polkovnik-leytenant From Wikipedia, the free encyclopedia
Anar Vaqif oğlu Əliyev (28 avqust 1980, Boyaqlı, Kəlbəcər rayonu – 21 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, USTA dərəcəli hərbi qulluqçu, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Bölməsinin Komandiri, İkinci Qarabağ müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.
Anar Əliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Boyaqlı, Kəlbəcər rayonu, Azərbaycan SSR |
Vəfat tarixi | (40 yaşında) |
Vəfat yeri | Tuğ, Xocavənd rayonu, Azərbaycan |
Dəfn yeri | II Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Həyat yoldaşı | Vüsalə Əliyeva |
Uşaqları | Nigar, Əli |
Anası | Səkinə Bayramova |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Xidmət illəri | 1998—2020 |
Rütbəsi |
Polkovnik-leytenant |
Döyüşlər |
Günnüt əməliyyatı İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi • Zəngilanın azad edilməsi • Füzulinin azad edilməsi • Hadrutun azad edilməsi |
Təltifləri | |
|
2018-ci ilin may ayında Şərur rayonunun Günnüt kəndində baş tutan Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun əks-hücum əməliyyatı nəticəsində Günnüt kəndi işğaldan azad olunmuşdur. Anar Əliyev bu əməliyyatda yaxından iştirak etmiş və fərqlənmişdir.
Anar Əliyev 11 oktyabrdan iştirak etdiyi 2020-ci ilin 27 sentyabrından başlanan İkinci Qarabağ müharibəsində Zəngilanın, Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 21 oktyabr tarixində Şuşanın başlanğıcında, Xocavəndin Tuğ kəndində gedən döyüşlərdə hərbi həkim, leytenant Adil Əfəndiyev ilə birlikdə həlak olmuşdur. Anar Əliyevin də rəhbərliyi altında baş verən bu döyüş Şuşaya girişi asanlaşdırmışdır.
Anar Əliyev 28 avqust 1980-ci ildə Kəlbəcər rayonunun Boyaqlı kəndində müəllim ailəsində dünyaya göz açmışdır.[1] Atası Vaqif Əliyev və anası Səkinə Bayramova Xarici Dillər İnstitutunu bitirmişdirlər, müəllimdirlər. Anar Əliyevin nəsli Kəlbəcərin ilk sakinlərindən olan "Kalvavəllər" Kərbəlayi Vəlinin nəslinə qədər gedib çıxır. O, Kərbəlayi Vəlinin tayfasından olan Kərbəlayi Əlinin yadıcası, Məşədi İsmayılın kötücəsi, Əlinin nəticəsi, Vaqif Əliyevin isə ikinci oğludur.[2]
Anar valideynlərinin iş yeri ilə əlaqədar keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ağdərə rayonunun Həsənqaya sovetliyinin Göyarx kəndinə köçmüş və 1986-cı ildə burada yerləşən rus dilli Levonarx kənd məktəbinin birinci sinfinə daxil olmuşdur. 1988-ci ilə qədər burada təhsil almışdır. 1988-ci ildə Qarabağ müharibəsi başlamışdır. Bu zaman Anar Əliyevin ailəsi hücumlardan başlayan deportasiyalar nəticəsində Tərtər rayonunun Bəyimsarov kəndinə köçmüşdür.[3] Anar Əliyev burada təhsilini azərbaycan dilində davam etdirmişdir. 1993-cü ilə qədər bu məktəbdə təhsil almışdır. 1993-cü ildə Şəmkir rayonunun Çaykənd kənd tam orta məktəbində təhsilini davam etdirmiş, 1995-ci ilə, 9-cu sinifə qədər bu məktəbdə təhsil almışdır.
1995-ci ildə 9-cu sinifdə oxuyarkən Cəmşid Naxçıvanski adına hərbi liseyə imtahanla qəbul olmuşdur. 1997-ci ilə qədər bu liseydə təhsil almışdır. 1997-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə qəbul olmuşdur. 2001-ci ildə ali hərbi məktəbi "qoşun kəşfiyyatı" ixtisası ilə bitirmişdir. Həmin il hərbi vəzifəsinə başladıqdan sonra Müdafiə Nazirliyinin əmrinə əsasən xidmətini davam etdirmək üçün Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində zabit ixtisas kursunun dinləyicisi vəzifəsinə təyin olunmuşdur.
