II İsmayıl (fars. شاه اسماعیل دوم; 31 avqust 1533, Qum, Səfəvilər – 24 noyabr 1577, Qəzvin, Səfəvilər) — Səfəvilər dövlətinin 3-cü şahı və I Təhmasibin oğlu.
İsmayıl Mirzə | |
---|---|
Şah İsmayıl ibn Şah Təhmasib ibn Şah İsmayıl Səfəvi | |
| |
1576 – 1577 (ləqəbi: Adili) | |
Əvvəlki | I Şah Təhmasib |
Sonrakı | Şah Məhəmməd Xudabəndə |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ərdəbil, Səfəvilər dövləti |
Vəfat tarixi | (40 yaşında) |
Vəfat yeri | Qəzvin |
Vəfat səbəbi | zəhər[d] |
Dəfn yeri | İmamzadə Hüseyn kompleksi, Qəzvin, Səfəvilər dövləti |
Fəaliyyəti | astronom, monarx, şair |
Atası | I Şah Təhmasib |
Anası | Məvzilli Sultan |
Həyat yoldaşı | Peykər Sultan |
Uşaqları |
oğlanları: Şah Şücaəddin Mirzə qızları: Safiyə Sultan,Fəxricahan Sultan,Gövhərxan Sultan |
Ailəsi | Səfəvilər |
Dini | Sünni (İslam) |
Hərbi xidmət | |
Döyüşlər | |
Elmi fəaliyyəti | |
Tanınır | şairlik |
Vikianbarda əlaqəli mediafayllar |
İlkin həyatı
28 may 1537-ci ildə Ərdəbildə doğulmuşdur. Atası I Təhmasib anası Sultanım bəyim Mosulludur. Atasının sıraca üçüncü, həyatda qalan ikinci oğlu idi (ən böyük qardaşı Əliqulu mirzə hələ 1529-cu ildə vəfat etmişdi). Hələ 1547-ci ildə Şirvan bəylərbəyi təyin olunmuşdu. Lələsi isə Göycə sultan Qacar idi.
Bəylərbəyi kimi fəaliyyəti
1547-ci ildə Şirvanşah şahzadəsi Bürhan Əlinin hücumuna məruz qalmışdı, lakin bu hücumu dəf edə bilmişdi. 1554-cü ildə Ərzurumda İsgəndər paşa ilə Səfəvi ordusu arasında gedən döyüşdə qızılbaşlara sərkərdəlik edir və qaladan qıraqda gedən döyüşlərdə onun rəhbərlik etdiyi qoşun Osmanlını məğlub edir. Əxlat və Ərciş qalalarını ələ keçirir.[1] Elə həmin il də öz bibisiqızı Pəri Peykər xanım ilə evləndi. 1555-1556-cı illərdə Herat, 1556-cı ildə isə Xorasan hakimi idi. Həmin il yenidən saraya çağrıldı. İsmayıl ilə bu səfərdə həmrəy və yol yoldaşı olan qızılbaşların bir qismi isə Təhmasib şahın göstərişi ilə öldürülür və ya həbs olunurdu. İsmayılın özü də Qəhqəhə qalasında həbs olunur və on doqquz il yarım orada saxlanılır. Uzun müddətli həbs dövrü İsmayılın həyatına böyük təsir göstərir. O, bütün bu illəri səltənətdən uzaq qalmaqla yanaşı, tiryək və sair narkotik maddələr qəbul etməyə də adət edir.[2] Bu hadisədə əsasən vəzir Məsum bəy Səfəvinin əli vardı.[3]
Təhmasibin xəstəliyi
18 oktyabr 1574-cü ildə Təhmasib xəstələndi və vəliəhd təyin etmədi. Bu vaxtı İsmayıl Mirzə hələ də həbsdə idi. Rumlu, Əfşar və Qacar tayfaları İsmayılın vəliəhdliyini dəstəkləyirdilər:[4]
Belə deyən dəstələr də vardı: "Cənnətməkan şahın ən böyük oğlu olan İsgəndər şanlı nəvvab Məhəmməd Mirzənin gözləri zəifdir. Ondan sonra o həzrətin əyan qardaşı olan İsmayıl Mirzə övladların ən böyüyüdür. Sufigərlikdə biz ondan başqasını tanımırıq."
