Amerikalı müğənni-mahnı yazarı (2001–) From Wikipedia, the free encyclopedia
Billi Ayliş Payret Beyrd O'Konnell (ing. Billie Eilish Pirate Baird O'Connell; 18 dekabr 2001[3][4][…], Los-Anceles, Kaliforniya) — amerikalı müğənni-mahnı yazarı. 2015-ci ildə qardaşı Finneas O'Konnellin yazıb prodüserlik etdiyi "Ocean Eyes" sinqlı ilə dinləyicilərin rəğbətini qazanıb. Onun 2017-ci ildə buraxdığı ilk mini-albomu "Don't Smile at Me" maraqla qarşılanıb və ABŞ, Birləşmiş Krallıq, Kanada və Avstraliya daxil olmaqla bir sıra ölkələrdə ilk 15-də yer alıb.
Billi Ayliş | |
---|---|
ing. Billie Eilish | |
Ümumi məlumatlar | |
Doğum adı | Billie Eilish Pirate Baird O'Connell[1][2] |
Doğum tarixi | 18 dekabr 2001[3][4][…] (22 yaş) |
Doğum yeri | |
Anası | Meqqi Beyrd |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni-mahnı yazarı, müğənni, bəstəkar, rəqqasə |
Fəaliyyət illəri | 2015-ci ildən |
Janrlar | elektropop[d][5], indi-pop[5], alternativ pop[d] |
Musiqi alətləri | gitara, ukulele, klavişli alət[d] |
Səs tembri | soprano[6] |
Albom şirkətləri | Darkroom[d], Interscope Records |
Mükafatları | |
billieeilish.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Billi Aylişin 2019-cu ildə yayımladığı debüt studiya albomu olan "When We All Fall Asleep, Where Do We Go?" ABŞ Billboard 200 və Birləşmiş Krallıq albomlar hit-paradında birinci pilləyə yüksəlib. Sözügedən albom "Bad Guy" sinqlının şöhrəti nəticəsində 2019-cu ilin ən çox satılan albomlarından birinə çevrilib. Növbəti il o, Ceyms Bond filmi "Ölməyə vaxt yoxdur" üçün qardaşı ilə mahnı yazıb ifa etmişdir. Həmin mahnı Birləşmiş Krallıq sinqllar hit-paradında birinci yerə çatıb. Eyni zamanda ona 2022-ci ildə "Oskar" mükafatı qazandırıb. Billi Aylişin sonrakı sinqlları "Everything I Wanted", "My Future", "Therefore I Am" və "Your Power" ABŞ və Birləşmiş Krallıq hit-paradlarında ilk 10-luğa daxil olub. Onun 2021-ci ildə buraxdığı ikinci studiya albomu "Happier Than Ever" 25 ölkədə bir nömrə olub. Onun 2023-cü ildə "Barbi" filmi üçün yazdığı "What Was I Made For?" Birləşmiş Krallıqda birinci yerə çıxıb. Billi Ayliş üçüncü studiya albomu olan "Hit Me Hard and Soft"-u 17 may 2024-cü il tarixində buraxıb.
Billi Ayliş yeddi "Qremmi", iki "Amerika musiqi mükafatı", iki "Ginnesin Rekordlar Kitabı", üç "MTV video musiqi mükafatı", üç "Brit" mükafatı, bir "Qızıl Qlobus" mükafatı və bir "Oskar" mükafatı da daxil olmaqla xeyli sayda mükafata layiq görülüb. O, Time jurnalının 2019-cu ildə tərtib etdiyi "Time 100 Next" və 2021-ci ildə "Time 100" siyahısında yer alıb.[7] Amerika Səsyazma Sənayesi Birliyi (RIAA) və Billboard-a görə Ayliş 2010-cu illərin ən uğurlu sənətçilərindən biridir.
