Sovetski
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Sovetski (rus. Советская) — Bakı şəhərinin Yasamal rayonunda yerləşən tarixi məhəllə. Nəriman Nərimanov prospekti (keçmiş Sovetski prospekti), Mirzə İbrahimov, Nizami və İbrahim Əbilov küçələrinin arasında yerləşən ərazini əhatə edirdi. Sovetskidə yaşı 100 ildən artıq olan tarixi binalar, muzeylər, məscidlər, hamamlar, Azərbaycanın tanınmış ziyalılarının yaşadıqları evlər yerləşirdi.
Sovetskinin köhnə küçələrindən biri | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşməsi | Yasamal rayonu |
Tikilmə tarixi | XIX əsrin sonu-XX əsrin əvvəli |
Tanınmış sakinləri | Cəlil Məmmədquluzadə, Süleyman Tağızadə, Abdulla Şaiq, Eldəniz Zeynalov, Həsənağa Salayev, Xan Şuşinski, Abdulla Şaiq, Xalid Səid Xocayev, Abbas Mirzə Şərifzadə, Osman Mirzəyev, Çingiz Mustafayev, Ata Atakişiyev və başqaları |
Sovetski Vikianbarda |
Sovetskinin ərazisi "Bayır şəhər" adı altında da tanınırdı.[1][2]
2014–2016-cı illərdə ərazidə aparılan söküntü işləri ilə əlaqədər Sovetskidə yerləşən xeyli sayda yaşayış evi sökülüb. Sökülən evlərin arasında vaxtı ilə dövlət tərəfindən qorunan tarixi-memarlıq abidələri də vardır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş siyahıya əsasən, "Sovetski" ərazisində yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi sayılan təxminən 200 ev, 9 hamam, 4 məscid, 1 kilsə, 10-dək təhsil və səhiyyə müəssisəsi, eləcə də inzibati bina mövcud idi[3].
Bu ərazidə 3 obyekt isə ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsi sayılır: Təzə Pir məscidi, Azərbaycan Memarlar İttifaqının binası və Hacı Sultan Əli məscidi.[3]
2014-cü ilin martında Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Intiqam Hümbətov mətbuata açıqlamasında "Sovetski"də ümumilikdə 230-a yaxın tarixi və mədəniyyət abidəsinin yerləşdiyini bildirmişdi.[4] Bunların arasında yaşayış evləri, məscidlər, kilsə, hamamlar, şollar su qüllələri var.
Bakı şəhərinin Baş Planına uyğun olaraq 2014-cü ildən dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xəttlərinin çəkilməsi ilə əlaqədar Sovetskidə yaşayan əhalinin köçürülməsinə və köhnə evlərin sökülməsinə başlanılıb. Salınacaq yeni yolların və kommunikasiya xəttlərinin layihəsi təsdiq olunub və artıq bu işlərə də başlanılıb. Çəkiləcək yeni yollar Qış Bulvarının davamı olaraq Azərbaycan Milli Dram Teatrından Nəriman Nərimanov prospektinədək, Nizami metrosunun yaxınlığından Balababa Məcidov, Abdulla Şaiq, Süleyman Rəhimov küçələrinin əhatə etdiyi boşalmış ərazilərdə salınacaq. Yasamal Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyasının sədri Səməd İslamovun sözlərinə görə ərazidə 171 tarixi abidə var ki, bunun 76-sı Nazirlər Kabinetinin və Mədəniyyət Nazirliyinin qərarı ilə tarixi əhəmiyyətə malik olmadığından söküləcək.[6]