Onlar "şahsevən" adlandırılıb, Sultan Heydəri haramnəməklikdə ittiham edirdilər. Onlara "iki birli" ad qoydular, o təbəqə üzərinə tənə yağışı yağdırdılar. |
Bundan əlavə bacısı Pərixan xanım da onun tərəfində idi. İsmayıla həmin il ölüm təhdidi üz versə də bacısı və atası sayəsində bu təhlükə sovuşdu. Təhmasib hələ 2 il də şahlıq edəndən sora 1576-cı ildə vəfat etdi. İsmayıl hələ də Qəhqəhə qalasında olduğu üçün 14 may 1576-cı ildə Heydər mirzə hakimiyyəti ələ keçirdi. Təhlükəli vəziyyəti görən Pərixan xanım Heydərə beyət etdi və ayağından öpdü. Heydər mirzə ona inandığı üçün qardaşı Süleyman mirzə və Pərixan xanımın dayısı Şamxal Sultana saraydan getməyə icazə verdi. Fürsətdən istifadə edən Pərixan xanım dayısına sarayın açarını verdi. Şamxal sultan çərkəzlərdən ibarət 300 nəfərlik şəxsi heyəti ilə Heydər Mirzəni öldürdü. Taxt yolu İsmayıl üçün açıq idi.[5]
Taxta çıxarılması
Təsvir olunan hadisələr baş verdiyi zaman şahzadə İsmayıl Qəhqəhə qalasında, I Təhmasibin göndərdiyi yeddi qorçinin mühafizəsi altında idi. Atasının vəfat etməsi və şahzadə Heydərin öldürülməsi xəbərləri ona çatanda qala rəisi Xəlifə Ənsar Qaradağlı ova çıxmışdı. İsmayıl, Xəlifə Ənsara inanmır, onu Heydərin tərəfdarı hesab edirdi. Bundan əlavə, o, Qəzvindən gələn xəbərlərə də şübhə ilə yanaşır, bunları özünə qarşı məharətlə düşünülmüş tələ sayırdı. O, hər ehtimala qarşı öz təhlükəsizliyini təmin etmək üçün tədbirlər gördü. Qalada keşik çəkən Xəlifə Ənsarın adamları qorçilərin köməyilə aldanılaraq ələ keçirildilər və zərərsizləşdirildilər. Onlar qalanın çıxış və giriş yollarında baş verə biləcək hücum ehtimalına qarşı maneələr qurdular.
Xəlifə Ənsar İsmayılın tərəfdarlarının paytaxtda qalib gəlməsi xəbərini alıb qalaya qayıtdı. Dəfələrlə itaət etdiyini bildirməsinə baxmayaraq, İsmayıl onu qalaya buraxmadı. Yalnız 3 gündən sonra, Azərbaycanın cənub hissəsindən xalq kütlələri və paytaxt əyanlarının nümayəndələri qala ətəklərinə axışıb gələndə qala qapıları taybatay açıldı.
Elə buradaca, qalanın qarşısında ustaclı tayfasından Heydərin tərəfdarlarından olan bir dəstə adam İsmayılın əmri ilə edam edildi. Sağ qalanlar Ərdəbilə - Səfəvilərin məqbərəsinə qaçmaqla canlarını qurtardılar. İsmayıl qaladan çıxdı və onu paytaxta müşayiət etmək üçün xüsusi olaraq Qəzvindən qızılbaş əyanlarının göndərdiyi Heydər Sultan Çabuk Türkmanın alaçığında dayandı. Bura hər gün ardı-arası kəsilmədən öz sədaqətlərini bildirmək üçün xalq kütlələri gəlir və onun "kandarından öpmək şərəfinə nail olurdular". Bu arada, 23 may 1576-cı ildə Pərixan xanım artıq İsmayıl adından xütbə oxutdururdu.
Bir neçə gündən sonra İsmayıl öz əcdadlarının məzarlarını ənənəvi qaydada ziyarət etmək üçün Ərdəbilə yola düşdü. Zəncan çəmənlərində İsmayılı şahzadə Pərixan xanımın göndərdiyi şahzadə İbrahim və vəzir Mirzə Salman, mərhum şahın dövlətxana (saray), hərəmxana, divanxana və büyutat (saray emalatxanaları) məmurları qarşıladılar. Mərasimə İsmayılın mehribancasına qəbul etdiyi şahzadə İbrahim başçılıq edirdi. İsmayıl onu səmimiyyətlə qucaqlayaraq "qardaşım" adlandırdı. Pirə Məhəmməd xan Ustaclı, şahzadə İmamqulu ilə birlikdə Gilandan bura gəlmişdilər. Pirə Məhəmməd xan, ustaclı əyanları arasında həmtayfalarının İsmayıla tərəfdar olmaqla ittiham etdikləri yeganə adam idi.
