Cenevrə Universiteti
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Cenevrə Universiteti (fr. Université de Genève) — İsveçrə Konfederasiyasının Cenevrə şəhərində olan bir ictimai araşdırma universitetidir. Sürix Universitetindən sonra ölkənin ikinci ən böyük ali məktəbidir.
Universitet Jan Kalvin tərəfindən qoyulmuşdur. Belə ki, 1559-cu ildə ilahiyyatçı və pastor Jan Kalvin tərəfindən Cenevrə şəhərində ilahiyyat seminariyası və hüquq fakültəsi yaradılır. Seminariyanın ilk rektoru ilahiyyatçı Teodor de Beze təyin olunur. Fəaliyyətinin ilkin dövrlərində bu ali məktəb humanitar və dini təhsil verir. XVII əsrdə Cenevrənin İntibah mərkəzinə çevrildiyi vaxtlarda da ali məktəbdə təhsil ilahiyyat yönümlü olaraq qalır. Həmin dövrlərdə akademiya adlandırılan bu ali təhsil müəssisəsində dəqiq və fiziki elmlərə ehtiyac duyulur.
XIX əsrdə baş vermiş siyasi və ictimai dəyişikliklər akademiyada da bir çox yeniliklərə səbəb olur. 1873-cü ildə tibb fakültəsi açıldıqdan sonra ali məktəb dini yönümlülüyündən imtina edərək dünyəvi ali təhsil ocağına çevrilir. Həmin ildə ali məktəb universitet statusu alır. Bu dövrdən başlayaraq Cenevrə Universitetində yeni-yeni fakültələr yaradılır. Beynəlxalq Tədqiqat və İnkişaf, Bosse Ümumdünya institutları ilə əməkdaşlıq universitetin akademik həyatının daha da genişlənməsinə səbəb olur. Avropanın bir çox şəhərlərində alimlərin dindarlar tərəfindən təqib edilməsi nəticəsində Cenevrədə çoxlu sayda siyasi qaçqınlar, tələbə və tədqiqatçılar sığınacaq tapır, bu da şəhərin və Cenevrə Universitetinin intellektual səviyyəsinin zənginləşməsinə yol açır.
2005-ci ildən Cenevrə Universitetində Boloniya prosesinə uyğun olaraq təhsil üç pilləyə bölünür: bakalavr - 3 il, magistratura - 1-2 il, doktorantura - 3-5 il. 2006-cı ildən bu ali məktəbdə beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr səviyyəsi verilir.
2009-cu ildə Cenevrə Universiteti genişmiqyaslı ictimai tədbirlər təşkil edərək 450 illik yubileyini qeyd edib.
Cenevrə çox böyük şəhər olmasa da, geniş infrastruktura malikdir. Şəhər eyni adlı gölün sahilində, dünyaca məşhur Alp dağ-xizək kurortu yaxınlığında yerləşir. Şəhər Aralıq dənizi və Mərkəzi Avropa regionu ölkələri ilə mədəni əlaqələr qurur. Rona çayı Cenevrə şəhərini iki yerə bölür. Şəhərin qədim hissəsi çayın sol sahilindədir. Cenevrənin ən tanınmış tarixi və diqqətəlayiq abidələri Müqəddəs Pyotr kilsəsi, Burq de Fur meydanı, Rat, Təsviri İncəsənət və Tarix muzeyləri, Monblam körpüsü, Cenevrə fontanı, Millətlər sarayıdır. Dünyanın bütün mətbəx və musiqiləri bu beynəlmiləl şəhərdə cəmlənib. 310 hektarlıq ərazidəki 40000-dən çox ağacdan ibarət olan bağda, Cenevrə gölünün sahilində gəzintiyə çıxmaq, təbiət gözəlliyini seyr etmək şəhər sakinlərinə və qonaqlara əvəzolunmaz zövq verir. Böyük və səs-küylü tədbirlərin həvəskarları şəhərdə təşkil olunmuş opera, konsert və festivallarda, teatr və sərgilərdə iştirak edə bilərlər.
