From Wikipedia, the free encyclopedia
Kəngərli maili düzənliyi — Böyükdüz maili düzənliyinin şimal-qərbində yerləşən düzənlik. Bu düzənliyin eni 8-10 km olub, şimal-şərqdən cənub-qərbə doğru 14 km-lik bir məsafədə uzanır və dəniz səviyyəsindən 800-1300 m hündürlükdə yerləşir. Düzənliyin orta hissəsi zəif parçalanmışdır. Kəngərli düzü zəif su təminatı olan düzənliklər sırasına aiddir. Ərazidə çay şəbəkəsinə təsadüf olunmur. Su təchizatı yeraltı sular hesabına təmin olunur. Suyu qismən çox olan yerlərdə əkinçilik, az olan hissələrində isə otlaq sahələri kimi istifadə olunur.[1] Düzənliyin səthi zəif parçalanmışdır. Lakin ətrafı orta hissəyə nisbətən daha artıq parçalanmış və əhəng daşları, travertinlər üzə çıxmışdır. Bu süxurlar Muxtar respublikada mövcud olan tikinti materiallarının əsasını təşkil edir. Şahtaxtı daş karxanasında ildə iki milyon ədəd divar daşı kəsilirdi. Xokda çıxarılan daş əsasında Naxçıvanda və Şərur rayonunda gəc zavodları işləyirdi[2].
Kəngərlidə də əsas bitki yovşandır. Bundan başqa vaxtı ilə şumlanmış sahələrdə süddüyən də geniş yayılmışdır. Düzün kənar hissələrində, əhəng daşlarının üzə çıxdığı sahələrdə yovşanla bərabər üzərlik, efemerlər, taxılkimilər və başqa bitkilər də mövcuddur. Yamaclarda arabir dəvətikanına, gəvənə də rast gəlmək mümkündür. Kəngərli düzən sahəsində kənd təsərrüfatı bitkilərinin inkişafı,onlardan yüksək məhsul əldə edilməsi ancaq mövcud kəhrizlərin və bulaqların suyunun bolluğundan asılıdır[2].
Kəhrizlər, qismən də bulaqlar burada yeganə suvarma mənbəyidir. Muxtar respublikada olan 407 kəhrizin 151-i Şərur rayonundadır. Bunların da 145-i Kəngərli düzündə yerləşən kəndlərdədir. Kəngərlidə olan kəhrizlərin ümumi uzunluğu 39238 metrə, quyuların sayı 1157-yə, su sərfi 526 litr-saniyəyə, suvardığı sahə isə 530 hektara bərabərdir. Xok kəndindəki "Çay” kəhrizi 70 litr/saniyə, Qarabağlar kəndindəki "Asnı" kəhrizi 50 litr/saniyə debitə malikdir. Bu iki kəhriz 130 hektara qədər əkin sahəsini su ilə təmin edir. Kəhrizlərə lazımınca qayğı göstərilmədiyindən, vaxtlı-vaxtında təmir edilmədiyindən onların bir hissəsi sıradan çıxır, bir qisminin isə suyu həddindən artıq azaldığından suvarmada istifadə edilmir. Məsələn, Xok kəndində olan 13 kəhrizin 8-i demək olar ki, tamamilə sıradan çıxmışdır[2].
Kəngərlinin əhəngli boz torpaqlarında hələ çox qədimdən tütün əkini əsas yer tutmuşdur. Hazırda buradakı təsərrüfatlar əsasən tütünçülük üzrə ixtisaslaşmaqla, hər il yüksək məhsul əldə edirlər. Məsələn, Qarabağlar və Qıvraq kəndlərində illərdən bəridir ki, hər hektardan orta hesabla 21 sentner tütün məhsulu alırlar. Qabaqcıl tütünçülər hər hektardan hətta 30-32 sentner də məhsul götürür. Tütündən başqa Kəngərli maili düzənliyində taxıl, yem bitkiləri, bostan-tərəvəz bitkiləri əkilir, burada xeyli sahədə meyvə bağları salınmışdır. Su çatışmadığına görə əkilməyən sahələrdən otlaq kimi istifadə edilir. Qaradərə çayının gətirmə konusu şimaldan-cənuba doğru 10 km-dək uzanır. Onun ən enli yeri (cənubda) 5 km-dir[2].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.