İyunun 13-də İsmayıl Qəzvinin ətrafına çatdı və burada dayandı. Onu qarşılamağa şahzadələr, Hüseynqulu Xəlifə Rumlu və "böyük əmirlər" gəlmişdilər. Qaçmaq istərkən tutulmuş Heydər tərəfdarlarının başçısı Hüseyn bəy də bura gətirilmişdi. Lakin İsmayıl gözləndiyinin əksinə olaraq onu edam etdirmədi, yalnız zindana salınmasını əmr etdi. Ertəsi gün şah özünün mərasim dəstəsi ilə Səədabad bağında dayandı. Sonra o, bir neçə gün Hüseynqulu Rumlunun evində qaldı. Şahzadə Mustafanı onun yanına gətirdilər. İsmayıl onu dəfələrlə, "hərarətlə" öpdü və onu soyuq qarşılamış qardaşlarının arasında əyləşdirdi. O, aşağıdakı sözlərlə onlara müraciət etdi:[6]
Allah görür, əgər siz mənə məhəbbət və doğruluqla yanaşsanız, mən sizə dünyada heç bir padşahın öz qardaşların yanaşdığı kimi münasibət bəsləməyəcəyəm. |
Saray təmir olunduğu üçün gah Yegan Şahqulunun, gah nəvvab Pərixan xanımın evlərində, gah da Səadətabad bağında qalırdı. Hakimiyyətə gələn kimi ilk işi rəqiblərini aradan götürmək oldu. Xüsusilə Ustaclı tayfasının bir çox məşhur üzvü aradan götürüldü. Ustaclı tayfasını bağışlamaq üçün şərt kimi də qardaşı Mustafa mirzənin və Süleyman mirzənin öldürülməsini qoydu. Yalnız bundan sonra şah Ustaclı tayfasından qız aldı. Eyni gündə həm Pirə Məhəmməd xan Ustaclının, həm Şamxal Sultanın, həm də Hüseynxan Sultan Xəbuşlunun qızı ilə evləndi.[7] Daha sonra İbrahim mirzə möhrdar vəzifəsinə təyin olundu. 22 avqust 1576-cı ildə II İsmayıl taxta çıxdı və tacqoyma mərasimi keçirildi. Məhz bundan sonra şahzadələrin öldürülməsinə başlanıldı.
Şahzadələrin öldürülməsi
İlk öldürülən şahzadə İbrahim mirzə idi, 2 noyabr 1577-ci ildə elə hərəmxanasındaca öldürüldü. Daha sonra Sultan Hüseyn Mirzənin oğlu Məhəmməd Hüseyn Mirzə də əvvəlcə kor edildi, sonra isə öldürüldü. 3 fevral 1577-ci ildə Bədiüzzaman mirzə və oğlu, 24 fevral 1577-ci ildə Mahmud mirzə və oğlu Məhəmməd Bağır mirzə, İmamqulu mirzə, Sultan Əhməd mirzə öldürüldü. Digər qardaşı, Gəncə bəylərbəyi Əli mirzə isə kor edildi. Sonrakı il, Məhəmməd Xüdabəndənin oğlu Həsən mirzə öldürüldü.
Hakimiyyətinin digər hadisələri
Hakimiyyəti dövründə Qarabağ, Məşhəd və s. bölgələrin bəylərbəyləri dəyişildi. 1577-ci ilin sonları oğlu Şücaəddin Məhəmməd mirzə doğuldu. Ona bu ad Müzəffərilər sülaləsinin hökmdarı Şah Şücanın şərəfinə verilmişdi. Elə doğulan kimi də Şiraz valisi titulu verilmişdi.[8] Onun dövründə 300.000 gürcü və çərkəz qul kimi paytaxta gətirilmişdi.[9]
Ölümü
- Pərixan xanımın zəhərləməsi — şahın ölümü ilə bir çoxlarında belə bir fikir yaranmışdır ki, bu işdə Pərixan xanımın əli olmuşdur. Çünki onunla eyni zamanda narkotik maddə qəbul edən Həsən bəy Halvaçıoğlu ölüm ayağında ikən özünü qapıya çatdırıb ölümdən yaxa qurtara bilir. Özünə gəldikdən sonra maddənin qutusuna onlardan əvvəl əl vurulduğuna təkid edir.[10] Həsən bəy Rumlu özünün «Əhsən ət-Təvarix» adlı kitabında bu haqda söhbət açmış və şahın ölümü haqda deyilənlərin doğru-düzgün olduğunu bildirmişdir.