Mədəniyyət naziri Əbülfəs Qarayevin sözlərinə görə Sovetskidə olan 118 tarixi abidəyə toxunulmayacaq. Nazir bildirib ki, abidələrin bəziləri tarixi abidə kimi o qədər də əhəmiyyətli deyil, amma muzey olduqları üçün yerində qalacaqlar (buna misal kimi Cəlil Məmmədquluzadə və Abdulla Şaiqin ev muzeylərini göstərib) Qarayev onu da qeyd edib ki, elə binalar da var ki, onlar da çox əhəmiyyətli deyil, amma üzərilərində xüsusi memarlıq bəzəkləri olduğundan bu siyahıya salınıb. Nazirin sözlərinə görə, əhəmiyyətinə görə ikinci dərəcəli hesab edilən təqribən 30-a yaxın bina sökülməyəcək.[7]
23 May 2016 il tarixində Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında" qərarında etdiyi dəyişikliklərə uyğun olaraq Şollar su kəmərinin su yayma qülləsi (XIX əsrin sonu), Zərgərpalan küçəsi 43 ünvanında yerləşən yaşayış evi (1914-cü il), S.Rəhimov küçəsi, 44 ünvanında yerləşən yaşayış ev (1900-cü il),M.Sübhi küçəsi 48 (1900-cü illər), 60 (1903-cü il), 61 (1900-cü il), 63 (1908-ci il), 65 (1902-ci il), 67 (1907-ci il) ünvanında yerləşən yaşayış evləri, M.A.Əliyev küçəsi 102 (1916-cı il), 115 (1900-cü il), 124 (1900-cü il), 126 (1890-cı il) ünvanında yerləşən yaşayış evləri, M.Fətəli küçəsi 13 (1915-ci il), 25 (1900-cü il), 43 (1900-cü il), 45 (1909-cu il) ünvanında yerləşən yaşayış evləri, M.Fətəli döngəsi 18 ünvanında yerləşən yaşayış ev (1902-ci il), M. Muxtarov küçəsi 83 ünvanında yerləşən hamam (1888-ci il), Ç.Mustafayev küçəsi 53 (1892-ci il), 57–59 (1885-ci il), 69 (1896-cı il), 89 (1892-ci il) ünvanında yerləşən yaşayış evləri "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı"ndan çıxarılıblar.[8]
Mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin sözlərinə görə, Elmlər Akademiyasının mütəxəssisləri, Fövqəladə Hallar Nazirliyinin müvafiq tikintiyə nəzarət şöbəsinin işçiləri siyahıdan çıxarılan binalara baxış keçiriblər və onlar dayanıqlığını itirdiklərinə görə siyahıdan çıxarılıblar. Nazir həmçinin bildirib ki, həmin binaların bəzi elementləri memarlıq baxımından əhəmiyyət kəsb etdiyindən, xüsusi qrupun nəzarəti altında çıxarılacaq, sistemləşdiriləcək və onlar ayrıca bir yerdə saxlanılacaq.[9]
Abdulla Şaiq küçəsi 171-də yerləşən yaşayış evi hicri-qəməri təqvimi ilə 1338-ci ildə inşa edilib.[10] Mirzə Fətəli küçəsi 7-ci dalandakı 8 saylı evdə müğənni Şövkət Ələkbərova dünyaya göz açmış və yaşamışdır. Xalq artisti İlham Namiq Kamal da həmin evin qonşuluğunda – 9 saylı evdə yaşayıb.[11]
Abdulla Şaiq küçəsi 1-ci dalandakı evlərdən birində isə xalq artisti Eldəniz Zeynalov, aktyor Həsənağa Salayev və məşhur xanəndə, xalq artisti Xan Şuşinski yaşamışdır. Sakinlərin sözlərinə görə, bu dalanın bir hissəsi 2013-cü ilin yayından başlayaraq sökülüb və yerində yaxınlıqdakı "göydələn" ("Sapphire plaza" biznes mərkəzi) üçün avtopark salınıb. Abdulla Şaiqin 1914–1957-ci illərdə yaşayıb-yaratdığı bina da burada yerləşir və yazıçının ev muzeyi kimi fəaliyyət göstərir.[11]
