görə də bir-birindən çox fərqlənən rəqəmlər səsləndirilir. Barbarossa əməliyyatına dair kitabın müəllifi olan Con Erikson öz kitabında qeyd edir ki, 1941-ci ilin oktyabrı və 1942-ci ilin yanvar ayları aralığındakı tarixlərdə baş vermiş Sovet itkilərinin sayı 653,924 nəfərdir. Qlantz isə özünün "Titanlar döyüşəndə" adlı kitabında Sovet qoşunlarının 7 yanvar 1942-ci ilə qədər müdafiə döyüşlərində 658,279 nəfər, qış əks-hücumu zamanı isə əlavə olaraq 370,955 nəfər itki verdiyini qeyd edir. Vermaxtın rəsmi məlumatına əsasən Mərkəz Ordu Qrupunun alman qoşunlarından 1 oktyabr 1941-ci ildən 10 yanvar 1942-ci ilə qədər baş vermiş döyüşlərdə 35,757 nəfər həlak olmuş, 128,716 nəfər yaralanmış və 9,721 nəfər itkin düşmüşdür.[85] Lakin, bu rəsmi məlumatda cəbhədə döyüşən fərdi batalyon və divizion komandirlərinin məlumatları əks olunmadığına görə alman qoşunları arasında baş vermiş itkilərin rəsmi qeyd olunan məlumatlara nisbətən daha çox olduğu güman edilir.[86]
Həmçinin bax
İstinadlar
Mənbə
Xarici keçidlər
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.