Xocalı
Azərbaycanda şəhər From Wikipedia, the free encyclopedia
Xocalı — Azərbaycanda şəhər, Xocalı rayonunun inzibati mərkəzi. Xocalı şəhəri 1992-ci ilin 26 fevral tarixindən Ermənistan tərəfindən işğal olunub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xocalı şəhəri Rusiya Sülhməramlı kontingentinin nəzarəti altında olub.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Şəhər | |
Xocalı | |
---|---|
39°54′47″ şm. e. 46°47′25″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Başçı | Elçin Yusubov |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 582 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi | 1.397 nəfər (2015) |
Rəsmi dili | Azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +994 26 |
Nəqliyyat kodu | 26 |
Vikianbarda əlaqəli mediafayllar |
19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində azad olunmuşdur. Yevlax rayonunda keçirilən danışıqların nəticəsində Xocalı rayonu 24 sentyabr 2023-cü ildə Azərbaycan Respublikasının nəzarətinə keçib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
Haqqında
1990-cı illərdə baş vermiş hadisələrlə əlaqədar olaraq Fərqanədən (Özbəkistan) qaçqın düşmüş 54 məhsəti-türkü ailəsi, həmçinin Ermənistandan və Xankəndindən qovulmuş azərbaycanlıların bəziləri Xocalı şəhərində məskunlaşmışdılar.[mənbə göstərin]
Tarixi və mədəniyyət abidələri
Xocalı ərazisi ən qədim memarlıq və ilk mədəniyyət abidələri ilə zəngindir. Memarlıq abidələrindən türbə (XIV əsr), dairəvi türbə (1356–1357-ci illər), ətrafinda son tunc və ilk dəmir dövrünə aid nekropol, kurqan çölü və s. var. XIX əsrdə aşkar edilmiş, daş qutu və kurqanlardan ibarət olan Xocalı qəbiristanlığı — son tunc və ilk dəmir dövrünə (e.ə.VIII-VII əsrlər) aid arxeoloji abidədir. Burada müxtəlif tipli saxsı qablar, silahlar (qılınc, xəncər, nizə və ox ucluğu, balta-təbərzin), qızıl, tunc, balıqqulağı, əqiq, şüşə, pasta və s. hazırlanan bəzək əşyaları, tunc əmək alətləri aşkar edilmişdir. Burada çoxlu sayda "Qoç və yəhər" şəkilli qəbir daşları, müqəddəs ziyarətgahlar Seyid Cəlalın ocağı, Cahan nənənin ocağı və s. var. Xocalı şəhəri və Əsgəran qəsəbəsi arasında Qarqar çayının sağ və sol sahillərində XVIII əsrə aid "Əsgəran qalası" mövcuddur. Qalanı Qarabağ xanı Pənah xan tikdirmişdir. Qala iki istehkamdan ibarətdir. Sağ sahildəki qala bürcü ikiqat daş divarlardan ibarətdir. Sol sahildəki qala dördkünc bürclüdür. Divarların qalınlığı 2–3 m-dir. 1810-cu ildə Rusiya ilə İran arasında sülh danışıqları "Əsgəran qalası"nda aparılmışdır. Rayonun Kosalar kəndi ərazisində "Məhəmməd ağanın otağı" tarixi abidəsi, "Darılı Piri", "Ələm ağacı" ziyarətgahları və daş qəbirlər var. Rayonun Meşəli kəndi ərazisində — Meydan yaylağında — müqəddəs ziyarətgah "seyid qəbri" (ermənilər tərəfindən dağıdıldı), "Yeddi kilsə" (Alban kilsəsi) vardı. Bundan əlavə 4 yerdə Alban kilsəsi mövcud idi. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, bürünc, sümük bəzək əşyaları, gildən ev əşyaları və s. tapılmışdır. Tapılmış muncuq dənələrindən birində Assuriya şahı Adadnerarinin (bizim e. ə. 807–788-ci illər) adı yazılmışdır. Əsasən eramızdan əvvəl XVII–XIII əsrləri əhatə edən Xocalı abidələri kompleksi yaşayış yerlərindən, daş qutu qəbirləri, müxtəlif tipli kurqanlardan, siklop tikililər və menhirlərdən ibarətdir. Adını çəkdiyimiz mədəniyyətə aid yaşayış yerləri bir qayda olaraq, çay kənarlarında, təbii-coğrafı cəhətdən əlverişli yerlərdə, xüsusi ilə strateji cəhətdən müdafıəsi qismən asan olan təpələr üzərində salınırdı. Yaşayış yerlərində evlər əksər hallarda yarımqazma halında olub, yuxarı hissəsi yonulmamış çay daşlarından palçıqla suvamaq yolu ilə tikilirdi. Evlərin əksəriyyəti çox gözlü olub, bütün tayfa üzvlərinə aid olurdu. Arxeoloji qazıntılar nəticəsində müəyyən edilmişdir ki, çox vaxt tayfa evləri uzunsov olub, düzbucaqlı formada inşa edilmişdir. Bəzən uzunluğu 17–18 m, eni isə 8–10 m olan bu cür evlər xüsusi arakəsmələr vasitəsilə bir neçə hissəyə bölünmüşdür. Tunc dövrünün sonu və dəmir dövrünün əvvəllərində, yəni е. ə. II minilliyin sonunda artıq bu cür evlərin döşəmə və divarları xüsusi ağ maddələrlə suvanır və böyük ailə evləri kiçik ailə evləri ilə əvəz olunur. Bütün bunlar primitiv şəkildə də olsa, yerli əhalinin müxtəlif tikinti texnikasına malik olmasını parlaq surətdə sübut edir. Xocalı-Gədəbəy mədəniyyətinə aid abidələrin böyük bir qismini də siklop tikililəri təşkil edir. Əsasən yüksək təpələrdə və alçaq dağlarda bina edilmiş bu abidələr yerli əhali tərəfindən hazırda Qalaça, Örtük daşı, Hasar, Düzülü daş və s. adlanır. Siklop tikililərinin xarakterik cəhəti ondan ibarətdir ki, bu abidələr yonulmamış iri dağlardan suvaqsız olaraq müəyyən bir plana riayət olunmadan tikilmişdir. Bu tikililər bəzən iki və hətta üçqat divarla əhatə olunurdu. Siklop tikililərdə qapı yerləri üç sal daşdan düzəldilib, üstündən isə hörgü davara etdirilmişdir. Bu abidələr əsasən, e. ə. II minillikdə və I minilliyin əvvəllərində mövcud olmuşdur. Kiçik Qafqaz dağlarının köç yolları kənarında inşa edilmiş siklop tikililərinin heç də hamısı eyni məqsəd güdməmişdir və başlıca olaraq üç məqsəd daşımışdır: 1) iri ticarət yolları üzərində bu yolları müdafiə etmək məqsədilə; 2) düşmən hücumları zamanı əhalini müvəqqəti mühafizə etmək məqsədilə; 3) müqəddəs yerləri əbədiləşdirmək məqsədilə bina edilmişdir. Xocalı-Gədəbəy mədəniyyəti sakinlərinin həyat tərzini və mədəni inkişaf səviyyəsini öyrənmək üçün həmin mədəniyyətə məxsus qəbir abidələri və qəbirlərdən toplanmış maddi mədəniyyət qalıqları böyük əhəmiyyət kəsb edir. Arxeoloji tədqiqatlardan aydın olmuşdur ki, bu mədəniyyət sahiblərinin bir neçə tip qəbir abidəsi olmuşdur ki, onların da böyük bir qrupunu kurqan qəbirləri təşkil edir. Qarabağ düzlərinin bir növ təbii yaraşığı olan bu kurqanlar müxtəlif quruluşlu və müxtəlif tərkibli hündür təpələrdən ibarət olub, vaxtilə süni surətdə qəbirlərin üstünə tökülmüşdür. Kurqanlar bəzən sadəcə olaraq torpaqdan, yaxud daşdan, bir çox hallarda isə daşla torpağın qarışığından tökülmüşdür. Kurqanların özləri müxtəlif olduğu kimi, onların altındakı qəbirlər də müxtəlif olmuşdur. Ölünü dəfn etmək üçün bəzən kurqanın altında "ev" tikilmiş, dairəvi hasar çəkilmiş, bəzən isə