From Wikipedia, the free encyclopedia
Zəngəzur ekspedisiyası,[1] Zəngəzur əməliyyatı,[2][a] Azərbaycanın Zəngəzura hücumu[3] və ya Zəngəzur uğrunda döyüş[4] (rusca:Зангезурская экспедиция) — Azərbaycan Xalq Cümhuriyətinin nizami qüvvələrinin Qarabağdan Zəngəzura etdiyi hücum nəzərdə tutulur. Hücumun məqsədi Türkiyə ilə Azərbaycan arasındakı sonuncu əngəli də ortadan qaldırmaq idi. Hücum zamanı Naxçıvandakı milis dəstələrinin və yenə burada olan iki Türk taqımını da bu əməliyyat istiqamətində hücuma keçmişdir.[3][5]
Zəngəzur ekspedisiyası | |||
---|---|---|---|
Azərbaycan-Ermənistan müharibəsi | |||
Tarix | 3/4-7 noyabr 1919 | ||
Yeri | Zəngəzur qəzası | ||
Səbəbi | Zəngəzur üzərində Azərbaycan nəzarətini qurmağa cəhd göstərməsi | ||
Nəticəsi | Azərbaycan qüvvələri hərbi əməliyyatların davam etdirilməsinə və etnik təmizləmələrə baxmayaraq, öz mövqelərinə və ya Tiflis müqaviləsinə qayıtdılar. | ||
Ərazi dəyişikliyi | Status-kvonun saxlanılması | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
İtkilər | |||
|
|||
|
Hərbi toqquşma heç bir tərəfin qəti üstünlüyü olmadan bitməklə bərabər ölkələr arasındakı hərbi münaqişənin də sonlanması ilə nəticəlnəməmişdir. Həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də Ermənistan Demokratik Respublikasının sonrakı mövcudluğu dövründə, hər iki ölkənin bolşeviklər tərəfindən işğalının ilkin mərhələsində Zəngəzur məsələsi də öz aktuallığını saxlamışdır.
Ümumilikdə Zəngəzur uğrunda gedən proseslər Ermənistan və Azərbaycan arasında davam etməkdə olan və daha geniş əraziləri ehtiva edən mübarizənin və hərbi münaqişənin yalnız bir hissəsi idi.
1917-ci ildə Rusiyada baş verən inqilablardan sonra Zəngəzur Gorusda yerləşən millətlərarası şura tərəfindən idarə edilirdi. Lakin iki xalq arasında münasibətlərin getdikcə gərginləşməsi nəticəsində həmin ilin sonunda müsəlmanlar Dondarlı kəndində ayrıca bir idarə qurmağa qərar verdilər.[6][b]
Zəngəzurda və digər erməni-azərbaycanlı əhalinin yaşadığı ərazilərdə millətlərarası münaqişə 1918-ci ildə başladı. 1918-ci ildə baş verən toqquşmaların nəticəsi olaraq, erməni hökumətindən asılı olmayan yerli erməni idarəçiliyi (Zəngəzur Mərkəzi Milli Şurası) Zəngəzurun böyük bir hissəsində təsis edildi. Yerli azərbaycanlılar isə Gorus və Tatevi Qafan və Mehridən ayıran Bargüşad sıra dağlarında və Gorusun şimalındakı dağlıq ərazilərdə öz varlıqlarını saxladılar.[7]
