From Wikipedia, the free encyclopedia
Paniranist Partiyası (fars. :حزب پانایرانیست, transliterasiya: Ḥezb-e Pān-Irānist) — İranda mövcud olmuş və paniranizmə əsaslanmış kiçik müxalifət partiyası.[4] Partiya qeydiyyatdan keçirilməsə və texniki olaraq qadağan edilsə də, İran daxilində fəaliyyətini davam etdirməkdədir.[7]
Quruluş tarixi | 1941[1] |
---|---|
Qeydiyyat tarixi | 1951 |
Dağılma tarixi | İslam inqilabından sonra qadağan edildi, lakin 1990-cı illərin sonunda fəaliyyətini bərpa etdi. |
Bölünmə |
İran Millət Partiyası (1951) İranlılar Partiyası (1970) |
Baş qərargah | Tehran, İran |
İdeologiya |
Paniranizm İran milliyətçiliyi Dünyəvi dövlət Tarixi perespektivdən: * Ultranasionalizm[2] * Şovinizm[3] * İrredentizm[4] * Ekspansionist millətçilik[5] |
İdeoloji spektr | Sağçılıq[6] |
Saytı | paniranist-party.org |
Pəhləvi sülaləsinin hakimiyyəti dövründə partiya parlamentdə təmsil edilirdi və rejim daxilində pari-müxalif partiya hesab edilirdi.[8][lower-alpha 1] Partiyanın fəaliyyətinə göz yumulsa da, 1971-ci ildə İranın Bəhreynin müstəqilliyini tanımasından sonra partiya buna etiraz etdi və buna görə də, fəaliyyətinə icazə verilmədi.[9] Partiya öz fəaliyyətini sonlandırmağa və 1975-ci ildə yaradılmış Dirçəliş Partiyasına (farca: حزب رستاخیز ملت ایران, transliterasiya:Ḥezb-e Rastaxiz Mellət İran) qatıldı.
Paniranist Partiya zaman-zaman İranda millətçi partiyalardan biri olan Milli Cəbhənin dəstəkçisi olmuşdur.[10] Partiya əsas ideologiyası etibarilə millətçi bir partiya idi. Mahiyyət etibarilə kommunizmə qarşı olan partiya, buna görə tez-tez Tehran küçələrində Tudə Partiyası tərəfdarları ilə kütləvi toqquşmalara girməkdə idi.[11] 1940-cı illərin kontekstində partiya "dünyəvi untranasionalizm" tərəfdarı,[2] 1960-cı illərdə isə "dünyəvi millətçi" partiya kimi təsvir edilir.[12] Hazırda partiya 1979-cu ildən sonrakı İran hökumətinin panislamizminə, eləcə də panərəbizm və pantürkizmə qarşı olması ilə seçilir. Partiya bu iki millətçiliyin İranın ərazi bütövlüyünü və mədəni-sivilizasiya irsini pozmağa yönəlmiş xarici təhdidlər olaraq görməkdədir. Partiya İranın keçmiş torpaqlarının geri qaytarılması məsələsində fərqli mövqe bildirməkdədir. partiya bu istiqamətdə bütün İran sivilizasiya hövzəsinin mədəni baxımdan inteqrasiya etməsinin tərəfdarıdır.[13]
Partiya 2009-cu ildə İranda meydana çıxmış Yaşıl Hərəkatın tərəfdarı olmuşdur.[14] Partiyanın diskursu 2010-cu illərdə meydana çıxan İran-Səudiyyə Ərəbistanı gərginliyi və toqquşmaları zamanı İranda rejim daxilində olan mühafizəkarlar tərəfindən də mənimsənilmişdir.[15]
