From Wikipedia, the free encyclopedia
Leonardo da Vinçinin "Mona Liza"sı dünyanın ən məşhur sənət əsəri olmaqla, həm də ən çox replikaları və fərqli təfsirləri yaradılmış əsərdir. Leonardonun hələ sağlığında onun tələbələri və müasiri olan rəssamlar tərəfindən "Mona Liza"nın replikaları çəkilməyə başlayırdı. Dövrümüzə çatmış ən qədim versiyaların bəzilərinin Leonardonun özünün fırçasına aid olması iddia edilir və bu mövzu ilə əlaqəli alimlər arasında mübahisə aparılır. XX əsrin Marsel Düşan və Salvador Dali kimi önəmli sənətkarları "Mona Liza"nın təsviri üzərində öz estetikalarını tətbiq edərək törəmə əsərlər yaratmışlar. Bu gün də İntibah şah əsərlərinin replikalarının hazırlanması gənc rəssamların texnika və qabiliyyətlərini inkişaf etdirmək üçün istifadə etdikləri əsas üsullardan biri olaraq qalmaqdadır.[1]
Müasir dövrdə "Mona Liza"nın repilkaları daha çox əsərlər və ya onun müəllifi ilə bağlı sərgi və tədbirlərin təbliğ edilməsi üçün yaradılır. Liza del Cakondonun ictimai mülkiyyət hesab edilən və müəllif hüquqlarından azad edilmiş portreti həm də siyasi bəyanatlar verilməsi üçün istifadə edilmişdir. "Mona Liza"nın adının rəssamlıqla əlaqəsi olmayan şəxslər (məsələn, ABŞ müğənnisi Net Kinq Koulun ifa etdiyi "Mona Liza" adlı mahnı 1950-ci ildə Ən Yaxşı Orijinal Mahnı nominasiyasında Oskar mükafatına layiq görülmüşdü) tərəfindən istifadəsi də ictimayətdə maraq oyatmağa qadirdir.[2] Saysız hesabda nəşr reproduksiyaları ilə yanaşı "Mona Liza"nın təsviri açıqca, qəhvə fincanları, köynəklər və digər əşyalar üzərində də istifadə olunur. Yaradılmasından beş yüz il keçməsinə baxmayaraq, "Mona Liza"nın məşhurluğu və təsiri hər reproduksiyanın hazırlanması ilə daha da artır.[2]
XVI əsrin əvvəllərində florensiyalı tacir Françesko del Cakondo Leonardo da Vinçiyə həyat yoldaşı Liza del Cakondonun portretini çəkməyi sifariş edir.[3] Əsərin 1503–1506-cı illərdə işlənməsinə inanılır.[4] 1797-ci ildən etibarən Leonardonun "Mona Liza" portreti ("Mona" və ya "Monna" orta əsr İtaliyasında qadına hörmətli müraciət forması olmaqla Azərbaycan dilind' "xanım" sözü ilə müqayisə edilə bilər) Luvr muzeyinin daimi ekspozisiyasına daxildir. Əsər fransız dilində "La Joconde", italyan dilində isə "La Gioconda" adları ilə də tanınır.[3][5] Yeni tədqiqatlara əsasən, "Mona Liza"nın tarixi Vazarinin məlumatının əksinə olaraq, 1478-ci ildən əvvələ aid edilir.[6] "Mona Liza"nın heykəllər və ofortlar da daxil olmaqla[7][8] ən erkən replikaları XVI əsrə aid edilir.[4] Lakin, tarixçi Donald Sassun XX əsrin əvvəllərində qeyd edirdi ki, "Mona Liza" qədim ustadın dünyanın ən məşhur muzeylərindən birində asılan əsərlərindən biri idi.[2] Lakin, həmin dövrdə əsər ikonik statusa malik deyildi və Luvrun ən dəyərli əsəri sayılmırdı.[2] 11 avqust 1911-ci ildə əsərin Luvrdan oğurlanmasından sonra mətbuat bu hadisəni geniş işıqlandırmış və əsər indiki statusunu almışdır.[2]
