From Wikipedia, the free encyclopedia
Türkiyə–Yaponiya münasibətləri (yap. 日本とトルコの関係; türk. Japonya-Türkiye ilişkileri) — Türkiyə ilə Yaponiya arasındakı mövcud ikitərəfli əlaqələr.
Türkiyə–Yaponiya münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
Türkiyənin Yaponiya ilə münasibətləri Osmanlı dövrünə qədər uzanır. 1890-cı ildə Yaponiyada baş vermiş Ərtuğrul faciəsi iki ölkə arasındakı münasibətlərin inkişafında vacib məqam olmuşdur. Türkiyə Respublikası müstəqillik əldə etdikdən sonra 1924-cü ildə ölkələr arasında diplomatik əlaqələr qurulmuş və səfirliklər açılmışdır. İkinci dünya müharibəsi zamanı 1945-ci ildə Türkiyə Yaponiyaya qarşı formal müharibə elan etsə də, 1952-ci ildə imzalanmış San-Fransisko müqaviləsindən sonra ölkələr arasında münasibət əvvəlki halına qayıtmışdır.
Osmanlı ilə Yaponiya arasında beynəlxalq münasibətlər XIX əsrdə başlamışdır.[1] 1873-cü ildə Yaponiyadan xariciölkələrə göndərilmiş İvakura missiyasının iki iştirakçısı Qeniçiro Fukuçi və Mokuray Şimaci 11–23 aprel 1873-cü ildə İstanbulda olmuşdular.[2] Onlar müasir Türkiyə ərazisinə gəlmiş ilk yaponlar hesab olunurlar.[2]
1875-ci ilin iyulunda Yaponiya Osmanlı ilə diplomatik əlaqələr qurmaq qərarına gəlmişdir.[2] Yaponiyanın xarici işlər naziri Teracima Munenori nazir Sanco Sanetomiyə verdiyi təklif əsasında Londonda görüşlər başlamışdır.[2] Yaponiyanın Londondakı nümayəndəliyinin katibi Hiroşi Nakay və Vatanabe Hiromoto 1876-cı ilin fevralında İstanbula gələrək Raşid Paşa daxil olmaqla bir çox Osmanlı məmuru ilə görüşmüşdür.[2][3] Görüşlər zamanı Osmanlı tərəfi Yaponiya ilə diplomatik əlaqələr qurmaq istədiyini bildirmiş və Nakay bu təklifi hökumətə çatdırmışdır.[2] Onlar hədiyyə kimi verilən Osmanlı hüquq kitablarını qəbul etmişdirlər.[3] Nakay Yaponiyaya qayıtdıqdan 1 il sonra İstanbul barədə olan xatirələrini nəşr etdirmişdir.[2] 1878-ci ilin noyabrında Yaponiya donanmasına məxsus hərbi təlim gəmilərindən ibarət eskadra İstanbulda olmuş və II Əbdülhəmid tərəfindən qəbul edilmişdir.[4] Nakaydan sonra gələn digər yapon ziyarətçilər 12 mart 1881-ci ildə II Əbdülhəmid tərəfindən Yıldız sarayında qəbul edilən Yaponiya DİN-in məmuru Yoşida Masaharu ilə Furukava Nobuyoşi olmuşdurlar.[2][3] Bu qəbulda iki tərəf də diplomatik əlaqələrin qurulması və Yaponiya-Osmanlı Dostluq Müqaviləsinin imzalanması[4] üçün görüşlərin davam etdirilməsi barədə qərar qəbul etmişdir.[2] 1887-ci ilin oktyabrında isə Yaponiya şahzadəsi Komatsu İstanbulu ziyarət etmişdir.[2]