daş qutular düzəldilmişdir. Xocalı kurqanlarında aparılmış qazıntılar nəticəsində müəyyən edilmişdir ki, 3–4 min il bundan əvvəl bu ərazidə iki cür dəfn adəti olmuşdur. Onlardan biri ölünü olduğu kimi dəfn etmək, digəri isə ölünü yandıraraq dəfn etmək. Hər iki halda kurqanlar həm ailəvi, həm də tək-tək şəxslərə məxsus düzəldilmişdir. Ailəvi kurqanlarda bəzən əllidən artıq skelet aşkara çıxarılmışdır. Ölüyandırma hadisəsi Qarabağda uzun ömür sürməmişdir və alimlərin ehtimalına görə bu adət, qalıqları indi də dünyanın bir çox xalqları arasında mövcud olan müqəddəs ayin ilə əlaqədar idi. Lakin istər ölü yandırmaq, istərsə də ölünü olduğu kimi dəfn etmə adətində kurqan qəbirləri üçün xarakterik olan ümumi bir əlamət vardır. Bu əlamət həmin qəbirlərdə dəfn olunan adamın axirət dünyaya böyük var dövlətlə yola salınması idi. Hər bir kurqan özü ayrılıqda bir xəzinəni xatırladır. Kurqan qazıntıları zamanı oradan aşkar edilmiş maddi mədəniyyət qalıqları yerli əhalinin ibtidai dini ideologiyasını, onun təsərrüfat həyatını hərbi ləvazimatını, incəsənətini, məişətini və bir sıra başqa sahələrini öyrənmək üçün böyük əhəmiyyət kəsb edir. Xocalı kurqanlarının tədqiqi nəticəsində məlum olmuşdur ki, danışdığımız dövrdə Qarabağın sakinlərinin həyatında sənətkarlığın iki böyük sahəsi mühüm yer tulmuşdur. Onlardan biri dulusçuluq, digəri isə metal işləmə sənətidir. Xocalıda tapılmış külli miqdarda gil qabları kolleksiyası sübut edir ki, Qarabağ dulusçuları bu sənət sahəsində çox yüksək inkişaf pilləsinə qalxmışdılar. Onlar hazırlayacağı qablar üçün xüsusi, yararlı gil mədənləri aşkar etmiş və bəşər tarixində ilk texniki tərəqqi üsullarından biri olan ayaq çarxının sirlərinə dərindən bələd olmuşdular. Qarabağ dulusçuları hazırladıqları gil qabları bişirmək üçün dairəvi dulus kürələrindən istifadə etmişlər. Bir qayda olaraq dulusçular Tunc dövründə hazırladıqları gil qablarının hamısının üzərini cilalamış və onları qara rəngdə bişirmişlər. Qabların bədii tərtibatına da ciddi fikir vermişlər. Belə ki, əksər qabların üzərində müxtəlif həndəsi fıqurlar, nəbati təsvirlər cızılmışdır. Ən maraqlısı da odur ki, qabların üzərində xətlərin içərisini xüsusi ağ maddə ilə doldurmuşlar. Bu da Qarabağ qablarının ən mühüm xüsusiyyətlərindən biridir. Xocalı-Gədəbəy mədəniyyətinə məxsus gil qabların xüsusiyyətlərindən biri də odur ki, dulusçu ustalar hazırladıqları qabların çiyini üzərində xüsusi göbələkvarı çıxıntılar düzəltmişlər ki, bu da qablara xüsusi gözəllik verir. Xocalıdakı 5 №-li kurqandan aşkar edilmiş bir ədəd gil qabın qulpu üzərində isə buğda dənləri təsvir edilmişdir. Alimlərin tədqiqatı nəticəsində məlum olmuşdur ki, 3–4 min il bundan əvvəl Qarabağın sakinləri mədəni buğda əkinçiliyi ilə məşğul olmuşdur. Xocalıda həmçinin Qarabağda bağçılığın inkişafını da sübut edən xeyli maddi mədəniyyət qalıqları da aşkar edilmişdir ki, bunların içərisində şaftalı, üzüm tumları və s. əsas yer tutur. Yuxarıda qeyd etdiyimiz kimi, Tunc dövründə Qarabağda inkişaf etmiş mühüm sənətkarlıq sahələrindən biri də metalişləmə olmuşdur. Bütün Zaqafqaziyada mis ilə