From Wikipedia, the free encyclopedia
Azərbaycanda qraffiti müasir dövrdə yaranan incəsənət sahələrindən biridir. Azərbaycanda bu sənəti tək-tək, eləcə də, qrup halında fəaliyyət göstərən gənclər icra edir.
Azərbaycanda qraffiti sənətinə olan münasibət əsasən mənfidir. Ona görə də Azərbaycanda bu sənət çox inkişaf etməyib və məşğul olan gənclərin sayı azdır. Bakının ilk qraffiti sənətçilərindən[1] biri hesab olunan Yunis Krılov bu sənətlə məşğul olduğuna görə bir neçə dəfə sutkalıq həbs olunub. Bu səbəbdən bəzi gənclər qraffitini gizli şəkildə çəkməyə üstünlük verirlər.[2]
Bakı şəhərində qraffitilərin çoxu mənzil istismar idarələrinin əməkdaşları tərəfindən adətən bir neçə gün sonra ağardılır, lakin son dövrlərdə qraffiti sənətinə qarşı müsbət münasibətin yaranması halları da müşahidə olunur. 2015-ci ildə Bakıda baş tutmuş Avropa Oyunları ərəfəsində şəhərin bir çox hissələrində, məsələn, Avtovağzal dairəsindəki körpünün divarlarına kütləvi qraffiti çəkilmişdi və bu qraffitilər silinməmişdi.[3]
Keçmiş Sovetski küçəsinin uçulmuş divarlarında sovet rəmzi olan oraq və çəkic işarələri, eləcə də, əhalinin köçməyə etirazını bildirən şüarlar yer alırdı. Bakıda bu sənətin başqa forması isə seçki vaxtı binaların divarlarına hökumət əleyhinə fikrilərin yazılmasıdır: 2013-cü il prezident seçkilərindən zamanı kömürlə yazılmış "İlhama yox" yazısı Xətai metrostansiyası yaxınlığında 2015-ci ilə qədər qalmışdı.[3]
2019-cu ildə Azərbaycanda gender bərabərliyininə həsr olunmuş "Qız qalası: Qadın olmaq" festivalı çərçivəsində İsveç qraffiti sənətçisi Karolina Falkholt tərəfindən çəkilmiş çılpaq qadın qraffitisi mübahisələrə və sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdur. Yerli sakinlərin etirazından sonra həmin qraffiti silinmişdir.[4]
Sənətşünas Ziyadxan Əliyev Azərbaycanda qraffiti çəkmək üçün xüsusi divarların ayrılmasını təklif etmişdir.[3]
2013-cü ildə Azərbaycanda ilk dəfə qum heykəltəraşlığı və qraffiti üzrə açıq festival baş tutmuşdur. Dostluq çimərliyində baş tutmuş tədbirin ikinci hissəsi kimi qraffiti üzrə müsabiqə keçirilmişdir.[5] Həmin ilin oktyabr ayında bu festival ikinci dəfə baş tutmuş, Rusiyadan, İrandan və Türkiyədən olan gənclər iştirak etmişdirlər.[6]
2013-cü ilin mayında Azərbaycanda ilk dəfə olaraq Beynəlxalq Yaşıl Qraffiti Festivalı keçirilmişdir. Qlobal ekoloji məsələlər haqqında incəsənət vasitəsilə ictimaiyyəti məlumatlandırmaq məqsədi daşıyan bu tədbirdə Türkiyə, Azərbaycan, Gürcüstan və Böyük Britaniyadan olan qraffiti sənətçiləri iştirak etmişdirlər.[7]
2014-cü ilin sentyabrında Dədə Qorqud parkında Leyla Əliyevanın iştirakı ilə 3D qraffiti layihəsinin açılışı baş tutmuş və Azərbaycanda ilk yerüstü qraffiti əsərləri təqdim olunmuşdur.[8]
2016-cı ildə Gəncənin Avropanın gənclər paytaxtı seçilməsi münasibətilə şəhərdə qraffiti festivalı keçirilmiş və iştirakçılar beton lövhələrdə qraffitilər çəkmişdirlər.[9]
2021-ci ilin dekabrında Heydər Əliyev Mərkəzində braziliyalı qraffiti sənətçisi Nina Pandolfonun sərgisi baş tutmuş və onun qraffiti instalyasiyaları sərgilənmişdir.[10]
2022-ci ildə Bakının "Park Bulvar" ticarət mərkəzində Şuşa ilinə həsr olunmuş "Şuşa Graffiti Fest" tədbiri baş tutmuşdur. Festival çərçivəsində ticarət mərkəzinin mənfi ikinci mərtəbəsinin divarlarına qraffitilər çəkilmişdir.[11]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.