İkinci Dünya müharibəsi illərində İranın İngilis və Sovet orduları tərəfindən ələ keçirilməsindən sonra bir sıra iranlılar Rza şahı ölkənin təhlükəsizliyini təmin edə bilməməkdə ittiham etməyə başladılar. Ölkədə çox sayılı xarici millətin — ingilislərin, sovetlərin, yeni zelandiyaların, avstraliyalıların, amerikalıların orduları var idi. Bu orduların fəaliyyət göstərdiyi yerə paytaxt Tehran da daxil idi.[16]
Sözügedən hücumdan sonra 1941-ci ildə İranda bir neçə tələbə hərəkatı yaşandı və nəticədə millətçilik iranlılar arasında getdikcə daha çox populyarlıq qazanmağa başladı. Belə qruplardan biri gizli fəaliyyət göstərən və millətçi təşkilat olan İntiqam Qrupu (farsca: گروه انتقام, Goruh-e Enteghām)) idi. Bu qrupa bəzən Əncümən də deyilməkdədir.[16]
Beləliklə, Paniranist Partiyası daha sonralar, yəni 1940-cı illərin ortalarında Tehran Universitetində tələbə olan İntiqam Qrupuna mənsub olan iki tələbə tərəfindən yaradıldı. Onlarla bu partiyanı yaradan və başqa siyasi çevrələrə məxsus olan daha iki nəfər də var idi. Pan-İranist hərəkat 1930-cu illərdə aktiv olsa da, o, millətçi yazıçıların, müəllimlərin, tələbələrin və fəalların sərbəst şəkildə təşkil edilmiş köklü ittifaqı idi. Partiya İran yaylasında yaşayan İran xalqlarının həmrəyliyinə və yenidən birləşməsinə inanan paniranist mövqeyini rəsmən qəbul edən ilk təşkilat oldu.
Partiya Mohsen Pezeşkpur ilə Əlirza Raess, Dariyuş Forouhar, Dariyuş Humayun, Fərid səyyah Sepanlu, Əlinqi Əlixani, Xudadad Fərmanfərmaian, Əhməd Muxtari, Mehdi Behramənd və Bican Forouhar tərəfindən yaradılmışdır. Lakin Nasir Anğatın iddiasına görə Dariyuş Forouhar daha sonradan partiyaya qatılmışdır.[17][18] Partiyanın formalaşdırılması üçün daha öncədən addımlar atılsa da, partiya 1330-cu ildə (1951-ci il) Döyüş Partiyası ilə birləşməklə yaradılmışdır. Partiyanın ideologiyası Paniranizmə əsaslanmaqda idi.[19][20] İlk dövrdə partiyada daha çox məhəmməd Mehrdad və Mənüçöhr Timsar seçilməkdə idi. Daha sonra Pezeşkpur və Forouhar önə çıxmağa başlamış, bir müddət sonra bu ikili arasında siyasi fəaliyyət və metodlar üstündə qarşıdurma yaşanmışdı. Qarşıdurmanın səbəblərindən biri də Məhəmməd Müsəddiqlə Şah arasında olan mübarizədə kimin dəstəklənməsi gərəkdiyi ilə bağlı fikir ayrılıqları idi. Bu qarşıdurma əsasında partiya iki yerə bölündü.[21]
1951-ci ildə Mohsen Pezeşkpur və Dariuş Forouhar partiyanın fəaliyyət planı və istiqaməti üzrə narazılıq yaşadılar və ayrıldılar. Peşeşkpurun rəhbər olduğu və partiyanın adını özündə saxlayan fraksiya Məhəmməd Rza şah Pəhləvinin hakimiyyəti daxilində fəaliyyət göstərməyin ən uyğun versiya olduğuna inanırdılar. Forouharun rəhbər olduğu fraksiya isə İran Milləti Partiyası yaratdılar. Onlar şah hökumətinə qarşı çalışmağın daha uğurlu olacağına inanırdılar. İran Milləti Partiyası köhnə partiyadan daha millətçi mahiyyətə sahib idi. Bu partiya Milli Cəbhəni qurmuş və İranda bir sıra yenilikləri başlatmış Məhəmməd Müsəddiqi dəstəkləməkdə idi.
