Müqəddəs Pyotr bazilikasının günbəzi
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Müqəddəs Pyotr bazilikasının günbəzi (it. La cupola di San Pietro) — Roma daxilində Papalıq anklavı olan Vatikan şəhərində yerləşən İtalyan İntibahı dövrünə aid Müqəddəs Pyotr bazilikasının mərkəzi kəsişmə hissəsini örtən günbəzdir.
Müqəddəs Pyotr bazilikasının günbəzi | |
---|---|
it. La cupola di San Pietro | |
41°54′08″ şm. e. 12°27′11″ ş. u.HGYO | |
Ölkə | Vatikan |
Yerləşir | Müqəddəs Pyotr bazilikası |
Memar | Mikelancelo |
Üslubu | intibah/barokko |
Vikianbarda əlaqəli mediafayllar |
Günbəz, insan əli ilə inşa edilmiş ən böyük daş hörmə tavanlardan biridir; o, 42 metr diametrə[1], kilsənin təməlindən günbəz fənərinin zirvəsinə kimi 130 metrdən çox hündürlüyə malikdir. Günbəzin intibah memarlığından barokko memarlığına keçid dövrünü əks etdirən[2] formaları, 1564-cü ildə vəfat edənə kimi bazilikanın inşasında iştirak etmiş Mikelancelo Buonarrotinin dizaynı əsasında inşa edilmişdir.
Roma şəhərinin simvollarından biri olan günbəz xalq dilində sadədə “Dome” adlandırılır.[3] Günbəzdən Vatikana, eləcə də Romanın bütün qədim ərazilərinə 360° mənzərə açılır.
XVI əsrin əvvəllərində Roma Papası II Yuli Vatikandakı Köhnə Müqəddəs Pyotr bazilikasında yenidənqurma işlərinin aparılmasına qərar verir və layihə memar Donato Bramanteyə həvalə edilir. Bramante özündən sonra hansısa tamamlanmış layihə qoymasa da, belə bir fikir vardır ki, onun orijinal ideyasına əsasən yunan xaçı formalı (ilk xristian şəhidlərinin xatirəsinə) binanın mərkəzi hissəsində dam yarımsferik günbəzlə tamamlanmalı idi.[4] İtalyan zərgər Kristoforo Foppa tərəfindən 18 aprel 1506-cı ildə kilsənin təməlqoyması şərəfinə zərb edilmiş sikkə üzərindəki təsvir və ideal ahəng axtarışının memar tərəfindən əsas altarın qeyd edilməməsinə gətirdiyi, İntibah ideallarının hətta kilsənin içərilərinə də yol tapmasını təsdiq edən məşhur “perqament planı” da bu fikri təsdiq edir.[5]
İşlər 1513-cü ildə pontifikin ölümünə kimi mərkəzi hissənin inşasında davam etdirilmişdir. II Yulidən sonra taxta keçmiş, Mediçilər sülaləsindən olan Papa X Levin hakimiyyəti dövründə Rafael Santi əvvəlcə Covanni Cakonda ilə birlikdə, daha sonra isə layihənin baş memarı kimi təklikdə bazilikanın planın bəzi dəyişikliklər etmişdir.[6] 1520-ci ildə Rafaelin ölümündən sonra inşaatı Baldassare Peruççinin assisentliyi ilə Kiçik Antonio da Sanqalla davam etdirsə də, işlərdə çoxlu ləngimələr baş vermişdir. 1539-cu ildən Sanqallo, Bramantenin yunan və Rafaelin latın xaçı fomalı planlarının sintezindən yaratdığı, ikiqat baraban üzərində ucalan və hündür fənərlə tamamlanmış altı guşəli gümbəzlə örtülən yeni bazilikanın nəhəng taxta modelini yaratmağa başlayır.[6]
1543-cü ildə Sanqallo artıq, barabanın beş tağının yelkənlərini quraşdırmışdı.[7] 1546-cı ildə Sanqallonun ölümündən sonra inşaat işlərinə yetmiş yaşlı Mikelancelo rəhbərlik etməyə başlayır.[8] Sələfinin işlərinə neqativ yanaşan Mikelancelo orijinal çertyoja qayıtmaq üçün bir çox strateji söküntü işləri aparmışdır.