Billi Ayliş Payret Beyrd O'Konnell 18 dekabr 2001-ci ildə Los-Anceles şəhərində anadan olub. Aktrisa, müəllim Meqqi Beyrd və aktyor Patrik O'Konnellin qızıdır.[8] Ayliş irland və şotland əsillidir[9] və süni mayalandırma yolu ilə əmələ gəlib.[10] O, Los-Ancelesin Haylend-Park məhəlləsində boya-başa çatıb.[11][12]
Ayliş və qardaşı Finneas, anası tərəfindən evdə təhsil aldı, valideynləri onlara vaxt keçirmək və maraqlarını həyata keçirmək azadlığı vermək qərarına gəldi.[13] Meqqi Beyrd, Ayliş və Finneasa mahnı yazmağın əsaslarını öyrətdi.[14] Ayliş qardaşı və anasının onu musiqi ilə məşğul olmağa ruhlandırdığını söylədi. Valideynləri bacı-qardaşları özlərini ifadə etməyə və istədikləri hər şeyi, o cümlədən sənət, rəqs və aktyorluğu kəşf etməyə təşviq etdilər.[15][16] Ayliş istedad şoularında da çıxış etdi və səkkiz yaşında Los-Anceles Uşaq Xoruna qoşuldu.[16][17][18] Altı yaşında ukulele çalmağa başlayıb. İlk "əsl" mahnısını 11 yaşında anasının mahnı yazma sinfi üçün yazıb. Mahnı zombi qiyaməti haqqında idi və Gəzən ölülər teleserialından ilhamlanaraq yazmışdı.[19][20] Ayliş bəzi aktrisalıq imtahanlarına getmişdi ki, bu da onun xoşuna gəlmirdi.[16] Ayliş 2016-cı ilə qədər rəqs dərsləri də aldı, ayağından zədə aldıqdan sonra rəqs karyerasına son qoydu və diqqətini mahnı yazmağa yönəltdi.[17][21][22]
2015-ci ildə 13 yaşlı Ayliş bir neçə ildir musiqi yazan və prodüserliklə məşğul olan və öz qrupu olan qardaşı Finneas ilə mahnılar üzərində işləməyə başladı.[17][22][23] Birlikdə yazdıqları ilk mahnılar "She's Broken" və "Fingers Crossed" adlanırdı, birincisi Finneas, ikincisi isə Ayliş tərəfindən yazılmışdı. "Biz onları yazdıq və sadəcə əyləncə üçün SoundCloud-da yayımladıq" deyə xatırladılar.[24]
Ayliş 18 noyabr 2015-ci ildə "Ocean Eyes" mahnısını buraxdı. Finneas həm mahnını yazmış, miks etmiş və prodüserlik etmişdir.[17][22][23][25] Finneas ilk olaraq mahnını Slightlys qrupu üçün yazmışdı, lakin Aylişin rəqs müəllimi xareoqrafiya üçün ondan mahnı yazmasını istəyəndə mahnını Aylişə vermək qərarına gəldi.[17][22][26][27] Qardaş-bacı mahnını SoundCloud-da paylaşdı, mahnı iki həftə ərzində bir neçə yüz min dəfə dinləndi. Finneasın meneceri Denni Rukas, Aylişin potensialını müzakirə etmək üçün onunla əlaqə saxladı. Rukasinin fikrincə, o, Finneasın köməyi ilə əhəmiyyətli dərəcədə uğurlar qazana bilərdi.[32]
2016-cı ilin yanvarında Finneas və onun meneceri Aylişə, A&R şirkəti Platoon ilə müqavilə bağlatdı.[15][29][30][15] Meqan Tompsonun rejissorluğu ilə çəkilmiş "Ocean Eyes" klipinin premyerası 24 mart 2016-cı ildə Aylişin rəsmi YouTube kanalında baş tutdu.[33]
Ayliş və Finneas 23 iyun 2016-cı ildə ikinci sinql "Six Feet Under"i SoundCloud üzərindən yayımladı.[34][35] Mahnı üçün evdə hazırlanmış musiqi videosu 30 iyun 2016-cı ildə yayımlandı. Videonun rejissorluğunu Ayliş etmiş, anası Meqqi Beyrd isə montaj etmişdir.[35]