"Mona Liza" ictimai mülkiyyətdə olduğundan onun təsvirləri müxtəlif variantlarda yayılmışdır. Əsərin adekvat modifikasiya nümayiş etdirən replika və ya təfsirləri ayrıca əsər hesab edildiyindən müəllif hüququ ilə qorunur. Bu cür törəmə əsərlərin ən gözəl nümunələrindən biri Marsel Düşanın 1919-cu ildə "Mona Liza"nın çap olunmuş nüsxəsinə bığ çəkməklə yaratdığı "L.H.O.O.Q" rəsmidir.[9] "Mona Liza" müəllif hüquqları ilə qorunmadığından yeni tədqiqatlarda bu status Düşanın "L.H.O.O.Q" əsərinə də aid edilir. Buna görə də, müəllif hüquqları ilə bağlı əsərlərdə tez-tez "Mona Liza"ya istinad olunur.[10]
Leonardo da Vinçinin Luvr muzeyində saxlanan eyni adlı portret əsərindəki subyektin təsvir olunduğu yağlı boya ilə kətan üzərində çəkilmiş rəsm əsəri olan Ayzeluort Mona Lizası İtaliyadan Leonardonun orijinal əsəri kimi alınmış və yüz il Somerset qraflığında saxlanılmış əsər, 1913-cü ildə ingilis kolleksioner Hyu Bleykerin diqqətini cəlb etmiş və o portreti almışdır. Bundan qısa müddət sonra Bleykerin atalığı Con Eyr tərəfindən nəşr edilmiş monoqrafiyada Leonardonun "Mona Liza"nın iki versiyasını işləməsi və birinci versiyanın hazırda Ayzeluortda saxlanan (Bleykerin Qərbi Londondakı studiyası Ayzeluort ərazisində yerləşirdi) rəsm olmasını bildirir. Əsər 2012-ci ildə "Mona Liza Fondu" tərəfindən dünya ictimayətinə təqdim edilmişdir.[11]
Əksər tədqiqatçılar əsərin XVI əsrdə Leonardo da Vinçinin özü tərəfindən çəkilməsini bildirirlər. 22 tədqiqatçının araşdırmalarından sonra nəşr edilmiş ortaq rəydə Ayzeluort Mona Lizasının əsas hissələrinin Leonardo da Vinçi tərəfindən işləndiyini təsdiq edilmişdir.[12][13][14][15][16][17][18][19][20][21][22][23] 2015–2016-cı illərin akademik nəşrlərində də əsərin müəllifinin Leonardonun özü olması bildirilir.[21][22]
2011-ci ildə Madridin Prado muzeyi kolleksiyasına daxil olan əsərlər arasında "Mona Liza"nın mümkün ən erkən versiyasının aşkarlanması haqqında məlumat yayır.[4][24] Kəşf zamanı muzeyin İtaliya İntibah Rəssamlığı Departamentinin direktoru olan Migel Falomir qeyd edir ki, yaxın vaxtda keçirilmiş bərpa işlərindən əvvəl muzey "əsərin əhəmiyyəti haqqında heç bir məlumata malik deyildi."[4] Prado muzeyinin zirzəmisindən aşkarlanmış və "El Mundo" qəzeti tərəfindən "Mona Lizanın əkizi"[24] adlandırılan əsərin Leonardonun orijinal işi ilə eyni vaxtda və eyni studiyada işlənməsi ehtimal edilir.[4] Əsər qoz ağacından hazırlanmış panel üzərində çəkilmişdir. Portret 1819-cu ildə Prado muzeyinin əsası qoyulduğu dövrdən onun kolleksiyasına daxil olmuşdur.[25]