Mikelancelo layihəsinin tarixi çoxsaylı inşaat sənədləri, məktublar, Mikelancelonun və digər rəssamların təsvirləri, freskalar və Corco Vazari kimi tikintinin müasirlərinin qeydləri ilə sənədləşdirilmişdir. Lakin, buna baxmayaraq əldə olan məlumatlar bir-birinə ziddir. Bunun da əsas səbəbi odur ki, Mikelancelo heç vaxt bazilika üçün yekun layihə hazırlamamış, inşaat prosesi davam etdikcə ayrı-ayrı hissələrin çertyojlarını çəkmişdir.[9] Lakin, Mikelancelonun ölümündən sonta müxtəlif rəssamlar, o cümlədən Stefano Düperak tərəfindən toskan stilində çəkilmiş və qısa müddətdə məşhurlaşmış, bazilikanın ümui görünüşü haqqında təəssürat yaradan bir neçə qravür nəşr edilmişdir.[10] Bramantenin mərkəzdə yerləşən böyük xaçı əhatə edən dörd kiçik xaçlı layihəsini Mikelancelo kvadrat ambulator təmələ əsaslanan xaç layihəsi ilə əvəz etmişdir ki, bununla da məbədin daxili həcmi sadələşdirilmişdir. Beləcə bazilikanın dayaq nöqtəsi, Filippo Brunelleski tərəfindən Florensiya kafedralı üçün işlənilmiş günbəzin nəzəriyyəsindən ilhamlanaraq hazırlanmış mərkəzi günbəzə keçirilmişdir.[11]
Kasa Buonarottidə (13 A) saxlanan və 1554-1555-ci illərdə çəkilmiş rəslər Mikelancelonun gümbəz barabanını layihəsinin ilk sübutudur.[12] Ehtimal ki, bbu təsvir taxta maketin hazırlanmasında istifadə olunmalı idi. Baraban çertyojunun bir hissəsinin əldə edilməsinə baxmayaraq, ona əsaslanaraq daxili pilyastrların, dairəvi pəncərələrin, qoşa sütunlarla tamamlanan radial ulduzlar sisteminin olmasını ehtimal etmək olar. Bu təsvir, Fransanın Lil şəhərindəki İncəsənət sarayında saxlanan təsvirlə əlaqəlidir. Həmin təsvirdə barabanla yanaşı, dairəvi okulları, qoşa sütunları və heykəllərlə bəzədilmiş yüksək karnizi olan günbəz hissəsi də görünür. Gözlüklər və qoşa sütunların varlığı Mikelancelo və Brunelleskinin işləri arasında kəsilməz əlaqənin olmasını göstərir: bu cür həll forması 1519-1520-ci illərdə Florensiya kafedralının günbəzinin tamamlanması üçün Mikelancelo tərəfindən çəkilmiş və Kasa Buonarottidə saxlanan erkən təsviri xatırladır.[13]
Okulus pəncərə ideyası 1557-1558-ci illərdə Mikelancelo tərəfindən günbəz və barabanın taxta modeli sifariş edilənə kimi (gil model 1556-cı ildə hazırlanmışdı) bütünlüklə layihədən çıxarılmış, və adi pəncərələrlə əvəzlənmişdi; sıra tağlar yerinə əyri litavrların olması bu modeli inşa edilmiş günbəzdən fərqləndirən əsas xüsusiyyət olmaqla, həm də inşa tamamlanana kimi günbəzin müxtəlif forma və quruluşlara malik dizaynlarının hazırlanmasını göstərir. Model, barabanın inşasına başlandıqdan sonra hazırlanmış və ehtimal ki, günbəzin ilkin görünüşünü dəyişə biləcək detallardan imtina edilmişdir; buna görə də həmin model də Mikelancelonun əsl niyyətini anlamağa kömək etmir. Bundan əlavə Mikelancelo, yekun layihəsi olmayan bazilikanın planına istədiyi kimi dəyişikliklər etmək hüququna malik idi; buna görə də reallaşdırılmış model iş üçün yekun nəticə hesab edilə bilməzdi.[14]
Həmçinin, ehtimal etmək olar ki, model Stefano Düprekin təsvirindəki kimi yarımsferik forma əmələ gətirən ikili tağa (daxili və xarici) da malik idi[15]; istənilən halda XVI əsrin sonlarında layihə Cakomo Della Porta və Domeniko Fontana tərəfindən dəyişdirilmiş, daha hündür inşa edilərək həm uzaqdan yaxşı görünməsi təmin edilmiş, həm də nəhəng inşaat strukturunun yanlara verdiyi ağırlıq təzyiqi aşağı salınmışdır.
