![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/f5/Carpet_market_Elizavetpol_XIXcentury.jpg/640px-Carpet_market_Elizavetpol_XIXcentury.jpg&w=640&q=50)
Gəncə xalçaçılıq məktəbi
From Wikipedia, the free encyclopedia
Gəncə xalçaçılıq məktəbi — Azərbaycan xalçaçılıq məktəblərindən biridir. Gəncə şəhəri və ona yaxın kəndlər, həmçinin Gədəbəy, Goranboy, Şəmkir və Samux rayonlarının ərazilərini əhatə edir. Xalçaçılıq məktəbinin əsas mərkəzi Gəncə şəhəri olmuşdur. X–XI əsrlərdən etibarən Gəncə şəhəri ən böyük ipək istehsalı mərkəzlərindən biri olmaqla yanaşı, eyni zamanda yüksək keyfiyyətli yun və ipək xalçaları ilə də tanınmışdır. Britannika Ensiklopediyasında Gəncə xalçaları aşağıdakı kimi təsvir edilir:
![]() |
Gəncə xalçası (ing. Genje carpet) — Gəncə şəhərində (Sovet dövründə Kirovabad, Rusiya imperiyası dövründə Yelizavetpol) və onun ətrafındakı ərazilərdə əllə toxunan Azərbaycan xalçalarıdır. Bu xalçalar üçün sadə künc dizaynları və intensiv parlaq rənglər xarakterikdir. Gəncə xalçalarında daha çox səkkizbucaqlı və ya ulduz formalı naxışlara, həmçinin xalça boyunca sıra ilə düzülmüş həndəsi medalyonlara rast gəlinir. Bu xalçalar üçün ənənəci olan rənglər - göy, tünd göy və parlaq qırmızıdır. Qədim dövrlərə aid Gəncə xalçaları yundan toxunmuşdur. Bir qədər müasir xalçalar isə pambıq əsas üzərində yun iplərlə toxunmuşdur. Gəncə xalçalarının istehsal edildiyi ərazi Qazax və Qarabağ bölgələri arasında yerləşdiyindən Gəncə xalçalarında bu bölgələrin xalçaçılıq ənənələrinin də təsirini görmək mümkündür.[1] | ![]() |
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/d/da/Fakhrali_rug.jpg/640px-Fakhrali_rug.jpg)
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/f5/Carpet_market_Elizavetpol_XIXcentury.jpg/640px-Carpet_market_Elizavetpol_XIXcentury.jpg)
Gəncə xalçaçılıq məktəbinə Gəncə, Qədim Gəncə, Faxralı, Samux, Gədəbəy, Çaylı, Çıraqlı, Şadılı və başqa kompozisiyalar daxildir. Gəncə xalçaçılıq məktəbinə aid olan və qədim dövrlərdə namazlıq xalçası kimi istifadə olunmuş Fəxrəli xalçaları yüksək bədii keyfiyyətləri və toxuma üsulu ilə seçilirlər.