Yunanıstan Avroviziya Mahnı Müsabiqəsində
From Wikipedia, the free encyclopedia
Yunanıstan Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1974-cü ildə qoşulmuş və ümumilikdə 40 dəfə müsabiqədə iştirak etmişdir. Ölkə 1975, 1982, 1984, 1986, 1999 və 2000-ci illərdə müsabiqədə iştirak etməmişdir. Yunanıstan ilk dəfə 2005 Avroviziya Mahnı Müsabiqəsində Elena Paparizunun ifa etdiyi "My Number One" mahnısı ilə Avroviziyada qələbə qazanmışdır. Yunanıstan Avroviziyanın ən çox uğur qazanan ölkələrindən biri hesab olunur. Belə ki, ölkə 20-ci əsr boyunca müsabiqədə yalnız iki dəfə (1977 və 1992-ci illərdə) ilk beşliyə daxil olsa da, 21-ci əsrdə əldə etdiyi yüksək nəticələr sayəsində ümumilikdə altı dəfə ilk beşlikdə, 18 dəfə isə onluqda yer almışdır. 2004-cü ildə Avroviziyada yarımfinal mərhələsinin tətbiqindən sonra Yunanıstan hər il müsabiqənin finalına vəsiqə qazansa da, ilk dəfə 2016-cı ildə ölkə təmsilçiləri yarımfinalda məğlub olmuşdur.
1974-cü ildə Avroviziyaya qoşulduqdan sonra növbəti il Yunanıstan Türkiyənin müsabiqəyə qoşulmasına etiraz olaraq Avroviziya 1975-də iştirakdan imtina etmiş və bunu türk ordusunun 1974-cü ildə Kipr adasına hərbi müdaxiləsi ilə əsaslandırmışdır. İlk dəfə 1978-ci ildə hər iki ölkə birlikdə Avroviziyada iştirak etmişdir. 1982-ci ildə Yunanıstanın müsabiqə üçün seçdiyi mahnı daha öncə səsləndirilmiş olduğu üçün Avropa Yayım İttifaqı ölkəni bir illik müsabiqədən diskvalifikasiya etmiş və Yunan telekanalı müsabiqə təşkilatçılarına cərimə ödəməli olmuşdur. Yunanıstan növbəti ildə müsabiqəyə geri dönmüşdür. Bundan başqa Yunanıstan 1984-cü ildə maliyyə çətinlikləri və 1986-cı ildə isə müsabiqənin dini bayramla üst-üstə düşməsi ilə əlaqədar olaraq Avroviziyada iştirakdan imtina etmişdir. Müsabiqədə son beş ildə göstərdiyi zəif nəticələr səbəbindən Yunanıstan eyni zamanda 1999-cu ildə Avropa Yayım İttifaqının qərarı ilə müsabiqədə iştirak etməmiş və növbəti ildə isə könüllü olaraq ölkə müsabiqəyə qatılmaqdan imtina etmişdir. Yunanıstan Avroviziyaya 2001-ci ildə geri dönmüş və indiyədək hər il müsabiqədə iştirak etmişdir.
1998-ci ildə müsabiqədə SMS səsverməsinin tətbiqindən sonra Yunanıstan hər il Kiprə, Kipr isə Yunanıstana maksimum xallarını vermişdir. Bu ardıcıllıq ilk dəfə 2015-ci ildə Kiprin Yunanıstana 8 xal, Yunanıstanın isə Kiprə 10 xal verməsi ilə pozulmuşdur.