Mikelancelo layihə üzərində işə başladıqda əvvəlki memarlar tərəfindən yaradılmış, günbəz sütunları arasında asılan və qabıq diametrini müəyyənləşdirən tağların sökülməsi ilə strukturun məhdudladırılmasına qərar verir. Bazilikanın ümumi formalarını düzəltməyə çalışan Buonarotti binanın əlaqəsiz hissələrinin inşasına başlayır. Cənub qanadının apsidasından başlayan sənətkar inşaatı attikaya kimi çatdırır, daha sonra yan sövmələr inşa edilir, bazilikanın və günbəzin barabanının parametrini müəyyən edərək yaratdığı dizaynın gələcəkdə fundamental dəyişikliklərə məruz qalmasının qarşısını alır.[16]
1549-cu ildə baraban karnizi altında yerləşən sokolun inşasına başlanılır və 1552-ci ildə inşaatın bu mərhələsinin tamamlanması Müqəddəs Pyotr fabrikasının nahar yeməyi verməsi ilə qeyd edilir.[17] Baraban dairəsinin inşasının tamamlanmasından sonra növbə günbəzin əsas hissəsinin inşasına çatmışdı. Əsas hissənin inşasına 1554-cü ildə Fiano Romanodan olan travertindən təməlin qoyulması ilə başlanılmış və inşaat 1561-ci ildə daxili və xarici sütunların kapitellərinin və radial yarğanların yarımpilyastrlarının inşası ilə tamamlanmışdır.[18] 1564-cü ildə Buonarottinin vəfatı zamanı günbəz barabanı yarğanın yuxarısına kimi tamamlanmışdı; lakin, ehtimal ki, memar ömrünün son ilində, sonradan Cakomo Della Porta tərəfindən tamamlanmış əsas antablementin traveyasının inşası ilə məşğul olmuşdu.[19]
Mikelancelonun ölümündən 23 il sonra[20], 19 yanvar 1587-ci ildə günbəzin inşasının tamamlanması Della Porta və Domeniko Fontanaya həvalə edilir.[21] 1588-ci ildə başlamış inşaat çoxlu işçi və inşaat materialının istifadəsi ilə sürətlə davam etdirilirdi: 1590-cı ildə günbəzin günbəzin strukturu müəyyən edilir, 1593-cü ildə isə Papa VIII Klimentin dövründə günbəzin xarici üzü üçün qurğuşun plitələrin döşənməsinə başlanılır.[22]
Həmin pontifikin hakimiyyəti dövründə günbəz fənərinin zirvəsində qızıl suyuna çəkilmiş və üzərində Sebastyano Torriqiani tərəfindən hazırlanmış xaç ucalan bürünc sfera ucaldılmışdır. Əsas günbəzin yanlarında struktur funksiyası daşımayan, nəzəriyyəsi Yakopo Baroççini və Pirro Liqorio tərəfindən hazırlanmış kiçik günbələr də vardır.[23] 1603-1612-ci illərdə[24] nəhayət ki, Cüzeppe Sezari və Covanni de Vekki tərəfindən çəkilmiş eskiz əsasında günbəzin mozaika ilə bəzədilmiş daxili dizaynı işləri həyata keçirilmişdir.[25]
Qeyd etmək lazımdır ki, Della Porta və Fontana yalnız Mikelancelonun təsvirlərinin icraçısı olmamışlar; əslində onlar təsvirlərin texniki baxımdan həyata keçirilməsini həll etmişlər ki, bu da XVI əsrin ən mühüm texniki uğurlarından biri hesab edilir. Onlar yalnız Buonarottinin yarımkürə dizaynını dəyişərək onu Brunelleskinin dizaynına yaxınlaşdırıb yumurtavari formaya salmaqla kifayətlənməmiş, həm də xüsusilə yuxarı hissədə hörgüdə dəyiışiklik edərək təzyiqin azaldılması üçün tağlarla bağ yaratmışlar. İnşaat zamanı onlar yüksək keyfiyyətli material olan quröuşunlu əyri travertin lövhələrdən istifadə etmişlər; buna görə də 1703-cü ildə baş verən zəlzələ günbəzə zədə vurmamışdır.[26] Onlar həmçinin incə taxta atmaların köməkliyi ilə günbəz qabırğalarını yaratmış[27], San-Paolo-fuori-le-Mura bazilikasının döşəməsində isə onun ölçülərini yazmışlar.[28]