- Ürək xəstəliyi — Bəziləri şahın ürək xəstəliyi olduğunu deyirdilər.[10]
- Boğulma — Bir başqa fərziyyəyə görə də o, tiryək qəbul edərkən nəfəs borusuna qaçırmış və boğulmuşdur.
II Şah İsmayılın dövlət idarəçiliyi
Tacqoyma günlərində öz işlərinin baxılmasını tələb edən xalq kütlələri şahın sarayına gəlirdilər. Onların arasında "türklər, taciklər, hərbçilər və rəiyyət" var idi. İsmayıl kəndlilərin və şəhərlilərin partlayışına yol verməmək üçün xalqın vergilər haqqında və inzibati işçilərinə dair şikayətlərinə baxmaq işini əmisioğlu İbrahim mirzəyə həvalə etdi. Məhəmmədi xan Toxmaq Ustaclı, Mirzə Əli Qacar və vəzir Mirzə Şükrulla onunla birgə ədalət divanında iclas etməli idilər. Onların "ən ali divanının" möhürü ilə imzalanan sənədlər qüvvədə olan qanun hüquqlarına malik idi.
İsmayılın hakimiyyətinin bir-iki ayı ərzində bütün mülki və dövlət işləri ədalət divanında həll edilirdi. Lakin şahın özünün həll etməli olduğu vilayət hakimlərinin təyin olunması kimi daha mühüm işlər təxirə salınırdı. II İsmayıl itirilmiş vaxtın əvəzini çıxmaq üçün hakimiyyətdən istifadə edir, kef-işrətlə məşğul olurdu. Bir müddətdən sonra şah narazı qaldığı vəzir Mirzə Şükrulla İsfahanini öz vəzifəsindən kənar etdi. Onun yerinə Mirzə Salman təyin edildi. İsgəndər bəy Münşi göstərir ki, o, dövlət işlərinin həllində böyük müstəqilliyə malik olduğu halda İsmayıl idarəçilik işlərinə qarışmırdı. Mirzə Salman İsmayıldan dövlət işlərinə kənar adamların müdaxiləsinə yol verməmək və qızılbaş əmirlərinin qarşısında təslim olmamaq barədə göstəriş almışdı.
II İsmayılın dövründə saray vəzifələrinin və vilayət hakimlərinin heyətində bəzi dəyişikliklər həyata keçirildi. Təbiidir ki, bu vəzifələrə əvvəlki kimi azərbaycanlı qızılbaş əyanlarının nümayəndələri təyin edilirdi. Farsların (taciklərin) rolu yalnız mülki işlərlə məhdudlaşırdı. Saray vəzifəsi eşikağasıbaşı (saray təşrifçisi) Hüseynqulu xan Şamlıya həvalə edildi. Mirşah Qazi mustoufi əl-məmalik (baş xəzinədar) oldu. Müseyib xan Şərəfəddin oğlu Təkəli, xan rütbəsi alaraq Rey hakimi təyin edildi. Kürdüstanda Alaşkert bölgəsinin idarəsi Sulaq Hüseyn Təkəliyə bağışlanıldı. Əliqulu xan Şamlı Herat hakimi və Xorasan əmir əl-ümərası təyin olunmuşdu. Murtuzaqulu xan Pörnaka Məşhədin idarə olunması etibar edildi. Qarabağın əmir əl-ümərası və Gəncə vilayətinin hakimi Yusif Xəlifə Ziyadoğlu, qacar tayfasından olan Peykər Sultan tərəfindən öldürülmüşdü. Bu vəzifəyə İmamqulu xan Qacar təyin edildi. Kirman hakimi Allahqulu bəy Əfşar, şahın xüsusi hərbi dəstəsinin başçısı (qorçibaşı) vəzifəsinə irəli çəkildi. Mahmud Sultan Əfşar isə Kirman hakimi təyin edildi. Şiraz vilayətinə hakim təyin edilən Vəli xan Qalxançıoğlu Zülqədər az sonra II İsmayılın təzəcə dünyaya gəlmiş oğlu Şahşücanın tərbiyəçisi oldu. "Şərəfnamə"nin müəllifi Şərəf xan Bitlisi Kürdüstanın "əmirlər əmiri" vəzifəsinə keçdi".
