Azərbaycanlı dövlət xadimi From Wikipedia, the free encyclopedia
Camo bəy Hacınski (tam adı: Camo bəy Süleyman bəy oğlu Hacınski; 14 iyun 1888, Quba – 1942, Sibir) — Azərbaycan Xalq Cümhuriyyətinın 4-cü və 5-ci hökumət kabinetlərində poçt və teleqraf naziri, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, ictimai-siyasi və dövlət xadimi, teatr tənqidçisi və sənətşünas.[1] Bəzi mənbələrdə Azərbaycan himninin sözlərinin müəllifi kimi göstərilir.[2]
Camo bəy Hacınski | |
---|---|
14 mart 1919 – 1 aprel 1920 | |
Əvvəlki | vəzifə təsis olunub |
Sonrakı | vəzifə ləğv olunub |
28 may 1918 – 17 iyun 1918 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | vəzifə ləğv olunub |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 iyun 1888 |
Doğum yeri | |
Vəfat tarixi | 1942 |
Vəfat yeri | |
Vəfat səbəbi | siyasi repressiya |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Dini | islam |
Vikianbarda əlaqəli mediafayllar |
Camo bəy Süleyman bəy oğlu Hacınski 1888-ci ilin iyunun 14-ü Qubada doğulmuşdur.[3] O, ictimai-siyasi xadim Mehdi bəy Hacınskinin kiçik qardaşıdır. Gənc yaşlarında Bakıya köçən Camo bəy burada gimnaziya təhsili almışdı. Gimnaziyanı bitirib 1907-ci ildə Bakıda rus dilində nəşr olunan "Kaspi" qəzetində müxbir kimi fəaliyyətə başlamışdı və bu qəzetlə əməkdaşlığını 1915-ci ilədək davam etdirmişdi. 1914-cü ildə Peterburq Universitetinin Hüquq fakültəsini bitirən Camo bəy Hacınski sonralar İqtisadçı ixtisasına da yiyələnmişdi.[1]
Camo bəy 1915-ci ilin dekabrından 1917-ci ilin aprelinədək Batum vilayətində Dənizkənarı rayonda Birinci dünya müharibəsində zərərçəkənlərə yardım göstərmək məqsədilə yaradılmış Müsəlman Qaçqın Komitəsinin müvəkkili vəzifəsində çalışmışdı.
O, "Nicat" Mədəni-Maarif Cəmiyyətinin işində də iştirak edirdi. 1916-cı ildə Müsəlman Dram Cəmiyyətinin, 1917-ci ildə isə Azərbaycan Arxeoloji Cəmiyyətinin yaradıcılarından biri olmuşdu.[mənbə göstərin]
Camo bəy Hacınski 1917-ci ilin aprelində Rusiya Müvəqqəti Hökumətinin Zaqafqaziya Komitəsinin vəkili təyin edilmiş, həmin ilin iyulunadək bu vəzifədə çalışmışdı. İyul ayında isə Zaqafqaziya Kəndli Deputatları İcraiyyə Komitəsinin sədr müavini seçilmiş və oradan nümayəndə kimi Rusiya Məclisi-Müəssisanına yeni seçkilər üzrə Zaqafqaziya Mərkəzi Komissiyasının sədri vəzifəsinə göndərilmişdi.
Hacınski 1918-ci ildə "Türk yurdu" Cəmiyyətində Azərbaycan incəsənətindən mühazirələr oxuyur, dövrü mətbuatda "qubalı" imzası ilə yazılar da dərc etdirirdi. O, Üzeyir Hacıbəyovun əsərlərinin tamaşaları, həmçinin Nəcəf bəy Vəzirovun və başqalarının da yaradıcılığı barədə məqalələr, resenziyalar yazırdı. 1919–1920-ci illərdə "Milli nəğmələr" adlı şeirlər kitabını nəşr etdirmişdi. Həmçinin, "Milli nəğmələr" kitabçalarında şerləri çap edilmişdir (1919-20).[4]
Camo bəy Hacınski 1918-ci ilin fevralında Zaqafqaziya Seyminin "Müsəlman fraksiyası"nın üzvü seçilmişdi. O, həmin il fevralın 28-də Seym tərəfindən təsdiq edilmiş "Müsəlman Sosialistlər Bloku"na daxi idi. 1918-ci il mayın 26-da seym buraxıldıqdan sonra isə 1918-ci il mayın 27-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü olmuşdur. Hacınski 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası tərəfindən qəbul olunmuş İstiqlal Bəyannaməsinə səs verən 26 nəfər deputatdan biri idi.[1]
1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan olunduqdan sonra Fətəli xan Xoyskinin başçılığı ilə yaradılan birinci milli hökumət kabinetində sosialist Camo bəy Hacinski dövlət müfəttişi vəzifəsini yerinə yetirmişdi. Həmin il iyunun 17-də Fətəli xan Xoyskinin 1-ci hökumət kabineti istefaya gedəndə Camo bəy də tutduğu vəzifəsini tərk etmişdi.
