![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/e/ef/Logo_of_the_International_Woman_Suffrage_Alliance_%2528IWSA%2529%252C_now_the_International_Alliance_of_Women_%2528IAW%2529.png/640px-Logo_of_the_International_Woman_Suffrage_Alliance_%2528IWSA%2529%252C_now_the_International_Alliance_of_Women_%2528IAW%2529.png&w=640&q=50)
Beynəlxalq Qadınlar Alyansı
From Wikipedia, the free encyclopedia
Beynəlxalq Qadınlar Alyansı qadın hüquqlarını və gender bərabərliyini təşviq etmək üçün fəaliyyət göstərən beynəlxalq qeyri-hökumət təşkilatıdır. Tarixən qadınların seçki hüququ uğrunda kampaniya aparan əsas beynəlxalq təşkilatlardandır. Təşkilat insan hüquqları və liberal demokratiya əsasında inklüziv və mütərəqqi liberal feminizmi müdafiə edir və liberal beynəlmiləlçi dünyagörüşünə malikdir. Təçkilatın prinsiplərində bəyan edilir ki, bütün cinslər "bərabər dərəcədə azad doğulurlar və öz fərdi hüquq və azadlıqlarından azad şəkildə istifadə etmək hüququna malikdirlər", "qadın hüquqları insan hüquqlarıdır" və "insan hüquqları universaldır, bölünməzdir və bir-biri ilə bağlıdır".[1]
Beynəlxalq Qadınlar Alyansı IAW, AIF | |
---|---|
International Alliance of Women Alliance Internationale des Femmes | |
![]() | |
Növü | Beynəlxalq Qeyri Hökumət Təşkilatı |
Yaranma tarixi | 1904-ci il, 3 iyun |
Rəsmi dili | İngilis və fransız |
Mərkəzi | |
Yarandığı yer | Berlin |
Fəaliyyət göstərdiyi yer | Cenevrə |
Qurucusu | Keri Çapman Kett ing. Carrie Chapman Catt |
Prezident | Alison Braun ing. Alison Brown |
womenalliance.org | |
![]() |
1904-cü ildə Alyans öz simvolik rəngi olaraq qızılı və ya sarı rəngi qəbul etdi. 1867-ci ildən ABŞ-də qadınların seçki hüququ hərəkatı ilə əlaqəli olan bu rəng həmçinin qadın hüquqlarının ən qədim simvoludur. Alyansın təsiri ilə qızılı və ağ rənglər beynəlxalq qadınların seçki hüququ hərəkatının əsas rənglərinə çevrildilər.
Beynəlxalq Qadınlar Alyansı (BQA) ənənəvi olaraq liberal-burjua qadın hüquqları hərəkatının, yəni daha geniş burjua qadın hərəkatının liberal-proqressiv qanadı daxilində başlıca beynəlxalq qeyri-hökumət təşkilatıdır. BQA-nın əsas prinsipi ondan ibarətdir ki, insan hüquqlarının tam və bərabər şəkildə həyata keçirilməsi bütün qadın və qızlara aid edilir.
Bu təşkilat öz sahəsində ən qədim, ən böyük və ən nüfuzlu təşkilatlardan biridir. Təşkilat 1904-cü ildə Berlində (Almaniya) Beynəlxalq Qadın Seçki Alyansı kimi qadınların seçki hüququ uğrunda kampaniya aparmaq üçün ing. Carrie Chapman Catt, Millicent Fawcett, Susan B. Enthony və dünyanın digər aparıcı feministləri tərəfindən yaradılmışdır.[2] Təşkilatın mənzil-qərargahı Londonda yerləşirdi və o, qadınların seçki hüququ üzrə əsas beynəlxalq təşkilatı idi. Liberal qadın hüquqları hərəkatının bir hissəsi olaraq bu təşkilat Soyuq Müharibə boyu Qərb tərəfdən mövqeyini qorudu.[3] Bu gün BQA bir neçə yüz min üzvdən ibarət dünya üzrə 50-dən çox təşkilatı təmsil edir və Cenevrədə yerləşmişdir.
1926-cı ildən təşkilatın Millətlər Liqası ilə güclü əlaqələri var idi. 1947-ci ildən bəri BQA Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasında ümumi məsləhətçi statusuna malikdir. Qeyri-hökumət təşkilatı üçün mümkün olan ən yüksək bu BMT statusunu alan dördüncü təşkilatdır. BQA həmçinin Avropa Şurasında da iştirakçı statusuna malikdir. Onun BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında, BMT-nin Cenevrədəki ofisində, BMT-nin Vyanadakı ofisində, Parisdə YUNESKO- da, Romada Ərzaq və Kənd Təsərrüfatı Təşkilatında və Strasburqda Avropa Şurasında nümayəndələri var. Onun həmçinin Qahirədə, Ərəb Liqasında, Ər-Riyadda Körfəz Əməkdaşlıq Şurasında nümayəndələri var və eləcə də Brüsseldə Avropa Qadın Lobbisinin üzvüdür. Təşkilatın rəsmi dilləri ingilis və fransız dilləridir.
BQA LGBT hüquqlarını feminizmin ayrılmaz hissəsi kimi başa düşür. 2021-ci ildə BQA və onun İslandiyadakı filialı feminist hərəkat və trans hərəkatı arasında həmrəyliyin vacibliyinə dair bir foruma ev sahibliyi etdi və anti-trans səsləri ilə bağlı narahatlığını ifadə etdi.[4] BQA-nın keçmiş prezidenti Marion Böker bildirib ki, qadın hüquqları hərəkatı üçün universal və bölünməz insan hüquqları əsasında işləmək, demokratik dəyərləri müdafiə etmək və inklüziv qadın hərəkatı uğrunda mübarizə aparmaq lazımdır.[5]