Anar Əliyev 2012–2014-cü illərdə Silahlı Qüvvələrin Hərbi Akademiyasında təhsilini davam etmişdir.
Anar Əliyev Vüsalə Əliyeva ilə ailəli idi. Nigar və Əli adlı 2 övladı vardır.
2001-ci ildə ali hərbi təhsilini başa vuran Anar Əliyev Müdafiə nazirinin 25.08.2001 tarixli əmrinə əsasən "leytenant" rütbəsi ilə Bakıda yerləşən "N" saylı kəşfiyyat briqadasında hərbi vəzifəsinə başlamışdır.[4]
2002-ci ildə dinləyici kursunu bitirmiş və "N" saylı hərbi hissədə xidmətə davam etmişdir. Anar Əliyev 04.09.2002-ci ildən 01.05.2004-cü ilədək hərbi hissənin xüsusi təyinatlı taqım komandiri olmuşdur. 04.09.2003-cü ildə "baş leytenant" rütbəsi almışdır. 01.05.2004-cü ildən 20.12.2006-cı ilədək hərbi hissənin xüsusi təyinatlı qrup komandiri, 20.12.2006-cı ildən 12.04.2007-ci ilədək bölük komandiri vəzifəsində xidmət etmişdir. 15.12.2007-ci il tarixdə ona "kapitan" rütbəsi verilmişdir. 12.04.2007-ci ildən 26.01.2008-ci ilədək taborun bölük komandiri, 26.01.2008-ci ildən 15.06.2009-cu ilədək xüsusi təyinatlı dəstə komandirinin müavini vəzifələrini icra etmişdir. 15.06.2009-cu ildən 07.09.2012-ci ilədək xüsusi təyinatlı dəstə komandiri vəzifəsini icra etmişdir. Müdafiə Nazirliyinin iyun 2012-ci il tarixli əmrinə əsasən Anar Əliyevə "mayor" rütbəsi verilmişdir.[5]
2014-cü ildə Hərbi Akademiyanı bitirərək Müdafiə Nazirliyinin əmrinə əsasən Naxçıvan Muxtar Respublikasının Hərbi Komandanlığına sərəncama göndərilmişdir.
Müdafiə Nazirliyinin iyun 2015-ci il tarixli əmrinə əsasən Anar Əliyevə müstəsna xidmətlərinə görə vaxtından əvvəl "polkovnik-leytenant" rütbəsi verilmişdir.[6]
Anar Əliyev 18.07.2014-cü ildən 01.05.2015-ci ilədək "N" saylı hərbi hissənin qərargah rəisi, 01.05.2015-ci ildən 27.08.2018-ci ilədək komandir, 27.08.2018-ci ildən 13.06.2020-ci ilədək hərbi hissənin komandiri vəzifəsini icra etmişdir. 13.06.2020-ci il tarixdə hərbi hissənin komandir müavini vəzifəsinə təyin olunan polkovnik-leytenant Əliyev bu vəzifəni 2020-ci ilin oktyabrın 17-dək icra etmişdir.
Həmçinin, Anar Əliyev qüsursuz xidmətlərinə görə bir neçə dəfə qiymətləndirilmişdir. 26.06.2008 tarixli əmrə əsasən qüsursuz xidmətinin 10 illiyinə görə 3-cü dərəcəli, 26.06.2014 tarixli əmrə əsasən qüsursuz xidmətinin 15 illiyinə görə 2-ci dərəcəli "Qüsursuz xidmətə görə" medalları ilə təltif edilmişdir. O, xidməti nəticəsində USTA dərəcəsi də almışdır.
