From Wikipedia, the free encyclopedia
Nyu-York yaponları (ニューヨークにおける日本人?) – ABŞ-nin Nyu-York şəhərindən olan yapon əsilli şəxslər. Bu qrupa həm yapon immiqrantlar, həm də Nyu-York şəhərində doğulmuş yapon əsilli şəxslər daxildir.
Nyu-York şəhərinə ilk yapon mühacirlər XIX əsrin sonuncu rübündə gəliblər.[2] Onlar əsasən kişilərdən və orta sinifdən olan işçilərdən ibarət idilər.[2] 1876-cı ildə altı yapon biznesmen ticarətlə məşğul olmaq üçün Nyu-York şəhərinə gəlmişdir.[2] Növbəti 20 il ərzində şəhərə yapon iş adamları gəlməyə davam etmiş və bəziləri şəhərin daimi sakini olmuşdurlar.[2] Buna baxmayaraq, yaponların Nyu-Yorka miqrasiyası ABŞ və Yaponiya hökumətləri tərəfindən məhdudlaşdırılmış şəkildə davam etmişdir.[2]
1890–91-ci illərdə Nyu-York şəhərində 600 yapon yaşayırdı.[2] Onların yarısından çoxu Bruklində yaşayır və Bruklin donanma verfində işləyirdi.[2] 1890-cı illərin ortasından etibarən şəhərdə yaponların sayı artmağa başlamışdır.[2] 1900-cü ildə yaponların sayı 1000-ə çatmışdır.[2] Bu dövrdə şəhərdə yaşayan yaponların 90%-i xidməti işlər ilə məşğul olurdu.[2]
1897-ci ildə Bruklində bir yapon kollec tələbəsi tərəfindən ilk yapon qəzeti nəşr olunmuşdur.[2] Həftəlik nəşr olunan bu qəzet qısaömürlü olmuşdur.[2] 1899-cu ildə yapon immiqrantlar və iş adamları üçün şəhərdə Yapon Xristian İnstitutu yaradılmışdır.[2]
1907-ci ildə Toyohiko Kempbell Takami tərəfindən Yapon Qarşılıqlı Yardım Cəmiyyəti yaradılmışdır.[3] Bu təşkilat əsasında 1914-cü ildə yaradılan Nyu-York Yapon Assosiasiyasına Yaponiya hökuməti də dəstək vermişdir.[3] Bu dövrdə Nyu-Yorkda "Japanese American Commercial Weekly", "Nyuyoku jiho" (1904), "Nyuyoku shimpo" (1911) kimi yapon qəzetləri nəşr olunmağa başlamışdır.[3]
1907-ci ildə Bruklin donanma verfində əcnəbilər üçün tətbiq olunan məhdudiyyətdən sonra bir çox yapon Manhettenə köçməyə başlamışdır.[3] 1909-cu ildə şəhərin 3000 yapon sakininin böyük hissəsi Manhettendə yaşayırdı.[3]
1908-ci ildə Yaponiya və ABŞ miqrasiya məsələsində razılıq əldə etmişdir.[3] Nəticədə, Yaponiya hökuməti ABŞ-yə miqrasiya edən yaponlar üçün iki cür pasport buraxmağa başlamışdır: biri fəhlələr, biri isə tələbələr, biznesmenlər və peşə sahibləri kimi şəxslər üçün.[3] Razılığa əsasən yaponlar Nyu-Yorkdakı konsulluqda qeydiyyatdan keçməli idilər.[3] 1915-ci ilə kimi konsulluqda qeydiyyatdan keçən yaponların 75%-i ikinci növ pasportu olan şəxslər idi.[3]
1920-ci ildə Nyu-Yorkda 4652 yapon yaşayırdı və 1921-ci ilin statistikasına əsasən onların 75%-i xidmət işləri ilə məşğul olurdu.[3] Yaponlar avropalı immiqrantlardan ayrı yaşayırdılar və Manhettenin cənubu, 123-cü küçə və Bruklinin işgüzar hissəsi kimi yerlərdən təcrid olunmuşdular.[3] 1924–52-ci illərdə qüvvədə olmuş İmmiqrasiya aktı səbəbilə yaponların ABŞ-yə miqrasiyasının qarşısı alınmış və bu dövrdə Nyu-Yorkda yaşayan yaponların sayı 2500–2900 arasında qalmışdır.[3]
İkinci dünya müharibəsinin başlamasından sonra Nyu-Yorkdakı bütün yapon təşkilatları fəaliyyətlərini dayandırmış və müharibə zamanı bir çox yapon saxlanılaraq Ellis adasına aparılmışdır.[3] Buna baxmayaraq, Nyu-York yaponlarının böyük qismi həbs düşərgələrinə aparılmamışdır.[3] Müharibədən sonra Nyu-York Yapon Assosiasiyası, yapon xristian kilsələri və yapon buddist məbədləri öz fəaliyyətini bərpa etmişdir.[3] Həm yapon, həm ingilis dilində nəşr olunan "Nyuyoku nichibei" həftəlik qəzeti qurulmuşdur.[3]
1950-ci ildə Nyu-Yorkda yaşayan yaponların sayı 3800-i keçmişdir.[3] ABŞ-nin qərbində yaşayan bir çox yaponun Nyu-Yorka köçməsi bu sayın artmasına səbəb olmuşdur.[3] İmmiqrasiya aktının ləğvindən sonra şəhərə köçən yaponların sayı daha da artmağa başlamışdır.[3] 1970-ci ildə şəhərin yapon sakinlərinin sayı 14.000, 1980-ci ildə 16.828, 1990-cı ildə 16.828 olmuşdur.[3] 2000-ci ildə şəhərdəki 26.419 yaponun böyük qismi Manhettendə yaşayırdı.[3]
2015-ci ilin statistikasına əsasən Nyu-York şəhərində 33.432 yapon əsilli şəxs yaşayır.[1] Bu, Nyu-York ştatında yaşayan yaponların 61%-ni təşkil edir.[1] Nyu-York yaponlarının 51%-i Manhetten borosunda yaşayır, qalan hissəsi isə əsasən Kuins və Bruklinin payına düşür.[1] Yapon icması əsasən Manhettenin Midtaun hissəsində, Kuinsin Astoriya rayonunda və Lonq-Aylend-Sitidə cəmlənmişdir.[1]
2015-ci ilin statistikasına əsasən Nyu-York yaponlarının 60%-i xarici ölkələrdə doğulmuş şəxslərdir.[1] Xaricdə doğulmuş Nyu-York yaponlarının 16%-i ABŞ vətəndaşlığı almışdır.[1] Nyu-York yaponları arasında yoxsulluq səviyyəsi 12,6%-dir.[1]
Hikaru Utada | Sadakiçi Hartmann | Eytaro İşiqaki | ||||
Yasuo Kuniyoşi | Rut Sato | Miho Hatori | ||||
Mizuo Pek | Taro Daniel | Soiçi Sunami | Lirika Okano |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.