Cenevrə Universiteti şəhərin mədəni həyatında fəal iştirak edir. Universitetin bir-birinə bənzəməyən binaları Cenevrə şəhərinin müxtəlif hissələrində yerləşir. Qədim Uni-Bastions binasında İlahiyyat, İncəsənət fakültələri fəaliyyət göstərir. Binanın yaxınlığında çox gözəl park və yaşıl qazon mövcuddur. Mühazirələrarası tənəffüsdə tələbələr burada oturaraq Reformatorlar Divarına, 4 protestant müdriki Kalvin, Farel, Bez və Noksun heykəllərinə tamaşa etməyi çox sevirlər. Müasir, şüşə və metal arakəsmə ilə örtülmüş günəş işığı ilə dolu Uni-Mail binasında universitetin İctimai elmlər və iqtisadiyyat, Hüquq, Psixologiya və pedaqogika elmləri fakültələri, Yazılı və Şifahi Tərcümə Məktəbi yerləşir. Dəqiq elmlər fakültəsi Arva çayı sahili boyu bir neçə binanı əhatə edir. Universitetin bir çox bölmə və institutları Helvetique bulvarında yerləşir.
Cenevrə Universitetində 7 fakültə, 1 məktəb, 5 institut və 6 fənlərarası mərkəz fəaliyyət göstərir. Bunlar Dəqiq elmlər, Tibb, İncəsənət, İctimai elmlər və iqtisadiyyat, Hüquq, Psixologiya və pedaqogika elmləri, Protestant ilahiyyat fakültələri, Yazılı və Şifahi Tərcümə Məktəbi, Ekoloji Tədqiqatlar, Avropa, Reformasiya, Cenevrə Maliyyə Elmi-Tədqiqat institutları, İnformatika, Neyroelmlər və Ətraf Mühit, Kompüter Elmləri, Energetika, Gerontologiya, İsveçrə Affektiv Elmlər mərkəzləridir. Universitetdə 280-dən çox müxtəlif proqram, 250 fasiləsiz təhsil proqramı təklif olunur.
Dəqiq elmlər fakültəsində dəqiq elmlər üzrə 57-dən çox proqram mövcuddur. Bakalavr səviyyəsi üzrə universitetdə Riyaziyyat, İnformatika, Kompüter elmləri, Fizika, Kimya, Biokimya, Biologiya, Ekologiya və yer elmləri, Əczaçılıq, magistratura səviyyəsi üzrə isə Riyaziyyat, Riyaziyyat və informatika, Kompüter elmləri, Fizika, Kimya, Biokimya, Biologiya, Ekologiya və yer elmləri, Əczaçılıq, Arxeologiya, Ekoloji tədqiqatlar, Geologiya, Proteomika və bioinformatika, Neyroelmlər və s. proqramlar təklif edilir. Fakültə Avropa Nüvə Tədqiqatları, Ümumdünya Sağlamlıq təşkilatları, Avropa Kosmik Agentliyi və NASA ilə sıx əməkdaşlıq edir. Fakültənin məzunları arasında bir neçə Filds və iki Nobel mükafatı laureatı vardır.
Universitetin Tibb fakültəsi İsveçrədə bu sahənin inkişafı üzrə böyük xidmətlər göstərib və hazırda ölkədə yeganə keyfiyyət akkreditasiyası almış tibb fakültəsidir. Fakültə Cenevrə şəhərində yerləşən xəstəxanalarla birgə fəaliyyət göstərir. Tibb fakültəsi şəkərli diabet, infeksion xəstəliklər, genetika, neyrobiologiya və orqanların köçürülməsi sahələri üzrə əldə etdiyi uğurlarla tanınır. Fakültənin nəzdində İsveçrənin fransızdilli hissəsinə məxsus yeganə Stomatologiya Məktəbi mövcuddur. Bakalavr səviyyəsində fakültə Tibb, Stomatologiya, Hərəkət və idman elmləri, magistratura səviyyəsində isə yuxarıda sadalananlarla birgə Proteomika və bioinformatika, Neyroelmlər proqramları təklif edir.
