From Wikipedia, the free encyclopedia
Vaşi (和紙?) və ya yapon kağızı – Yaponiyada hazırlanan ənənəvi kağız növü. Kağız kağızağacı (kozo), Wikstroemia sikokiana (qampi) və Edgeworthia chrysantha (mitsumata) bitki növlərindən əllə hazırlanır. Qəlibləmə zamanı ən çox tamezuki və naqaşizuki üsullarından istifadə olunur.
Yaponiya kağızla ilk dəfə V əsrin sonlarında Çin və Koreya vasitəsilə tanış olub. Nara dövrü Yaponiyada kağız istehsalının ilk dövrü hesab olunur. Heyan dövrü isə Yaponiyada kağız istehsalının qızıl dövrü kimi tarixə düşmüşdür. Müasirləşmə dövrü olan Meyci dövrünün təlabatını qarşılamaq üçün Yaponiyada kağız Qərb texnologiyası əsasında istehsal olunmağa başlamışdır.
Bu cür kağız istehsalı Yaponiyanın bir çox yerində yerinə yetirilsə də, əsas mərkəzlər bu yerlərdir: Toyo və Kavanoe (Ehime prefekturası), İmadate və Obama (Fukui prefekturası), Yame (Fukuoka prefekturası), Adaçi (Fukuşima prefekturası), Mino və Kavay (Gifu prefekturası), İno və Tosa (Koçi prefekturası), Ayabe (Kioto prefekturası), İida (Naqano prefekturası), Yoşino (Nara prefekturası), Oqava (Saytama prefekturası), Misumi və Yakumo (Şimane prefekturası), Saci və Aoya (Tottori prefekturası), Nakatomi (Yamanaşi prefekturası).
Vaşi kağızlarının mənşəyi Çin və Koreya ilə bağlıdır.[1] VIII əsrdə aid "Nihon Şoki" xronikalarında qeyd olunur ki, 610-cu ildə Koreyadan Yaponiyaya gəlmiş keşiş Donço piqment, mürəkkəb və kağız hazırlama texnikalarını bilirdi.[1] Konkret sübutlar mövcud olmasa da, qəbul edilmiş ənənəvi fikirlərə görə Yaponiyada kağız istehsalını o başlatmışdır.[1]
Faktiki dəlillər çox az olsa da, bəzi fikirlərə görə Yaponiya kağız ilə ilk dəfə V əsrin sonlarında tanış olmuşdur.[1] "Nihon Şoki"nin 540-cı ilə aid bir siyahıyaalınma barədə məlumat verməsi artıq həmin dövrdə Yaponiyada kağız istehsalı barədə fikirlərin mövcud olduğunu göstərir,[1] çünki Çindən kağız idxal etmək çox bahalı idi.[1] Bundan əlavə, yerli kağız istehsalı olmasa, 645-ci ildəki Tayka islahatı kimi islahatlar uğurla həyata keçirilə bilməzdi,[1] çünki islahatın tətbiq olunması üçün lazım olan hesabatlar və siyahıyaalınmalar üçün xeyli kağız lazım idi.[1]
Nara dövrü Yaponiyada kağız istehsalının ilk dövrü hesab olunur.[1] Mərkəzi idarəetmənin yaranması, Narada imperatorluq sarayının əsasının qoyulması, buddizmin çox sürətlə yayılması kağıza olan təlabatı artırmışdır.[1] Bu dövrə aid ən yaxşı saxlanılmış kağızlar Today məbədinin VIII əsrə aid imperatorluq anbarı olan Şosoində tapılmışdır.[1] Burada yapon kağızlarının ən qədim nümunələri toplanmışdır.[1] Kolleksiyanın kağızları mərkəzi və regional hökumətlərin arxivləri, rəsmlər, eskizlər, kitablar və boş vərəqlərdən ibarətdir.