From Wikipedia, the free encyclopedia
Per Laqerkvist (isv. Pär Lagerkvist; 23 may 1891[1][2][…] – 11 iyul 1974[1][2][…]) — isveçli yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1951).
Per Lagerkvist | |
---|---|
isv. Pär Lagerkvist | |
Doğum adı | Pär Fabian Lagerkvist |
Doğum tarixi | 23 may 1891[1][2][…] |
Vəfat tarixi | 11 iyul 1974[1][2][…] (83 yaşında) |
Təhsili |
|
Fəaliyyəti | şair, dramaturq, esseist, ssenarist, avtobioqraf[d], yazıçı |
Əsərlərinin dili | isveç dili |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Per Fabian Laqerkvist İsveç romançısı, şair və dramaturqdur. Sadə ailənin övladı idi. Atası əvvəlcə fermer, sonra isə dəmiryol fəhləsi olmuşdu. Ailədəki yeddi uşağın içərisində Per erkən yaşlarından ağlı və fərasəti ilə fərqlənirdi. Orta təhsilini bitirdikdən sonra iki il Upsala universitetində incəsənət və ədəbiyyatı öyrənmişdi.
21 yaşında ilk yazılarını – bir neçə şeir və "İnsanlar" povestini dərc etdirmişdi. 1913-cü ildə Parisdə olması Laqerkvistin ədəbiyyat və sənətə baxışlarında inqilab yaratmışdı. O, fovizm və kubizm cərəyanları ilə ciddi maraqlanmışdı. "Söz sənəti və təsviri sənət" essesində Skandinaviyada geniş yayılan naturalizmə qarşı çıxmışdı. Tezliklə nəzəri mülahizələrinin bədii yaradıcılığına tətbiqi kimi "Motivlər" (1914), "Dəmir və insanlar" (1915) kitablarını çap etdirmişdi.
İsveç ədəbiyyatında ekspressionizmin ilk nümunəsi sayılan "Kədər" (1916) adlı şeirlər kitabında Laqerkvist Birinci Dünya müharibəsinin doğurduğu ümidsizlik, qüssə və qorxu əhvali-ruhiyyəsini yaddaqalan obrazlarla əks etdirmişdi. Müharibə dövründə neytral Danimarkada yaşamış, əsasən dramaturgiya sahəsində çalışmışdı. Laqerkvist şeir və nəsrdə olduğu kimi dram sənətində də naturalizmin qəti əleyhdarı idi. O, Albert Strindberqin simvolist dramlarını daha çox təqdir edirdi. Stokholmda çıxan "Svenska daqbladet" qəzetinin sənət icmalçısı kimi Laqerkvist həm də çoxsaylı teatr resenziyaları, ədəbi-tənqidi məqalələr və esselər yazmışdı.
İnsan yaşamının sirr və problemləri dramaturq Laqerkvisti düşündürən əsas mövzu idi. "Xaos" (1919), "Göylərin sirri" (1920), "Əbədi təbəssüm" (1921) kimi səhnə əsərlərində müəllif insanla Yaradan arasındakı görünməyən telləri araşdırır, mövcudluq mübarizəsində insanın ilahi qüvvəyə deyil, öz şüurunun və qəlbinin gücünə arxalanmasının daha pozitiv yol olduğu qənaətinə gəlirdi.
Laqerkvistin ilk əsərlərindəki ümidsizlik və bədbinlik əhvali-ruhiyyəsi "Xoşbəxt adamın yolu" (1921), "Ürəyin nəğməsi" (1926) kitablarında artıq öz yerini tədricən həyata, insanın yaradıcı gücünə bəslənən inama verirdi. Pyeslərində də müəllif bir zaman qatı əleyhdarı kimi çıxış etdiyi naturalizm ünsürlərinə, realist təsvirlərə daha geniş yer ayırmağa başlayırdı.
Avropada faşizm təhlükəsi artdıqca ölkəsinin nüfuzlu söz adamı kimi Laqerkvistin fəal həyat mövqeyi və yaradıcılığının humanizm ruhu da qüvvətlənirdi. O, müharibə öncəsi Avropanın siyasi və mənəvi problemlərini daha çox və daha ardıcıllıqla əsərlərinin mərkəzi mövzusuna çevirməyə çalışırdı. Almaniyada faşistlərin hakimiyyətə gəldiyi 1933-cü ildə Laqerkvist "Cəllad" povestini yazmışdı. Bir il sonra pyes variantını da ortaya qoyduğu bu əsərdə müəllif qaranlıq orta əsrlərlə yaşadığı dövrü müqayisə edir və bəşəriyyətin çoxəsrlik səylərinə baxmayaraq şərin məğlubedilməzliyi qənaətinə gəlirdi.
Müəllifin "Poeziya və döyüş" (1940) kitabında toplanan şeirlərin çoxu faşistlərin Skandinaviya ölkələrini — Norveç və Danimarkanı işğal etmələrinin doğurduğu acı təəssürat əsasında yazılmışdı. "Cırtdan" (1944) adlı alleqorik romanında Laqerkvist İntibah dövrü İtaliyasına müraciət etsə də, əslində insana aid bütün mənfi çalarları özündə birləşdirən Cırtdanın timsalında Hitleri və onun antibəşəri hakimiyyətini nəzərdə tutduğu sirr deyildi.
İncil mövzusuna müraciətlə yazılmış "Varavva" (1950) romanı, heç şübhəsiz, bir yazıçı kimi Laqerkvistin ən güclü əsəri idi. İsadan fərqli olaraq, çarmıxa çəkilməkdən canını qurtaran quldur və yolkəsən Varavvanın timsalında müəllif insanın inanc və əqidə sahibi olmasının, Allaha tapınmasının zəruriliyi fikrini bədii inandırıcılıqla əks etdirə bilmişdi. Roman qısa müddətdə əsas Avropa dillərinə tərcümə edilmiş, 1952-ci ildə isə motivləri əsasında bədii film çəkilmişdi.
Per Laqerkvist 1940-cı ildən İsveç Akademiyasının üzvü idi. 1951-ci ildə həmin Akademiyanın qərarı ilə "yaradıcılığında insanı maraqlandıran əbədi suallara cavab tapmağa çalışdığına və bu zaman nümayiş etdirdiyi bədii qüdrətə və mülahizələrinin tam sərbəstliyinə görə" ona Nobel mükafatı verilmişdi. Təqdimat mərasimində yaradıcılığı haqqında həmkarı Anders Esterlinq danışmışdı. Təbiət etibarı ilə çox qapalı və çəkingən adam olan Laqerkvist Nobel mühazirəsindən imtina etmişdi. Bir neçə təşəkkür sözündən sonra 30 il əvvəl yazdığı və heç yerdə çap olunmayan "Bəşəriyyət mifi" əsərindən bir fəsil oxumuşdu.
Sonrakı illərdə də müəllif eyni məhsuldarlıqla çalışmışdı. "Axşam torpağı" adlı onuncu şeirlər məcmuəsini (1953) tamamlamış, "Sibilla" (1956), "Aqasferin ölümü" (1960), "Zəvvarlar dənizdə" (1962), "Müqəddəs torpaq" (1964) və "Mariamna" (1967) romanlarını yazmışdı.
Bir sıra tədqiqatçılar yaradıcılığının mistik xüsusiyyətlərinə, şərə qarşı mübarizədə fövqəlqüvvə axtarışlarına görə Laqerkvisti Frans Kafka və Alber Kamyu kimi sənətkarlarla müqayisə edirlər. İsveç yazıçısının əsərləri bu ehtimalların həqiqətdən o qədər də uzaq olmadığını söyləməyə əsas verir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.