İncəsənət fakültəsini humanitar da adlandırmaq olar, belə ki, bu fakültə təkcə incəsənət sahəsini əhatə etmir. Fakültə, xüsusilə, dünyanın ən qədim, mifoloji, dini, sərt, ədəbi və analitik, müxtəlif sivilizasiyalara aid yazılarını oxumaqla tanınır. İncəsənət fakültəsi bakalavr səviyyəsində Humanitar elmlər sahəsi üzrə incəsənət, magistratura səviyyəsində isə bu proqramla yanaşı Muzey tədqiqatları üzrə incəsənət, Asiya tədqiqatları üzrə incəsənət proqramlarını təklif edir. İncəsənət fakültəsində Qədim Yunan dili və ədəbiyyatı, Qədim tarix, Ərəb, Çin tədqiqatları, İncəsənətin tarixi, Klassik arxeologiya, Klassik tədqiqatlar, Müqayisəli ədəbiyyat, İnformatika və humanitar elmlər, Misirşünaslıq və Kopt dili, İngilis dili və ədəbiyyatı, Orta əsrlər fransız dili və ədəbiyyatı, Fransız dili xarici dil kimi, Ümumi tarix, Almaniya, Rusiya, Latın Amerikası, İtaliya, Yaponiya tədqiqatları, Tarix və Orta əsrlər sivilizasiyası, Dinlərin tarixi, Mesopatamiya dili və sivilizasiyası, Latın dili və ədəbiyyatı, Linqvistika, Yeni Yunan tədqiqatları, Musiqişünaslıq, Fəlsəfə sahələri üzrə tədris və tədqiqatlar aparılır.
Bu fakültədə məşhur ədəbiyyat tarixçisi, Avropa Akademiyasının akademiki, bir çox Avropa universitetlərinin fəxri professoru əfsanəvi Jorj Niva dərs deyib.
İctimai elmlər və iqtisadiyyat fakültəsi sosial hərəkat, iqtisadi qloballaşma, maliyyə, marketinq, mobillik məsələləri, əmək şəraitinin inkişafı, beynəlxalq siyasi hakimiyyət və s. tədqiqat sahələri üzrə əldə etdiyi uğurlarla tanınır. Fakültə bakalavr səviyyəsi üzrə Menecment, İqtisadiyyat, Coğrafiya və ətraf mühit, Sosiologiya, Siyasi elmlər, İqtisadi və sosial tarix, İnformasiya və xidmət elmləri, Sosial-iqtisadiyyat, Beynəlxalq əlaqələr, magistratura səviyyəsi üzrə isə İdarəetmə, İqtisadiyyat, Sosial-iqtisadiyyat, Coğrafiya və ərazi elmləri, Sosiologiya, Politologiya, Beynəlxalq iqtisadi tarix, Gender tədqiqatları, Statistika, Maliyyə, mühasibatlıq və audit, Kommunikasiya və media elmləri proqramları təklif edir.
Hüquq fakültəsində tələbələrə ənənəvi proqramlarla yanaşı, maliyyə və iqtisadiyyat, humanitar və ekoloji hüquq, mədəniyyət və beynəlxalq əlaqələr sahələri də tədris edilir. Fakültə ABŞ-nin 3 və Avropanın 1 təhsil müəssisəsi ilə, eləcə də çoxlu sayda beynəlxalq təşkilatlarla (Ümumdünya Ticarət Təşkilatı, Beynəlxalq Cinayət Tribunalı və s.) əməkdaşlıq edir, Harvard Universitetinin Hüquq Məktəbi ilə tələbə və müəllim mübadiləsi aparır. Fakültə bakalavr səviyyəsində Hüquq, magistratura səviyyəsində isə Hüquq, Vətəndaş və cinayət hüququ, Təsərrüfat hüququ, Beynəlxalq və Avropa hüququ proqramlarını təklif edir.