[1] Ən qədim kağız nümunələri Mino, Çikuzen və Buzen əyalətlərinin[a] 701-ci ilə aid edilən siyahıyalınma qeydləridir.[1] Kağızlar da həmin əyalətlərdə hazırlanmışdır.[1] Bütün kağızlar tamezuki texnikasının köməyi ilə kozo liflərindən istehsal olunmuşdur.[1] Tamezuki texnikası Yaponiyada kağız istehsalında istifadə olunan ən qədim iki texnikadan biridir.[1] Kağızların yüksək keyfiyyəti paytaxtdan aralı yerləşən ərazilərdə də kağız istehsalının inkişaf etdiyini göstərir.[1]
Şosoin arxivi 233 kağız növündən bəhs edir[1] və adlar hər kağız növünün istehsal olunduğu yer, material, rəng, dekorasiya metodu haqqında məlumat verir.[1] Arxivin məlumatına görə həmin dövrdə 21 əyalət kağız istehsalı ilə məşğul olurdu.[1]
Bu dövrdə kağız istehsalında istifadə olunan əsas materiallar kozo, qampi və kənaf idi,[1] lakin tez-tez digər materiallar da kağız istehsalında yoxlanılırdı.[1] Dekorasiya olunmuş kağızlar sutra nüsxələnməsində geniş istifadə olunurdu.[1] Kağıza qədərki dövrdə sənədlər ikitərəfli yazılsa da, kağızın yayılmasında sonra bu praktikaya təlabat azalmışdır.[1] Lakin bu dövrdə də kağız ancaq dövlət orqanlarının və buddizm məbədlərinin istifadə edə bildiyi nadir material idi.[1]
Heyan dövrü Yaponiyada kağız istehsalının qızıl dövrü hesab olunur.[1] Kağız istehsalında həm keyfiyyət, həm də kəmiyyət baxımından baxımından artım var idi.[1] Saray mədəniyyətinin çiçəklənməsi və buddizmin üstünlüyünün azalmasından sonra həm rəsmi sənədlər üçün, həm də gündəlik tutmaq, şeir yazmaq üçün kağıza təlabat xeyli artmışdır.[1] Bundan əlavə, adi insanlar cüzi miqdarda olsa da, kağızdan istifadə etmək imkanına malik olmuşdurlar.[1]
Kağıza olan təlabat o qədər artmışdı ki, mərkəzi hökumət öz kağız fabrikini qurmalı olmuşdur.[2] Şiokuin adlı bu fabrik 806-809-cu illərdə Kiotodakı Kamiya çaynın sahilində tikilmişdir.[2] Fabrik üçün lazım olan xam materiallar 23 əyalət və Dazayfudan vergi şəklində təmin olunurdu.[2] Rəsmi kağız fabrikinin 4 qəlibçisi ildə təxminən 270 min vərəq istehsal edirdi.[2] Burada 3 əsas kağız növü hazırlanırdı: kənaf, qampi və kozo kağızı.[2] Bunlardan əlavə, Sophora angustifoliola bitkisinin liflərininin köməyi ilə kucinşi adlı kağız növü də istehsal olunurdu.[2] Bu kağız növündə təbii həşəratöldürücü maddə olduğu üçün tarixi qeydləri və vacib sənədləri saxlamaq üçün ideal idi.[2] Bu fabrikdə istehsal olunan kağızları kanyaqami adlandırırdılar.[2] Kanya no şikişi adlı ənlikli kağızlar da burada istehsal olunurdu.[2] Dövrün sonlarında fabrik xam materiallar tapmaqda çətinlik çəkirdi, buna görə də təkrar emal əsasında fəaliyyət göstərməyə başlamışdır.[2] Təkrar emalla hazırlanan kağızlar açıq boz rəngdə idi, çünki istifadə olunmuş kağızdakı mürəkkəbi çıxarmaq çətin idi.[2] Bu kağız növü usuzumiqami adlanırdı.[2] Bu kağız növü əvvəlcə saray tərəfindən istifadə olunsa da, sonralar xəttatlıqda populyar olmuşdur.[2]
