Azərbaycan və ABŞ alimi, professor From Wikipedia, the free encyclopedia
Səbzəli Cavadov (tam adı: Səbzəli Əbil oğlu Cavadov; 20 may 1960, Xaçmaz – 4 iyun 2024, ABŞ) — Azərbaycan və ABŞ alimi,[1] tibbi biokimyaçı və fizioloq, tibb elmləri doktoru (1992), professor (1993), Amerika Kardioloqlar Cəmiyyətinin fəxri üzvü (2015), Amerika Fizioloqlar Cəmiyyətinin üzvü (2009), Amerika Redoks Biologiya və Tibb Cəmiyyətinin üzvü (2015), Amerika Milli Sağlamlıq İnstitutunun (2017) və Amerika Kardiologiya Cəmiyyətinin elmi qrant komitələrinin üzvü (2015), İngiltərə (2012), Belçika (2010), Çexiya (2011) və Xorvatiyanın (2010) elm fondlarının Ad-hoc üzvü.[2][3][4][5]
Səbzəli Cavadov | |
---|---|
ing. Sabzali Javadov | |
Doğum tarixi | 20 may 1960 |
Doğum yeri | |
Vəfat tarixi | 4 iyun 2024 (64 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | tədqiqatçı |
Vikianbarda əlaqəli mediafayllar |
Səbzəli Cavadov 1960-cı il mayın 20-də Azərbaycan Respublikasının Xaçmaz rayonunda ziyalı ailəsində anadan olub. 1977-ci ildə Bakı şəhəri Kimya-biologiya təmayüllü respublika liseyini bitirmişdir. 1977–1983-cü illərdə Piroqov adına 2-ci Moskva Tibb İnstitutunun (indiki adi: Piroqov adına Rusiya Milli Tədqiqat Tibb Universiteti) tibbi-biologiya fakültəsində biokimya ixtisası üzrə təhsil almışdır.[6] 1983–1986-cı illərdə SSRİ Tibb Elmləri Akademiyası Ümumittifaq Kardiologiya Elmi Mərkəzinin Eksperimental Kardiologiya İnstitutunda aspirant olmuşdur. 1985-ci ildə Mərkəzin aspirantları və gənc alimləri arasında keçirilən elmi müsabiqənin qalibi olmuş və fəxri fərmanla təltif edilmişdir. 1986-cı ildə biokimya və kardiologiya ixtisasları tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. 1986–1993-cü illərdə Azərbaycana qayıdıb Elmi-Tədqiqat Kardiologiya İnstitutunda işə başlamış, respublikada ilk eksperimental kardiologiya laboratoriyasını təşkil etmiş və ona rəhbərlik etmişdir. 1992-ci ildə Rusiya Kardiologiya Elmi-İstehsalat Kompleksi (indiki adi: Rusiya Milli Tibbi Elmi-Tədqiqat Kardiologiya Mərkəzi) və Rusiya Xalqlar Dostluğu Universitetinin müştərək elmi şurasında doktorluq dissertasiyası müdafiə etmişdir. 1993–2003-cü illərdə Azərbaycan Tibb Universitetində biokimya kafedrasının professoru olmuş və eyni zamanda "Hüceyrə patologiyasının biokimyası" problem elmi-tədqiqat laboratoriyasına rəhbərlik edib. 1993–2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədr müavini vəzifəsində çalışmış və Komissiyanın Rəyasət Heyətinin üzvü olmuşdur. 2003–2008-ci illərde Kanadanın Qərbi Ontario Universitetinin (indiki adı: Qərb Universiteti) Tibb fakültəsinin dəvəti ilə Kanadaya köçmüş və elmi tədqiqatlarını bu universitetdə davam etdirmişdir. 2009-cu ildən ABŞ-də Puerto Riko Universitetinin Tibb Fakültəsinin professoru və Ürək Mitoxondrilərin Tədqiqi Elmi Laboratoriyasının direktoru idi.[7][8]
Səbzəli Cavadov 4 iyun 2024-cü ildə, 64 yaşında ABŞ-də vəfat edib.[9]
Cavadov ürək biokimyası və fiziologiyası üzrə xüsusi təlim və təcrübəyə malik beynəlxalq səviyyədə tanınmış alimdir. Onun tədqiqatları əsas etibarilə müxtəlif heyvan, orqan və hüceyrə eksperimental modelləri və sistemlərindən istifadə etməklə, koronar ürək xəstəlikləri (miokard infarktı və işemiya-reperfuziya) zamanı ürək disfunksiyasında, həmçinin beyin-ürək çarpazlığında mitoxondrilərin rolunun aydınlaşdırılmasına yönəlib. Son illər o, ürək hüceyrələrində apoptoz, nekroptoz, ferroptoz, piroptoz, və autofagiya kimi müxtəlif ölüm mexanizmlərində mitoxondrilərin rolunu araşdırır. Həmçinin, Cavadov ürək xəstəliklərinin müalicəsi üçün yeni mitoxondriyaya istiqamətlənmiş terapevtik strategiyaların işlənib hazırlanmasında iştirak edir. Cavadovun tədqiqat işləri Amerika Milli Sağlamlıq İnstitutunun və Amerika Elm Fondunun qrantları hesabına maliyyələşdirilir.
1987–2001-ci illərdə Almaniya, Macarıstan, İngiltərə və Kanadanın aparıcı universitetlərində birgə tədqiqatlar aparıb.[10] 1995-ci ildə Britaniya Konsulluğunun dəvəti ilə Oksford və Bristol Universitetlərində olmuşdur. 1997–2001-ci illərdə üç dəfə Böyük Britaniya Kral Cəmiyyətinin Beynəlxalq Mübadilə Qrantını qazanmış və Bristol Universitetinin Biokimya kafedrasında dəvətli professor kimi çalışmışdır. Son illər o, ABŞ-nin Pittsburq Universiteti, Miçiqan Dövlət Universiteti, Roçester Universiteti, Arkanzas Tibb Elmləri Universiteti, Sinsinnati Universiteti və Templ Universitetinin, eləcə də Avstriyanın Edinburq Universitetinin və Lüdviq Boltzmann Travmatologiya İnstitutunun və Türkiyənin Ege Universitetinin alimləri ilə əməkdaşlıq edib. O, mütamadi olaraq Azərbaycana səfər edir, və son illər Azərbaycan Tibb Universitetinin, Xəzər Universitetinin, Bakı Dövlət Universitetinin, V. Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun tələbələri, professor-müəllim heyəti və elmi işçiləri ilə görüşlər keçirmişdir.[11][12][13][14][15]
Cavadov 140-dan çox elmi məqalənin[19], kitab və kitab bölməsinin müəllifidir, 3 patentə sahibdir, 120-dən çox elmi konfransda çıxış etmişdir. Onun məqalələri " Lancet", "Redox Biology", "Cardiovascular Research", "Basic Science in Cardiology", "Antioxidants and Redox Signaling", "Pharmacology and Therapeutics", "Cells", "Journal of Molecular and Cellular Cardiology", "Cell Biology and Toxicology", "Journal of Molecular Medicine", "American Journal of Physiology" və bir sıra digər yüksək impakt faktorlu jurnallarda dərc edilmişdir. Cavadovun nəşr etdiyi elmi məqalələrin tam siyahısı ilə ABŞ-nin Milli Tibb Kitabxanasının bir hissəsi olan Milli Biotexnologiya Məlumat Mərkəzinin Medline (PubMed) internet səhifəsində tanış olmaq olar.[20][21]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.