1918-ci il dekabrın 7-də Bakıda Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin təntənəli açılışı oldu. Həmin vaxt Camo bəy Hacınski Azərbaycan Milli Şurasının 1918-ci il 19 noyabr tarixli "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanuna" əsasən Parlamentin tərkibinə daxil edilmişdi. Camo bəy Parlamentin 4-cü "Sosialistlər fraksiyası"nda təmsil olunurdu. Fraksiyaya 13 nəfər daxil idi. Hacınskinin adı Parlamentə təqdim oxunuşunda 13 nəfərin içərisində sayca 6-cı çəkilirdi. Camo bəy Hacınski Parlamentdə Maddi-Ləvazimat Komissiyasının üzvü idi. O, Parlamentin elə ilk iclaslarından təqdim olunan qanun layihələrinin müzakirələrində bir qayda olaraq özünü fəal, təşəbbüskar deputat kimi göstərirdi. Məsələn, Parlamentin 1918-ci il tarixli ikinci iclasında intizamı pozan millət vəkilləri haqqında belə bir təkliflə çıxış etmişdi :
.... Parlament iclasına gəlməyən deputatlara həmin günün əmək haqqı verilməsin |
Hacınski Azərbaycan Xalq Cümhuriyyətinin birinci hökumət kabinəsində dövlət nəzarətçisi vəzifəsini icra etmişdi.[3] 1919-cu il martın 14-də Azərbaycan Cümhuriyyətinin 4-cü hökumət kabineti təşkil olundu. Bu kabinetdə Aslan bəy Səfikürdskinin ədliyyə və əmək naziri təsdiq edilməsilə əlaqədar poçt və teleqraf naziri vəzifəsinə Parlamentdəki "Sosialistlər fraksiyası" nın üzvü Camo bəy Hacınski təyin olundu. Camo bəy Hacınski Nəsib bəy Yusifbəylinin 5-ci hökumət kabineti dövründə də poçt və teleqraf naziri vəzifəsini tutmuş və bu vəzifədə 1920-ci il aprelin 9-dək fəaliyyət göstərmişdi.
1920-ci ilin aprelində hökumət böhranı zamanı Nəsib bəy Yusifbəylinin 5-ci kabinetinin üzvləri istefaya getdikdən sonra Parlament yeni hökuməti təşkil etməyi Məhəmməd Həsən Hacınskiyə həvalə etmişdi. Bu zaman "Sosialistlər fraksiyası" yeni yaradılacaq hökumətdə daxili işlər naziri vəzifəsinə Camo bəy Hacınskinin namizədliyini irəli sürmüşdülər.[1]
1920-ci il 27–28 aprel "hadisələrindən" sonra Camo bəy Hacınski Azərbaycan SSR Xalq Ədliyyə Komissarlığında İnzibati-Maliyyə Şöbəsinin rəisi təyin olunmuşdu (Sovet hakimiyyətinin Camo bəy kimi kadrlara ilk vaxtlar xüsusilə böyük ehtiyacı vardı). Hacınski bir müddət həmin vəzifədə işləmiş və ona hələ toxunmamışdılar. Bu vəzifədə çalışarkən Camo bəy Hacınski mədəniyyət və maarif sahəsində də fəaliyyətini dayandırmamışdı. O, Azərbaycan Tətbiq və Təbiət Cəmiyyətinin işində yaxından iştirak etmiş, qədim mədəniyyət abidələrimizin qorunması məsələləri ilə də məşğul olmuşdu. Keçmişinə görə təqsirləndirlən Camo bəy 1922-ci il aprelin 7-də Azərbaycan FK əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində bir qrup "eser" (sosialist) içərisində həbs olundu. Azərbaycan SSR Fövqaladə Komissiyasının operativ hissəsinin əməkdaşı Morozun imzaladığı informasiyada bildirilirdi:
Aprelin 7-dən 8-nə keçən gecə Bakıda 51 nəfər, Bakıdan kənarda isə 17 nəfər eser həbs edilmişdir. Həbs edilənlərdən artıq 15 nəfəri dindirilimşdir... |
İlkin dindirilənlər arasında Camo bəy Hacınski də vardı. 1922-ci il mayın 29-da Azərbaycan FK-nın müvəkkili Valik onu yenidən dindirmişdi.