Bu dövrdə Miçinoku kağızı adlanan yeni kağız növü də dəbə düşmüşdür.[2] Hirayzumidə istehsal olunan bu kağız növü Avropa gərməşovundan hazırlanırdı, ağ, koppuş və şax kağız növü idi.[2] Heyan dövründə Yaponiyaya xas olan müxtəlif rəngli kağızlar istehsal olunurdu.[2] Dövrün innovasiyalarından biri çəlləklərdə rənglənmiş pulpalardan istifadə edilərək rəngli kağızlarından istehsalı idi.[2] Bu cür kağızlara bulud kağızları deyilirdi; uçiqumori və tobiqumo bu cür kağız növləri idi.[2] Buludabənzər naxışlar həddən çox işləmə və ya ağ qampi kağızının yeni vərəqinə göy boyanın damcılaması ilə əldə olunurdu.[2] Bu cür kağızların parçaları tanzaku, yəni şeir yazmaq üçün kağız kimi istifadə olunurdu.[2] Boyalarla müxtəlif naxışların əldə olunduğu suminaqaşi adlı kağız növü də ilk dəfə Heyan dövründə ortaya çıxmışdır.[2]
Qızıl və gümüş vərəqlərlə bəzədilmiş kağızlar artan təlabatla istehsal olunmağa davam etmiş, mika tozu materiallar siyahısına əlavə olunmuşdur.[2] Heyan dövrünün son illərinin ən keyfiyyətli kağızlarını "Otuz altı usta şair"in Nişi Honqanci nüsxəsində görmək mümkündür.[2] Bu kitabı hazırlamaq üçün göz qabağına gətirilə bilən hər bir kağız növündən istifadə olunmuş, hər bir vərəq dekorativ xüsusiyyətinə görə diqqətlə seçilmişdir.[2]
Hökumətin feodal formaya keçid etməsindən və döyüşçü sinifinin güclənməsindən sonra dəbdəbəli kağızlara olan təlabat azalmış, lakin yüksək keyfiyyətli tətbiqi kağız istehsalını stimullaşdırmışdır.[2] Nəşriyyatın, bazarların və memarlığın inkişafı kağız istehlakını artırmışdır.[2]
Danşi hələ də formal kağız növü olaraq qalırdı, lakin hikiavase adı ilə tanınmağa başlamışdır.[2] Çünki onun burmaları samuray zirehindəki qovşaqları möhürləmək üçün istifadə olunurdu.[2]
Ağ, yumşaq və asanlıqla əyilə bilən kağız növü olan suqiharaşi ilk dəfə bu dövrdə Harimadakı Konoe ailəsinin malikanəsində şəxsi təlabat üçün istehsal olunmuşdur.[2] Bu kağız az formal və danşidən daha ucuz olsa da, döyüşçü sinifi arasında populyar olmuşdur.[2] Eçizen əyalətinin Qoka şəhərində istehsal olunan hoşo adlı ağ, danşiyəbənzər kağız növü də geniş istifadə olunmağa başlamışdır.[2] Eçizendə torinoko adlı kağız növü də hazırlanırdı.[2] Torinoko qalın, yumurta qabığına bənzər tonu olan kağız növü olub qampi kağızları arasında ən məşhuru idi.[2] Xəttatlar bu kağız növündən geniş istifadə edirdilər.[2]