1918-ci ilin oktyabr ayının sonlarında Andranik öz dəstəsini Gorus yaxınlığında toplayaraq Şuşaya doğru hərbi əməliyyatlara başladı. Lakin bu istiqamətdəki yol Zabux dərəsi və Həkəri çayı boyunca yerləşən 20 kənddən keçən dar bir vadi idi. Bu ərazini yaxşı tanıyan Sultan bəyin azərbaycanlı döyüşçülərdən ibarət dəstəsi həmin mövqeləri qoruyurdu. 29 noyabrda üç gün davam edən döyüşlərdə Andranikin dəstəsi ağır itkilər versə də, bir neçə yüksəkliyi və kəndi, o cümlədən Abdallar kəndini ələ keçirməyi bacardı. Ancaq çox keçmədən Şuşadan gələn britaniyalı kapitan Skvir və fransız kapitan Gasfield ona general Tomson tərəfindən imzalanmış əmr çatdırdılar. Əmrdə Andranikin dərhal bütün düşmənçilik hərəkətlərini dayandıraraq Gorusa dönməsi tələb olunurdu. Hovannisian, 1971a.[8]
Azərbaycan və Ermənistanın heç biri bölgəyə tam nəzarəti təmin edə bilmədi. Lakin 1919-cu ilin yanvar ayında Qafqazda yerləşən Britaniya komandanlığı Azərbaycan hökumətinin Xosrov bəy Sultanovu Qarabağ və Zəngəzurun general-qubernatoru təyin etməsini təsdiqlədi ki, bu da erməni tərəfinin etirazına səbəb oldu. Buna qarşı olaraq Azərbaycan tərəfi də öz etirazını bildirdi. Britaniya komandanlığı tərəfləri Paris Sülh Konfransının qərarını gözləməyə çağırırdı.[9]
Ermənistanın Zəngəzur iddiaları Şərur-Naxçıvanın Britaniyalılar tərəfindən Ermənistana verilməsindən sonra daha da artdı.[7][c] 2 martda Andranikin Zəngəzuru tərk etməsindən sonra Azərbaycan üçün regionun həssaslığı üzə çıxmağa başladı. Hər bir halda, hətta Andranikin Xüsusi Hücüm Diviziyasının ayrılmasından da əvvəl Zəngəzurun Mərkəzi Milli Şurası — yəni ermənilərin idarəetmə orqanı İrəvan hökumətindən silah və sursat tələb etdi. Xosrov bəyin qubernator təyin edilməsindən sonra bu tələblər daha da intensivləşməyə başladı. Eyni zamanda bu şura Xaçaznuni hökumətindən Zəngəzura müvəqqəti qubernator göndərməyi və nizami dəstə zabitləri təyin etməyi tələb edirdilər. Britaniya komandanlığının tələblərinə müqavimət göstərmək, hətta etiraz etmək üçün belə həddindən çox zəif olan erməni hökuməti yalnız Arsen Şahməzov adlı zabit göndərdi.[10] 1919-cu ilin martın 6-da Gorusda Ermənistan hökumətinin Zəngəzurun Ermənistana qatılmasına yardım göstərmək üçün təyin etdiyi polkovnik-leytenant Arsen Şahməzov (Şahməziyan) peyda oldu. Üç həftə sonra o, Zəngəzur mahalının liderlərinin keçirdiyi konfransda iştirak edərək mahalın erməni rəhbərliyini yenidən təşkil edən qərarın qəbul olunmasına nail olub, Zəngəzur və Qarabağ Regional Şurasını formalaşdırdı. Lakin bu qurumun səlahiyyətləri yalnız Zəngəzurla məhdudlaşırdı. Əsas məqsədi Zəngəzurun Ermənistan tərkibinə daxil edilməsini təmin etmək olan bu şura daşnaklardan, bolşeviklərdən və müstəqillərdən ibarət idi — bunlardan 7 yerli lider, 5 isə Qarabağdan qovulanlardı. Nikolay Ovsepiyan mülki idarəçiliyin rəhbəri oldu, Şahməzov isə müvəqqəti komissar və İrəvanla əlaqələndirici zabit kimi fəaliyyət göstərirdi. Ermənilər Azərbaycan və hətta Britaniya komandanlığına qarşı mübarizə aparmağa hazırlaşdılar. Britaniya generalı Şattlvort və mayor Monk-Meysonun Azərbaycan hakimiyyətini tanıma tələbi nəticəsiz qaldı.[9]