qalayın qarışdırılmasından tunc metalın alınması sirlərinə ilk dəfə bələd olanlardan biri də Qarabağın qədim sakinləridir. Bu möhkəm metaldan yerli əhali silahlar hazırlamışdır. Bəzən isə ondan bəzək əşyaları hazırlamaqda və çoxlu ox ucları demək olar ki, Qarabağ abidələrindən tapılan ən çox silah növləridir. Qarabağ qılınclarının dəstəklərinin baş hissəsi formasına görə digərlərindən fərqlənir. Belə ki, Qarabağın qədim qılınclarının dəstək hissəsinin bağında iki tərəfli çıxıqları olur və həmin çıxıqlar qılıncın əsas hissəsinə doğru maili düzəldilir. Bu çıxırlar bəzən zoomorf formada, bəzən isə müxtəlif həndəsi cizgilərlə bəzədilirdi. Eramızdan əvvəl birinci minilliyin başlanğıcında Qarabağın qədim sakinləri artıq dəmir istehsalının sirlərinə bələd olmuşdular. Xocalı abidələrinin öyrənilməsi nəticəsində burada bütün Azərbaycan üçün yeganə olan iki mühüm tip abidə də aşkar edilmişdir. Onlardan biri Menhirlərdir. Menhir ingilis sözü olub uzun daş deməkdir. Menhir qəbilə quruluşlu dövrü məhsulu olub, ölən adamın qəbiri üzərində dik basdırılmış bir növ heykələ oxşar daşdır. Adətən belə daşları qəbilə başçılarının qəbirlərinin üzərində qoyurdular. Qədim dini əqidəyə görə, guya ölən adamın ruhu bədəni tərk edir və həmin adamın ruhu daşa keçir və orada əbədi yaşayırdı. Maraqlı burasıdır ki, ibtidai dini təsəvvür qalığı olan həmin daşlardan biri son zamanlara kimi dindarların ibadət yerinə çevrilmişdir. Xocalı abidələri içərisində nadir yadigarlardan biri də kromlexlərdir. Kromlex dairəvi düzülmüş bir neçə dik və onların üzərinə qoyulmuş bir ədəd köndələn daşdan ibarətdir. Yenə də dini əqidəyə görə bu abidələr axirət evi adlanır. Bütün bu abidələr yerli əhalinin mənəvi mədəniyyət tarixini öyrənmək üçün son dərəcə böyük elmi əhəmiyyət kəsb edir. Nəhayət göstərməliyik ki, Azərbaycanda ən qədim yazı da Qarabağda aşkar edilmişdir. Belə ki, Xocalıda tətbiq olunan 11 №-li kurqandan üzərində mixi yazısı olan bir ədəd kiçik muncuq tapılmışdır. Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinə məxsus abidələrə yekun vurarkən bu mədəniyyətin izi ilə məşğul olan bir çox Qafqazşünas alim təkcə Azərbaycanın deyil ümumiyyətlə yaxın şərq ölkələrinin maddi mədəniyyət tarixi ilə əlaqədar bir sıra problemlərin həlli üçün ondan geniş istifadə edirlər. Bu problemlərdən biri 3–4 min il bundan yaxın şərq ölkələrinin bir-biri ilə mədəni və iqtisadi əlaqələrinin səviyyəsini öyrənməkdir. Xocalı abidələri sübut edir ki, belə əlaqələr geniş olmuş və müxtəlif etnik qruplar mehriban iqtisadi və siyasi təmasda yaşamışlar. Təəssüf hissi ilə deməliyik ki, 1992-ci ilin fevral ayında erməni və rus ordusunun qoşunları Xocalı əhalisini vəhşicəsinə qırarkən hərbi texnika ilə genosidin ən iyrənc mərhələsi olan izi məhv etmək kimi mənfur bir əmələ əl atmış və bəşəriyyət üçün nadir abidələr toplusu olan Xocalı abidələrini dağıtmışdılar. Xocalı şəhərinin ən qədim tarixi abidələri, qəbiristanlıqlar, Kərkicahan qəsəbəsi, Kosalar, Cəmilli və Meşəli kəndlərindəki qəbiristanlıqlar, dini abidələr, məsələn, Meşəlidəki "Seyid qəbri" və s. erməni işğalı nəticəsində dağıdılıb.
