Kəngərli maili düzənliyi
From Wikipedia, the free encyclopedia
Kəngərli maili düzənliyi — Böyükdüz maili düzənliyinin şimal-qərbində yerləşən düzənlik. Bu düzənliyin eni 8-10 km olub, şimal-şərqdən cənub-qərbə doğru 14 km-lik bir məsafədə uzanır və dəniz səviyyəsindən 800-1300 m hündürlükdə yerləşir. Düzənliyin orta hissəsi zəif parçalanmışdır. Kəngərli düzü zəif su təminatı olan düzənliklər sırasına aiddir. Ərazidə çay şəbəkəsinə təsadüf olunmur. Su təchizatı yeraltı sular hesabına təmin olunur. Suyu qismən çox olan yerlərdə əkinçilik, az olan hissələrində isə otlaq sahələri kimi istifadə olunur.[1] Düzənliyin səthi zəif parçalanmışdır. Lakin ətrafı orta hissəyə nisbətən daha artıq parçalanmış və əhəng daşları, travertinlər üzə çıxmışdır. Bu süxurlar Muxtar respublikada mövcud olan tikinti materiallarının əsasını təşkil edir. Şahtaxtı daş karxanasında ildə iki milyon ədəd divar daşı kəsilirdi. Xokda çıxarılan daş əsasında Naxçıvanda və Şərur rayonunda gəc zavodları işləyirdi[2].