Psixologiya və pedaqogika elmləri fakültəsində tələbələrə insan psixologiyası, insan tərbiyəsi və təhsili məsələləri üzrə təhsil verilir. Fakültədə Yeni Bilik və Tədris Texnologiyalarının Öyrənilməsi xüsusi bölməsi fəaliyyət göstərir. Psixologiya və pedaqogika elmləri fakültəsi bakalavr səviyyəsində Psixologiya, Təhsil elmləri, "İbtidai məktəb təhsili" istiqaməti, magistratura səviyyəsində isə Psixologiya, Əsaslı öyrənmə və tədris texnologiyası, Təhsil elmləri, Nitq və dil terapiyası, Pedaqogika elmləri, Xüsusi təhsil, Neyroelmlər proqramlarını təklif edir.
Protestant ilahiyyat fakültəsi universitet yarandığı gündən fəaliyyət göstərir və nüfuzlu tarixə malikdir. Bu, İsveçrənin fransızdilli hissəsində mövcud olan yeganə bütöv bakalavr proqramına malik ilahiyyat fakültəsidir. Lozanna və Nevşatel universitetlərinin ilahiyyat fakültələri ilə birlikdə Protestant ilahiyyat fakültəsi qabaqcıl dini təhsil üzrə bakalavr və magistr dərəcələri verir.
Yazılı və Şifahi Tərcümə Məktəbi 1941-ci ildə yaradılıb. Məktəbin BMT və digər beynəlxalq təşkilatlarla yaxınlığı buradakı tədrisin səviyyəsini daha da yüksəldir. Məktəbin kitabxanası Avropada yerləşən ən böyük ixtisaslaşmış kitabxanalardan biridir. Məktəbdə KİV, ictimaiyyətlə əlaqə, turizm, dil vasitəçiliyi, çoxdilli kommunikasiya sahələri üzrə tədqiqatlar həyata keçirilir, tədris ərəb, ingilis, fransız, alman, italyan, rus, ispan dillərində aparılır. Yazılı və Şifahi Tərcümə Məktəbi bakalavr səviyyəsində Çoxdilli kommunikasiya, magistratura səviyyəsində isə Tərcümə, İnterpretasiya proqramlarını təklif edir.
Universitetdə aparıcı tədqiqat sahələri həyat elmləri (biologiya, bioinformatika və s.), elementar hissəciklər fizikası, astrofizika, astronomiya, sosial psixologiya, kimya, genetika, biokimya və biofizika elmləridir. Cenevrə Universiteti 6 milli tədqiqat mərkəzinin yaranmasında rolu olan təhsil müəssisəsidir. Son bir neçə ildə bu ali məktəb apardığı tədqiqatlar üzrə İsveçrə Milli Fondu tərəfindən ölkə universitetləri arasında ən yüksək nəticələr göstərən elmi-tədqiqat mərkəzi kimi qeyd olunub. Ötən illər universitet tədqiqatlardan 62 milyon İsveç frankı əldə edib. Molekulyar biologiya üzrə apardığı tədqiqatlara görə, Cenevrə Universiteti dünyada ikinci, fizika üzrə isə altıncı yerləri tutur. Bu ali məktəbdə çalışmış tanınmış alimlər Mişel Mayor ekzoplanetin, Denis Duboul genetika, Nikolya Gisin isə kvant teloportasiyasının kəşfləri ilə universitetə məşhurluq gətiriblər.