Aprel ayının ortalarından etibarən Zəngəzurda yerli müsəlmanlar (əsasən azərbaycanlı türklər, az miqdarda isə kürdlər) və ermənilər arasında toqquşmalar baş verdi. Nəticədə mərkəzi Zəngəzurda yaşayan bir çox azərbaycanlı qəzanın sərhədlərinə, şərqdəki düzənliklərə və ya İrana köçmək məcburiyyətində qaldı. Azərbaycanın hərbi əməliyyatları dayandırmaq tələbinə Ermənistan hökuməti mənfi cavab verdi. 21 iyunda “Azərbaycan” qəzeti Xosrov bəy Sultanovun məlumatını yayımladı ki, ermənilər keçidləri bağlamış və 150 min baş ev heyvanı ilə 10 min müsəlman köçəri dağlarda çarəsiz qalmışdır. Sultanov hökumətdən “on minlərlə insana qarşı öz vəzifələrini yerinə yetirməyə” icazə verməyi tələb etdi.[9]
1919-cu ilin ilk aylarında britaniyalı zabitlər Zəngəzura təzyiq etməyə başlayaraq Azərbaycanın hakimiyyətinin müvəqqəti əsaslarla tanınmasını tələb etdilər. Aprelin sonunda Zəngəzur rəhbərliyi ilə razılaşmanın mümkün olmayacağı aşkarlandıqda, general Şattlvort Xosrov bəy Sultanovun Zəngəzur qubernatoru kimi tanınmasını istəyərək Gorusa getdi. Ancaq bu məqsədinə nail ola bilməyən Şattlvort, Bakıya geri döndü. İki həftə sonra general Tomson britaniyalı bölmələrə erməni təbliğatçılarını həbs etməyi əmr etdi. Lakin təhdidlər və bombardmanlar nəticə vermədi, əksinə, erməni döyüşçüləri arasında döyüş ruhunu artırdı. Şattlvort, Ermənistan hökumətini Zəngəzur məsələlərinə müdaxilədən çəkinməyə, amma eyni zamanda erməni agentlərini maliyyələşdirməyə ittiham etdi. Mayın 19-da o, bölgəni tərk etdi.[11]
Nəticədə ingilislər Qarabağın Azərbaycanın tərkibinə daxil olması şərti ilə Zəngəzurda status-kvonun qorunmasını dəstəkləməyə başladılar. Mayın 29-da general Kori Şuttlevorta bildirdi ki, Azərbaycan hökumətinin Zəngəzurda öz administrasiyasını güc yolu ilə qurma cəhdini hərbi təcavüz kimi qiymətləndirəcək. O, Ermənistanın baş naziri Xatisyana da yerli hakimiyyətin Zəngəzurda olması ilə barışmağı tapşırdığını qeyd etdi. General Kori bunu ermənilərə böyük güzəşt kimi dəyərləndirirdi.[12]