Justin Lubliner 2016-cı ilin avqustunda "Ocean Eyes" mahnısını ilk dəfə eşidəndə Aylişin istedadını görərək ona Darkroom və Interscope Records ilə müqavilə imzalatdı.[28][36] Darkroom və Interscope Records müvafiq olaraq 17 və 18 noyabr 2016-cı il tarixlərində rəqəmsal yükləmə və yayım üçün "Six Feet Under" və "Ocean Eyes" mahnılarını yenidən yayımladı. 2016-cı ilin noyabr tarixində Aylişin YouTube kanalına "Ocean Eyes" üçün rəqs performansı musiqi videosu yükləndi.[37][38][39]
Ayliş 14 yanvar 2017-ci ildə "Ocean Eyes" mahnısı üçün[40] Astronomyy, Blackbear, Goldhouse və Cautious Clay tərəfindən remiks edilmiş dörd trekdən ibarət mini-albom buraxdı və Blu J, Gazzo, Cerri Folk və Aire Atlantica remikslərindən ibarət "Six Feet Under"[41] üçün daha bir mini-albom yayımladı. Ayliş "Ocean Eyes" remikslərinin uğurundan sonra 24 fevral 2017-ci ildə[42] "Bellyache" mahnısını buraxdı, daha sonra mahnının Miles və AJ tərəfindən rejissorluq edilmiş klipi 22 mart 2017-ci ildə yayımlandı.[43] Ayliş ardınca 30 mart 2017-ci ildə Netflix-də nümayiş olunan "13 səbəb" serialının soundtrekinə daxil edilmiş "Bored" mahnısını buraxdı.[44] Daha sonra 26 iyun 2017-ci ildə[45] "Bored" üçün musiqi videosu yayımlandı. Həmin ilin martında Apple Music Aylişi South by Southwest musiqi festivalında çıxış etdirdi.[30][46] Ayliş 30 iyun 2017-ci ildə "Watch" sinqlını buraxdı.[47] O daha sonra 14 iyul 2017-ci ildə başqa bir sinqlı olan "Copycat"i yayımladı[48] və özünün ilk mini-albomu "Don't Smile at Me"nin yaxın zamanda işıq üzü görəcəyini bildirdi.[49] Ayliş bunun ardınca "Idontwannabeyouanymore" və "My Boy" sinqllarını yayımladı.[50][51] Aylişin mini-albomu "Don't Smile at Me" 11 avqust 2017-ci ildə buraxıldı.[52] Mini-albom ABŞ-də Billboard 200 hit-paradında 14-cü sıraya çataraq, hit oldu. Ayliş mini-albomu dəstəkləmək üçün 2017-ci ilin oktyabrı boyunca "Don't Smile at Me" konsert turuna çıxmağa başladı.[53][54] Ayliş 10 noyabr 2017-ci ildə SoundCloud vasitəsilə "Bitches Broken Hearts" mahnısını buraxdı.[55][56][57][58]
Aylişin komandası Spotify ilə işləmiş və onu ən populyar pleylist olan "Today's Top Hits"də tanıtmışdır.[15] Aylişin kommersiya uğuru onun Spotify reklamı ilə genişləndi.[15] Apple Music 2017-ci ilin sentyabrında Aylişi "Yeni ulduz" adlandırdı, daha sonra onun haqqında qısametrajlı sənədli film, canlı ifalardan ibarət mini-albom və Apple Music-də Zane Low[59] ilə edilmiş müsahibə yayımlandı. Həmin ay onun "Up Next Session: Billie Eilish" adlı canlı mini-albom işıq üzü gördü. Ayliş 15 dekabr 2017-ci ildə reper Vins Steypls ilə oxuduğu "&Burn" adlı remiksi buraxdı. Daha sonra bu "Don't Smile at Me" mini-albomuna daxil edildi.[60][61][62][63]
Ayliş 2018-ci ilin fevralında, apreldə başa çatan "Where's My Mind Tour" adlı ikinci konsert turuna başladı.[64] Onun əvvəllər buraxılmış "Bitches Broken Hearts" sinqlını 30 mart 2018-ci ildə bütün dünyada yenidən yayımladı.[65] Ayliş 2018-ci ildə Record Store Day üçün 7 düymlük çəhrayı "Party Favor" vinilini və bunun b tərəfi kimi kanadalı reper Dreykin yazdığı "Hotline Bling" mahnısının kover ifasını təqdim etdi.[66] Aylişin amerikalı müğənni Xalid ilə ifa etdiyi "Lovely" sinqlı 19 aprel 2018-ci ildə buraxıldı və bu mahnı "13 səbəb" serialının ikinci mövsümün soundtrekinə daxil edildi.[67] Daha sonra o, 2018-ci ilin iyulunda "You Should See Me in a Crown" sinqlını buraxdı və[68] həmin ilin iyulunda o, Mo Pop Festivalında çıxış etdi.[69]