Mino əyaləti Yaponiyada ən çox kağız istehsal edən əyalət olsa da, kağızın keyfiyyəti yüksək, qiyməti isə ucuz qalmaqda davam edirdi, ölkədəki kağız təlabatını qarşılaya bilirdi.[2] Ona görə də minoqami termini kağız ilə sinonimlik təşkil etməyə başlamışdır.[2] İyo əyaləti senkaşi, İzu əyaləti şuzenciqami, Yamato əyaləti yaşinoqami kağızı ilə məşhur idi.[2] XVI əsrin sonunda mitsumata lifinin kağız istehsalı üçün daha uyğun olduğu kəşf edilmişdir.[2] İlk vaxtlar çoxlu miqdarda istifadə olunmasa da, ən sonda kənafı əvəz etmişdir.[2]
Siyasi cəhətdən stabil dövr olan Edo dövründə elmə və öyrənməyə olan maraq yenidən oyanmışdır.[2] Tokuqava şoqunluğu Suruqada rəsmi nəşriyyat evi açdırmış, əyalətlərdə nəşr mərkəzləri yaranmağa başlamışdır.[2] Nəşriyyat yeni səviyyəyə çatmış, ilk dəfə kağız və kitablar ancaq yuxarı sinif üçün deyil, hər kəs üçün əlçatan olmuşdur.[2]
Tokuqava şoqunluğu hoşo və şuzenciqamini rəsmi kağız növləri kimi seçmişdir.[2] Daymyolar öz torpaqlarında nəşr mərkəzləri açaraq öz şəxsi təlabatlarını qarşılamağa başlamışdırlar.[2] Bəzi nəşr mərkəzləri təlabatdan artıq kağız istehsal etməyə başlamış, Edo, Osaka və Kioto bazarlarına çatmışdırlar.[2] İstehsal olunan kağızların böyük qismi danşi və hoşo növü kağızlar idi, lakin tezliklə hanşi də ölkədə populyarlaşmışdır.[2] Ən məşhur misallara Çikuqoda istehsal olunan Yanaqava hanşisi, Naqatoda istehsal olunan Yamaşiro hanşisi, Suoda istehsal olunan Tokuci hanşisi, İvamidə istehsal olunan Sekişu hanşisi və Minoda istehsal olunan Mino hanşisi aid idi.[2] Hamısı kozodan hazırlanırdı. Təkcə Suruqada istehsal olunan Suruqa hanşisi mitsumatadan istehsal olunurdu.[2] Suruqa hanşisi ilk dəfə XVIII əsrin ortalarında ortaya çıxmışdı və ilk dəfə idi ki, mitsumata kağız istehsalında belə geniş istifadə olunmuşdu.[2]
Mino hanşisi nəşriyyatlar tərəfindən çox istifadə olunduğu üçün Mino kağız ölçüləri kitablar üçün standarta çevrilmişdir.[2]
Müasirləşmə dövrü olan Meyci dövrünün təlabatını qarşılamaq üçün 1870-ci illərdə Yaponiyada kağız Qərb texnologiyası əsasında istehsal olunmağa başlamışdır.[2] Lakin ənənəvi kağız istehsalı XX əsrin ilk onilliyinə qədər öz aktuallığını qorumuşdur.[2] Sənaye miqyaslı müasir kağız istehsalı yüksək keyfiyyətli, ucuz, böyük miqdarda kağız istehsalına imkan verdiyi üçün kağız istehsalı ilə məşğul olan ailələr getdikcə rəqabətdə uduzurdular.[2] 1928-ci ildə 28.532 ailə kağız istehsalı ilə məşğul olsa da, 1973-cü ildə bu rəqəm 851 olmuşdur.[2] Buna baxmayaraq, ənənəvi yollarla istehsal olunan kağız sənaye miqyasında istehsal olunan kağızdan daha davamlı və möhkəm olması ilə seçilir.[2]
Yapon kağızının əsas xammalı kozo, qampi və ya mitsumata lifləri təşkil edir.[2] Bu bitkilər Hokkaydo və Honşunun şimalı istisna olmaqla Yaponiyanın hər yerində bitir.[2] Kozo və mitsumata yetişdirilir, qampi isə vəhşi təbiətdən toplanılır.[2] Bitkinin qabığından kağız hazırlamamışdan öncə onu budamaq, soymaq, ağartmaq, qələvidə qaynadıb qeyri-liflərdən azad etmək, yumaq, çeşidləmək və əzmək lazımdır.[2] Materialdan asılı olaraq texnikalar cüzi miqdarda bir-birindən fərqlənir.[2]