Azərbaycanda 1919-cu ilin yayında digər cəbhələrdə qazanılan qələbələrdən sonra Zəngəzur üzərində nəzarəti təmin etməyə hazırlıqlar başlandı.[d] Qarabağ üzərində nəzarətin təmin edilməsindən bir həftədən də az vaxt keçmişdi ki, Müsavat Partiyasının sədri Məhəmməd Əmin Rəsulzadə Qarabağın və Lənkəranın azad edilməsini və Naxçıvan sakinlərinin Azərbaycanla birləşmək uğrunda mübarizəsini tərifləyərək, Zəngəzuru azad etməyin və Culfa yolunu açmağın vaxtının gəldiyini bəyan etdi.[13] Bu arada, Britaniya komissarlarının narazılığına baxmayaraq, Azərbaycanda bəzi türkçü çevrələr həm İstanbuldakı sultan hökuməti, həm də Anadoludakı türk millətçiləri ilə əməkdaşlığı artırırdılar. Noyabr ayında erməni kəşfiyyatı Azərbaycanın Türkiyədəki nümayəndəsi Mir Yusif bəy Vəzirovun 30 türk zabiti topladığını və Zəngəzur uğrunda mübarizə ilə bağlı gənc türklərlə müzakirələr apardığını bildirirdi. Britaniya kəşfiyyatı tezliklə bu məlumatı təsdiq etdi və Vəzirovun Türkiyənin xarici işlər naziri ilə müdafiə ittifaqı barədə danışıqlar apardığını əlavə etdi.[14]
Azərbaycan yerli erməni qüvvələrinin (sonrakı məlumatlara görə, orada erməni nizami qoşunları da var idi) Zəngəzurdakı mövqelərinə zərbə endirmək üçün hərbi hazırlığa başladı və artıq oktyabr ayının sonuna qədər Cəbrayılda və Araz çayının vadisində bir neçə min nəfərdən ibarət ekspedisiya qoşunu döyüş hazırlığı vəziyyətində idi. Hacı Şamlı tayfası[15] dağlardan Gorus üzərinə hücum etməyə, türk zabiti Xəlil bəyin başçılığı ilə Naxçıvan partizanları isə dərələrdən keçərək Sisiyana doğru irəliləməyə hazır idi.[13]
Artan gərginlik fonunda, oktyabrın 26-da Azərbaycan və Ermənistan hökumətləri Bakıda 1919-cu il noyabrın 20-də keçirilməsi nəzərdə tutulan ikitərəfli konfrans barədə razılığa gəldilər. Lakin hər iki ölkənin hökumətləri arasında rəsmi yazışmalar ləng keçərkən, mübahisəli bölgələrdəki gərginlik səngimirdi. Xosrov bəy Sultanov rus, türk (azərbaycan) və erməni dillərində vərəqələr yayaraq, "qara qüvvələr"i bir neçə kəndi dağıtmaqda və minlərlə günahsız insanı didərgin salmaqda ittiham etdi və zəngəzurlu erməniləri regionu xaosa və yoxsulluğa sürükləyən "patriot" adlandırılan şəxslərdən qurtulmağa çağırdı. Sultanov Zəngəzurda azərbaycan hakimiyyətinin qurulmasının qırğın və ermənilərin əsarət altına alınması ilə müşayiət olunacağına dair şayiələri təkzib edərək, buna nümunə kimi Qarabağı göstərdi. O, həmçinin Zəngəzurun da Qarabağ kimi Yevlax yolundan asılı olduğunu və hər hansı halda təcriddə mövcud ola bilməyəcəyini vurğuladı:[16]
Mən sizə, Zəngəzur xalqına, fəhlələrə və kəndlilərə müraciət edirəm… anarxist və macərapərəst elementlərlə əlaqənizin olmadığını göstərin. Mən sizə şəxsi toxunulmazlığı və əmlakın qorunmasını təmin edirəm və hər zaman sözümü tutmuşam. Lakin, əgər cinayətkar elementləri dəstəkləməyə davam etsəniz, sizi Azərbaycan Respublikasının hakimiyyətini tanımağa məcbur edəcək kifayət qədər gücə malik olduğumu bilin və bu halda qan tökülməsinin məsuliyyəti sizin üzərinizdə olacaqdır.