Partiyanın ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin TPBEDAMN idarəsi tərəfindən maliyyələşdirildiyi iddia edilməkdədir.[22]
Böyük Britaniya və ABŞ tərəfindən Məhəmməd Müsəddiqə qarşı həyata keçirilən çevrilişdən sonra mütləq hakimiyyət əhəmiyyətli dərəcədə şahın əlinə keçdi. Şah Məhəmməd Müsəddiqin hərəkatını və İran Milləti Partiyasını qadağan etdi. Bu ərəfədə Paniranist Partiyası rəhbəri Peşeşkpur olmaqla Milli Məclisdə rəsmi müxalifət oldu. Hər bir halda, partiyanın real gücü çox az idi və onun mövqeyi əsasən simvolik mahiyyətə sahib idi. 1960-cı illərdən başlayaraq İran tək partiya tərəfindən idarə edilən ölkəyə çevrildi. Bu tək partiya Əmir-Abbas Hoveydanın rəhbəri olduğu Dirçəliş Partiyası idi.
Pezeşkpur bu dönəmdə də məclisdə qalmağı bacardı. Onun əsas qarşı çıxdığı məsələ İranın da idarə etdiyi Bəhreyndə Britaniya hakimiyyətinin olması idi. O, vaxtilə İranın ən eksklüziv məhəllələrinin yerləşdiyi Xürrəmşəhr şəhərində qərərgahını təşkil etdi və bura həm də onun əməliyyat bazasına çevrildi. Xuzistanda partiya ilk dəfə olaraq real hakim təsir gücünə çevrilə bildi, halbuki İranın qalan hissəsində partiya çox az təsirə sahib olmağa davam edirdi.
1978-ci ildə İslam inqilabının başlaması ilə birlikdə Pezeşkpur və şahla ittifaqda olan digər siyasi xadimlər ölkədən qaçdılar. Partiyanın qurucularından biri olan Məhəmməd Reza Ameli Tehrani İnqilab Məhkəməsi tərəfindən ölümə məhkum edildi və 1979-cu ilin may ayında edam edildi. İran Milləti və Milli Cəbhə kimi millətçi olan, lakin şaha qarşı müxaliflik edən partiyalar ölkədə fəaliyyətlərini davam etdirdilər. Onlar Mehdi Bazərganın höküməti zamanı ölkədə mühüm rol oynadılar. Mehdi Bazərganın müvəqqəti hökumətinin süqutundan sonra Xomeyninin Ali Rəhbər vəzifəsinə yüksəlməsi ilə nəticələnən 1979-cu il İslam İnqilabından sonra bütün millətçi qruplar, eləcə də Tudə Partiyası kimi sosialist və kommunist hərəkatları qadağan edildi.
1990-cı illərin əvvəllərində Pezeşkpur İranın yeni Ali Dini Lideri Əli Xamaneyiyə üzr məktubu yazaraq siyasi olaraq peşmanlıq çəkdiyini bildirib, ölkəyə geri dönmək üçün icazə istədi. O, əgər icazə veriləcəyi halda siyasətdən uzaq qalacağını bildirirdi. Xamaneyi onun istəyini qəbul etdi və siyasətə qarışmamaq şərtilə geri dönməsinə icazə verdi. Lakin bir müddət keçdikdən sonra Pezeşkpur yenidən siyasi fəaliyyət göstərməyə başladı və Paniranist Partiyanı yenidən təsis etdi. O, partiya strukturunda islahatlar apardı və Forouharın qarşı çıxdığı və əvvəlcə parçalanmaya səbəb olan köhnə təşkilati ideologiyanın çoxunu tərk etdi. Lakin Paniranist Partiyası ilə Mellat İran barışmadı və ayrı-ayrı təşkilatlar kimi fəaliyyətlərini davam etdirdilər.
1999-cu ildəki tələbə hərəkatı zamanı Paniranist Partiyasının bir çox üzvləri həbs edildilər. Partiyanın rəhbərlərindən 9 nəfər İnqilab Məhkəməsinə çıxarıldılar. Bu şəxslərin sırasına Pezeşkpurun özü də daxil idi. Onlara qarşı irəli sürülən ittihamlara partiyanın rəsmi qəzeti olan Milli Suverenlikdə hökumət əleyhinə təbliğat aparmaq ittihamı da var idi.[23]
2004-cü ilin yayında Kəşfiyyat Nazirliyinin gizli əməliyyatçısı olduğu iddia edilən motoristin Tehrandakı iqamətgahı qarşısında Pezeşkpurun həyatına sui-qəsd cəhdi uğursuzluqla nəticələndi.