1922-ci il dekabrın 10-da Camo bəy Hacınskiyə və onun məsləkdaşı sosialist Aslan bəy Səfikürdskiyə 3 il həbs cəzası kəsdilər. Moskvanın Butırski və Çelyabinskdəki həbs düşərgələrində 3 illik əzablı məhbəs həyatından sonra, onu SSRİ-nin şimalına Arxangelsk vilayətindəki Ağ dənizdə yerləşən Solevetski (əsası 1919-cu ildə qoyulmuşdu, dünyanın ilk konslagerlərindən biri sayılır) həbs düşərgəsinə göndərmişdilər. Camo bəy Hacınskinin Solevetski həbs düşərgəsinin ilk məhbuslarından saymaq olardı.[1]
1928-ci ilin iyun ayında azad olunan Camo bəy Bakıya qayıtmış, həmin ilin iyulundan Azərbaycan Kəndə Təsərrüfatı Kooperasiyası İttifaqında ("Göybirliyi") əvvəlcə Plan Şöbəsinin katibi, sonra isə müdiri olmuşdu. Camo bəy Hacınski 1938-ci ilin payızınadək daha başqa vəzifələrdə, o cümlədən 1933-cü il noyabrın 1-dən "Azərittifaq" sistemində çalışmışdı. 1934-cü il noyabrın 6-dan Sənaye Kooperasiyasında baş məsləhətçi vəzifəsinə təyin edilmişdir. Bu vəzifədə 1937-ci il yanvarın 7-dək xidmət göstərmişdi. Sonuncu tarixdən həmin vəzifə ixtisara düşdüyündən C. Hacınski işsiz qalmışdı. Ən azı həm də ona görə ki, 1937–1938-ci illər bütün ölkədə repressiyasının tüğyan etdiyi bir dövr idi.[1]
C. Hacınski əslən Tiflisdən olan Mariya Pavlovna ilə ailə qurmuşdu. Öz adını oğlu Camoya vermişdi. Oğlu Camo 1926-cı il mayın 2-də Ukraynanın Poltava şəhərində dünyaya gəlmişdi. Mariya xanım 1983-cü ildə Bakıda dünaysını dəyişmişdi. Oğlu Camo isə görkəmli tarixçi-alim, tarix elmləri doktoru, professor olmuşdu. O, uzun illər Bakı Ali Partiya Məktəbində Sov. İKP tarixi kafedrasının müdiri və həmin məktəbin prorektoru vəzifələrində çalışmışdı. Baba Camonun iki nəvəsi – Emin və Nigar bu gün Bakıda yaşayırlar. Emin hazırda Bakı Dövlət Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində çalışır.[1]
1937-ci ildə Camo bəy Hacınski yenidən həbs olundu. Həmin il oktyabrın 25-də müstəntiq Martirosov Camo bəyi sorğu-suala tutmuşdu. 1938-ci il mayın 21-də Camo bəy yenidən dindirilmişdi. Ona qarşı belə bir ittiham irəli sürülürdü ki, guya o, Moskvadan gəlmiş fəal eser Osintsev tərəfindən Azərbaycanda yaradılan gizli eser təşkilatının üzvü imiş. 1938-ci il noyabrın 24-də Camo bəy Hacınskini cəzaçəkmə yerinə, bu dəfə Moskvaətrafı Kirov vilayətinə sürgün etdilər. Sonra isə oradan Sibirə göndərdilər. Camo bəy 1942-ci ildə Sibirdə vilayətnin Vyatka xüsusi həbs düşərgəsində vəfat etmişdi. Dünyanı dəyişən zaman 44 yaşı var idi.
Camo bəy Hacınski 1956-cı il iyunun 13-də bəraət almışdı. Belə ki, SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının 1956-cı il 26 iyun tarixli 1878 nömrəli qərarı ilə ona bəraət verilmişdi. Bu haqda oğlu Camo Hacınskiyə xüsusi kağız (bəraət haqqında arayış) göndərilmişdi. Arayışda bildirilirdi ki, SSRİ Ali Məhkəməsinin Zaqafqaziya Hərbi Dairəsinin Hərbi Kollegiyasının Camo bəy Süleyman bəy oğlu Hacınski və onun məslək yoldaşı Firuz bəy Ordubadski barədə çıxardığı 3 dekabr 1938-ci il tarixli cinayət tərkibi olmayan hökmü ləğv edilmiş və onlar bəraət almışlar.[1]
Camo bəy Hacınski yanlışlıqla Cəmo bəy Cəbrayılbəyli ilə səhv salınaraq bəzi iddialara əsasən Azərbaycan himninin sözlərinin müəllifi kimi göstərilir. Belə ki, çoxsaylı iddialar və araşdırmalar himnin sözlərinin müəllifi kimi tanınmış şair Əhməd Cavadın göstərilməsini bir səhv kimi qəbul edir. Azərbaycan Respublikasının Əməkdar müəllimi, türkoloq Nazim Nəsrəddinov qeyd edir ki, Camo bəy Hacınski ümumiyyətlə şeir yazmayıb. Cəmo Cəbrayılbəyli isə şeirlərini "Camo" yox, məhz "Cəmo" təxəllüsü ilə yazırdı deyə müəllif Əhməd Cavad deyil, məhz C. Cəbrayılbəylidir.[5]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.