Bu vaxt, yəni oktyabr ayının ikinci yarısında, Azərbaycan ABŞ-ın Zaqafqaziyadakı nümayəndəsi polkovnik Reyin Şərur-Naxçıvanda neytral zona yaratmaq planını rədd etdi, çünki başlanğıcda razılıq erməni qoşunlarının Zəngəzurdan çıxması şərtilə verilmişdi, lakin onların hərbi qüvvələrinin artdığı müşahidə olunurdu.[17]
Bu arada, Gorusda erməni administrasiyası və hərbi komandanlıq döyüş hazırlıqlarına başladı. Regional hökumət Zəngəzurun Qarabağın utancverici taleyini təkrarlamayacağını bəyan edərək, oktyabrın 26-da ümumi səfərbərlik elan etdi. Kəşfiyyat xəbər verdi ki, Azərbaycanın müdaxiləsi noyabrın əvvəlində başlayacaq.[17]
Oktyabrın 29-da Azərbaycan ekspedisiya qoşunlarının komandanı general Şıxlinski kapitan İbrahimovun başçılığı altında ön dəstəyə Tuğdakı erməni mövqelərinə doğru irəliləməyi və Gorus yolunun açılması barədə ultimatum verməyi əmr etdi. Noyabrın 3-də Yapon (Ovanes Paronyan) İrəvana teleqrafla hərbi əməliyyatların qaçılmaz olduğunu bildirdi. Zəngəzur uğrunda döyüş saatlar içində başladı.[18]
Zəngəzurda yaranmış çətin vəziyyəti nəzərə alan Azərbaycan hökuməti, erməni-daşnak silahlı dəstələrinin Zəngəzur bölgəsində azərbaycanlılara qarşı törətdikləri qırğınların qarşısını almaq və onların Qarabağ istiqamətindəki hücumlarını dayandırmaq məqsədilə 1919-cu il oktyabrın 30-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qoşun birləşmələri daxilində Zəngəzur Ekspedisiya Hərbi Dəstəsini yaratdı. Bu hərbi dəstəyə 1-ci piyada diviziyasının komandiri, general-mayor Cavad bəy Şıxlınski rəhbərlik edirdi. Dəstə iki qrupa ayrılmışdı: birinci qrupa general-mayor Davud bəy Yadigarov, sağ və sol dəstələrdən ibarət ikinci qrupa isə polkovnik Levestam başçılıq edirdi. Müxtəlif istiqamətlərdə irəliləyən birinci, sağ və sol dəstələr Dığ yaşayış məntəqəsinə doğru hərəkət etməli idilər.[1][19]
Cavad bəy Şıxlınskinin rəhbərlik etdiyi Zəngəzur Ekspedisiya Hərbi Qüvvələrinin tabeliyində olan birinci dəstə şimaldan Dığ kəndinə doğru hərəkət edəcəkdi. General-mayor Cavad bəyin əmri ilə, 1-ci dəstənin hücumu noyabrın 3-də başlamalı, piyada bölmələri 2 topla Sultanlar kəndi, suvari bölmələri isə indiki Laçın rayonunun Sadınlar kəndi istiqamətində irəliləyərək orada döyüş mövqeyi tutmalı idi. Hücum zamanı dəstənin sağ tərəfdən mühafizəsi Sultan bəy Sultanovun rəhbərlik etdiyi yerli özünümüdafiə dəstələrinə tapşırılmışdı. Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordu Komandanlığı planlaşdırırdı ki, noyabrın 4-nə keçən gecə əraziyə yaxşı bələd olan Sultan bəyin yerli özünümüdafiə qüvvələri Keçəldağ strateji yüksəkliyini tutaraq möhkəmlənsin, ardınca isə Milli Ordunun hərbi qüvvələri hücuma keçsin. Planlaşdırıldığı kimi Zəngəzur Ekspedisiya Hərbi Dəstəsi oktyabrın 30-da ilkin mövqelər istiqamətində Xankəndi şəhərindən Zəngəzura doğru hərəkətə başladı.[20]