Anar Əliyev təlimlərdə əldə etdiyi təcrübələrdən kəşfiyyata aid dərslik kitabı yazmaq istəyirdi.[7]
Anar Əliyevin iştirak etdiyi təlimlər 2003–2019-cu illəri əhatə edir. 3 noyabr-21 noyabr 2003-cü ildə Türkiyə Respublikasında "təməl paraşüt" kursunda, 2005-ci ildə Macarıstanda "ingilis dili" kursunda, 9 yanvar – 17 fevral 2006-cı ildə Çexiyada "sülhməramlı əməliyyatlar üçün təlimatçı" kursunda, 17 yanvar – 2 fevral 2007-ci ildə İsveçrə Konfederasiyasında "qış dağ" kursunda, 2009-cu ildə Rumıniyada "hərbi əməkdaşlıq və təcrübə mübadiləsi", həmçinin, həmin ildə Türkiyədə keçirilən "sərbəst paraşüt" kurslarında, 18 yanvar-12 fevral 2010-cu ildə Sloveniyada "təkmilləşdirilmiş qış-dağ" kursunda, 7 may-13 may 2010-cu ildə İordaniya Krallığında baş tutan SOFEX-2010 (az. Xüsusi Əməliyyat Qüvvələri Sərgisi — 2010) hərbi sərgisində iştirak etmişdir. O, sonuncu dəfə 2019-cu ilin iyulundan 2020-ci ilin yanvarınadək davam edən Pakistanda 5 aylıq kurslardan keçmişdir.[7]
2018-ci il mayın 20-dən 27-nə qədər Naxçıvan Muxtar Respublikasında Azərbaycan və Ermənistan arasında Günnüt kəndi uğrunda döyüşlər baş verib.[8] Bu döyüşlər Azərbaycan-Ermənistan münaqişəsi tarixinə Günnüt əməliyyatı kimi yazılmışdır. Anar Əliyev bu zaman Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun təcrübəli zabiti idi və özü bu döyüşlərdə yaxından iştirak edirdi. 7 gün davam edən bu döyüşlər və Əlahiddə Ümumqoşun Ordusunun əks-həmləsi nəticəsində Şərur rayonunun Günnüt kəndi, "Ağbulaq" yüksəkliyi, Qızılqaya dağı və Qaraqaya dağı azad olunub[9], Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan ordusunun atəş nəzarəti altına keçib.[8]
2018-ci ilin mayın 20-dən 27-nə qədər davam edən Günnüt əməliyyatında yaxından iştirakına, döyüşlərdə fərqlənməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 26.06.2018-ci il tarixli Sərəncamına əsasən Anar Əliyev "Şücaətə görə" medalı ilə təltif edilmişdir.[10]
2020-ci il sentyabrın 27-də səhər saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribat törədilmişdir və cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulmuşdur, nəticədə ölənlər və yaralananlar olmuşdur.[11] Bu barədə məlumat Azərbaycan Prezidenti İlham Əliyevə məruzə ediləndən sonra səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən cəbhəboyu zonada hücum əməliyyatlarının başlaması barədə qərar verilmişdir.[12]
27 sentyabr 2020-ci ildən başlanan İkinci Qarabağ müharibəsi zamanı Anar Əliyev Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı briqada komandiri idi. O, müharibənin ilk 13 günü Naxçıvanda xidmət etmiş, lakin Komandanlığa müharibədə iştirak üçün müraciət etmişdir.[7]
Naxçıvan Əlahiddə Ümumqoşun Ordu Komandanının 11 oktyabr 2020-ci il tarixli 0120 saylı Sərəncamına əsasən Anar Əliyev İkinci Qarabağ müharibəsində iştirak etməyə başlamışdır.[13] Müharibənin Füzuli, Cəbrayıl, Zəngilan və Xocavənd cəbhəsində fərqlənmişdir. Xocavənd rayonu ərazisində 10 gündən çox davam edən döyüşlərin nəticəsi olaraq strateji əhəmiyyətə sahib olan Hadrut qəsəbəsi işğaldan azad edilmişdir.[14] Onun da rəhbərliyi altında gedən döyüşlər və komandirliyini etdiyi xüsusi təyinatlı briqadanın fərqlənməsi nəticəsində 14 oktyabr tarixində Füzuli rayonunun Qaradağlı, Xatınbulaq, Qarakollu və Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Qırmızıqaya, Dağdöşü, Tağaser kəndləri Azərbaycan qoşunları tərəfindən azad olunmuşdur[15]. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun da iştirak etdiyi əməliyyatlar nəticəsində 15 oktyabr tarixində Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Ciraquz kəndləri işğaldan azad edilib.