Ayliş "When the Party's Over" sinqlının buraxıldığı gün[70] Vanity Fair-in "73 Questions" sorğu anketi video seriyasında yer aldı.[71] O, 2018-ci ilin oktyabrında Next Management ilə istedad müqaviləsi imzaladı.[72][73] O, həmin ilin noyabrında Forbes-in hazırladığı "Forbes 30 Under 30" siyahısına daxil edildi.[74][75] Ayliş 2018-ci ilin noyabrında bayram temalı "Come Out and Play" sinqlını buraxdı.[76] 2019-cu ilin yanvar ayının əvvəlində "Don't Smile at Me" Spotify-da 1 milyard oxumaya çataraq, onu bir layihə üzrə 1 milyard yayım toplayan ən gənc sənətçi etdi.[15] Ayliş həmin ay ilk albomu "When We All Fall Asleep, Where Do We Go"[77][78] üçün "Bury a Friend" sinqlını yayımladı. Daha sonra onun "Roma" filmindən ilhamlanaraq yazdığı "When I Was Older" sinqlı 2018-ci ildə "Music Inspired by the Film Roma" soundtrekinə daxil edildi.[79][80] Ayliş fevral ayında YouTube ilə işbirliyi edərək "A Snippet Into Billie's Mind"[30][81] adlı sənədli mini-serial yayımladı. İlk albomundan dördüncü sinqlı "Wish You Were Gay" 4 mart 2019-cu ildə buraxıldı.[82]
"When We All Fall Asleep, Where Do We Go?" 29 mart 2019-cu ildə buraxıldı.[83][30] Albom Billboard 200 həmçinin Birləşmiş Krallıq[12][84] Albomlar hit-paradına daxil oldu. Ayliş 2000-ci illərdə doğulmuş ABŞ-də bir nömrəli albomu olan ilk sənətçi və Birləşmiş Krallıqda bir nömrəli albomu olan ən gənc qadın oldu.[85] Ayliş albomun buraxılışından sonra albom hit-paradlarında rekorda imza atdı. Albomun beşinci sinqlı "Bad Guy" albomla birlikdə buraxıldı.[86] Castin Biberin iştirak etdiyi mahnının remiksi 2019-cu ilin iyulunda buraxıldı.[87][88] "Bad Guy" avqust ayında Lil Nas X-in "Old Town Road" mahnısını keçərək ABŞ-də bir nömrəyə yüksəldi. Billi Ayliş 2000-ci illərdə doğulmuş və bir nömrəli sinqlı olan ilk və ən gənc sənətçi adını qazandı.[89][90]
Ayliş 2019-cu ilin aprelində Coachella Festivalında[91] When We Fall Sleep konsert turuna başladı, tur 17 noyabr 2019-cu ildə Mexikoda sona çatdı. Ayliş 27 sentyabr 2019-cu ildə Where Do We Go? Dünya Turunu elan etdi.[92] Tur 9 mart 2020-ci ildə Mayamidə başladı və 10 martda Orlandoda və 12 martda Rolidə daha iki şou davam etdi, Ayliş COVID-19 pandemiyası səbəbiylə turu vaxtından əvvəl bitirməzdən əvvəl, turun Cakartada sentyabrın 7-də başa çatmacağını planlaşdırıdı.[93]
Cek Uaytın sahib olduğu Third Man Records musiqi şirkəti 7 noyabr 2019-cu ildə Aylişin akustik canlı albomunu buraxacağını elan etdi, vinil eksklüziv olaraq Neşvill, Tennessi, Detroyt və Miçiqanda satışa çıxarıldı.[94] 13 noyabr 2019-cu ildə o, növbəti sinqlı olan "Everything I Wanted"i buraxdı.[95] Ayliş 20 noyabr 2019-cu ildə "Bad Guy" mahnısına görə "İlin Rekordu" və "İlin Mahnısı", "İlin Albomu" və "Ən Yaxşı Yeni Sənətçi" daxil olmaqla altı "Qremmi" mükafatına namizəd oldu.[96] 17 yaşlı Ayliş hər dörd əsas kateqoriyada namizəd olan ən gənc sənətçi oldu. Elə həmin ay o, 2019-cu ildə "Billboard İlin Qadını" seçildi.[97]