Zəngəzurun ələ keçirilməsi əməliyyatı 4[3][18] (bəzi mənbələrə görə isə 3[1]) noyabrda Azərbaycan hərbi qüvvələri cəmləndiyi Qarabağdan başladı. Eyni zamanda Naxçıvandan da hücum başladı; yerli milis qüvvələri Sisiana doğru irəliləyir, iki türk bölüyü isə Zəngəzurun mərkəzi hissələrindəki müsəlman icmalarına çatmağa çalışırdılar. Döyüşlərin ilk günü ermənilərin bir sıra məğlubiyyətləri ilə nəticələndi.[18]
6 noyabr səhəri polkovnik Şahməzyanın rəhbərlik etdiyi erməni milisləri[18] Sultanovun komandanlıq etdiyi silahlıları Keçəldala aşırımlarından və Qazıgöl yaxınlığından geri çəkilməyə məcbur etdi, bu isə general-mayor Davud bəy Yadigarovun dəstəsini çətin vəziyyətə saldı. Ermənilər tərəfindən 2 haubitsa və Yadigarovun fikrinə görə, müntəzəm qoşun hissələri istifadə edilirdi. Sultanovun dəstəsinin tamamilə dayanıqlığını itirərək geri çəkilməsi və Yadigarovun sağ cinahının mühasirəyə düşmə təhlükəsi onun Xanazaxı (indiki Xnatsax) ələ keçirmək uğurunu inkişaf etdirməsinə imkan vermədi. Onun bölmələri saat 12-yə qədər Xoznavar və Dağməlik yüksəkliklərini ələ keçirdi.[21]
Polkovnik Levestamın dəstəsi 6 noyabr səhəri erməniləri Zabuxun cənub sahilindən geri çəkilməyə məcbur etdi və saat 16-ya qədər 3 verst məsafədəki Ərəvus–Dığ xəttindəki mövqelərə hücum üçün başlanğıc mövqeyi tutdu. Zabuxun cənub sahilinə 2 haubitsa və 4 dağ topu yerləşdirildi..[21]
Zaqatala batalyonu isə ən güclü müqavimətlə qarşılaşdı. Hücum edən bölmələr demək olar ki, dik qayalıqlar boyunca düşmənin güclü tüfəng və pulemyot atəşinə məruz qalaraq irəliləyirdi. Bununla belə, Azərbaycan artilleriyası erməniləri səngərlərdən çıxarmağa nail oldu. General Şıxlinskinin sözlərinə görə, düşmən böyük itkilər verdi; yalnız bir nöqtədə 18 cəsəd sayılmışdı. Levestamın dəstəsi 2 ölü və 18 yaralı itirdi, Yadigarovun itkiləri isə məlum deyildi..[21]
7 noyabrda Şıxlinski Levestama Dığı tutmağı və orada möhkəmlənməyi, Yadigarova isə Xanazaxı tutaraq Levestama dəstək verməyi əmr etdi..[21]
7 noyabrda Levestamın dəstəsi 6 dağ topu və 2 haubitsanın dəstəyi ilə Dığa hücuma keçdi. Ermənilər 2 yüngül top ilə cavab verirdi, saat 10-da isə onlara 4 haubitsa qoşularaq Azərbaycan artilleriyasını hədəf aldı. Azərbaycan tərəfi düşmənin yüngül toplarını sıradan çıxararaq haubitsalara yönəldi. Təxminən saat 10-da erməni süvariləri azərbaycanlılar tərəfindən səhvən öz qüvvələri kimi qəbul edildi və onlar sol cinahdan hücuma keçərək Zaqatala alayının əsgərləri arasında çaşqınlıq yaratdı. Hücum Gəncə alayının pulemyot taqımının zabitinin süvarilərin cinahına atəş açması ilə dəf edildi. Süvarilərdən sonra erməni piyada qüvvələri də azərbaycanlıların sol cinahına hücuma keçdi, lakin Cavanşir alayından ehtiyatdan çıxarılan iki rota tərəfindən geri çəkilməyə məcbur edildi. Saat 15 radələrində Levestamın dəstəsinin sağ cinahında erməni piyada və süvari qüvvələrinin toplaşdığı müşahidə edildi ki, bu da Levestamı Dığı tutmaq fikrindən əl çəkməyə məcbur etdi. Qaranlığın düşməsi ilə sol cinahdakı vəziyyət çox dayanıqsız hala gəldi və əsgərlər arasında narahatlıq yarandı. Əsgərlərin həddindən artıq yorğunluğu və Dığı ələ keçirməyin mümkün olmaması səbəbindən Cavad bəy Şıxlinski dəstəni Zabuxun şimal tərəfinə geri çəkərək başlanğıc mövqelərinə yerləşdirməyi qərara aldı..[21]