Həmin dövrün ən yaxşı mühəndisləri olan Cakomo Della Porta və Domeniko Fontananın istedadlı sənətkar olması şübhə doğurmasa da[21], tikilidən inşaat meşəsinin sökülməsi zamanı artıq ilk statik problemlər meydana çıxmağa başlayır və buna görə də müntəzəm olaraq kilsədə bərkitmə işlərinin həyata keçirilməsi lazım olur. Bazilikada ilk sənədləşdirilmiş çatlar 1603-cü ildə meydana gəlsə də, XVII əsrin 30-cu illərində vəziyyət ciddi şəkildə pisləşməyə başlayır.[29] Yalnız XVIII əsrin birinci yarısında günbəzin uçması təhlükəsi yarandıqda Papa XIV Benedikt nəhayət ki, Covanni Poleniyə çatmatağ tavanların zədələrinin öyrənilməsi və problemin aradan qaldırılması yollarının təklif edilməsini tapşırır. 1743-1748-ci illərdə mühəndis Poleni dağılmanın qarşısını almaq üçün nəzəri hesablamalar və təcrübələrdən istifadə edərək düzgün mövqeləri müəyyənləşdirərək, barabanın böyük hissəsini, çatmatağın aşağı hissəsini bərkidən bir neçə qatlı dəmir zəncirlərdən istifadə edir.[30] İşlər o zaman papanın inşaat işlərinə rəhbərlik edən Luici Vanvitelinin başçılığı ilə həyata keçirilir.
XIX-XX əsrlərdə həyata keçirilmiş restavrasiyalar əsasən kosmetik xarakter daşımaqla, qurğuşun plitələr və fənərin (1870-1875) təmiri ilə məhdudlaşmışdır: 1809-cu ildə fənərin yuxarı hissəsində şimşək ötürücü quraşdırılmışdır. 1929-cu ildən sonra ciddi zədələnmələri olan radial günbəz kontrforsları memar Luka Beltraminin rəhbərliyi altında hissələrlə çökülərək yeniləri ilə əvəzlənmişdir. XX əsrin 40-cı illərində baraban pəncərəsinin arxitavrında baş vermiş qırılmadan sonra mühəndis Nikolzi onu dəmir çərçivə ilə əvəz etmişdir; sonradan həmin əməliyyat barabandakı digər pəncərələrdə də həyata keçirilmişdir.[29]
Müqəddəs Pyotr günbəzi Vatikan bazilikasının simvoludur. O, əsas neftin qanadlarla kəsişməsi üzərində, Bernini baldaxini və Müqəddəs Pyotrun məzarının üzərində yerləşir. Struktur dörd nəhəng sütun vasitəsiylə dəstəklənir. Sütunlar o qədər böyükdürlər ki, onların hər birinin içində San-Karlo-alle-Kuatro-Fontane kilsəsi yerəşə bilər.[31] Sütunların yekun görünüşü Covanni Lorenso Bernini tərəfindən hazırlanmışdır. Yer səviyyəsinə yaxın olan nişlərdə dörd nəhəng mərmər heykəl yerləşdirilmişdir: Müqəddəs Veronika (cənub-qərb), Müqəddəs Yelena (şimal-qərb), Müqəddəs Andrey (cənub-şərq) və Müqəddəs Lonqin (şimal-şərq). Sonuncu heykəl Bernininin özü tərəfindən işlənmişdir.[32] Nişlərin hər biri üzərində yerləşən dairəvi pilləkənlər dörd lodciyaya açılır ki, bu lodciyalarda da Konstantin bazilikasının on iki orijinal sütunundan dördü yerləşdirilmişdir.
