From Wikipedia, the free encyclopedia
Aslan bəy Əli ağa oğlu Qardaşov (az.-əski. آسلان بی قارداشوو; 1866, Çökəkoba, Zaqatala dairəsi – bilinmir, bilinmir) — Azərbaycan Xalq Cümhuriyyətinin əkinçilik və dövlət əmlakı naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Əhrar fraksiyasının sədri, Əhrar Partiyasının sədri, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Zaqafqaziya Seyminin və Zaqafqaziya Seyminin Müsəlman fraksiyası üzvü, Rusiya imperiyası II Dövlət Dumasının üzvü.[2] Sovet hökumətinə qarşı qaldırılmış Zaqatala üsyanının liderlərindən biri.
Aslan bəy Qardaşov | |
---|---|
| |
14 mart 1919 – 22 dekabr 1919 | |
Əvvəlki | Xosrov bəy Sultanov [1] |
Sonrakı | vəzifə ləğv olundu |
7 dekabr 1918 – 27 aprel 1920 | |
Fraksiya | Əhrar fraksiyası |
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində Əhrar fraksiyasının sədri | |
1 noyabr 1919 – 27 aprel 1920 | |
Əvvəlki | vəzifə təsis olundu |
Sonrakı | vəzifə ləğv olundu |
Əhrar Partiyasının sədri | |
Payız 1918 – 27 aprel 1920 | |
Əvvəlki | vəzifə təsis olundu |
Sonrakı | vəzifə ləğv olundu |
27 may 1918 – 7 dekabr 1918 | |
Fraksiya | Müsavat və demokratik bitərəflər fraksiyası |
23 fevral 1918 – 26 may 1918 | |
Fraksiya | Müsəlman fraksiyası |
Qrup | Müsavat və demokratik bitərəflər qrupu |
20 fevral 1907 – 3 iyun 1907 | |
Seçki dairəsi | Dağıstan oblastı və Zaqatala dairəsi |
Əvvəlki | yoxdur |
Sonrakı | İbrahim bəy Heydərov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1866 |
Doğum yeri | |
Vəfat tarixi | bilinmir |
Vəfat yeri |
|
Vətəndaşlığı |
Rusiya imperiyası AXC |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Atası | Əli ağa Qardaşov |
Vikianbarda əlaqəli mediafayllar |
Aslan bəy Qardaşov Dağıstan oblastı və Zaqatala dairəsindən bitərəf namizəd olaraq Rusiya imperiyası II Dövlət Dumasının üzvü, 27 may 1918-ci ildə isə Müsavat üzvü olaraq Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü seçilmişdir. Aslan bəy Qardaşov Milli Şura üzvlüyündən birbaşa Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilmişdir. Lakin o, burada yeni yaranmış Əhrar Partiyası üzvü olaraq fəaliyyət göstərmişdir.
O, Azərbaycan İstiqlal Bəyannaməsinin lehinə səs vermişdir. Aslan bəy Qardaşov I Yusifbəyli hökumətində Əhrar Partiyası adından əkinçilik və dövlət əmlakı naziri olmuşdur.
O, əvvəlcə Zaqatalanın Dağlılar Respublikasına[3], sonra Osmanlı İmperiyasına[4], daha sonra isə Azərbaycan Xalq Cümhuriyyətinə[5] birləşdirilməsini dəstəkləmişdir. Lakin aprel işğalından sonra Gürcüstan Demokratik Respublikası ilə anlaşaraq Zaqatalanın Gürcüstana[3] birləşdirilməsini dəstəkləmişdir.
Aslan bəyin 21 iyul 1920-ci ildə güllələndiyi deyilsə də, Zaqatalada yaşayan qohumlarının məlumatına görə, üsyan yatırıldıqdan sonra o, əvvəl Gürcüstana, oradan da Türkiyəyə mühacirətə gedib.
