From Wikipedia, the free encyclopedia
Ay Tsin (çin. ənən. 艾青, sadə. Aì Qīng), əsl adı Tsyan Çjenxan (çin. ənən. 蔣正涵, sadə. Jiǎng Zhènghán; 27 mart 1910[1][2][…], Çzinxua[d], Çjetszyan[2] – 5 may 1996[1][3][…], Pekin) — Çin şairi. O, vətənpərvərlik mövzusunda "Günə doğru" (1938), "Şimal" (1939), "Sübh xəbərləri" (1943), "Bahar" (1956), "Qayıdış nəğməsi" (1980) şeir və şeirlər toplularının, "Poeziya haqqında" (1940) kitabının müəllifidir. Ay Tsin sərbəst şeir nəzəriyyəsinə mühüm töhfə vermişdir.
Ay Tsin 27 mart 1910-cu ildə Tsin imperiyası ərazisində, Çjetszyan əyalətinin Çzinxua mahalında anadan olmuşdur. O, 1929-1932-ci illərdə Fransada təhsil almışdır. Tsin 1932-ci ildə Çinə qayıtdıqdan sonra "Homindan" partiyasına qarşı çıxmış və buna görə həbs olunmuşdur. O, 1935-ci ilə qədər həbsdə olmuşdur. Bu dövrdə Tsin şair kimi formalaşmışdır. 1936-cı ildə onun Çin kəndinin həyatına həsr olunmuş "Dayanxe" toplusu nəşr olunmuşdur.[4]
Tsin Çin–Yaponiya müharibəsi illərində (1937–1945) vətənpərvərlik mövzusunda bənd və şeirlər yazmışdır: "Günə doğru" (1938), "Şimal" (1939), "İkinci dəfə öldü" (1939), "Məşəl" (1940), "Zoya" (1942), "Sübh xəbərləri" (1943) kolleksiyaları. O, 1949-cu ildə kommunist inqilabının qələbəsindən sonra sosializm quruculuğu, sülh uğrunda mübarizə, SSRİ ilə dostluq haqqında əsərlər yazmışdır: "Qələbə yolunda" (1950), "Şən fəryadı" (1953), "Yaqut ulduzlar" (1953), "Seçilmiş şeirlər" (1955), "Bahar" (1956). Tsin "Poeziya haqqında" (1940), "Yeni ədəbiyyat. Məqalələr toplusu" (1951) kitablarında əsas mövzunu nəzəriyyə məsələlərinə həsr etmişdir.
Çində sağçı ünsürlərə qarşı aparılan kampaniya zamanı Tsin mətbuatın hücumuna məruz qalmış və nüfuzdan düşmüşdür. O, 1958-1961-ci illərdə Mancuriyaya, oradan isə Sincana yerləşməyə göndərilmişdir. 1978-ci ilə qədər Çin hakimiyyəti Tsinin əsərlərinin nəşrini qadağan etmişdir. O, 1980-ci ildə "Qayıdış mahnısı" toplusunu ərsəyə gətirmişdir. Sərbəst şeir nəzəriyyəsi və praktikasına mühüm töhfə verən Ay Tsinin yaradıcılığında Emil Verxarn, Volt Vitmen, Vladimir Mayakovskinin təsiri olmuşdur.
Ay Tsin 1996-cı ildə Pekin şəhərində xəstəxanada vəfat etmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.