From Wikipedia, the free encyclopedia
Şəfiqə Qasım qızı Qasımova (5 dekabr 1924, Bakı – 3 aprel 2008, Bakı) — azərbaycanlı aktrisa, Azərbaycan SSR əməkdar artisti (1960).
Şəfiqə Qasımova | |
---|---|
Şəfiqə Qasım qızı Qasımova | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (83 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | aktrisa |
Mükafatları |
Şəfiqə Qasımova 5 dekabr 1924-cü ildə Bakı şəhərində dünyaya qəlmişdir. Kommunist rejiminin siyasəti nəticəsində imkansızlaşmış Qasımbəyovlar ailəsində anadan olmuşdur. Balaca yaşlarında valideynlərini itirmiş və nənəsi tərəfindən böyüdülmüşdür. 14 yaşında, Maestro Niyazinin bədii rəhbəri, Həbib İsmayılovun baş rejissoru olduğu Musiqili Komediya Teatrının xorunda çalışmağa başlamışdır (1939-1940). Həm Azərbaycan, həm də rus bölməsində oxumuşdur. Gözəl səsə malik olduğundan Üzeyir Hacıbəyov onu yaratdığı Filarmoniyanın xor kapellasına dəvət etmişdir. Cahangir Cahangirovun bədii rəhbəri olduğu Filarmoniyada Salman Dadaşov, Şövkət Məmmədova, "Sazçı qızlar" ansamblı, Xan Şuşinski, Seyid Şuşinski, Sara Qədimova, Şövkət Ələkbərova kimi sənətkarlarla birgə işləmişdir (1940-1942). İkinci Dünya müharibəsi illərində Azərbaycan Konservatoriyasına qəbul olunmuş və 1951-ci ildə Əfrasiyab Bədəlbəyli tərəfindən Akademik Milli Opera Teatrına dəvət edilmişdir (1942-1949-cu illərdə xor truppasında işləmişdir). Opera səhnəsində (1953-1956-cı illərdə solist kimi) Üzeyir Hacıbəyovun "Arşın mal alan"ında Asiya, "Koroğlu"da Xanəndə qız, Fikrət Əmirovun "Sevil"ində Gülüş və Tafta, bir çox rus operalarında bir cox partiyaları ifa etmiş, obrazlar yaratmışdır. Bülbül, Cavanşir Qafarov, Kamal Kərimov və digər görkəmli sənətkarlarla tərəf müqabili olmuşdur. 1956-cı ildən yenidən Musiqili Komediya Teatrında işləməyə başlamışdır. Şəmsi Bədəlbəylinin bədii rəhbəri olduğu və yenidən açılan teatra ilk gələn aktrisalardan olmuşdur. Teatrın yaradılması onun aktrisa kimi imkanlarını daha da genişləndirmişdir. Belə ki, bu teatr ilk açılışına məhz Şəfiqə xanımın baş rolu ifa etdiyi "Durna" operettası ilə başlamışdır. Uzun illər ərzində baş və xarakterik rolların ifaçısı olmuşdur. Oynadığı tamaşalar arasında "Gözün aydın", "Özümüz bilərik", "Səndən mənə yar olmaz", "Qızılaxtaranlar", "Toy kimindir", "Boşanib evlənərik", "Ulduz", "Qayınana", "Nazxanım naz eləyir", "Milyonçunun dilənçi oğlu", "Hicran", "Keto və Kote" və s. Bəşir Səfəroğlu, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Məmmədsadıq Nuriyev, Hacıbaba Bağırov, Səyavuş Aslan, Münəvvər Kələntərli, Əzizağa Qasımov, Mobil Əhmədov, Zemfira Quliyeva, Əlihuseyn Qafarlı, Lütfiyar İmanov, İbrahim Şünasi və s. kimi korifeylərlə səhnəni uzun illər paylaşmışdır. 1986-cı ildə təqaüdə çıxmışdır.
Şəfiqə xanım həm də bir çox kinofilmlərdə yaratdığı obrazlarla yadda qalmışdır. Bu filmlər arasında rejissor Həbib İsmayılovun "Ögey ana" (Zeynəb), rejissor Tofiq İsmayılovun "Vulkana doğru" (Ana) və "Bizim məhəllənin uşaqları" (Ana) və s. filmlər vardır. 1994-cü ildən Mədəniyyət Fondunun "Solmayan ulduzlar" kollektivinə dəvət edilmişdir. Son illər bu teatrda oynanılan Səməd Vurğunun "Vaqif" tamaşasında Xuraman, Cəfər Cabbarlının "Solğun çiçəklər"ində Gülnisə obrazlarını yaratmışdır. Oynadığı Gülnisə roluna görə C.Cabbarlı adına mükafata layiq görülmüşdür. Son illərdə Vaqif Mustafayevin "Manifest", "Milli bomba" (Nənə), "20 Yanvar" (Ana), "Yoxlama" və Hüseyn Mehdiyevin "Məkanın melodiyası" filmlərində rol almışdır.
1960-ci ildə Azərbaycan Respublikasının "Əməkdar artist" fəxri adına layiq görülmüşdür.
Şəfiqə xanım Qasımova iki dəfə ailə həyatı qurmuşdur. Respublikanın xalq artisti Əşrəf Həsənovla uğursusluğla nəticələn evlilikdən sonra, aktrisa görkəmli pəhləvan, 4 dəfə SSRİ çempionu, əməkdar idman ustası Musa Babayev ilə evlənmişdir. 4 övladı, 8 nəvə və 6 nəticəsi var. 2 oktyabr 2002-ci ildən fəxri prezident təqaüdçüsü idi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.