Azərbaycan tərəfinin məlumatına görə, azərbaycanlıların itkiləri 45 ölü və 75 yaralı təşkil etmişdi..[21] General Cavad bəy Şıxlinski döyüşün nəticələri ilə bağlı hərbi nazirə göndərdiyi raportunda əminliklə bildirirdi ki, Zəngəzur dəstəsinə əlavə olaraq üç taborlu bir piyada alayın verilməsi ilə döyüş tapşırığını uğurla başa çatdırmaq Zəngəzuru tamamilə erməni silahlılarından xilas etmək mümkündür.[1]
Azərbaycan ordusu Cavad Şıxlınski ilə Davud bəy Yadigarovun komandanlığı altında göndərilən dəstələr qarşıya qoyulan məqsədə nail olmadılar. Sultan bəyin dəstəsinin əlində olan strateji yüksəkliklərdə möhkəmlənmək üçün əməliyyatı pozduğuna, Qaragöl və digər ərazilərin yenidən ermənilərin əlinə keçməsinə imkan verdiyinə görə Nazirliyin Qərargah rəisi general-leytenant Məmməd bəy Sulkeviç Davud bəy Yadigarovu komandan müavinliyindən azad edib qərargah zabiti təyin etmişdi.[22]
Zəngəzur böhranı, döyüş əməliyyatlarının uzaq bir ərazidə baş verməsi səbəbindən yalnız əməliyyatın sonunda ictimaiyyətə məlum oldu və bütün Zaqafqaziya respublikalarını əhatə etmək təhlükəsi yaratdı. Müttəfiq ölkələrin nümayəndələri və Gürcüstan hökuməti hərbi əməliyyatları dayandırmağa çalışdılar. Belə ki, 13 noyabrda Zaqafqaziyada müttəfiqlərin nümayəndələri polkovnik Rey və Oliver Uordrop hər iki tərəfi xəbərdar etdilər ki, döyüş əməliyyatlarını birdəfəlik dayandırmazlarsa, hər iki tərəf Versal konfransında zərər görəcək. Ermənistan tərəfi dərhal sülh danışıqlarına hazır olduğunu bildirdi, lakin Azərbaycanı ikili siyasət yürütməkdə, yəni ikitərəfli konfrans müzakirələri zamanı hərbi əməliyyatlar aparmaqda günahlandırıldı.[1][23] Bu arada 1919-cu ilin avqustunda Zəngəzura göndərilən Qaregin Njde rəhbərliyindəki erməni dəstələri Zəngəzurun Mehri və Qafan rayonlarında Azərbaycan hücumunu dəstəkləyən kəndlərə qarşı əməliyyatlara başladı. Nəticədə, Njde Qacarən, Okçi, Piridan və bir sıra digər kəndləri ələ keçirdi. Müdafiəçilər öldürüldü və əhali köçürüldü.[3]
16 noyabr 1919-cu ildə Zaqafqaziyadakı Böyük Britaniya nümayəndəsi Oliver Uordrop Londona teleqram göndərərək ermənilərin uğur qazanaraq vəziyyətin onların əleyhinə çevrilmədən sülhə nail olmağa çalışdıqlarını bildirdi. Uordrop həm azərbaycanlıların ani zərbə ilə Zəngəzuru ələ keçirmək ümidində olan türklərin təsiri altında olmasını, həm də ermənilərin minlərlə müsəlmanı öz evlərindən qovması ilə azərbaycanlı ictimaiyyətini hiddətləndirən amansız rəftarını qeyd edərək hər iki tərəfi günahlandırdı. Bununla yanaşı, Uordrop Azərbaycanın baş naziri Nəsib bəy Yusifbəylinin məsələyə birbaşa aidiyyəti olmasına şübhə edirdi.[23]