Bərpadan sonra Prado Mona Lizasının əvvəlki bərpaçılar tərəfindən istifadə edilmiş qara boya və lak qatı altında qalmış detalları üzə çıxarılmışdır. Təsvir edilmiş mebel və parçaların keyfiyyəti, həmçinin peyzaj və üz cizgilərinin orijinal görüntüsü üzə çıxarılmışdır. Ehtimal edilir ki, Prado Mona Lizası Leonardonun orijinal əsəri haqqında daha dərin bilgilər verə bilər. Luvr muzeyinin mütəxəssisləri Pradoda aşkara çıxarılmış məlumatları dəstəkləmişlər. 2012-ci ildə müvəqqəti sərgi çərçivəsində Luvr Mona Lizası ilə yanaşı sərgilənməsi üçün Prado Mona Lizası Parisə göndərilmişdir.[4][24][25]
2009-cu ildə Leonardonun Florensiya yaxınlığında yerləşən vətəni Vinçidəki "Museo Ideale"də keçirilmiş və "Mona Liza"dan ilhamlanmış əsərlərin sərgiləndiyi sərgidə Leonardonun orijinal əsərinə oxşar iki çılpaq əsər göstərilmişdir. Həmin iki əsərdən biri Leonardonun dövrünə aiddir[7] və bəzi tədqiqtçılar onu Leonardonun fırçasına aid edirlər.[26] Digər tədqiqatçılar isə əsərin Leonardonun tələbələrindən biri tərəfindən çəkildiyini qeyd edirlər. Tədqiqatçılar əsərin subyekti, müəllifi və mənşəyi haqqında mübahisə aparırlar.[27] Çılpaq əsər Leonardonun bir neçə əsərinə də sahib olmuş Napoleon Bonapartın dayısına aid olmuşdur.[7] Üz cizgiləri qismən oxşarlıq daşısalar da, landşaft, həmçinin kompozisiya və texniki detallar "Mona Liza"nın detalları ulə üst-üstə düşür.[26][27]
Leonardonun tələbəsi və sevgilisi olmuş Salai çılpaq "Mona Liza"nın "Mona Vanna" adıyla tanınan versiyasını işləmişdir. Salainin versiyası nə vaxtsa Leonardo tərəfindən çəkilmiş və hazırda itirilmiş hesab edilən çılpaq "Mona Liza"ya əsaslanmışdır. Tədqiqatçılar arasında Salainin "Mona Liza" üçün model olması haqqında da fikir vardır.[28][29]
Leonardonun "Mona Liza"nı işlədiyi dövrdə fəaliyyət göstərmiş flamand rəssamı Yos van Kleve də "Mona Vanna" adlı çılpaq əsər çəkmişdir. Klevenin "Mona Vanna"sındakı fiqur Leonardonun "Mona Liza"sı ilə heç bir oxşarlığa malik olmasa da, rəssam Leonardonun mövzu və yanaşmasını təkrarlamışdır. XVI əsrin ortalarına aid edilən əsər hazırda Praqanın Milli Qalereyasının kolleksiyasındadır.[30]
XX əsrdən başlayaraq "Mona Liza" satirik bəzəmələrin qurbanı olmağa başladı. 1883-cü ildə Artur Sapek (əsl adı Ejen Fransua Bonaventura) "Mona Liza"nı tənbəki çubuğu ilə təsvir edib. İnkorentlər sənət hərəkatı üzvlərinin əsərlərinin nəşr edildiyi fr. “Le Rire” (Gülüş) yumoristik jurnalında yayımlanmış əsər "Mona Liza"nın müasir istehza ilə təsvir edildiyi ilk sənət nümunələrindən biri olmuşdur. Sonrakı dövrdə avanqard sənətkarların "Mona Liza"nın oğurlanması ilə eyni dövrə düşən təfsirləri əsərin artan məşhurluğunu göstərir. Daha sonra dadaist və sürrealist sənətkarlar "Mona Liza"nı modifikasiya etməyə, bəzəməyə və karikaturalarda istifadə etməyə başlayırlar.