İki dövlət arasında əlaqələrin inkişafında Ərtuğrul faciəsi vacib rol oynamışdır. Uzaq Şərqlə əlaqələri inkişaf etdirmək istəyən II Əbdülhəmid 1889-cu ildə Yaponiyaya "Ərtuğrul" gəmisini yollamışdır.[5] 14 iyul 1889-cu ildə İstanbuldan Yokohamaya yola düşən gəmi geri qayıdarkən 16 sentyabr 1890-cı ildə Kaşinozaki mayakı yaxınlığında qayalara çırpılaraq batmışdır.[5] Qəzada ölənlərin dənizdən çıxarılması, basdırılması, abidə tikilməsi, yaralılara kömək edilməsi, xilas edilən əşyaların və insanların İstanbula göndərilməsi kimi hadisələr iki ölkə arasındakı münasibətlərin inkişafına təkan vermişdir.[5] Yaponiyaya məxsus Hiei və Kongo döyüş gəmiləri qəzada yaralanları 1891-ci ildə İstanbula gətirmiş və Yaponiyaya qayıtmışdır.[6] Gəmi ilə gələn və Yaponiyada yığılmış maddi yardımı gətirən iki yapon — Şotaro Noda və Yamada Toraciro İstanbulda qalmışdır.[7] II Əbdülhəmidin xahişi ilə hərbi məktəbdə yapon dili dərsi verən Noda xəstələndiyi üçün Yaponiyaya qayıtmış və 1892-ci ildə ölmüşdür.[7] Toraciro isə Birinci dünya müharibəsinə qədər İstabulda yaşamış, 1910-cu ildə Türkiyə haqqında yaponca kitab yazmışdır.[7] Yaponiyaya qayıtdıqdan sonra Osaka Ticarət Gildiyasının fəal üzvü olmuş və Türkiyə–Yaponiya ticarət əlaqələrinin inkişafı üçün səylər göstərmişdir.[8]
1893-cü ilin mayında Yaponiyanın Almaniyadakı səfiri Şuzo Aoki II Əbdülhəmid tərəfindən qəbul edilərək Yaponiya–Osmanlı Dostluq Müqaviləsinin imzalanması üçün müzakirələr aparmışdır.[9] Həmin ilin 21 dekabrında Yaponiya hökuməti müqavilənin qaralama halını hazırlamışdır.[9] Lakin həmin dövrdə iki ölkənin qatıldığı müharibələr də diplomatik görüşlərin baş tutmasına mane olurdu.[8]
Balkan müharibələrində Osmanlı ordusunun tərəfindən iştirak edən xarici müşahidəçilər arasında Avropa ölkələrinin xaricində təmsil edilən yeganə Asiya ölkəsi Yaponiya idi.[10] Yaponiyanın Osmanlıdakı hərbi ataşesi 1907-ci ilin fevralında[9] bu vəzifəyə təyin olunan Moriaka Morişiqe olmuşdur.[10] Moriaka Osmanlıdakı həyatı barədə xatirələrini "Yosei Zuihitsu" adlı əsərdə paylaşmışdır.[10] 1911-ci ildə onun vəzifəsini Muraoka Çotaro tutmuş və Balkan müharibələri zamanı Osmanlı ordusuna hərbi müşahidəçi kimi qatılmışdır.[10]
1910–14-cü illərdə İstanbulda Əbdürrəşid İbrahim tərəfindən "Alem-i İslam ve Japonyaʼda İntişar-ı İslamiyet" adı altında Yaponiya haqqında səyahət kitabı yayımlamışdır.[11] Əbdürrəşid İbrahim Birinci dünya müharibəsindən öncə İstanbuldan Yaponiyaya köçmüş və 1944-cü ildə Tokiodakı ölümünə qədər orada yaşamışdır.[11]
1923-cü ildə imzalanmış Lozanna müqaviləsi nəticəsində Yaponiya yeni yaranmış Türkiyə Respublikasını 6 avqust 1924-cü[12] ildə tanımış, qarşılıqlı səfirliklər açılmış və diplomatik nümayəndələr göndərilmişdir.[13] Yaponiyanın Türkiyə səfirliyi 23 mart 1925-ci ildə İstanbulda açılmışdır, həmin ilin 17 oktyabrında Yaponiyanın Türkiyədəki ilk səfiri Yukiçi Obata vəzifəsini yerinə yetirməyə başlamışdır.