Şahın sünni və şiələrə olan münasibəti
Osmanlılara kin-küdurət bəslənməsinə baxmayaraq, ikinci Şah İsmayıl dövlətlər arası sülh və əmin-amanlığın bərqərar olunmasına narazı deyildi. O, müxtəlif səbəblər üzündən Təhmasibin sünni məzhəbinə qarşı həyata keçirdiyi siyasətdə müəyyən dəyişiklər aparmaq fikrinə düşür. Tarixçilərdən bəzilərinin yazdıqlarına görə tərbiyəçisi hələ uşaq ikən bu istiqamətdə onun üzərində bir çox işlər görmüş və onun əqidəsinə böyük təsir göstərə bilmişdi. Bəlkə də buna görədir ki, Qəzvinə qayıdarkən Soltaniyyə binasını görməyə gedir. Lakin orada Soltaniyyə günbəzinin yaxınlığında yerləşən şair Tacəddin Həsən Kaşinin məqbərəsini ziyarət etmir. Kaşi, Təhmasib şahın böyük ehtiram göstərdiyi şairlərdən biri idi. O, öz xatirələrində Kaşinin şerlərindən istifadə etmiş və məqbərəsində əsaslı təmir işləri aparmışdır. Əhli-beyt aşiqlərindən olan Kaşi bütün şerlərini məsum imamlara həsr etmişdir. Bəlkə də İsmayıl onun məqbərəsini buna görə ziyarət etmirdi.
Onun belə bir əhval-ruhiyyədə olmasına böyük təsir göstərən şəxslərdən biri də Qəzvində yaşayan və zahirdə özünü şiə kimi qələmə verən, əslində isə sünni məzhəbini yaymağa can atan Mir Məxdum Şərifi olmuşdur. O, Qəzvində ilk xütbəsini Şah İsmayılın adı ilə başlayır və bu vaxt hələ İsmayıl Qəzvinə daxil olmamışdı. İsmayıl ilə yaxın münasibətdə olduğu üçün şübhəsiz ki, onu sünni məzhəbinə sövq edən də məhz onun özü olmuşdur. Mirzə Məxdum İsmayıl ilə o qədər yaxınlaşa bilir ki, şah onu özünün ən yaxın müşavirlərindən biri seçir və sünni məzhəbindən olanlara maliyyə yardımı paylanılmasını məhz ona həvalə edir.
Tarixçilərdən biri yazır: "Mir Məxdum qızılbaş alimlərinin təyziqi nəticəsində h.q. 985-ci ilin Cəmadiə-əvvəl ayının 17-də cümə günü şahın qəzəbinə gələrək həbs olunur". Qazi Əhməd Qumi onun haqqında yazır: "İsmayılın ölümündən sonra fürsətdən istifadə edən qızılbaşlar Mirzə Məxdumu zindandan çıxarıb edam etmək fikrinə düşdülər. Lakin o, Pərixanımın himayəsi ilə ölümdən yaxa qurtardı və dərhal Osmanlı dövlətinə pənah apardı". Osmanlılar onu qazi təyin edir və h.q. 987-ci ildə şiə məzhəbinin əleyhinə "Ənə vaizun ələr-rəvafiz" adlı kitabını təlif edir.[11]
II İsmayıl qızılbaşların müxaliflərinə lənət oxumalarının qarşısını alır və bu barədə onların bəzi alimlərinə ciddi xəbərdarlıqlar edir. Bir neçə nəfər buna görə ciddi cəzalandırılır.[12] Şaha yaxın olan və qızılbaşların canişinlik uğrunda apardıqları mübarizədə Təhmasibin cənazəsi üzərində dayanmış və bir neçə ox yarası almış Mühəqqiq Kərəkinin qız nəvəsi Seyid Hüseyn Kərəki olur. Mirzə Abdullah İsfahaninin yazdığına görə, İsmayıl Seyid Hüseynə qızılbaşları himayə etməkdən əl çəkməsinə dair xəbər göndərir. Lakin Seyid Hüseyn bununla heç cür razılaşmır.