Dövrünün ən təsirli sənətkarlarından biri olan Marsel Düşan Leonardonun orijinal əsərinin printinə bığ çəkməklə, təsadüfən "Mona Liza"nın müasir təzahürü üçün standart yaradır. Düşan ilk dəfə redi-meyd nəzəriyyəsini işləmişdir: o, incəsənətlə əlaqəsi olmayan adi məişət əşyalarını bədii baxımdn yenidən tərtib edir və ya sadəcə qalereyaya yerləşdirərək yenidən adlandırırdı. "L.H.O.O.Q." redi-meydi üzərində "Mona Liza" təsvir edilmiş adi açıqcadır, Düşan qələmlə təsvirə bığ çəkərək onu başqa cür adlandırmışdır.
Düşanın sonradan etiraf etdiyi kimi, əsərin adı söz oyunudur. L-H-O-O-Q hərfləri fransız dilində fr. “Elle a chaud au cul” cümləsini ifadə edir ki, bu da hərfi tərcümədə "Onun gözəl arxası var" anlamını verir.[31] Əksər redi-meydləri kimi, Düşan yaradıcılığı boyunca "L.H.O.O.Q." rəsminin də bir-birindən ölçü və materiallarına görə fərqlənən çoxsaylı versiyalarını yaratmışdır. Düşanın 1965-ci ildə oyun kartı üzərində "Mona Liza" təsvirinə fr. “LHOOQ rasée” (taraş etmiş LHOOQ) yazmaqla hazırladığı təsvir orijinal "L.H.O.O.Q."a istinad edən təsvir ikinci nəsil variantlarındandır.[32]
Düşanın parodiyası əsasında 1942-ci ildə Frensis Pikabia tərəfindən yaradılmış "Tableau Dada Par Marcel Duchamp" (Marsel Düşan üçün dadaist səhnə) adlı əsər "Mona Liza"nın təfsirlərinin ikinci nəslinə aiddir.[33] 1954-cü ildə Düşanın "L.H.O.O.Q."-na istinad edən Salvador Dali, Filipp Halsmenlə birlikdə "Mona Liza"ya oxşar avtoportretini yaratmışdır.[2][33][34] 1958-ci ildə İslandiya rəssamı Erro Dalinin "Un Chien Andalou" əsərindən də istifadə etməklə öz versiyasını yaratmışdır. Fernand Leger və Rene Maqrit kimi müasir sənət ustaları da öz ikonoqrafiyalarını tətbiq etməklə "Mona Liza"nın yeni versiasını yaratmışlar.[2] Parodiyaların heç biri "Mona Liza"nı tənqid etməmiş, əksinə oun məşhurluğunu daha da artırmışdır.[2] Düşanın bığlı "Mona Liza"sı sonrakı dövrdə də imitasiyalar üçün ilham mənbəyi olmağa davam edir. Müasir konseptual sənətkar Subod Qupta 2009-cu ildə yaratdığı "Et tu, Duchamp?" adlı əsərində Düşanın "L.H.O.O.Q." əsərinin üç ölçülü tunc heykəl formasını yaratmışdır.[35]
"Mona Liza"nın Nyu-Yorkda sərgiləndiyi dövrdə radio aparıcısı Brüs Morrou reklam tədbiri keçirmişdir. Ən Yaxşı Mona Liza yarışmasında iştirak üçün 70.000 müraciət edilmiş, Salvador Dali isə qalibin seçilməsində iştirak etmişdir.[36] Əsərin ilk dəfə ABŞ-də təqdim edilməsindən sonra, 1963-cü ildə Endi Uorhol pop-art stilində bir neçə skrin-print hazırlamışdır.[37] "Mona Liza (İki dəfə)", "Dörd Mona Liza" və "Otuz birdən yaxşıdı" adlı əsərlərində Uorhol təsvirin olduğu kimi təkrarlanması metodundan istifadə etmişdir. 1959-cu ildə "Mona Liza on iki yaşında" əsərini çəkmiş Fernando Botero 1963-cü ildə özünün imza stilinə çevirdiyi və fiqurun qeyri-proporsional kök təsvirinə əsaslanan Boterizm stilində "Mona Liza"nın daha bir versiyasını işləmişdir. "Mona Liza" həm də müasir incəsənətin Casper Cons və Robert Rauşenberq kimi parlaq simaları tərəfindən istifadə edilmişdir.[2]