- Daş qutu nekropolu – tung dövrü ( Xocalı şəhəri Əsgəran dağı)
- Nekropol – ilk tunc və orta tunc dövrü (Xankəndidən cənubda)
- Xocalı kurqanları — ilk tunc və dəmir dövrü (Xocalı rayonu)
- Küp qəbirləri nekropolu – ilk orta əsrlər (Xankəndinin ərazisində)
- Kurqan — dəmir dövrü (Xankəndi yaxınlığında)
- Xankəndi kurqanları — tunc dövrü (Xankəndidən şimalda)
- Xaçınçay nekropolu — ilk tunc və orta tunc dövrü (Seyidşən kəndindən şimal-şərqdə)
- Küp qəbirləri nekropolu — tung dövrü (Armudlu kəndindən 2 km. İlis kəndinə tərəf)
- Kurqan — tung dövrü (Armudlu kəndindən 15 km aralı, İlis çayının sahilində)
- Daş qutu nekropolu – dəmir dövrü (Armudlu kəndi, qəbristanlığın yaxınlığında)
- Köhnə qəbristanlıq — tung dövrü (çanaqçı kəndi)
- Daş qutu nekropolu – dəmir dövrü (Saruşen kəndi)
- Daş qutu nekropolu – dəmir dövrü (Saruşen kəndi , dağın ətəyində)
- Dairəvi məbəd — 1356–1357-ci il (Xocalı şəhəri)
- Türbə – XlV əsr (Xocalı şəhəri)
- Alban məbədi — 1100-ci il (Çanaxçı kəndi)
- Alban məbədi — 1065-ci il (Çanaxçı kəndi)
- Alban məbədi — 905-ci il (Şuşa kəndi)
- Alban məbədi — 1122-ci il (Xansıx kəndi)
- Alban məbədi — 1100-ci il (Xaçmaz kəndi)
- Alban məbədi — 1202-ci il (Armudlu kəndi)
- Qala – X əsr (Maşxmaat kəndi)
- Qırxlar qalası – orta əsrlər (Badara kəndi)
- Məbəd kompleksi — VII əsr ( Badara kəndi)
- Qala — IX əsr ( Daşbaşı kəndi)
- Əsgəran qalası — XVIII əsr ( Əsgəran qəsəbəsi)
- Aslan qalası – IX əsr (Anabert kəndi)
- Mədəb – XIII əsr (Xanabad kəndİ)
Erməni işğalı nəticəsində dağıdılmış abidələr
- Kərkicahan qəsəbəsi, Kosalar, Cəmilli və Meşəli kəndlərindəki qəbiristanlıqlar;
- Dini abidələrdən Meşəlidəki "Seyid qəbri";
- Xocalı Məbəd Yeri (50 hektar sahədə 100 məbədi əhatə edir);
- Ən qədim insan məskənlərindən olan Azıx mağarası silah anbarına çevrilmişdir;
- XIV əsrə aid olan Xocalı Məqbərəsi;
Milli Qəhrəmanlar
Erməni işğalçılarına qarşı fədakarcasına mübaribə aparan 10 nəfər Xocalı rayon sakini Respublikanın ən yüksək fəxri adına — Milli Qəhrəman adına layiq görülmüşdür (9 nəfər ölümündən sonra):
- Əlif Lətif oğlu Hacıyev (ölümündən sonra) — 1953-cü ildə Xocalıda anadan olmuşdur. Xocalı şəhər hava limanın komendantı — rəisi işləmişdir.