II Şah İsmayıl bu istiqamətdə bir sıra işlər görür, hətta dövriyyədə olan pulların üzərindən imamların adlarını götürməyə belə nail olur. O, belə bir addımı atsa da, Seyid Hüseyn kimi alimlərin ciddi müqaviməti ilə qarşılaşır. Göstərilən təzyiqlərdən sonra şah özünün yazdığı bu misraları pulların üzərinə vurulmasına razı olur: "Ze məşriq ta məğrib gər imamət, Əli və ali u mara təmamət." Yəni "Bürüyərsə imamlar bu cahanı, bizə bəsdir Əli və xanədanı" sözləri yazıldı.[13]
Məlum məsələdir ki, şahın belə bir siyasəti şiə məzhəbinə son dərəcə təəssübkeş olan və şahı sufilərin mürşidi hesab edən qızılbaşlara mənfi təsir göstərmişdir. Verilən məlumatlardan belə məlum olur ki, bəzi türkmən qəbilələri şahın sünni məzhəbinə meyilli olmasından hiddətlənmiş və ona qarşı üsyan etmək istəmişlər. Təkcə adi camaat deyil, alimlərin də böyük bir hissəsi şahdan üz çevirmiş və onu sünni məzhəbinə qarşı təhrik etmişlər. Rumlu yazır: "İsmayıl Seyid və alimlərin payına düşənləri kəsib şafei məzhəbini qəbul edənlərə vermək istəyirdi. Bunun üçün də qızılbaş ordusu ondan üz çevirdi".
Ailəsi
Həyat yoldaşları | Doğumu | Ölümü | Evləndiyi il | Valideynləri |
---|---|---|---|---|
Safiyə Sultan bəyim (əsl adı: Pəri Peykər xanım) | 1537 | ? | 1555 | Seyyid Nurəddin Nemətullah Baqi Yəzdi və Xanış xanım Səfəvi |
? | ? | ? | 1576 | Əmir Pir Məhəmməd Ustaclı |
? | ? | ? | 1576 | Şamxal sultan (Pərixan xanımın dayısı) |
? | ? | ? | 1576 | Əmir Hüseynxan sultan Xəbuşlu |
Övladları | Doğumu | Ölümü | Valideyni |
---|---|---|---|
Şah Şücaəddin Məhəmməd mirzə | 16 oktyabr 1577 | 17 fevral 1578 | Cariyə |
Safiyə Sultan bəyim (Şahzadə xanım) | 1555 | 2 sentyabr 1617 | Safiyə Sultan bəyim (əsl adı: Pəri Peykər xanım) |
Fəxri Cahan xanım | 1577 | ? | Cariyə |
Gövhərsultan xanım | 1578 | 1618 | ? |
Populyar mədəniyyətdə
2012-ci ildə azərbaycanlı yazıçı Mustafa Çəmənlinin “Ölüm mələyi” adlı tarixi romanı çap olunub.[14][15]
“Xallı gürzə”, “Səs qərib olmur”, “Fred Asif”, “Ruhların üsyanı” və başqa dəyərli kitabların müəllifi olan yazıçının “Ölüm mələyi” əsərində Azərbaycan tarixinin çox mürəkkəb və ziddiyyətli bir dövründən söz açılır. Romanda Səfəvi hökmdarı I Təhmasibin ömrünün son günləri, onun on doqquz il altı ay iyirmi bir gün Qəhqəhə qalasında dustaq etdiyi oğlu İsmayıl Mirzənin hakimiyyətə gəlməsi və fəaliyyəti öz əksini tapıb.[16]
“Ölüm mələyi” romanının süjet xətti və məzmunu tarixi romanlara xas ənənəvi döyüş səhnələri ilə deyil, saraydaxili ziddiyyətləri, insan münasibətləri, hakimiyyəti əldə etmək və onu qorumaq uğrunda mübarizə üsullarının təsviri ilə səciyyəvidir.[17]
Səfəvilər xanədanının böyük bir dövrünü əhatə edən bu romanda I Şah Təhmasib, II Şah İsmayıl, Pərixan bəyim, Gövhər bəyim, İbrahim mirzə, Hüseynqulu Xüləfa və başqa tarixi şəxsiyyətlərin dolğun bədii obrazları yaradılmışdır.[18]
Roman 2012-ci ildə “Azərbaycan” jurnalının 4, 5, 6-cı nömrələrində, elə həmin ildə də kitab halında çap edilmişdir. 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl Kəlmə” ədəbi mükafatına layiq görülmüşdür.[19]
Mənbə
Xarici keçidlər
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.