[12] 7 iyul 1925-ci ildə isə Türkiyənin Yaponiyadakı səfirliyi açılmışdır.[12] 1928-ci ilin oktyabrında Tokioda Yaponiya-Türkiyə Dərnəyi qurulmuş və dərnək 1929-cu ilin fevralında Ərtuğrul abidəsi tikdirmişdir.[12] İkinci dünya müharibəsinə qədər iki ölkə arasındakı münasibətlər mülayim qalmışdır.[13] 11 oktyabr 1930-cu ildə Ankarada ölkələr arasında Ticarət və Dənizçilik müqaviləsi imzalanmışdır.[13][12][14] 1931-ci ilin oktyabrında Yaponiya şahzadəsi Takamatsu Türkiyəyi ziyarət etmişdir.[12] 27 oktyabr 1937-ci ildə Yaponiyanın Türkiyə səfirliyi İstanbuldan Ankaraya köçürülmüşdür.[15]
İkinci dünya müharibəsində Türkiyə neytrallığını qorumağa çalışsa da, 6 yanvar 1945-ci ildə ABŞ-nin Türkiyədəki səfiri Lourens Şteynhartın Türkiyənin xarici işlər naziri Hasan Sakaya təkidindən və müttəfiqlərin təzyiqindən sonra Yaponiya ilə diplomatik əlaqələrini kəsərək 23 fevralda Yaponiyaya qarşı formal müharibə elan etmişdir.[13][15][16] Bu hadisə, xüsusilə, Çin tərəfindən müsbət qarşılanmışdır.[16] Diplomatik statusa malik 15 yapon İstanbulun Ayazpaşa bölgəsindəki konsulluq binasında həbs olunmuşdur.[17] Buna baxmayaraq, həbs olunmuş yaponlara bəzən Yıldız parkında gəzməyə icazə verilirdi. Buna qarşılıq olaraq, Yaponiya hökuməti də Türkiyəyə müharibə elan edəcəyini bildirmişdir.[18] Türkiyənin bu addımlarından sonra bəzi Türkiyə qəzetləri yaponlar haqqında irqçi məqalələr yayımlamışdır.[18] Məsələn, "Cumhuriyet" qəzetində yaponların beyin və göz quruluşlarına görə heç vaxt amerikalılar kimi usta pilot olmayacaqları qeyd olunmuşdu.[14]
1952-ci ildə imzalanan San-Fransisko müqaviləsindən sonra ölkələr arasında münasibətlər yenidən normallaşmışdır.[13] 1952-ci ilin iyununda Türkiyənin Yaponiyadakı səfirliyi yenidən açılmış və müharibədən sonra ilk səfiri İzzet Aksular olmuşdur.[15] 1953-cü ilin mayında isə Şiniçi Kamimura Yaponiyanın Türkiyədəki səfiri vəzifəsini yerinə yetirməyə başlamışdır. Koreya müharibəsi zamanı isə BMT güclərinin tərkibində vuruşan Türkiyə qüvvələrinin bir çox əsgəri Yaponiyada da olmuşdur.[13] 1957-ci ildə iki ölkə arasında viza məhdudiyyəti ləğv olunmuşdur.[15] 1958-ci ilin aprelində Türkiyə baş naziri Adnan Menderes Yaponiyaya rəsmi səfər etmişdir.[17]
1984-cü ildən sonra iki ölkə arasında qarşılıqlı iqtisadi fəaliyyətlərlə çox güclü və sürətli artım yaşanmışdır.[13] Bu dövrdə çoxsaylı iqtisadi heyət qarşılıqlı ziyarətlər həyata keçirulmiş və aviasiua müqaviləsi, kapitalların təşviqi müqaviləsi kimi yeniliklərə imza atılmışdır.[13] 1985–88-ci illərdə tikilən Fateh Sultan Mehmet körpüsü Yaponiya şirkətlərinin əməkdaşlığı ilə istifadəyə verilmişdir.[13] 19 mart 1985-ci ildə İran-İraq müharibəsi zamanı Tehranda qalan yaponların xilas edilməsində Türkiyə hökuməti aktiv iştirak etmişdir.[15] 1989-cu ildə İmperator Hirohitonun dəfn mərasimində, həmçinin 1990-cı ilin noyabrında Akihitonun taxta çıxma mərasimində Türkiyə prezidenti Turqut Özal da iştirak etmişdir.[19]
