From Wikipedia, the free encyclopedia
Lolita dəbi (ロリータ・ファッション, Rorita faşşon?) – Viktoriya dövrünün dəbindən və rokoko elementlərindən təsirlənən Yaponiya altmədəniyyəti.[1][2][3][4][5][6] Lolita dəbinin əsas fərqləndirici xüsusiyyəti şirinlik estetikasıdır.[7][8] Lolita dəbinin 3 əsas stili var: qotik, klassik və şirin.[3][9] Bunlardan əlavə, dəbin başqa stilləri də mövcuddur: dənizçi, kənd, şahzadə, erotik, qrotesk, qi və va, pank, şiro (ağ), kuro (qara), stimpank və s. Lolita dəbi Yaponiyada 1990 və 2000-ci illərdə inkişaf etmişdir.[10][11][12][13][14]
"Lolita" termini ilk dəfə "Ryukou Tsushin" dəb jurnalının 1987-ci il sentyabr buraxılışında peyda olmuşdur.[10] Terminin mənşəyi Vladimir Nabokovun "Lolita" romanı ilə bağlıdır.
Lolita dəbinin mənşəyi dəqiq məlum deyil. 1970-ci illərin sonunda "otome" adlı yeni mədəniyyət ortaya çıxmışdı və bu mədəniyyət lolita dəbinə böyük təsir göstərmişdir. Otomenin ortaya çıxmasından öncə - 1970-ci illərin əvvəllərində kavaii mədəniyyəti yaranmışdır. "Sanrio" şirkəti kavaii paltarlar dizayn edərək onu daha da populyarlaşdırmışdır.[15][16][17] 1980-ci illərdə kavaii mədəniyyəti öz populyarlığının zirvəsinə çatmışdı.[18][19] Otome mədəniyyətindən sonra ortaya çıxan kukla stili lolita dəbinin sələfi olmuşdur.[20][21]
1977-98-ci illərdə Haracuku bölgəsi bazar günləri nəqliyyata bağlı olduğu üçün Haracukuda piyadalar arasında interaksiyalar artmışdı.[22] Pink House,[10][23] Milk,[10] Angelic Pretty[24] kimi brendlər kavaii paltarlar satmağa başladıqdan sonra yeni stil ortaya çıxmış və bu stil "lolita" adlanmışdır.[25] Bundan sonra "Baby", "The Stars Shine Bright",[26] "Metamorpho temps de fille"[27] kimi yeni brendlər lolita modasını inkişaf etdirmişdir. "Malice Mizer" kimi musiqi qrupları lolita dəbini daha da populyarlaşdırmışdır.[26] 1990-cı illərdə Yaponiyada baş verən iqtisadi böhran müxtəlif altmədəniyyətlərin yayılmasına təkan vermişdir. Lolita dəbi Kansay regionundan digər regionlara yayılmış və Tokioya çatmışdır.
1990-cı illərin axırlarda Haracuku körpüsü lolita dəbi fanatlarının görüş yerinə çevrilmişdir.[10][28][29][30] Bu dövrdə "Gothic & Lolita Bible" (2001), "KERA" (1998) və "Fruits" (1997) lolita jurnalları ortaya çıxmışdır.[31][32] Bu jurnalların ingiliscə versiyalarının nəşr olunması lolita dəbinin digər ölkələrə də sıçramasına səbəb olmuşdur. İnternetin yayılması və lolita brendlərinin Paris, Nyu-York kimi şəhərlərdə dükanlar açması lolita dəbini xaricdə də məşhurlaşdırmışdır.[14][33]
2010-cu illərdən etibarən "Fruits" kimi jurnalların nəşrinin dayanması və küçə dəbinə olan marağın azalmasına görə lolita dəbi populyarlığını itirməkdədir.[34][35]
Yukari Tamura, Mana və Novala Takemoto kimi şəxslər lolita dəbini populyarlaşdırmışdılar. Novala 2002-ci ildə "Kamikaze qızları" adlı roman yazmışdır.[11][36] Roman Momoko adlı lolita qızın məhəbbətindən bəhs edir. Roman əsasında film[11][37][38][39][40] və 2004-cü ildə manqa istehsal olunmuşdur. Mana isə qotik lolita üslubunu populyarlaşdırmışdır.[5] "Malice Mizer" rok qrupunun musiqiçisi olan Mana 2002-ci ildə "Moi Dix Mois" qrupunu da qurmuşdur. Hər iki qrup da lolita dəbinin populyarlaşmasına töhfələr vermişdir. 1999-cu ildə isə qotik lolita dəbində olan geyimlər istehsal edən "Moi-même-Moitié" brendini qurmuşdur.[41][42][43][44]
Yaponiya hökuməti də lolita dəbini yaymağa çalışmışdır. Yaponiyanın Xarici İşlər Nazirliyi 2009-cu ilin fevralında müxtəlif şəxslərə "kavaii səfir" titulu verərək yapon populyar mədəniyyətini yaymaq istəmişdir.[45] Belə səfirlərdən biri olan Misako Aoki lolita dəbini təmsil etmişdir.[46][47] Lolita dəbini populyarlaşdırmaq üçün Haracukuda beynəlxalq gəzintilər keçirilmişdir.[48]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.