"Mona Liza"nın rəqəmlərlə rəsm versiyasını rəssam Süzanna Leysi 1977-ci ildə yazıdğı "Mona Liza ilə səyahət" adlı səfərnaməsində çəkmiş, Avropa və Mərkəzi Amerikanın əsas görməli yerlərində əsəri işləyərək sənədləşdirmişdir.[33] 1980-ci illərdən XX əsrin sonlarına kimi "Mona Liza" yeni nəsil rəssamlar arasında istəklə işlənən təfsir mövzularından biri olmaqda davam etmişdir. 1980-ci illərdə məşhurlaşmış Jan-Mişel Baskiya və Kit Harinq kimi küçə rəssamları "Mona Liza"nı öz stillərinə uyğunlaşdıraraq "Federal Reserve Note" və "Apocalipse 7" əsərlərini yaratmışlar. Diyircəkli qələm rəssamlığı pionerlərindən olan Lenni Meys 1993-cü ildə "Pilot" şirkətinin sifarişi ilə "Mona a'la Mace" adlı replika yaratmışdır.[38][39] Henri Matissin nəticəsi olan rəssam Sofi Matiss 1997-ci ildə çəkdiyi Mona Liza (Beş dəqiqəyə gəlirəm) (ing. “Monna Lisa (Be Back in Five Minutes”) adlı əsərində "Mona Liza" ya istinad etmişdir.[40]
Böyük Britaniya küçə rəssamı Benksi XXI əsrin ilk onilliyində əlində raket tutmuş "Mücahid Mona Liza" və ona baxan arxası açıq izləyici təsvir etmişdir.
"Mona Liza"nın ikonik üzü illər ərzində hədiyyə kartlarından soyuducu maqnitlərinə kimi demək olar hər şey üzərində çap edilmiş[41], dəb və səhayət sənayelərində geniş istifadə edilmiş, dəfələrlə müxtəlif jurnal üzlərində çap olunmuşdur.[2] Leonardo da Vinçiyə aid edilən dahi statusu əsər ətrafında mistikanın yaradılmasına əsas verən faktorlardan biri kimi dəyərləndirilir.[42] Da Vinçinin orijinal "Mona Liza"sının gözləri Den Braunun "Da Vinçi şifrəsi" romanının üz qabığında istifadə edilmişdir.[2] Roman əsasında çəkilmiş və 2006-cı ildə çıxarılmış eyni adlı filmin tizer-treylerində də "Mona Liza" portreti görünür, əsərin filmdə istifadə olunmuş replikası isə süjet xəttində kiçik rol oynayır. Vermeyerin "Mirvari sırğalı qız" əsəri ilə yanaşı "Mona Liza" müasir dövrün ən çox replikası hazırlanan əsəridir. XVI əsrin əvvəllərindən başlayaraq müntəzəm olaraq yaradılan çoxsaylı replika və reproduksiyalar məntiqi dairəni təsvir edir; məşhurluğuna görə əsər əyləncə sənayesndə geniş istifadə olunur və bu da onun məşhurluğunu daha da artırır.[2]
"Mona Liza" və digər Qərb şah əsərlərinin kontrafakt istehsalı kustar sənaye üsuluna çevrilmişdir. Avropa və ABŞ bazarındakı tələbatı təmin etmək üçün Çin rəssamları məşhur Qərb şah əsərlərinin yüzlərlə replikalarını hazırlayırlar və "Mona Liza" ən məşhur tələblər arasındadır. Dar studiyalarda və ya uşaqların da yaşadığı evlərində çalışan həmin rəssamlar bir həftədə bir neçə yüz ABŞ dolları qazanır, onların çəkdiyi əsərlər isə poçtla sifariş sistemi vasitəsilə satılır.[1] Qədim ustadların əsərlərinin əllə reproduksiyalarının hazırlanması gəlir qazanmağa imkan verməklə yanaşı, həm də rəssamlıq texnikasını təkmilləşdirməyə şərait yaradır.[1]