2003-cü il Yaponiyada Türkiyə ili elan olunmuşdur.[13] İl çərçivəsində sərgilər, rəqs performansları, konsertlər, filmlər və teatr tamaşaları daxil olmaqla 150-dən çox rəsmi tədbir baş tutmuşdur.[13] 2004-cü ilin iyulunda Yaponiya hökuməti Türkiyədə Kaman-Kalehöyük Anadolu Arxeoloji İnstitutunu açmış və açılış mərasimində Şahzadə Tomohito da iştirak etmişdir.[20]
Yaponiyanın Türkiyədəki missiya başçıları[21] | ||||||
Vəzifə tarixi | Vəzifə | Adı | Vəzifə tarixi | Vəzifə sonu | Vəzifə | Adı |
---|---|---|---|---|---|---|
aprel 1921 | diplomatik nümayəndə | Sadatsuçi Uçida | 7 iyul 1925 | 25 mart 1929 | müvəqqəti işlər vəkili | Hulusi Fuad Bəy |
yanvar 1923 | səfir | Sadatsuçi Uçida | 7 aprel 1929 | 31 iyul 1931 | elçi | Cəvad Bəy |
iyul 1923 | baş katib | Akio Kasama | 1 avqust 1931 | 26 noyabr 1931 | səfir | Cəvad Bəy |
yanvar 1925 | müşavir | Şiro Hanaoka | 27 noyabr 1931 | 16 dekabr 1931 | müvəqqəti işlər vəkili | Talat Rauf Bəy |
mart 1925 | müvəqqəti işlər vəkili | Şiro Hanaoka | 17 dekabr 1931 | 13 fevral 1936 | daimi işlər vəkili | Nebil Bəy |
noyabr 1925 | səfir | Yukiçi Obata | 22 dekabr 1936 | 19 iyun 1939 | səfir | Husrev R. Gerede |
oktyabr 1928 | baş katib | Hitoşi Aşida | 19 iyun 1939 | 5 sentyabr 1939 | müvəqqəti işlər vəkili | Nurəddin Fərruh Alkent |
noyabr 1929 | müşavir | Hyoci Nihei | 6 dekabr 1939 | 13 iyul 1943 | səfir | Ferid Tek |
aprel 1930 | səfir | İsaburo Yoşida | 10 sentyabr 1944 | 6 yanvar 1945 | səfir | Ali Müzaffer Göker |
yanvar 1932 | müvəqqəti işlər vəkili | Yoşiatsu Murakami | 6 iyun 1952 | 27 noyabr 1952 | müşavir | Əbdül-Mennan Tebelen |
dekabr 1932 | səfir | İsaburo Yoşida | 27 noyabr 1952 | 1 iyul 1955 | səfir | İzzət Aksular |
sentyabr 1933 | səfir | Kintomo Muşanokoci | 2 iyul 1952 | 29 may 1957 | müvəqqəti işlər vəkili | Semih Baran |
mart 1935 | səfir | İesama Tokuqava | 30 may 1957 | 28 sentyabr 1959 | səfir | Süreyya Anderiman |
fevral 1937 | səfir | Toşihiko Taketomi | 28 sentyabr 1959 | 25 aprel 1960 | müvəqqəti işlər vəkili | Rasim Fenmen |
oktyabr 1940 | səfir | Şo Kurihara | 26 aprel 1960 | 21 sentyabr 1962 | səfir | Nijad Kavur Kemal |
may 1953 | səfir | Şiniçi Kamimura | 22 sentyabr 1962 | 22 may 1963 | müvəqqəti işlər vəkili | Orhan Çıray |
iyun 1957 | səfir | Şiroci Yuki | 25 may 1963 | 24 sentyabr 1963 | müvəqqəti işlər vəkili | Bülent Ketselli |
aprel 1959 | səfir | Takaciro İnoe | 25 sentyabr 1963 | 2 dekabr 1966 | səfir | Melih Esenbel |