Payızın sonunda müvafiq bitkinin gövdəsindən budaqlar kəsilir.[2] Bu əməliyyat iti oraqla mümkün qədər yerə yaxın şəkildə aparılır.[2] Vaşi üçün ən yaxşı qabıqlar 3-8 yaşında olan bitkidən əldə olunur, lakin müstəqil böyümüş budaqlar 2 il sonra da kəsilə bilər.[2] Budaqlardan qabığın ayrılması buxarın köməyi ilə aparılır.[2] Bunun üçün budaqlar böyük buxarlandırıcının və ya qaynayan suyun üzərinə qoyulmuş vannaya yerləşdirilir.[3] Üç saatdan sonra budaqlar vannadan çıxarılır və soyuq suda isladılır.[3] Daha sonra əllə qabıq budaqdan qoparılır.[3] Bu mərhələ "qara qabıq" mərhələsi adlanır.[3] Lifin ağ daxili qatı kağız istehsalında istifadə olunur.[3] Xarici laylı və lazımsız təbəqə isə kəsilərək atılır.[3] Ağ daxili qat "ağardılmamış ağ qabıq" adlanır.[3] Yaşıl rəngə çalan yerlər təbii ağartma ilə yox edilir.[3] Bunun üçün budaqlar soyuq buxara məruz buraxıla, buzun altına qoyula və ya soyuq gecədə çöldə asıla bilər.[3] Bu proses 2-3 gün çəkir və tamamlananda alınan qabıq "ağ qabıq" adlanır, orijinal budağın çəkisinin 8%-inə bərabər çəkiyə malik olur.[3] Qeyri-lif elementlərini aparmaq üçün onu ağac külünün suda həll olunması ilə alınan qələvidə qaynadırlar.[3] Bundan sonra qələvi və qalıqlar atılır, lif diqqətlə təmizlənilir.[3] Alınmış lif taxta dəyənək və ya çəkicin köməyi ilə əzilir.[3] Əzilmiş lif təmiz, saf suyun olduğu böyük çəlləyə yerləşdirilir və "sıyıq" hazır olmuş olur.[3]
Yaponiyada kağızın iki əsas qəlibləmə üsulu mövcuddur: tamezuki və naqaşizuki.[3] Tamezuki Yaponiyaya Çindən keçib və Qərbdəki kağız qəlibləmə üsulu ilə eynilik təşkil edir.[3] Naqaşizuki daha geniş yayılmış üsul olub Yaponiyaya xasdır və VIII əsrdə yarandığı güman olunur.[3] Naqaşizuki üsulunda "sıyıq" tororo (Abelmoschus manihot) və noriutsuqi (Hydrangea paniculata) bitkilərindən alınmış təbii yapışqanlarla qarışdırılır.[3] Alınmış emulsiya liflərin düyümlənməsinin qarşısını alır.[3] Bundan əlavə, mayeni qatılaşdırır və onun quruma vaxtını gecikdirir.[3] Beləcə, kağızı hazırlayan şəxs kağızın qalınlığına nəzarət edə bilir.[3] Tamezuki ilə naqaşizuki üsulları arasındakı əsas fərq ondan ibarətdir ki, tamezuki üsulunda artıq mayenin qəlibdə qurumasına icazə verilir, naqaşizuki üsulunda isə atılır.[3] Hər bir vərəq bir neçə dəfə "sıyıq" vannasına batırılmalıdır.[3] Tamezuki üsulunda vərəqin sağ tərəfi birinci hazırlandığı halda, naqaşizuki üsulunda sonuncu batırışdan hazırlanır.[3] 400-600 vərəqin qəliblənməsindən sonra artıq suyu çıxarmaq üçün onlar sıxılır və qurudulur.[3] Nəhayət, vərəqlər toplanır, kəsilir və satışa çıxarılır.[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.