Aslan bəy Əli ağa oğlu 1866-cı ildə Zaqatala dairəsinin Çökəkoba kəndində anadan olmuşdur. Əvvəlcə Zaqatala qəza məktəbində, daha sonra Zaqafqaziya Müəllimlər Seminariyasında təhsil almışdır. İstanbul Universitetində təhsilini davam etdirmişdir. Daha sonra Zaqatalaya qayıdan Aslan bəy 1895-ci ildə Zaqatala dairəsinin Caromuxax bölgəsində katib işləmişdir.[6] 1900-cü ildən isə Zaqatala Dairə Həbsxana Mütəxəssisləri Şurasının direktoru olmuşdur.[7][8][9]
Aslan bəyin 21 iyul 1920-ci ildə güllələndiyi[10] deyilsə də, dəqiq məlumat yoxdur.
Zaqatalada yaşayan qohumlarının məlumatına görə, üsyan yatırıldıqdan sonra o, əvvəl Gürcüstana, oradan da Türkiyəyə mühacirətə gedib. O, 1934-cü ildə Zaqataladakı ailəsinə Türkiyədən məktub və şəkil göndərə bilib. Orada Aslan bəyin yeni ailə qurduğu məlum olub. Şəkildə yeni ailə qurduğu ikinci həyat yoldaşı ilə bərabər azyaşlı oğlunun da görüntüsü vardı.[5]
Məhəmməd Əmin Rəsulzadənin 1933-cü ilin martın 21-də Varşavada Azərbaycan Milli Mərkəzi ilə bağlı hazırladığı anketdə təşkilatın fəaliyyəti haqqında məlumatlar yazılmışdır. Eyni zamanda, anketdə Azərbaycan Milli Mərkəzinin Əlimərdan bəy Topçubaşova və hazırda Türkiyədə yaşayan yaşlı və əlil vəziyyətdə olan Aslan bəy Qardaşova kömək etdiyi qeyd edilmişdir.[11]
Bundan başqa Məhəmməd Əmin Rəsulzadənin 1937-ci ilin iyulun 22-də Varşavada Polşa Məxfi İdarəsi üçün hazırladığı Azərbaycanın mühacirətdəki tanınmış xadimləri siyahısında Aslan bəy Qardaşovun da 14-cü sırada adı yazılmışdır.[12]
Aslan bəy Qardaşov Dağıstan oblastı və Zaqatala dairəsindən bitərəf namizəd olaraq Rusiya imperiyası II Dövlət Dumasının üzvü seçilmişdir.[2] Rusiya imperiyası II Dövlət Duması üzvlərinə həsr olunmuş məlumat kitabçasında haqqında belə yazılmışdır:[2]
Qardaşov, Aslan bəy Əliağa oğlu.
Solçu Tatar. Kəndli təbəqəsindən seçilib. Orta təhsillidir. Müəllimdir. |
Aslan bəy Qardaşov əvvəlcə Zaqatala dairəsinin Dağıstana birləşdirilməsi tərəfdarı olmuşdur.[3]
Aslan bəy Qardaşov 23 fevral tarixində təşkil olunan Zaqafqaziya Seyminin tərkibinə daxil edilmişdir.[13][14] O burada Müsavat və demokratik bitərəflər qrupunun və Müsəlman fraksiyasının üzvü olmuşdur.[15][16]
27 may 1918-ci ildə isə Müsavat üzvü olaraq Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü seçilmişdir. O, Azərbaycan İstiqlal Bəyannaməsinin lehinə səs vermişdir.[17][18]
1918-ci ilin iyununda Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının iclaslarında iştirak edən Aslan bəy Qardaşov Zaqatala dairəsinin Azərbaycanın bir parçası olmayacağını vurğulamışdır.