"Mona Liza"nın ən geniş yayılmış satirizasiya variantları arasında Milad üçün qırmızı Santa papaqlarının əlavə edilməsi[43] və ya Düşanın etdiyi kimi bığ çəkilməsidir. Digər məşhur variant isə "Mona Liza"nın başının Betti Bup kimi animasiya personajlarının başı ilə əvəz edilməsidir.[41] Böyük Britaniya rəssamı Keralayn Şotton 2007-ci ildə "Great Moo-sters" adlı rəsmlər yaradaraq klassik əsərlərin əsas qəhrəmanlarını inək kimi təsvir etmişdir. Rəssam bildirir ki, "Mona Liza" haqqında sənədli filmə baxarkən belə əsərlər seriyası yaratmaq haqqında fikirləşmişdir. İnək motivinə əsaslanan rəssam əsərlərin adlarında da dəyişiklər etmiş, beləcə "Mona Liza" "Muu-na Liza"ya çevrilmişdir.[44]
2003-cü ildə çıxarılmış "Elf" adlı filmdə Baddi adlı personaj Şimal qütbündə Santa-Lend inşa edərkən "Mona Liza" eskizi də çəkir. 2008-ci ildə çıxarılmış "Horton" adlı cizgi filmində Mer Ned MakDodd yeganə oğluna Jojo ailəsinin rəsm qalereyasını göstərir ki, buradakı əsərlərdən birində personajın nənəsi "Mona Liza" kimi təqdim olunur. 2015-ci ildə çıxarılmış "Mənim kiçik ponim: Ekveztriyadan olan qızlar. Dostluq oyunları" adlı filmdə Pinki Pay və Flutterşi adlı personajlar üzərində "Mona Liza" təsvir edilmiş tort bişirirlər.
"Mona Liza" təsvirləri bəzən birbaşa və ya dolayısıyla müasir tədbirləri şərh etmək üçün vasitə kimi istifadə edilir.[42] Leonardo da Vinçi və ya İntibah incəsənəti ilə bağlı sərgilərin təbliği üçün "Mona Liza" təsvirlərindən geniş istifadə edilir.
2009-cu idə Çindən olan zinətli əşyalar kolleksiyaçısı "Mona Liza" portretini qiymətli daş-qaşlardan yığmşdır. 30 il ərzində toplanmış 100.000 karatlıq müxtəlif rəngli daşlardan portretin hazırlanmasına 5 il sərf edilmişdir. Yekun əsər Şenyan şəhərindəki ticarət mərkəzlərindən birində ictimayətə təqdim edilmişdir.[45] 2010-cu ildə sənətkar Kristen Kaminqs 10.000 əsəd marmelad istifadə edərək "Marmelad Mona" adlı əsərini yaratmışdır. Bundan sonra Kaliforniyadan olan marmelad istehsalçısı həm məhsullarını reklam etmək, həm də kolleksiyasını zənginləşdirmək üçün səkkiz şah əsəri belə təsvir edən kolleksiya yaratmağı sifari etmişdir. Kolumbusdakı Elm və Sənaye Mərkəzi seriyanı 2012-ci ildə baş tutmuş sərgidə təqdim edilməyə layiq hesab etmişdir.[46]
2011-ci ildə rekord qırmaq üçün Nyu-Hempşirdən olan Endryu Nikols "Mona Liza"nın dünyada ən kiçik replikasını çəkmişdir. 70:1tezliyində yaradılmış əsər 7/11 mm ölçüyə malikdir. Bu əsər KİV-də marağa səbəb olsa da, onun həqiqətən də rekord qırması haqqında məlumat qeyd edilməmişdir. 2013-cü ildə Corciya Texnologiya İnstitutunun tələbəsi Keyt Kerrol əsərin "Mini Liza" adlı daha kiçik versiyasını yaratmışdır. Əsər, termokimyəvi nanolitoqrafiya adlı yeni elmi texnikanın nümayiş etdirilməsi üçün yaradılmışdır. "Mini Liza" cəmi 30 mikrometr ölçüyə malikdir.[47]