dekabr 1962 | səfir | Akira Miyazaki | 6 yanvar 1967 | 24 noyabr 1970 | səfir | Turqut Aytuğ |
yanvar 1968 | səfir | Mitsuo Tanaka | 30 noyabr 1970 | 23 avqust 1974 | səfir | Şükrü Elekdağ |
dekabr 1970 | səfir | Tatsuo Suyama | 31 oktyabr 1974 | 23 avqust 1979 | səfir | Celal Eyicioğlu |
may 1973 | səfir | Tatsuo Hirose | 4 oktyabr 1979 | 23 sentyabr 1983 | səfir | Nazif Çuhruk |
sentyabr 1976 | səfir | Şiqeto Nikay | 1 oktyabr 1983 | 2 fevral 1987 | səfir | Nurver Nureş |
fevral 1980 | səfir | Nobuyasu Nişiyama | 31 yanvar 1987 | 2 yanvar 1992 | səfir | Umut Arık |
noyabr 1982 | səfir | Şiniçi Suqihara | 31 dekabr 1991 | 1 noyabr 1996 | səfir | Necati Utkan |
avqust 1986 | səfir | Kazuo Vaçi | 23 oktyabr 1996 | 31 may 1998 | səfir | Gündüz Suphi Atkan |
aprel 1989 | səfir | Takaşi Senqoku | 1 dekabr 1998 | 2 yanvar 2003 | səfir | Yaman Başkut |
noyabr 1991 | səfir | Yoiçi Yamaquçi | 5 yanvar 2003 | 1 yanvar 2007 | səfir | Solmaz Ünaydın |
mart 1994 | səfir | Takehiro Toqo | 1 yanvar 2007 | 3 aprel 2011 | səfir | Selim Sermet Atacanlı |
avqust 1996 | səfir | Atsuko Toyama | 9 aprel 2011 | 22 oktyabr 2011 | səfir | Abdurrahman Bilgiç |
oktyabr 1999 | səfir | Şiqeo Takenaka | 27 aprel 2012 | 16 aprel 2014 | səfir | Serdar Kılıç |
avqust 2003 | səfir | Tomoyuki Abe | 16 aprel 2014 | 15 noyabr 2017 | səfir | Ahmet Bülent Meriç |
11 noyabr 2017 | 28 fevral 2021 | səfir | Hasan Murat Mercan | |||
15 mart 2021 | hazırda | səfir | Korkut Güngen | |||
1986-cı ildən Türkiyənin Kırşəhər vilayətində davam edən Kaman-Kalehöyük arxeoloji qazıntı işləri Şahzadə Takahito Mikasanın tövsiyəsi ilə başlamışdır.[23] Bu qazıntı işlərini aparan Yaponiya Anadolu Arxeoloji İnstitutunun fəaliyyətləri daha sonra oğlu Şahzadə Tomohito, ondan sonra da nəvəsi Şahzadə Akiko tərəfindən dəstəklənmişdir.[23] Şahzadə Akiko Türkiyə-Yaponiya Dərnəyinin sədri vəzifəsini yerinə yetirir.[23]
1993-cü ildə Ankara şəhərində Türk Yapon Fondu Mədəniyyət Mərkəzi qurulmuşdur.[23]
Ərtuğrul faciəsindən bəhs edən, Yaponiya-Türkiyə istehsalı "Ərtuğrul 1890" filmi 2015-ci ildə buraxılmış və hər iki ölkədə 1 milyondan çox insan tərəfindən izlənmişdi.[23]
2003-cü ildə Şimonoseki şəhərinin dəstəyi ilə İstanbulda yapon bağçası açılmış və 2015-ci ildə yenilənmişdir.[23] Bundan əlavə, Türkiyənin Bursa, Konya, Kayseri, Əskişəhər kimi şəhərlərində də yapon bağçaları salınmışdır.[23]
Cuniçi İnamoto, Hacime Hosoqay, Şinci Kaqava, Yuto Naqatomo, Takayuki Seto kimi Yaponiya futbolçuları Türkiyə çempionatında çıxış etmişdir.[24][25][26][27][28] Alpay Özalan, Eren Albayrak, Fuat Usta, İlhan Mansız, Ömer Tokaç kimi Türkiyə futbolçuları isə Yaponiya çempionatında oynamışdılar.[29][30][31][32]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.