- Tofiq Mirsiyab oğlu Hüseynov (ölümündən sonra) — 1954-cü ildə Xocalıda anadan olmuşdur. Xocalı Şəhər Özünümüdafiə taborunun komandiri idi.
- Ələsgər Xanlar oğlu Novruzov (ölümündən sonra) — 1949-cu ildə Laçın rayonu Kürdhacı kəndində anadan olub. Müəllim idi.
- Füzuli Salah oğlu Rüstəmov (ölümündən sonra) −1965-ci ildə Tərtər rayonu Hüsənli kəndində anadan olmuşdur. Xocalı Özünümüdafiə taborunun üzvü idi
- Araz Bahadur oğlu Səlimov (ölümündən sonra) — 1963-cü ildə Xocalıda anadan olmuşdur. Taborun üzvü idi.
- Tabil Qasım oğlu Həsənov (ölümündən sonra) — 1960-cı ildə Xocalı rayonunun Kosalar kəndində anadan olmuşdur. Kosalar kənd Özünümüdafiə taborunun üzvü idi.
- İnqilab Ələkbər oğlu İsmayılov (ölümündən sonra) — 1962-ci ildə Xocalıda anadan olmuşdur. Xocalı Özünümüdafiə taborunun üzvü idi.
- Şakir Şamil oğlu Salahov (ölümündən sonra) — 1966-cı ildə Xocalı rayonunun Cəmilli kəndində anadan olmuşdur. Polis əməkdaşı idi.
- Natiq İlyas oğlu Əhmədov (ölümündən sonra) — 1969-cu ildə Xocalı rayonunun Kosalar kəndində anadan olmuşdur. Polis əməkdaşı idi.
- Mövsüm Şahin oğlu Məmmədov — 1967-ci ildə Xocalı rayonunun Kosalar kəndində anadan olub. Hazırda Şuşa rayon Polis şöbəsinin rəis müavini işləyir.[1]
Coğrafiyası və iqlimi
Xocalı şəhəri Ağdam şəhərinin 18, Xankəndi şəhərinin 14 kilometrliyində, Qarabağ silsiləsində yerləşirdi. İqlimi mülayim-istidir. Rayonun ərazisi əsasən dağlıqdır. Ən hündür yüksəkliyi Qızqala və Qırxqızdır (2843 m, 2827 m). Dağlıq ərazilər istisna olmaqla, iqlimi mülayim-istidir. Yüksək dağlıq əraziləri subalp və alp çəmənlərdir. Əsas çayları Badara və Qarqardır. Dağ-meşə və dağ-çəmən torpaqları mövcuddur. Ərazinin 40 %-ə qədəri fıstıq, cökə, ağcaqayın, qarağac və s. ilə zəngindir.
Əhalisi
2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Xocalı şəhərinin əhalisinin faktiki sayı 869 nəfər, qeydiyyatdakı əhalinin sayı 908 nəfər təşkil edirdi[2].
Şəkillər
Həmçinin bax
Vikianbarda Xocalı ilə əlaqəli mediafayllar var.
Mənbə
- Kül olmuş şəhər
- Surxay Əlibəyli — Ağdamım-Qibləgahım (birinci kitab) "Şuşa" nəşriyyatı Bakı-2001, 648 s
- Surxay Əlibəyli — Ağdamım-Qibləgahım (ikinci kitab) "ŞuŞa" nəşriyyatı Bakı-2005, 704 s
- www.karabakhmonuments.az
İstinadlar
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.