2011-ci ilin yanvar ayında İslami rejim tərəfindən ev həbsinə salınmış Pezeşkpurun vəfat etdiyi xəbəri yayıldı. Bundan sonra partiyanın bir digər aktiv şəxsi Reza Kermani Paniranist Partiyasının yeni baş katibi elan edildi.
Reza Kermani 30 yanvar 2013-cü ildə Qodardaşt həbsxanasında qaldığı[24] 18 ayda sağlamlığına dəymiş ziyana görə tutulduğu xəstəlikdən vəfat etdi.
Forouhar və Pezeşkpur arasındakı fərqlər əsasən təşkilati və siyasi struktur məsələlərinə əsaslanmaqda idi. Eyni zamanda bu iki şəxs arasında ideoloji fərqliliklər də mövcud idi. Forouhar ciddi şəkildə demokratiya tərəfdarı idi və başqa partiyalarla, hətta sol meyilli partiyalar ilə ittifaq qurulmasından yana idi. Pezeşkpur isə daha avtoritar idarəetmənin tərəfdari idi və qeyri-millətçi partiyalar ilə ittifaqların qurulmasının qəti əleyhinə idi. Bununla belə, digər millətçi qruplarla ittifaqlar nadir və ya mövcud deyildi, çünki əksəriyyəti rəsmi olaraq qadağan edilmişdi. Pezeşkpurun rəhbərliyi altında Paniranist Partiyası öz üzvlərinə hərbi rütbələr verən, tamamilə yarım-hərbi struktura çevrilmişdi. Bütün fəal kişi və qadın üzvlər partiya funksiyalarına vahid forma geyinirdilər. Forouhar da buna qəti şəkildə qarşı çıxdı, baxmayaraq ki, bu yarımhərbi xarakter əsasən simvolik idi və partiya üzvləri silah daşımırdı. Sıravi üzvlərin forma geyinməsi tələb olunmurdu. 1960-cı illərin sonundan başlayaraq, Pezeşkpurun həmişə onu qorumaq üçün bir neçə şəxsi cangüdəni də var idi.
Partiyanın simvolu ≠ işarə idi və qeyri-bərabərliyi təmsil edirdi. Bu, İngiltərə və Rusiya kimi xarici güclər haqqında idi və İranın öz milli suverenliyini və maraqlarını hər şeydən üstün tutmalı olduğuna dair paniranist baxışı simvolizə edirdi. Partiya ədəbiyyatına görə, Bu simvola aid edilən fəlsəfi məna ondan ibarət idi ki, əslində millətlər arasında bərabərlik yoxdur və hər bir xalq bütün digərlərindən üstün olmaq üçün mübarizə aparmalı, əks halda yox olma riski ilə üzləşməlidir. Bu simvolizm və fəlsəfə də Forouhar və Pezeşkpurun arasında ayrılmanın meydana çıxmasında mühüm rol oynamışdı.
İrandakı bəzi digər millətçilər Pezeşkpuru Məhəmməd Müsəddiqi dəstəkləməməsinə və şahın parlamentində heç bir real təsiredici gücü olmayan spiker olduğuna görə tənqid edirlər. Millətçi liderlər onun Bəhreynin ayrılmasına qarşı çıxmasının uğursuzluğunu onun funksiyasının tamamilə simvolik olduğunun sübutu kimi qiymətləndirdilər.