Ayliş və qardaşı Finneas 14 yanvar 2020-ci ildə Ceyms Bond filmi "Ölməyə vaxt yoxdur"un soundtrek ifaçısı olacağı elan edildi.[98] Bu elanla Ayliş Ceyms Bond mahnısını yazan və ifa edən ən gənc sənətçi oldu.[99] "No Time to Die" mahnısı buraxıldıqdan qısa müddət sonra Britaniya hit-paradlarında birinci pillədə qərarlaşdı.[100] Bu həm də Aylişin İngiltərədəki ilk bir nömrəli sinqlı oldu. O, "62-ci Qremmi" mükafatlarında dörd əsas "Qremmi" kateqoriyasını – "Ən Yaxşı Yeni Sənətçi", "İlin rekordu", "İlin mahnısı" və "İlin albomu" – eyni ildə qazanan ən gənc insan oldu.[101][102] Ayliş və qardaşı COVID-19 pandemiyası zamanı iHeart Media[103] və Global Citizen üçün iki dəfə Bobbi Hebbin "Sunny"[104] mahnısın koverini ifa edərək virtual konsert verdi, konsertlərdən qazanılan gəlirlər xəstəlikdən əziyyət çəkənlərə bağışlandı.[103][104] 10 aprel 2020-ci ildə "When We All Fall Asleep, Where Do We Go?" albomumdan " Ilomilo" mahnısı yeddinci və sonuncu sinql olaraq buraxıldı. Ayliş 30 iyul 2020-ci ildə "My Future" mahnısı üçün animasiya klipi buraxdı.[105] 2020-ci ildə o, 53 milyon dollar qazancla Forbes Məşhurları 100 siyahısında yer tutan ən gənc insan oldu.[106] Ayliş 2020-ci ilin sentyabrında gitara istehsalçısı Fender ilə birlikdə kulele kolleksiyası buraxdı.[107]
Ayliş 2020-ci ilin oktyabr ayında Where Do We Go? The Livestream adlı canlı yayım konserti elan etdi. Canlı yayım konserti həmin ilin oktyabrın 24-də Los-Ancelesdə yayımlanması planlaşdırldı, şounun məhsullarından əldə edilən gəlir COVID-19 pandemiyasından zərər görən tədbir[108] heyəti üzvlərinə göndərildi. Vanity Fair müsahibəsində Ayliş qarşıdan gələn musiqi layihəsini açıqlayaraq "on altı yeni mahnı üzərində işlədiyini və hamısını bəyəndiyini" bildirdi.[109] Ayliş 24 oktyabrda üç Billboard Musiqi Mükafatı qazandı. Həmin ay o, 12 noyabr 2020-ci ildə klipi ilə birlikdə buraxılacaq "Therefore I Am" adlı yeni sinqlı elan etdi.[110] Ayliş 2020-ci ilin dekabrında Jingle Ball-da "Therefore I Am" və "My Future" mahnılarını ifa etdi.[111]
Aylişin Rozaliya ilə birlikdə ifa etdiyi "Eyforiya" serialının soundtrekinə daxil edilən "Lo Vas a Olvidar" sinqlı təxminən iki il sonra, 2021-ci ilin yanvarında buraxıldı.[112] Aylişin həyatından bəhs edən "Billi Ayliş: Dünya bir az bulanıqdır" sənədli filmi Apple TV-da və seçilmiş kinoteatrlarda nümayiş olundu.[113] Ayliş "63-cü İllik Qremmi" mükafatlarında iki mükafata: Bond mahnısına görə "Vizual media üçün yazılmış ən yaxşı mahnı" və 2019-cu ildə buraxdığı "Everything I Wanted" sinqlına görə "İlin ən yaxşı səsyazması" üçün "Qremmi" mükafatına layiq görüldü. Ayliş "İlin səsyazması" üçün danışığında Megan Thee Stallion-un "qazanmağa layiq olduğunu" dedi, lakin yenə də mükafatına görə pərəstişkarlarına və qardaşı Finneasa minnətdarlığını bildirdi.[114]