17 iyun 1918 tarixli Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının iclasında Aslan bəy Qardaşov belə demişdir:[4]
Zaqatala dairəsi Türkiyəyə qatılmaq istəyir və buna görə mənim burda olmağımı Azərbaycanın ərazisinə qoşulma istəyi olaraq qiymətləndirməməyinizi xahiş edirəm. |
Lakin Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyinin oradakı əsas idarəetməni Zaqatala İcraiyyə Komitəsinə verməsi və iqtisadi vədlər Aslan bəy Qardaşovun fikrini dəyişdirir. 28 iyun 1918-ci ildə Zaqatala Milli Şurası Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə muxtar ərazi olaraq onun subyekti olmaq istədikləri barədə teleqraf göndərir. 2 gün sonra, 30 iyun 1918-ci ildə II Xoyski hökuməti Zaqatala dairəsinin özünün ərazi subyekti olduğunu elan edir. Zaqatala dairəsinin Azərbaycan Xalq Cümhuriyyətinə birləşməsini Aslan bəy Qardaşov və Bayram Niyazı Kiçikxanov belə izah edirdi:
Bölgənin müsəlman əhalisinin 95% olması Zaqatala okruqunun Gürcüstana birləşməsinn qarşısındakı əsas maneədir. Dağıstana gəldikdə bura ilə aramızda keçilməyən dağlar var. Zaqatala okruqu, mədəniyyət, iqtisadiyyat, həyat tərzi, din, sənaye və dil baxımından eyni mənşəli Azərbaycanla daha yaxındır. Bizim üçün sənaye malları və materialları yalnız Azərbaycandan əldə edilə bilər. Buna görə də, Azərbaycanla birləşmə Zaqatala okruqu əhalisinin məqsədləri və üstünlüklərinə cavab verirdi. Bütün bunlar da Okruq Milli Şurası tərəfindən nəzərə alındı. Bölgəmizlə mərkəz arasındakı əlaqəni möhkəmləndirmək üçün Zaqatala rayon mərkəzini Yelizavetpol şəhərinə bir avtomobil yolu və ya dəmir yolu ilə birləşdirmək istəyirik. Zaqatala Milli Şurasının sədri Nurula Qazızadə və katibi Bayram Niyazi Kiçikxanov |
Aslan bəy həmçinin Əhrar fraksiyasının fəal təmsilçisi kimi parlament iclaslarında fəal iştirak etmiş, əsasən hökumətin iqtisadi sahədəki fəaliyyətinə qarşı tənqidi mövqe tutmuşdur.[19]
Aslan bəy Qardaşov I Yusifbəyli hökumətində 14 mart 1919-cu tarixində Əhrar Partiyası adından əkinçilik və dövlət əmlakı naziri təyin olundu.[13][20]
Parlamentin 17 aprel 1919 tarixli sayca 30-cu iclasında Əhrar fraksiyası sədri Abdulla bəy Əfəndizadə tərəfindən göndərilən fraksiyanın bəyannaməsində hökumətin işinin axsamaması üçün Aslan bəy Qardaşovun iştirakına etiraz olmadığı elan olunmuşdur.[21]
II Yusifbəyli hökumətində Aslan bəy Qardaşov özü iştirak etməsə də, Əhrar Partiyasının üzvü Rəşid xan Qaplanov maliyyə naziri təyin edilmişdir. Lakin 1920-ci il aprelin 15-də Aslan bəy Qardaşov Əhrar fraksiyası adından fraksiyanın koalisiyadan çıxdığını və öz nümayəndələrini hökumətdən geri çağırdığını bəyan etmişdir.[22]
Aslan bəy Qardaşov Milli Şura üzvlüyündən birbaşa Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilmişdir. Lakin o, burada yeni yaranmış Əhrar Partiyası üzvü olaraq fəaliyyət göstərmişdir.[5][23] O, Nuxa dairəsinin vəkili idi.[24]
Aslan bəy Qardaşov 1918-ci il dekabrın 25-də parlamentin açılışı ilə bağlı qəbul ediləcək əfv qərarı üçün yaradılmış "Əfvi-ümumi" müvəqqəti komissiyasının üzvü olmuşdur.[25] O həmçinin müdafiə[26], məmləkətin məhsulatını hüsn istifadə[27], maliyyə və büdcə[28], qanun layihəsi komissiyalarının[28] üzvü olmuşdur. Daha sonra qanun layihəsi komissiyasından ayrılmış, onun yerinə bu komissiyaya Abdulla bəy Əfəndizadə seçilmişdir.[29]
Parlamentin 24 aprel 1919 tarixli iclasında torpaq komissiyası yenidən təşkil olunmuşdur. Seçkilərdə Cavad bəy Məlik-Yeqanov 36, Heybətqulu Məmmədbəyov 32, Məhəmməd Əmin Rəsulzadə 30, Aslan bəy Qardaşov 28, Əliheydər Qarayev 27, Qərib Kərimoğlu 26, Aleksandr Ter-Azaryan da 26 səslə torpaq komissiyasının üzvü seçilmişdir. Məhəmməd Əmin Rəsulzadənin təklifi ilə seçilmiş üzvlər həm də fəhlə komissiyasının üzvləri seçilmişdir.
