Remove ads
From Wikipedia, the free encyclopedia
Çiçerin notaları — 1920-ci ilin yanvarından Aprel işğalınadək Rusiya adından xarici işlər komissarı G.V.Çiçerinin Denikine qarşı birgə mübarizə təklifi ilə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinə göndərdiyi notalar. Bu notalar Azərbaycana diplomatik təzyiq səciyyəsi daşıyırdı.[1]
1920-ci il 2 yanvar tarixli birinci notada çar generalı Denikinin Azərbaycan və gürcü xalqlarının düşməni olduğu vurğulanır, onun qoşunlarına yubanmadan cənubdan zərbə endirmək təklif olunurdu. Nota amiranəlik və üstüörtülü hədə xarakteri daşıyır:[1]
Biz, nə qədər ki, gec deyil, Denikinə qarşı mübarizəyə başlamaq çağırışı ilə Azərbaycana və Azərbaycan xalqına müraciət edirik. Azərbaycan dövlətinin düzgün dərk edilmiş maraqları və onun zəhmətkeş siniflərinin sosial-siyasi maraqları Azərbaycanı bizim təklifimizə razılıqla cavab verməyə məcbur etməlidir. |
Çiçerinin birinci notasını Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər naziri Fətəli xan Xoyski yanvarın 6-da aldı. Həmin gün Nəsib bəy Yusifbəylinin sədrliyi ilə Dövlət Müdafiə Komitəsinin təcili iclası keçirildi və qərara alındı ki, cavab notasında Azərbaycan Cümhuriyyətinin azad və müstəqil dövlət kimi Sovet Rusiyası ilə qarşılıqlı münasibətlər yaratmaq üçün danışıqlara başlamağa hazır olduğu bildirilsin. F.X.Xoyski yanvarın 14-də G.Çiçerinə cavab notasında yazırdı:[1]
...Azərbaycan Hökuməti öz daxili həyatını qurmaq işində rus xalqının mübarizəsinə müdaxiləni yolverilməz hesab edir. ...danışıqlar yolu ilə rus və Azərbaycan xalqları arasında hər iki dövlətin müstəqilliyi prinsipindən irəli gələn mehriban qonşuluq münasibətləri yaratmağa hazırdır. |
Çiçerin 1920-ci il yanvarın 23-də Fətəli xan Xoyskiyə ikinci notasını göndərdi. Azərbaycanın müstəqilliyi artıq Antanta dövlətləri tərəfindən tanınmışdı. Buna baxmayaraq, Çiçerinin ikinci notası birinci notaya nisbətən daha amiranə və daha təcavüzkar məzmuna malik idi. İkinci notada Azərbaycan Hökuməti Denikinlə əməkdaşlıqda ittiham olunur, F.X.Xoyskinin birinci notaya cavabı Denikinə qarşı mübarizədən imtina kimi qiymətləndirilir, Denikinin Azərbaycanın müstəqilliyi üçün təhlükə olmasından, milli müqəddəratın həllində sovet hökumətinin prinsiplərindən bəhs edilirdi. Notada Denikinə qarşı birgə mübarizə təklifi yenə təkrarlanır, lakin Azərbaycan Xalq Cümhuriyyətinin tanınması məsələsinin üstündən keçilirdi. Sovet Rusiyasının bu notası Azərbaycana silahlı müdaxilə və Bakını ələ keçirmək üçün açıq-aşkar diplomatik hazırlıq idi. V.İ.Lenin 1920-ci il 17 mart tarixli teleqramında sovet hökumətinin həmin niyyətini açıqladı:[1]
Bakını almaq bizə olduqca və olduqca zəruridir. Bütün səyinizi buna verin, həm də bəyanatlarda son dərəcə diplomatik olmaq və möhkəm yerli Sovet hakimiyyəti hazırlandığını tamamilə yəqin etmək lazımdır... Qüvvələr yeridilməsi haqqında Baş komandanla şərtləşin. |
Teleqramın surətində Q.Orconikidze yazmışdı:
Teleqram Bakıya hücum hazırlanması dövrünə aiddir. Əməliyyat hazırlanmışdı... |
F.X.Xoyski yeni notaya cavabında Denikinlə əməkdaşlıq barəsində Çiçerinin fikirlərinin əsassız olduğunu göstərmiş, rus və Azərbaycan xalqlan arasmda mehriban qonşuluq münasibətləri yaradılmasımn vacibliyini qeyd etmiş, Azərbaycan-Rusiya danışıqlarının yalnız Azərbaycan Cümhuriyyətinin müstəqilliyinin və suverenliyinin sovet hökuməti tərəfindən qeyd-şərtsiz tanınması əsasında mümkün olacağını vurğulamışdı. Çiçerinin 1920-ci il 21 fevral tarixli növbəti notasında əvvəlki notalarının məzmunu bir daha xatırladılır, F.X.Xoyskinin cavabları təhlil olunur və sonda yenə də Denikinə qarşı birgə mübarizədə yubanmadan əməli razılığa gəlmək təklif edilirdi. Lakin həmin notada Rusiya diplomatı "Sovet Rusiyası və Azərbaycan xalqları arasında qarşılıqlı münasibətlərə aid müxtəlif məsələlər üzrə mürəkkəb danışıqları" günün vacib məsələsi saymırdı. F.X.Xoyski 1920-ci il martın 7-də göndərdiyi cavab notasında Çiçerinin məhz bu fikrini diqqət mərkəzinə çəkərək, onun iradlarını əsassız saymış, Azərbaycan Hökumətinin mövqeyini bir də açıqlamış, xalqların öz müqəddəratını təyinetmə prinsipinin sovet hökuməti üçün qarşı tərəfə təzyiq vasitəsi olduğuna işarə edərək, belə vasitədən imperialist dövlətlərinin tez-tez istifadə etdiyini göstərmişdi. Bununla, F.X.Xoyski Azərbaycan Hökumətinin mövqeyini əvvəlki cavablarından daha qətiyyətlə nümayiş etdirərək, istiqlaliyyətinin qeyd-şərtsiz tanınması şərti ilə sovet hökumətinin Azərbaycan Hökuməti ilə danışıqlara başlamaq niyyətində olub-olmadığı haqqında qəti cavab verməsini xahiş etdi. Sovet Rusiyasının Azərbaycana hərbi müdaxiləsi yaxınlaşırdı. Bunu görən F.X.Xoyski aprelin 15-də Çiçerinə sonuncu notasını göndərdi və sovet qoşunlarının Azərbaycan sərhədləri yaxınlığında cəmlənməsinin səbəb və məqsədləri haqqında təcili məlumat verməyi xahiş etdi. Lakin nota cavabsız qaldı. 11-ci Qırmızı ordu Azərbaycana müdaxilə ərəfəsində idi. Bununla belə, sovet hökuməti formal xarakter daşıyan diplomatik manevrdən də imtina etmədi. F.X.Xoyskinin teleqramından iki gün sonra RSFSR xalq xarici işlər komissarının müavini L.Qaraxandan Sovet Rusiyasının ticarət-iqtisadi münasibətlərə dair danışıqlara hazır olması barədə teleqram alındı. Bolşevik Rusiyasının bu addımı diqqəti bir neçə gün sonra müstəqil Azərbaycan dövlətinə qarşı həyata keçiriləcək hərbi müdaxilə planından yayındırmaq məqsədilə atılmışdı. Aprelin 27-də Azərbaycan 11-ci Qırmızı ordu tərəfindən işğal olundu.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.