Ayliş 27 aprel 2021-ci ildə Instagram hesabında ikinci albomu olan "Happier Than Ever"in iyulun 30-da çıxacağını bildirdi və trek siyahısı Apple Music-də əlçatan oldu. Albom müxtəlif formatlarda, o cümlədən toplana bilən vinil və kaset rənglərində buraxıldı.[115][116] Albomun buraxılışından əvvəl beş sinql yayımlandı: "My Future", "Therefore I Am", "Your Power",[117]"Lost Cause",[118] "NDA",[119] və albomun adını daşıyan trek. Ayliş 2 dekabr 2021-ci ildə ekoloji cəhətdən təmiz məhdud buraxılışlı vinil versiyasını elan etdi. Albom təkrar emal edilmiş vinil qırıntılarından hazırlanmışdı. Kolleksiyaçının əşyası yalnız dünyanın bir sıra Gucci mağazalarında satışa çıxarılıb və markanın yaradıcı direktoru Alessandro Mişel tərəfindən hazırlanmış Gucci markalı dırnaq stikerləri də buna daxildir.[120] Ayliş albomu daha da tanıtmaq üçün 2021-ci ilin sentyabrında nümayiş etdirilən "Happier Than Ever: Los-Ancelesə sevgi məktubu"[121][122] adlı konsert filmi üçün Disney ilə birlikdə çalışdı və 2022-ci ilin fevralından sentyabr ayına qədər davam edən Happier Than Ever, Dünya Turuna çıxdı.[123]
Ayliş 2021-ci ilin iyun ayında Tyler, the Creator-un[124][125] "Fish" mahnısına etdiyi "lip sync" videosunda asiyalılara qarşı irqçi söz olan "çinq"dən istifadə etdi və bunə görə tənqid olundu. Ayliş həmçinim "Lost Cause" mahnısının klipini tanıtmaq üçün "Mən qızları sevirəm" başlığını yazdıqdan sonra kverbeytinqdə günahlandırıldı.[126][127] İyunun 22-də o, Instagram hekayələrində "çinq" istifadə etdiyinə görə üzrxahlıq edərək, "xəcalət çəkdiyini" və o vaxt "13 və ya 14" olduğunu və təhqirin nə olduğunu bilmədiyini bildirdi.[128][129]
Ayliş 2021-ci ilin dekabrında Finneas ilə üçüncü studiya albomunun mahnıları üçün ideyalar formalaşdırmağa başladı.[130] 2022-ci ilin iyul ayında Apple Music-dən Zane Lowe üçün verdiyi müsahibədə o, albomu 2023-cü ildə yazmağa başlamağa ümid etdiyini dedi.[131] Ayliş 2022-ci ildə, iki festivalın, xüsusən də Qlastonberi və Koaçellaya başçılıq edən ən gənc sənətçi oldu.[132][133] Həmin il Pixar animasiya filmi "Turning Red" üçün o, Finneasla birlikdə üç mahnı yazdı. "Nobody Like U", "U Know What's Up" və "1 True Love" animasiya filmindəki xəyali oğlan qrupu 4*Town tərəfindən ifa olundu.[134]
2022-ci ilin iyununda, dünya turunun Mançester şousu zamanı Ayliş o zamanlar yayımlanmamış "TV" mahnısını ilk dəfə ifa etdi.[135] Növbəti ay iyulun 21-də o, "The 30th" və "TV" treklərinin yer aldığı "Guitar Songs" mini-albomunu sürpriz şəkildə buraxdı.[136] Ayliş Lowe ilə müsahibə zamanı mini-albomu sürprizlə buraxmaq qərarından danışdı. O, üçüncü studiya albomu üzərində işin tezliklə başlayacağına baxmayaraq, "TV" və "30th" mahnılarını trek siyahısına salmaq üçün o vaxta qədər gözləməkdən imtina etdiyini bildirdi.[137]
Ayliş soprano səs tipinə malikdir.[138] Onun musiqisi pop,[139] dark pop,[140][141] elektropop,[141] emo pop,[142] eksperimental pop,[143] qotik-pop,[144] indi pop,[141][145] teen pop[146] və alt-pop kimi təsvir edilmişdir.[141][147][148]
Ayliş və qardaşı Finneas mahnı yazmaqda əməkdaşlıq edirlər.[149][150] Finneas onun albomları üçün yazır, onun musiqisi üçün prodüserlik edir və həmçinin canlı konsertlərində çıxış edir.[149][151]