[16] 16 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələri Xocavənd rayonunun Ağbulaq, Axullu və Xırmancıq kəndlərini işğaldan azad etmişdir.[17] 17 oktyabr tarixində Füzuli rayonunun Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri və Füzuli şəhərinin işğaldan tam azad edildiyini açıqlamışdır.[18] Həmin gün Anar Əliyev "N" saylı hərbi hissənin komandiri vəzifəsinə təyin olunmuşdur.[19] Anar Əliyevin qrupu Füzuli rayonunda yerləşən Məngələnata dağı və Qacar kəndində yerləşən Şaqriven dağı istiqamətində irəliləyərək Tehran Mənsimovun qrupuna yol açmışdır.[20] 20 oktyabr tarixində bir neçə gün davam edən əməliyyatlar nəticəsində digər rayonlarının bir çox yaşayış məntəqəsi kimi Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı kəndləri işğaldan azad edilmişdir.[21] Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan tam azad edildiyini açıqlamışdır.[22][23] Anar Əliyev Zəngilanın azad edilməsi üçün həyata keçirilən hərbi əməliyyatların rəhbərlərindən biri olaraq Zəngilan şəhərinin azad edilməsini Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun bir qrup hərbi qulluqçusu ilə birlikdə İlham Əliyevə məruzə etmişdir.[24][25]
Anar Əliyev sonuncu dəfə Füzuli-Xocavənd istiqamətində vuruşmuşdur. Komandirliyini etdiyi briqadanın da iştirak etdiyi son əməliyyatlar nəticəsində, 21 oktyabr tarixində Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri işğaldan tam azad edilmişdir.[26][27]
Həmin gün Xüsusi Təyinatlı Qüvvələrin Komandan müavini Zaur Cavanşir və keçmiş Komandan müavini Kənan Seyidov tərəfindən Anar Əliyevə Xocavənd-Şuşa istiqamətində Azərbaycan Ordusunun Şuşaya daxil olmasında böyük rol oynayacaq strateji yüksəkliklərin, xüsusilə, "772 metr" yüksəkliyinin, Xocavənd rayonunun Tuğ kəndinin azad edilməsi həvalə edilmişdi.[28]
Döyüş yoldaşlarının dediklərinə görə, o, qəfildən əvvəlcə, sağ qolundan, sonra isə gözündən vurulmuşdu.[29] Ona ilk tibbi yardım edən leytenant Adil Əfəndiyev olur. Əsasnaməyə görə, zabiti feldşer və ya sanitar çıxarmalı olsa da, israrla Adil Əfəndiyev qabağa atılır. Anar Əliyevin gözünə iynə vurur, lakin yaxınlıqda olan qarşı tərəfin açdığı güllə Adil Əfəndiyevin ürəyinə dəyir, həmçinin, qarşı tərəfin atdığı əl qumbarası onların yaxınlığında partlayır. Açılan intensiv atəş və atılan əl qumbarasından ağır yaralanan polkovnik-leytenant Anar Əliyev və leytenant Adil Əfəndiyev 21 oktyabr tarixində şəhid olurlar.[30]
23 oktyabr tarixində onun nəşi mühasirədən çıxarılaraq Füzulidə yerləşən diaqnostika mərkəzinə gətirilmişdir. 24 oktyabr tarixində diaqnostika mərkəzindən boya-başa çatdığı Tərtər rayonunun Bəyimsarov kəndinə son vida mərasimi üçün gətirilmişdir. Son vida mərasimindən 1 gün sonra, 25 oktyabr 2020-ci ildə izdihamla, Müdafiə Nazirliyinin təşkil etdiyi yaylım atəşləri və Azərbaycanın himn sədaları altında II Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Əliyevə ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.[37]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[38]
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Əliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[39]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Anar Əliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[40]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Anar Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[41]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.