Süleyman Tağızadə və Zərgərpalan küçələrinin kəsişməsindəki evdə 1924–1937-ci illərdə görkəmli alim-türkoloq Xalid Səid Xocayev yaşamışdır. Cəlil Məmmədquluzadənin ev muzeyi də Süleyman Tağızadə küçəsi 56-da yerləşir. Binaya xatirə lövhəsi də vurulub. Qonşuluqdakı 58 saylı evin üzərinə vurulan xatirə lövhəsində isə burada aktyor Süleyman Tağızadənin yaşadığı göstərilib.[11] 1998-ci ildə Cavad bəy Məlikyeqanovun anadan olmasının 120-ci ildönümü münasibətilə onun 1921–1933-cü illərdə Bakıda yaşadığı Ostrovski, indiki Süleyman Tağızadə küçəsindəki 68 saylı binaya xatirə lövhəsi vurulmuşdur.[12]
Nabat Aşurbəyova küçəsi (keçmiş Mustafa Sübhi küçəsi) 82 saylı binada inqilabçı Haşım Əliyev yaşayıb. Mirzağa Əliyev küçəsindəki 115 saylı binada (1910-cu ildə tikilib) məşhur teatr aktyoru Abbas Mirzə Şərifzadə, 102 saylı binada (1916-cı ildə tikilib) isə şəhid jurnalist Osman Mirzəyev yaşamışdır. Milli Qəhrəman Çingiz Mustafayevin evi də (Murtuza Muxtarov, 23) Sovetskidə yerləşir.[11]
Rüstəm İbrahimbəyov da Sovetskidə anadan olub. Öz sözlərinə görə, o, "Axund" hamamı ilə Kömürçü meydanı arasındakı məhəllədə böyüb, şəxsiyyət kimi orada formalaşıb. 1903-cü ildə bu ərazidəki Dağlı məhəlləsinə Cəfər Cabbarlı köçür. Indi "Sovetski" ərazisində, Ismayıl bəy Qutqaşınlı küçəsi 44-də onun ev muzeyi yerləşir. Mikayıl Müşfiq 1908-ci il iyunun 5-də həmin Dağlı məhəlləsində doğulub. O, ömrünün sonunadək Süleyman Rəhimov küçəsi 108-də yaşayıb.[11]
Üzeyir Hacıbəyov da Sovetskidə yerləşən Şamil Əzizbəyov küçəsi 67-də yaşamış və yaratmışdır. Bura indi Üzeyir bəyin ev muzeyidir. Məhəmməd Əmin Rəsulzadənin ata mülklərindən biri də Sovetski məhəllələrində olub və "Nizami" metro stansiyasının yerində yerləşirdi. Rəsulzadə bir müddət bu evdə yaşayıb.[11]
Mirzə Fətəli küçəsi 45 ünvanında yerləşən ikimərtəbəli bina 1909-cu ildə tikilib və Şirinbəy adlı şəxsə məxsus olub. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulan zaman Şirinbəy həyat yoldaşı Zəminə xanımla birlikdə bu mülkü qoyaraq ölkəni tərk edib. Onlardan sonra burada rus ailəsi yaşayıb. Daha sonra mülk Faiq Əliyevin ailəsinə satılıb və o 50 ildən artıq bu evdə yaşayır.[13]
Sovetskidə 7 məscid yerləşir: Şah Hüseyn, İmam Hüseyn, Hacı Cavad, Təzə Pir, Qasımbəy və Xanım Zəhra məscidləri asanlıqla tapılır. 7-ci məscid isə (Qasımbəy məscidi) diqqəti ancaq yaşıl günbəzi vasitəsi ilə çəkir. XVIII–XIX əsrlərə aid bu qədim və spesifik məsciddə hazırda "işıq" və "geologiya" idarələrinin müxtəlif şöbələri yerləşdirilib.[16]
Abdulla Şaiq küçəsi 79 və Çingiz Mustafayev küçəsi 20 ünvanlarının kəsişməsindəki "Hacı Cavad" məscidi hicri-qəməri təqvimi ilə 1305-ci ildə inşa edilib.[10]