Həmin gün polkovnik Rey Yusifbəyli və Ermənistanın baş naziri Xatisovu 20 noyabrda görüşə dəvət etdi. Əvvəlcə Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən inkar edilən Zəngəzur ekspedisiyası geniş ictimaiyyətə məlum oldu, bu da Yusifbəylini dəvəti qəbul etməyə və Zəngəzurda azərbaycanlı nizami qoşunların döyüşlərdə iştirakını təsdiq etməyə məcbur etdi. Bununla yanaşı, o, məsuliyyəti Ermənistanın üzərinə qoyaraq, Zəngəzur ermənilərini üsyana təhrik etdiklərini, buna görə də Azərbaycan hökumətinin general-qubernator Sultanovun bolşevikpərəst üsyançılarla mübarizə aparmasına, əlavə dağıntıları önləməyə və qaçqınları geri qaytarmağa kömək etmək məcburiyyətində qaldığını bildirdi.[24]
19 noyabrda Yusifbəyli və Xatisov Tiflisdə görüşdülər və bir neçə günlük danışıqlardan sonra, polkovnik Rey və Gürcüstanın xarici işlər naziri Gegeçkorinin iştirakı ilə 23 noyabrda sülh müqaviləsi imzalandı.[25] Erməni əsilli amerikalı tarixçi Riçard Hovanisyan bu müqaviləni sadəcə "əsasən niyyət bəyannaməsi" olaraq təsvir edir. Saziş beş maddədən ibarət idi:[26][27]
Buna baxmayaraq, Zəngəzurda döyüş əməliyyatları bununla sona çatmadı. Njde Zəngəzurun mərkəzi bölgələrində Azərbaycan kəndlərinə qarşı hərbi əməliyyatlara davam etdi və daşnak rəhbərliyi tərəfindən azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə davam etdi.[28]
Sazişin imzalanmasından dərhal sonra Azərbaycan qüvvələrini geri çəksə də, bir müddət sonra 300 azərbaycanlının erməni qüvvələr tərəfindən öldürülməsinə əsaslanaraq Ermənistanı Zəngəzura hücum etməkdə ittiham edir. Erməni tərəfinin toplarla müsəlman kəndlərini dağıtdığına dair ittiham irəli sürülürdü.[29] Noyabrın 29-da Ermənistan, Zəngəzur yaxınlığında baş verən hərbi toqquşmaları təsdiqləyir, lakin əməliyyatın yalnız türk qoşunlarına qarşı aparıldığını qeyd edir. Dekabrın 8-də Azərbaycan, Zəngəzurla bağlı bir komissiyanın yaradılmasını tələb edir, əks halda müqavilədən çıxacağı barədə xəbərdarlıq edir. Bu səbəbdən, əvvəlcə noyabrın 26-na planlaşdırılan Azərbaycan-Ermənistan konfransı yalnız 14–21 dekabr tarixlərində keçirilir və burada heç bir praktiki qərar qəbul edilmir. 11–12 mart 1920-ci ildə Azərbaycan təxminən 90 vaqon dolusu silah-sursat və əsgəri Zəngəzura göndərir, məqsəd isə yenidən Zəngəzura hücum edərək ərazini geri almaq idi.[30] Azərbaycanın Zəngəzurda erməni qüvvələrinə hücum etməsinə bir neçə gün qalmış, 25 mart tarixində Qarabağ erməniləri Ermənistana birləşmək üçün üsyana qalxırlar.[31] Üsyan Azərbaycan ordusu tərəfindən yatırılır və Şuşadakı erməni məhəllələri yenidən ələ keçirilir.[32]
1920-ci il aprelin 28-də Bakıda bolşeviklər hakimiyyəti ələ keçirir. 10 avqust 1920-ci ildə RSFSR ilə Birinci Ermənistan Respublikası arasında müqavilə imzalanır və bu müqaviləyə əsasən RSFSR Qızıl Ordusu, Azərbaycan SSR və Ermənistan SSR arasındakı mübahisəli Qarabağ, Zəngəzur və Naxçıvan ərazilərini işğal edir.[33] Zəngəzur məsələsi 1921-ci ilin iyuluna qədər aktiv olaraq qalır. Ermənistan sovetləşdirildikdən sonra üsyan başlayır və Zəngəzura da yayılır. İyul ayında sovetlərdən Zəngəzurun Sovet Ermənistanının bir hissəsi olacağına dair təminat alan erməni üsyançı millətçilər İrana gedirlər və bununla da üsyanı sona çatdırırlar.[34]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.