42 metr diametri olan baraban 3 metr divar qalınlığına malik olmaqla yuvalardan ibarətdir.[33] Onlar üzərində yerləşən 16 radial kontrofors, litavr və çərçivəyə malik düzbucaqlı pəncərələri məhdudlaşdırır. Kontroforsların kənarında korinf kapitelləri və formalı karniz antalementləri ilə vurğulanmış qoşa sütunlar yerləşir; onlardan yuxarıda nəbati naxışlı festonlarla bəəzdilmiş attik inşa edilmişdir. Kontrforslardan çıxan və qalınlıqları 2-5 metr[33] arasında dəyişən 16 nervatür fənərlə tamamlanır; hər nervatürün təməlində Papa V Sikstin gerbindən ibarət hissə yaradılmışdır.
Günbəz ikiqat tağa malikdir: 2 metr qalınlığa malik daxili tağ daşıyıcı funksiyasını daşıyır, xarici tağ isə 1 metrə[33] qədər qalınlığa malik olmaqla daxili tağın inşası üçün inşa edilməklə qurğuşun plitələri ilə üzlənmişdir. İki tağ arasındakı yol günbəzin sirvəsinə aparır: protobarokko pəncərələri isə bu boşluğu təbii yolla işıqlandırır. Kontrforsların qoşa sütun mövzusu fənərdə bir daha təkrarlanır, fənərin zirvəsi isə üzərində xaç yerləşən sfera ilə tamamlanır.
İçəridə, günbəzi dəstəkləyən dörd sütunun yelkən hissəsində Sezare Nebbia və Covanni de Vekkinin təsvirləri əsasında dörd yevangelist həvarinin mozaik təsvirləri işlənmişdir[25]; onların yanları isə Sezare Ronkalli tərəfindən mələklərlə bəzədilmişdir.[24] Baraban və şleyf arasındakı kəmərdə Matfeyin İncilində İsanın Pyotra müraciətlə dediyi “TU ES PETRUS ET SUPER HANC PETRAM AEDIFICABO ECCLESIAM MEAM - TIBI DABO CLAVES REGNI CAELORUM” (“Ey Pyotr, sənə Səmavi çarlığın açarını vermək üçün [...], bu qaya üzərində mən öz kilsəmi ucaldacam”) sözləri yazılmışdır.
Qıvrılmış pilyastrlarla məhdudlaşdırılmış pəncərələrin üstündə günbəzin səthi qabırğaların sıralanması ilə vurğulanır ki, onların da arasında trapez və dairəvi qəliblərdə 96 fiqur yerləşir. Bəzək ünsürləri mərkəzdə yerləşən fənərə istiqamətlənir. Burada səkkiz mələk başı əhatəsində Tanrı ata təsvir edilmişdir. Fənərin daxili halqası içində yazılıb: “S. PETRI GLORIAE SIXTUS PP. V. A. MDXC PONTIF. V” (Müqəddəs Pyotrun şərəfinə Papa V Sikst, 1590-cı il). Yuxarıda üç sıra ilə mələklərin xoru yerləşdirilmişdir; qızıl başlı və ağ qanadlı serafimlər Rokko Soparo tərəfindən hazırlanmışdır; keruvimlər qızılı başlı, qızılı ulduzlu mavi qanadlı təsvir edilmişlər; aşağı halqada isə buludlar üzərində dayanmış mələklər dua edirlər. Dairədən sonra İsa, Məryəm, Vəftizçi İohann, Müqəddəs Pavel və On iki həvarinin təsvirləri vardır. Təməllər üzərindəki lunetlərdə yepiskop və patriarxların büstlərinin təsvirləri vardır.[34]