Nabat Aşurbəyova küçəsi (keçmiş Mustafa Sübhi), 63-dəki Hacı Əbdülrəhim bəy Qulubəyov məscidinin üzərindəki lövhədə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi qorunduğu (inventar nömrəsi: 3607) göstərilsə də, digər lövhədən isə burada Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Respublika Elmi-Texniki Kitabxanası Depozitar Fondunun yerləşdiyi məlum olur. Ümumiyyətlə isə bina baxımsız görkəmdə və təmirsizdir.[13]
Murtuza Muxtarov küçəsi 41-də yerləşən hamam XIX əsrdə tikilib. Bu tikilinin foyesində Azərbaycan və rus dilində yazılmış lövhələrdə onun mədəniyyət abidəsi kimi dövlət tərəfindən qorunduğu bildirilir; inventar nömrəsi də göstərilib: 69.[10]
Mirzə Fətəli küçəsi 105-də yerləşən "Şor hamamı" 1889-cu ildə tikilib. Indi işləmir. Sakinlərin sözlərinə görə, hamama bitişik 6 mərtəbəli mülk vaxtilə yüksək vəzifədə işləmiş bir məmura məxsus olub. Həmin şəxs mülkün ümumi görünüşü korlanmasın deyə, hamamın fasadını da əsaslı təmir edib. Lakin sözügedən məmur mülkünü satdıqdan sonra hamamın təmiri tamamlanmayıb.[10]
Murtuza Muxtarov, 141 ünvanında yerləşən "Axund hamamı" 1885-ci ildə tikilib. Türkiyəli memar və ustaların əsaslı təmir etdikləri hamamın binası 2013-cü ilin avqustundan öz təyinatı üzrə fəaliyyət göstərir.[10]
Murtuza Muxtarov küçəsi 83-də yerləşən Yuğ Dövlət Teatrının binası vaxtilə Hacı Fərəculla hamamı olub və 1885-ci ildə Hacı Fərəculla adlı şəxs tərəfindən tikilib.[10]
Sovetski də köhnə Bakının atributlarından olan 3 "su fontanı" da qalıb ki, sakinlərin sözlərinə görə, artıq həmin obyektlər dövlət nəzarətinə götürülüb. Bu "fontan"lar XIX əsrin sonunda[5] — XX əsrin əvvəlində Bakıya Şollar su kəmərinin çəkilişi ilə əlaqədar tikilib və o zaman hər bir "fontan"da qoyulan krandan əhaliyə vedrələrlə su satılıb. "Fontan"lardan 1950-ci illərədək istifadə olunub.[10]
Sovetski vaxtı ilə xeyli sayda tut, əncir, qaysı ağacları və üzüm meynələri ilə məşhur idi. Elə qocaman tut ağacı var ki, gövdəsini üç-dörd adam qucaqlayar. Məsələn, Abdulla Şaiq küçəsi 211 ünvanındakı tut ağacının yaşı 60–70-dən çoxdur. Onun qəribəliyi isə gövdəsinin ilan kimi yerlə bir neçə metr "sürünərək" sonra boya verməsidir. Ərazidə sırf kölgəlik yaradan ağaclardan isə çinar və söyüd geniş yayılıb. 2014-cü ildən başlayaraq söküntü ilə əlaqədar ağaclardan bəziləri ya zədələnib, ya da məhv olub.[10]
Sovetskidə sökülən evlər. 2016-cı ilin əvvəli |
Bakı şəhərinin Baş Planına uyğun olaraq 2014-cü ildən dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xəttlərinin çəkilməsi ilə əlaqədar Sovetskidə yaşayan əhalinin köçürülməsinə və köhnə evlərin sökülməsinə başlanılıb. 2014-cü ildə məlum idi ki, Sovetskidə söküləcək evlər Bəşir Səfəroğlu, Çingiz Mustafayev, Vidadi, Mirzağa Əliyev küçəsi (qalan evlər), Murtuza Muxtarov, Abdulla Şaiq, Zərgərpalan küçələrində yerləşir. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təqdim olunan plana görə, sökülən evlərin yerində hansısa bir yaşayış binası və ya obyekt tikilməyəcək. Evlər ərazidə salınacaq parka görə sökülür. Həm də evlərin bir çoxu köhnə və yöndəmsiz olmaqla yanaşı qəzalı vəziyyətdədir.[18] Beləki, çəkiləcək yeni yollar Qış Bulvarının davamı olaraq Azərbaycan Milli Dram Teatrından Nəriman Nərimanov prospektinədək, Nizami metrosunun yaxınlığından Balababa Məcidov, Abdulla Şaiq Süleyman Rəhimov küçələrinin əhatə etdiyi boşalmış ərazilərdə salınacaq.[6]