Cenevrə Universiteti beynəlxalq münasibətlər, hüquq və ilahiyyat sahələri üzrə də böyük akademik nailiyyətlərə yiyələnib. Ölkənin digər universitetləri ilə əməkdaşlıq çərçivəsində universitetdə əczaçılıq, biotibb, psixologiya, gender tədqiqatları, insan ekologiyası, sosiologiya və biologiya üzrə magistr və doktorluq səviyyələri təklif olunur. Dərslər universitetdə, əsasən fransız dilində tədris olunur. Tədris ili iki semestrə bölünür, dərslər sentyabrın ortalarında başlayır və iyunun ortalarında bitir. Cenevrə Universiteti beynəlxalq universitetlərlə əməkdaşlıq etmək məqsədi ilə 1999-cu ildə Beynəlxalq Tədqiqat və İnkişaf İnstitutu, eləcə də BMT ilə birgə Cenevrə Beynəlxalq Əməkdaşlıq Akademik Şəbəkəsi yaradıb. 2008-ci ildə bu təşkilat bütün İsveçrə üzrə "İsveçrə Beynəlxalq Tədqiqatlar Şəbəkəsi" adı ilə fəaliyyət göstərməyə başlayıb.
Cenevrə Universitetinin kitabxanası Avropanın ən zəngin kitabxanalarındandır. Kitabxanada 5 milyondan çox kitab, minlərlə elektron resurs, video və audiomateriallar mövcuddur. Oxu zallarında yerləşdirilmiş kompüterlər kolleksiya resurslarına asanlıqla yol tapmağa imkan verir. Hər bir istifadəçi əlavə qeydiyyat olmadan kitabxananın İnternet resurslarından istifadə edə bilər. Universitet kitabxanası 9000 m² sahəyə malik zalları ilə seçilir. Kitabxanadakı kitabların düzüldüyü qəfəsələr 12 km uzunluğundadır. Cenevrə Universiteti zəngin kitab və elmi iş, eləcə də arxiv sənədlərinə malik Jan Piaje kitabxanasına çıxış əldə edib.
Cenevrə Universitetinin rektoru 2007-ci ildən başlayaraq professor Jan Dominik Vassallidir. Bu ali məktəbin vitse-prorektorları isə professorlar Anik de Ribaupyerr, İves Flyukiqer və Pyerr Spiererdir. Universitetin fakültələri dekan, şöbələri prezident, departamentləri isə direktorlar tərəfindən idarə olunur. Universitetdə 5200 nəfər işçi çalışır.
Cenevrə Universitetində ümumilikdə 14489 nəfər tələbə təhsil alır. Tələbələrin 61%-ni qızlar təşkil edir. Universitetdə təhsil alan gənclərin üçdə bir hissəsini dünyanın 130 ölkəsindən olan əcnəbilər təşkil edir.
Cenevrə Universitetində tələbələrin asudə vaxtlarını səmərəli keçirmək məqsədilə lazımi işlər aparılır. Tələbələrin əksər hissəsi idmanla məşğul olmağa üstünlük verir. Universitetdə idmanın 50-dən çox növü təklif olunur. Burada idmanın gimnastika, tennis, ayaq xizəyi, alpinizm, üzgüçülük və s. növləri xüsusi inkişaf edib. İdmanla yanaşı universitetdə musiqi, teatr, rəqs, rəssamlıq və heykəltəraşlıq sahələri üzrə böyük nailiyyətlər əldə edən tələbələr çoxluq təşkil edir. Ali məktəbdə tez-tez müxtəlif mədəni tədbirlər, sərgilər keçirilir. Bir çox tələbələr universitetdə işlə təmin olunurlar.
Cenevrə Universiteti akademik yaradıcılıq və bilik ötürücüsü funksiyasını daşıyan, beynəlxalq nüfuza malik kosmopolit elmi-tədqiqat müəssisəsidir. Universitetin əsas məqsədi tələbələrinə yüksək səviyyəli tədris, tədqiqat bacarıqları öyrətmək, əməkdaşlıq etdiyi təhsil müəssisələri və təşkilatların sırasını, dünyanın bütün ölkələrini təmsil edən tədqiqatçı və tələbələrinin sayını artırmaq, müxtəlif beynəlxalq akademik və mədəni tədbirlərin keçiriləcəyi əsas məkanlardan biri olmaq və cəmiyyətə layiqli xidmət göstərməkdir. Yarandığı gündən bu ali məktəb yüksək etik standartlar tətbiq edərək keyfiyyətli və innovativ təhsil nümayiş etdirib. Bu gün Cenevrə Universiteti özünü Avropanın ən nüfuzlu ali məktəblərindən biri kimi təsdiq etməkdədir.