2011-ci ildə Floridanın Deytona-Biç şəhərindən olan tələbələr sahildə yığılmış su bitkiləri qalıqlarını istifadə edərək "Mona Liza" təsviri yaratmışlar. Tullantıları sənət işinə çevirmək üçün iki tələbəyə təxminən bir saata yaxın vaxt lazım olmuşdur. Onların yaratdığı təsvir tədricən yuyulmuş və KİV-də yayılmış fotolardan başqa bir şey qalmamışdır.[48]
Portuqaliya dizayneri Lui Silva 2012-ci ildə qadınlara qarşı zorakılığa qarşı kompaniya üçün hazırladığı afişada "Mona Liza"nı kədərli gözlər və tutqun mimika ilə təsvir edərək "Onun gülüşü olmadan yaşaya bilərsizmi?" yazmışdır.[49]
Kompüter erasının başlaması "Mona Liza"nın çoxsaylı nüsxələrinin yaradılması üçün yeni imkanlar vermişdir. Kompüterin ana lövhə versiyaları ilə yanaşı[50], mozaika hazırlama texnikaları da yeni versiyaların işlənməsində tətbiq edilən əsas motivlərdən biridir.[46] Rənglər və ölçüləri avtomatik analiz edərək mozaika yaradan ing. Simultaneous Multi-compare Adaptive Rendering Technology (SMART) texnologiyasının təbliğ edilməsi üçün[51] 2012-ci ildə "Mona Liza"nın təsadüfi yığılmış fotolardan dijital foto mozaika versiyası yaradılmışdır.[52]
Kanadalı sənətkar Robert MakKinnon Fransa rəssamı İnvayderin "Rubik's Cubism" effektini təkrarlayaraq kompüter fayllarını yüksək pikselləşdirməklə əldə etdiyi nəticədən 36x48 inç ölçülü "Mona Liza" mozaikası yığmışdır. Oxşar şəkildə mozaikanın yaradılması üçün həm də rəngli Lego kərpiclərindən istifadə edilmişdir.[53] 2011-ci ildə Luisvill, Kentukkidəki Frazier Tarix Muzeyində keçirilmiş "Da Vinçi, Dahi" (Da Vinci, The Genius) adlı sərgi Lego sənətkarı Brayan Kortenin yaratdığı "Mona Liza" ilə diqqət çəkmişdir.[42] Brik-art adlandırılan Erik Harşbarger kimi Lego inşaatçıları[5] "Mona Liza"nın çoxsaylı replikalarını yaratmışlar.[54][55][56]
2009-cu ildə Avstraliyanın Sidney şəhərində keçirilən festival zamanı səkkiz nəfərlik qrup üç saat ərzində 3.604 fincan qəhvədən "Mona Liza" portretini yığmışdır. Bu zaman mozaika eggekti qəhvəyə süd əlavə edilməsi və ya boş fincana quru qəhvə tökülməsi ilə əldə edilmişdi. Nəticədə əldə edilmiş iş "Mokka Liza" adlandırılmışdır.[57][58] Çörək tostlarından əsərlər yaratmaqla məşhurlaşmış Moris "Tostmen" Bennet də "Mona Liza"nın mozaik təsvirini yığmışdır. 2010-cu ildə Honkonqda keçirilənfud-art festivalı zamanı həmin mozaikanın hazırlanması üçün Bennet 6.000 dilim çörək tostundan istifadə etmişdir.[59]
KİV-də "Mona Liza"nın müxtəlif təsvirlərinin tez-tez işıqlandırılması Leonardonun özünə olan etibarsızlıq və onun ilhamlandırılan intirqası ilə əlaqələndirilir.[50]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.