Pezeşkpur İrana qayıtdıqdan sonra partiyanı bərpa etməyə başladıqda, o və digər keçmiş partiya liderləri təşkilatın keçmiş yarımhərbi strukturundan, eləcə də avtoritarizmindən imtina etdilər, bunun əvəzinə plüralizmə və demokratiyaya sadiqliklərini, eləcə də digər müxalifət qrupları və ya partiyalarla əməkdaşlıq etməyə hazır olduqlarını bəyan etdilər. Onlar orijinal partiya simvolizmini qoruyub saxlamaqda hələ də davam edirlər.[25]
Sosial bazası zəif olan partiyanın İran Azərbaycanında heç bir təşkilatı mövcud deyildi.[26] Həsən Ruhaninin prezidentliyi dövründə Təbriz şəhərində Azərbaycan türkçəsini və ədəbiyyatını öyrənmək üçün kursun açıldığı elan edildi. Paniranist Partiyası bu münasibətilə bəyanat vermiş və bu hadisəni pisləmişdi. Bu məktubda onlar vurğulayırdılar ki, "Azərbaycanın kökü İrandadır, Monqolustanda deyil. Öz məsləhətçilərinizə və aidiyyatı üzrə məmurlarınıza bildirin ki, qədim millət mövcuddur və öz milli şərəfini qoruyur, doğum şəhadətnaməsinə saxta əcdadların adlarını daxil etməyə icazə verməyəcək." Ruhaniyə ünvanlanmış məktubda qeyd edilirdi ki, "İndi qarşımızda duran planın müdafiə oluna bilən nəzəri dayağı yoxdur və Azərbaycana, onun tarixinə və kimliyinə təhqirdən, regionun gözəl və İran mədəniyyətini məhv etməkdən başqa bir şey deyil." Partiya 2002-ci ildə də bu istiqamətdə qəbul edilmiş qərarın Azərbaycan Demokrat Firqəsinin qalıqlarının, pantürkçülərin və anti-iran separatçıların təsirinin artmasına yol açdığını bildirirdi. Açıq məktubda "naməlum" Dədə Qorqud dastanının, Orxon-Yenisey adlı "monqol yazılarının", "qırğızdilli və qəribə məsnəvi olan" Qutadqu-Bilik əsərinin, Kültigin adlı "monqol yazısının" və s. keçilməsinə qarşı idilər. Onlar bu "əsərlərin əksəriyyətinin monqol, qırğız, qazax və uyğur mənşəlidir və bizim Azərbaycan xalqına tamamilə tanış deyil" deyə qeyd edirdilər.[27]
İl | Seçki | Partiya rəhbəri | Qazanılan yerlər |
---|---|---|---|
1967 | Parlament qrupu | Mohsen Pezeşkpur | 5 / 219 (2%) |
1968 | Yerli nümayəndəli orqanlar | 20 / 1.068 (2%) |
Paniranist parlament qrupu (farsca:گروه پارلمانی پانایرانیست) 1979-cu ildə ləğv edilmiş İran milli məclisində mövcud olmuşdur. 1967-ci ildə məclisdə partiyanın 5 üzvü olmuşdur. 1971-ci ildəki seçkilərdə partiyanın parlamentdə heç bir nümayəndəsi olmamışdır. Lakin Qrup Dirçəliş Partiyasının çoxluq fraksiyasından ayrıldıqdan sonra yenidən aktivləşdi və 19 iyun 1978-ci ildə dörd üzvlə rəsmi olaraq bərpa edildi.[30][31]
# | Name | Constituency | Years | Notes |
---|---|---|---|---|
1 | Mohsen Pezeşkpur | Xürrəmşəhr | 1967–1971[32] | Leader |
1978–1979[30] | ||||
2 | Məhəmməd Reza Ameli Tehrani | Mahabad | 1967–1971[32] | |
3 | İsmayıl Fərivar | Urmiya | 1967–1971[32] | |
4 | Fəzlullah Sədr | Qum | 1967–1971[32] | Expelled |
5 | Hüşəng Tale | Rudsar | 1967–1971[32] | |
6 | Pərviz Zəfəri | Nahavand | 1978–1979[30] | |
7 | Mənüçöhr Yəzdi | Ərdəkan | 1978–1979[30] | |
8 | Hüseyn Təbib | Buşehr | 1978–1979[30] |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.