Parlamentin 16 fevral 1920 tarixli sayca yüz iyirmi beçinci iclasında nizamnamə,[30] parlamentin 19 fevral 1920 tarixli sayca yüz iyirmi altıncı iclasında isə mərkəzi seçki komissiyasının üzvü seçilmişdir.[31] Aslan bəy Qardaşov Əli Bayramov qətlinin araşdırılması üçün yaradılan Əli Bayramovun qətli istintaqı üzərində nəzarət üçün xüsusi komissiyanın da üzvü olmuşdur.[32]
Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti üçün məhkəmə işlərinə dair qanun layihələri hazırlayan komissiya 1919-cu ilin fevral ayının 11-də Ədliyyə Nazirliyi nəzdində yaradılmışdı. Komissiyaya ədliyyə naziri (sədr), əkinçilik nazirinin müavini, hüquq məsləhətçisi, ədliyyə nazirliyi dəftərxanasının sədri, Azərbaycan Məhkəmə Palatasının böyük sədri və prokuroru, palatanın 2 üzvü, palata prokurorunun müavini, Dairə Məhkəməsinin prokuroru, 3 vəkil və komissya sədrinin dəvət etdiyi digər şəxslər daxil idi. Zaqatala mahalı sakinlərinin quraltayı Zaqatala barışıq şöbəsini ləğv etmiş, keçmiş Qafqaz canişini dəftərxanasının hərbi idarəsinə tabe olan xalq məhkəmələri deyilən məhkəmələr də fəaliyyətlərini dayandırmışdı. Qurultayın qərarına əsasən şəriət məhkəmə sistemi tətbiq olunmuşdu. Mahalda ədalət məhkəməsi ilə bağlı yaranmış vəziyyəti aydınlaşdırmaq üçün parlamentin Zaqataladan olan deputatları — Aslan bəy Qardaşov, Bayram Niyazi Kiçikxanlı və Abdulla bəy Əfəndiyev komissiyasya dəvət edilmişdilər. Ətraflı müzakirədən sonra komissiya bütün məsələləri yerində aydmlaşdırmaqdan ötrü nümayəndələr göndərmək barədə qərar qəbul etmişdi. Daha sonra isə komissiya qəzada məhkəmə fəaliyyətini bərpa etdi.[33]
Aslan bəy Əhrar fraksiyasının rəhbərlərindən biri sayılırdı. Parlamentin 1 noyabr 1919 tarixli sayca doxsan birinci iclasında fraksiya sədri Abdulla bəy Əfəndizadə Əhrardan istefa verərək özünü sol bitərəf elan etdi. Beləliklə fraksiyanın tək sədri rəsmi olaraq Aslan bəy oldu.
1920-ci ilin mart ayının 30-da Nəsib bəy Yusifbəylinin istefasından sonra, yeni hökumətin təşkil olunması tapşırılmış Məmmədhəsən Hacınskinin başçılığı ilə Məhəmməd Əmin Rəsulzadə, Qara bəy Qarabəyov, Aslan bəy Səfikürdski, Aslan bəy Qardaşov, Səməd ağa Ağamalıoğludan ibarət xüsusi komissiya yaradıldı. Məmmədhəsən Hacınski kommunistlərlə danışıqlar apardı.[34]
Aslan bəy 1920-ci il aprelin 27-də hakimiyyətin kommunistlərə təhvil verilməsi haqqında ultimatumu müzakirə etmək üçün palamentdə yaradılmış komissiyaya daxil olmuş və müzakirə zamanı hakimiyyətin bolşeviklərə təhvil vermək təklifini müdafiə etmişdir.[35][22]
7 may 1920-ci ildə Gürcüstan Müəssislər Məclisinin üzvü Uratadze və RSFSR xarici işlər komissar müavini Lev Karahan arasında dostluq haqqında anlaşma imzalandı. Bu razılaşmaya əsasən RSFSR Gürcüstan dövlətinin müstəqilliyini şərtsiz tanıdığını bildirirdi. Bu razılaşmanın dördüncü maddəsinə görə, Sovet Rusiyası Zaqatala dairəsini Gürcüstanın bir hissəsi olaraq tanıdığını bildirir.[36] Orconikidze və digər bolşeviklər Zaqatala dairəsini idarəsini Azərbaycana təhvil vermək üçün müqavilə imzaladıqdan dərhal sonra ərazi məsələsində Azərbaycana dəstək verir. Nəticə olaraq, kommunistlərin təzyiqi altında RSFSR və Gürcüstan, 7 maydakı sülh müqaviləsinə əlavə bir razılaşmanı 12 may 1920-ci ildə imzalayırlar:
Zaqatala bölgəsində Gürcüstan ilə Azərbaycan arasındakı sərhəddəki ixtilaflı bölgələr haqqında yekun qərar RSFSR nümayəndəsi tərəfindən başçılıq edilən, Azərbaycan və Gürcüstan hökumətinin bərabər sayda nümayəndəsinin formalaşdırılan qarışıq bir komissiya tərəfindən veriləcəkdir |
1920-ci ilin iyununda Gürcüstan Müəssislər Məclisinin üzvləri Zaqatala dairəsində sovet hakimiyyətinə qarşı təşviqatı gücləndirmişdilər. Onlar əhali arasında Zaqatala dairəsininin Gürcüstana verilmədiyi halda Gürcüstanın zor gücü tətbiq edəcəyi şayiəsini yaymışdırlar.[37] Həmin dövrdə Aslan bəy Tiflisdəki "Azərbaycanın Qurtuluşu" Cəmiyyəti ilə sıx əlaqələr saxlayaraq üsyanın təşkilinə rəhbərlik etmişdir.[38] Zaqatalada üsyan 1920-ci il iyunun 6-da Gürcüstanın Azərbaycana müharibə elan etməsi bəhanəsi ilə başlamışdır. Könüllü partizan dəstələri yaradılmışdı. Sovet qoşunları bəzi ərazilərdə geri çəkilməyə başlayır. Molla Hafiz Əfəndinin başçılıq etdiyi üsyançılar və onlara qoşulmuş Azərbaycan qoşunlarının qarovul batalyonunun bütün zabitləri iyunun 9-da Zaqatala qalasını, teleqrafı tutdular və inqilab komitəsinin üzvlərini, sovet işçiləri həbs etməyə başladılar.[5] Zaqatala dairəsini faktiki idarə edən Əhrar Partiyası lideri Aslan bəy Qardaşov Sovet hökumətini tanımadığını elan edərək Gürcüstanla danışıqlar aparmağa başlayır. Beləcə, Zaqatala Milli Şurası Gürcüstana birləşmək haqqında saziş imzalayır. Müqaviləni imzalayan şəxslər Molla Məhəmməd Dibirov, Müslüm Rəcəbov və Hafiz Əfəndiyev olmuşdu. Bu razılaşma, müəyyən şərtlər altında və geniş muxtariyyət verilməsi ilə birlikdə Zaqatala dairəsinin Gürcüstan Demokratik Respublikasına daxil edilməsi ilə nəticələnmişdir.[3]
Sovet hökuməti Zaqataladakı üsyanı da digər üsyanlarda olduğu kimi amansızlıqla yatırdı. Sovet qüvvələri əhalinin tərk-silah etməyə başladı. Üsyançılardan 6 mindən çox xarici və rus tüfəngi, karabini, berdankası, 8 pulemyot və böyük miqdarda tapança, müxtəlif pistolet və digər döyüş sursatı alındı.[39]
Aslan bəy Qardaşov uzun müddət bitərəf siyasətçi olaraq fəaliyyət göstərmişdir. 1917-ci ildə o, Müsavat Partiyasına üzv olmuşdur.[5] 1918-ci ilin payızında isə yeni yaradılan Əhrar Partiyasının sədri seçilmişdir.[5]
Aslan bəy Əhrar Partiyasını həm hökumətdə, həm parlamentdə təmsil etmişdir. 1919-cu ilin yarısından eyniadlı fraksiyanın sədri olmuşdur.
Əhrar Partiyası platforması baxımından liberal partiya idi və kəndli hüquqlarını dəstəkləyirdi. Bu baxımdan sədr Aslan bəyin əkinçilik naziri təyin olunması təsadüfi deyildi. Aprel işğalından sonra Əhrar Partiyası fəaliyyətini dayandırmışdır.[40]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.