2015-ci il ərzində 8759 ünvanda yerləşən yaşayış və qeyri-yaşayış sahələrində ölçü işləri aparılıb. Ölçü işləri aparılmış yaşayış və qeyri-yaşayış sahiblərindən 2769 nəfəri ödənişə göndərilib, 2698 nəfər sakinə isə artıq kompensasiya ödənilib. Ümumilikdə 2320 yaşayış və qeyri-yaşayış sahəsinin sökülməsi planlaşdırılıb ki, bunlardan 1795-i artıq sökülüb. 2320 yaşayış və qeyri-yaşayış sahəsinin 45-i tarixi binadır. Sökülən mənzillərdə qeydiyyatda olan 5956 sakin Yasamal rayon qeydiyyatından çıxıb və təsərrüfat uçotu kitabına işlənib. Bundan əlavə, söküntü zonasına düşən Sovetski ərazisində az kvadratlı mənzil sahiblərinə dövlət tərəfindən inşa edilmiş binadan 103 mənzil və 2 qeyri-yaşayış sahəsi verilib.[19]
Sakinlərin sözlərinə görə, 2016-cı ilin fevralına olan vəziyyətə görə sökülən evlərin arasında 20-yə yaxın tarixi abidə də vardır. Bunlardan biri də Mirzağa Əliyev küçəsi 124 ünvanında yerləşən və 1900-cü ildə inşa edilmiş mesenat Təhməzov qardaşlarının 3 mərtəbəli sarayı idi. Təhməzov qardaşları Gəncədə şərabçılıqla məşğul olurdular, kasıblara kömək ediblər, gəncləri oxumağa göndərirdilər. Sakinlərin sözlərinə görə, binanın Ermitaja bənzərliyi var idi. Azərbaycanın tarixi memarlıq abidələrinin siyahısında olduğuna baxmayaraq, bina sökülmüşdür.[20]
Yasamal Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyasının sədri Səməd İslamovun sözlərinə görə Sovetskidə yerləşən 76-sı Nazirlər Kabinetinin və Mədəniyyət Nazirliyinin qərarı ilə tarixi əhəmiyyətə malik olmadığından söküləcək.[6] Mədəniyyət naziri Əbülfəs Qarayevin sözlərinə görə Sovetskidə olan 118 tarixi abidəyə toxunulmayacaq. Nazir bildirib ki, abidələrin bəziləri tarixi abidə kimi o qədər də əhəmiyyətli deyil, amma muzey olduqları üçün yerində qalacaqlar (buna misal kimi Cəlil Məmmədquluzadə və Abdulla Şaiqin ev muzeylərini göstərib) Qarayev onu da qeyd edib ki, elə binalar da var ki, onlar da çox əhəmiyyətli deyil, amma üzərilərində xüsusi memarlıq bəzəkləri olduğundan bu siyahıya salınıb. Nazirin sözlərinə görə, əhəmiyyətinə görə ikinci dərəcəli hesab edilən təqribən 30-a yaxın bina sökülməyəcək.[7]
14 may 2016-cı il tarixində Abbas Mirzə Şərifzadənin yaşadığı ev (1910-cu ildə inşa edilmişdir) sökülmüşdür.[15] 2016-cı ilin may ayının axırlarında M.A.Əliyev, 102 ünvanındakı 1916-cı ildə inşa olunan tarixi bina da sökülmüşdür.[14]
2017-ci ilin aprel ayında Hacı Cavad məscidinin (1912-ci ildə inşa edilmişdir) sökülməsi gündəmə gəlmiş və bu etirazlara səbəb olmuşdur.[21][22]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.