From Wikipedia, the free encyclopedia
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunda insan hüquqları ilə bağlı narahatlıqların qiymətləndirməsi (ing. OHCHR Assessment of human rights concerns in the Xinjiang Uyghur Autonomous Region, People's Republic of China) — Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən 31 avqust 2022-ci ildə dərc olunmuş, Çində uyğurlara və digər əsasən müsəlman qruplara qarşı rəftar haqqında hesabat.
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunda insan hüquqları ilə bağlı narahatlıqların qiymətləndirməsi | |
---|---|
ing. OHCHR Assessment of human rights concerns in the Xinjiang Uyghur Autonomous Region, People's Republic of China | |
İmzalanma tarixi | 31 avqust 2022 |
Orijinal dil | ingilis dili |
Müəllif | Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı |
Məqsədi | Sincan-Uyğur Muxtar Rayonunda insan hüquqları |
Hesabatda belə nəticəyə gəlinmişdir ki, "uyğurların və əsasən müsəlman olan digər qrupların nümayəndələrinin qanun və siyasət əsasında fərdi və kollektiv şəkildə istifadə edilən fundamental hüquqlardan məhdudlaşdırma və daha ümumi şəkildə məhrumetmə kontekstində ixtiyari olaraq və diskriminasiya əsasında həbsinin miqyası beynəlxalq cinayətlər, xüsusən də insanlıq əleyhinə cinayətlər təşkil edə bilər".[1][2][3]
2014-cü ildən Çin hökuməti Çin Kommunist Partiyasının baş katibi Si Tsinpinin rəhbərliyi altında Sincan bölgəsində bir milyondan çox türk mənşəli müsəlmanın heç bir hüquqi razılıq olmadan yenidən təhsil düşərgələrində həbs edilməsi ilə nəticələnən siyasət yürüdür.[4][5][6] Bu, İkinci Dünya müharibəsindən sonra etnik və dini azlıqlara qarşı aparılan ən böyük həbs kampaniyasıdır.[7][8] Mütəxəssislərə görə, 2017-ci ildən 2022-ci ilə qədər 16 minə yaxın məscid dağıdımış və ya zədələnmiş,[9] yüz minlərlə uşaq zorla valideynlərindən ayrılaraq internat məktəblərinə göndərilmişdir.[10][11]
İctimai hesabatlarda bildirilmişdir ki, Çin hökumətinin apardığı siyasətlərə uyğurların dövlət tərəfindən maliyyələşdirilən həbs düşərgələrində özbaşına saxlanılması,[12][13] məcburi əmək,[14] uyğurların dini ayinlərinin yatırılması,[15] siyasi və ideoloji indoktrinasiya,[16] zorakı rəftar,[17] məcburi sterilizasiya,[18] məcburi kontrasepsiya[19][20] və məcburi abort[21][22] daxildir. Çin hökuməti tərəfindən yayımlanan rəsmi statistikaya görə, 2015-ci ildən 2018-ci ilə qədər Xotan və Qaşqarın əsasən uyğurların yaşadığı ərazilərdə doğum nisbəti 60%-dən çox azalmışdır.[18] Həmin dövrdə bütövlükdə ölkə üzrə doğum səviyyəsi 9,69% azalmışdır.[23] Çin hakimiyyəti 2018-ci ildə Sincanda doğum nisbətinin təxminən üçdə bir azaldığını etiraf etmiş, lakin məcburi sterilizasiya və soyqırımı ilə bağlı iddiaları təkzib etmişdir.[24] 2019-cu ildə Çində doğum nisbəti 4,2% azalmış olsa da, Sincanda doğum nisbəti 24% azalmışdır.[18]
Çin hökuməti Sincanda insan hüquqlarının pozulmasını inkar edir.[25][26] Baş verən hadisələrə beynəlxalq reaksiya müxtəlif olmuşdur. BMT-yə üzv olan bəzi dövlətlər BMT İnsan Hüquqları Şurasında bəyanatlar verərək Çinin siyasətini pisləmiş, bəziləri isə Çinin siyasətini dəstəkləmişdir.[27] 2020-ci ilin dekabrında Beynəlxalq Cinayət Məhkəməsinə göndərilən işə xitam verilmişdir. Buna səbəb olaraq iddia edilən cinayətlərin "sadəcə Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsinin iştirakçısı olmayan Çinin ərazisində Çin vətəndaşları tərəfindən törədilmiş" olması və buna görə də Beynəlxalq Cinayət Məhkəməsinin işə baxmağa hüququ olmaması göstərilmişdir.[28][29] ABŞ 19 yanvar 2021-ci ildə Çində insan hüquqlarının pozulmasını tanındığını elan edərək, Uyğur soyqırımını tanıdığını elan etmişdir.[30] O vaxtdan bəri bir neçə ölkənin qanunverici orqanları, o cümlədən Kanada İcmalar Palatası,[31] Niderland Parlamenti,[32] Birləşmiş Krallıq İcmalar Palatası,[33] Litva Seymi və Fransa Milli Məclisi[34][35] də daxil olmaqla, Çinin hərəkətlərini soyqırım kimi xarakterizə edən məcburi olmayan təkliflər qəbul etmişlər. Yeni Zelandiya,[36] Belçika[37] və Çexiya parlamentləri Çin hökumətinin uyğurlara münasibətini "insan hüquqlarının ciddi şəkildə pozulması" və ya "insanlığa qarşı cinayət" kimi qiymətləndirmişdir.[38]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.