Mələklər və xeruvimlər Kristoforo Ronkalli və Cüzeppe Sezari tərəfindən işlənmişdir; sonuncu altmış beş ikonoqrafik təsvirin kortonunu hazırlamışdır.[35] Modellərin hazırlanması ilə yanaşı, Sezare Torelli, Donato Parigi, Ranuçço Semprevivo və Rozario Parasole tərəfindən mozaik təsvirlərin yığılması da həyata keçirilmişdir.[36] Papa və müqəddəslərin təsvirləri Covanni Querra və Sezare Nebbia, 16 hissənin bəzəyi Kristoforo Ronkalli, friz və çərçivələrin bəzəkləri Markantonio Bosko, fənərin okulyarı isə Erkole da Fano tərəfindən işlənmişdir. İnteryer dekorunun hazırlanmasında Orasio Gentileski də iştirak etmişdir.[36]
Ümumi çəki: 14.000 ton[37] |
Xarici hündürlüyü (yerüstü təməldən xaçın yuxarısına kimi): 133,30 m (digər mənbəyə görə 136,57 m)[38] |
Daxili hündürlüyü (döşəmədən fənərə kimi): 117,57 m |
Xarici diametri: 49,00 m[39] |
Daxili diametri: 41,50 m (digər mənbəyə görə 42,56 m)[38] |
Günbəzin zirvəzinə kimi addım sayı: 537 |
Fənərin hündürlüyü: 18 m (digər mənbəyə görə 17 m)[38] |
Memarlıq baxımından, Müqəddəs Pyotr bazilikasının günbəzi, Brunelleskinin Santa-Mariya-del-Fiore kafedralı üçün dizayn etdiyi qotik günbəzin özünəməxsus intibah xüsusiyyətlərinə malik bir formasıdır.[11] Lakin, onun güclü impulsu süni deyil, lakin, o, barokkoya keçidi göstərir.[11]
Mikelancelo bazilikanı vahid kütləyə çevirəcək kompakt və orqanik plan hazırlamışdı.[40] Buna baxmayaraq, XVII əsrin əvvəllərində Papa VIII Kliment Karlo Madernanı işə cəlb edərək, Mikelancelonun mərkəzi planına üç hissəli uzun girişin əlavəsini təklif edir. 1607-ci ildə həm də bazilikanın fasadının işlənilməsi layihəsini qazanmış Madernonun müdaxiləsi nəticəsində Mikelancelonun mərkəzi planının forması dəyişdirilərək latın xaçı formasına salınmışdı. XX əsrdə mübahisəli Via della Konsilisionenin inşası ilə gümbəz və bazilikanı çərçivəyə salan mühit aradan qaldırılsa da, Bernininin yaratdığı, meydandan baxarkən hər dəfə yeni və nüfuzlu baxış bucağı təqdim edən barokko mühiti dağıdılmışdır.
Le Koubusye yazır:
Fasad, özülüyündə gözəl olsa da, günbəzlə heç bir əlaqəsi yoxdur. Binanın əsas gözəlliyi onun günbəzi idi: və o, gizlədilmişdi! Günbəz yan apsidalarla qarşılıqlı münasibətə malik idi: onlar da gizlədilmişdilər. Le Korbuzye, Vers une Architecture, Paris, 1958, səh. 137 |
Buna baxmayaraq, Müqəddəs Pyotr bazilikasının günbəzi, sonrakı dövrlərdə inşa edilmiş oxşar tikililər üçün nümunə rolunu oynamışdır. Məsələn, barabanın qoşa sütun ideyası XVII əsrdə Romada inşa edilmiş Sant-Andrea-della-Valle kilsəsinin fasadında istifadə edikmişdir.[41] Belə hesab edilir ki, Londonun Müqəddəs Pavel kafedralı (memar Kristofer Ren) və Paris Panteonunun (Jak-Jermen Sufflo) günbəzləri Müqəddəs Pyotr bazilikasının və Venesiyadakı Santa Mariya della Salute kilsəsinin günbəzləri əsasında hazırlanmışdır.[42]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.