Cenevrə Universiteti Avropa Tədqiqat Universitetləri Liqasına daxildir.
Koimbra qrupu[3] və Avropa Universitetləri Assosiasiyasının üzvüdür.
2009-2010-cu tədris ilində Cenevrə Universitetinin illik gəlir və xərcləri ümumilikdə 360758975 İsveçrə frankı olmuşdur.
Cenevrə Universitetində yerli və əcnəbi tələbələrin təhsil haqqı ümumilikdə bakalavr, magistratura və doktorantura səviyyələrində 500 İsveçrə frankına bərabərdir. Bu məbləğin 65 İsveçrə frankını tələbələrin qeydiyyatdan keçmə xərcləri, 435 İsveçrə frankını isə təhsil haqqı təşkil edir. Semestrdən öncə tədris olunan fransız dili kurslarında təhsil almaq üçün tələbələr 100 İsveçrə frankı ödəməlidir. Universitetdə MBA proqramı üzrə təhsil haqqı fərqlidir, hətta bir sıra magistr proqramları üzrə təhsil haqqı 40000 İsveçrə frankına qədər yüksəlir.
Cenevrə Universitetində İsveçrə dövləti tərəfindən əcnəbi tələbələrə İsveçrə Federal təqaüdü təklif olunur. 80-ə yaxın ölkənin yer aldığı siyahıda ölkəmizin adına təsadüf olunmur, yəni azərbaycanlı tələbələr həmin təqaüdü almaq imkanına malik deyil. İsveçrə Federal təqaüdü magistr və doktorantlar üçün nəzərdə tutulub. Təqaüdün məbləği ayda 1920 İsveçrə frankıdır və sentyabr ayından başlayaraq 9 ay müddətində verilir. Tələbənin semestr ərzində göstərdiyi nəticələrdən asılı olaraq təqaüdün məbləği artırılır.
Dünyanın bir çox universitetlərində olduğu kimi, tələbələr Cenevrə Universitetinin yataqxanalarında yer tapmaq üçün əvvəlcədən universitetə müraciət etməlidir. Tədris ili başlamazdan əvvəl müraciət edən tələbələr heç bir çətinliklə üzləşmədən yataqxanalarda yerləşdirilirlər. Burada yerləşdirilmə aparılarkən əcnəbi və aztəminatlı tələbələrə üstünlük verilir.
Cenevrədə 1 ay yaşamaq (yataqxana və qidalanmaq daxil olmaqla) üçün tələbəyə ayda 1200 İsveçrə frankı lazım gəlir. Tələbələrin aldıqları təqaüd bu xərcləri tamamilə ödəyir.
Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən Cenevrə Universiteti 100 ən yaxşı ali məktəb arasında 72-ci yerdə sıralanmışdır.
2010-cu ildə dünyanın ən nüfuzlu universitetləri arasında "Times Higher Education World University Rankings"in açıqlamasına görə, Cenevrə Universiteti 118-ci yerdə, "QS World University Rankings"in açıqlamasına əsasən isə 71-ci yerdə qərarlaşmışdır.
2003[5] | 2004[6] | 2005[7] | 2006[8] | 2007[9] | 2008[10] | 2009[11] | 2010[12] | 2011[13] | 2012[14] | 2013[15] | 2014[16] | 2015[17] |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
152-200 | 101-152 | 101-152 | 102-150 | 102-150 | 101-151 | 101-151 | 101-150 | 73 | 69 | 69 | 66 | 58 |
Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar:
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.