Ayliş 14 yaşından bəri öz musiqi kliplərinə rejissorluq etmək istəyirdi, lakin təcrübə çatışmazlığı səbəbindən əvvəlcə buna imkan verilmədi.[152] 2019-cu ildə "Xanny" mahnısına çəkdiyi video ilə rejissorluq debüt etdi.[153]
Ayliş Beatles, Castin Biber, Green Day,[154] Arctic Monkeys, Linkin Park[155] və Lana Del Rey[156] dinləyərək böyümüşdür. Hip hop onun sevimli janrı və ən böyük ilham mənbəyidir.[157] Ayliş onun üçün əsas musiqi və üslub təsirləri kimi Tyler, the Creator, Childish Gambino və Avril Lavini göstərmişdir.[158][159] Digər təsirlərə Adel,[160] Erl Svetşot, Ceyms Bleyk, Emi Uaynhaus, Spice Girls, Lorde, Marina and the Diamonds, Britni Spirs, Teylor Svift, Niki Minaj, XXXTentacion və Twenty One Pilots daxildir.[169]
Ayliş 2019-cu ilə kimi Los-Ancelesin Highland Park məhəlləsində valideynləri ilə birlikdə yaşayıb.[170] 2021-ci ildə o, valideynlərinə yaxın olmaq üçün yataq otağında çoxlu gecələr keçirdiyini bildirib. O, Turet sindromu[171] və sinesteziyaya sahibdir,[172] tez-tez depressiyaya düşdüyünü də qeyd edir.[173] Ayliş mərhum repçi XXXTentacion ilə dost olub.[174] Ayliş onunla heç vaxt görüşmədiyini və onunla sadəcə internetdə dost olduğunu bildirib. Pərəstişkarlar onların sevgili olduğu ilə bağlı yalan şayiələr yaymağa başlayıblar. Ayliş və onun birlikdə olduğu şəkillər fotoşopdur və pərəstişkarlar tərəfindən hazırlanmışdır.
Ayliş uşaq ikən cinsi istismara məruz qalıb və bu barədə açıqlama verməkdən imtina edib.[175][176][177] Bu, o qədər travmatik olub ki, heç kəsə bu haqda danışmayıb.
Ayliş 7:AMP təxəllüsü ilə tanınan repçi Brendon Adamsla münasibətdə olub.[178] 2022-ci ilin oktyabr ayının sonunda Aylişin The Neighbourhood qrupunun müğənnisi Cessi Ruterfordla münasibət qurduğu məlum oldu.[179]Aylişin təmsilçisi onların 2023-cü ilin mayında ayrıldıqlarını təsdiqlədi.
Billi Ayliş 2023-cü ilin noyabr ayında Variety jurnalına verdiyi müsahibəsində qadınları sevdiyindən danışıb.[180] Ayliş 17 noyabr tarixində öz Instagram hesabına aktrisa Odessa A'zion ilə öpüşdüyü videonu yayımlayıb, daha sonra silib.[181]
İl | Adı | Rol | Qeyd | Ref. |
---|---|---|---|---|
2020 | Not My Responsibility | Özü | Qısametrajlı film, ssenari müəllifi və prodüserdir | [182] |
2020 | Coachella: 20 Years in the Desert | Sənədli film | [183] | |
2021 | Billi Ayliş: Dünya bir az bulanıqdır | [184] | ||
2021 | Happier Than Ever: Los-Ancelesə sevgi məktubu | Konsert filmi | [185] | |
2022 | When Billie Met Lisa | Səs rolu, Qısa Simpsonlar filmi |
[186] | |
İl | Ad | Rol | Qeyd | Ref. |
---|---|---|---|---|
2020 | Justin Bieber: Seasons | Özü | Seriya: "The Finale" Web docu-series |
[187] |
2021 | Saturday Night Live | Qonaq Seriya: "Billie Eilish" |
[188] | |
2022 | Sesame Street | Seriya: "Elmo's Number Adventure" | [189] | |
Billi Liza ilə tanış olur | Səs rolu Qısa film |
[186] | ||
2023 | Swarm | Eva | Seriya: "Running Scared" | [190] |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.