![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/b2/Azerbaijan_adm_location_map.svg/langaz-640px-Azerbaijan_adm_location_map.svg.png&w=640&q=50)
Azərbaycanda UNESCO-nun Ümumdünya irsi obyektlərinin siyahısı
From Wikipedia, the free encyclopedia
Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) 1972-ci ildə yaradılmış UNESCO-nun Ümumdünya İrs Konvensiyasını imzalayan ölkələr tərəfindən irəli sürülmüş mədəni və ya təbii irs üçün müstəsna universal dəyərə malik Ümumdünya irslərini müəyyən edir.[1] Mədəni irs abidələrdən (memarlıq əsərləri, monumental heykəllər və yaxud yazılı abidələr), bina qruplarından və ərazilərdən (arxeoloji yerlər daxil) ibarətdir. Təbii xüsusiyyətlər (fiziki və bioloji formasiyalardan ibarət), geoloji və fizioqrafik birləşmələr (o cümlədən nəsli kəsilməkdə olan heyvan və bitki növlərinin məskunlaşdığı yerlər) və elm, mühafizə və ya təbii gözəllik baxımından mühüm əhəmiyyət kəsb edən təbiət əraziləri təbii irs kimi müəyyən edilir.[2] Azərbaycan konvensiyanı 16 dekabr 1993-cü ildə ratifikasiya etmişdir.[3]
Siyahıda Azərbaycanın beş irsi obyekti var. Siyahıya ilk əlavə edilən yer 2000-ci ildə Şirvanşahlar sarayı və Qız qalası da daxil olmaqla İçərişəhər olmuşdur. 2000-ci ildə Bakı zəlzələsində dəymiş ziyana görə bu ərazi 2003-cü ildən 2009-cu ilə qədər təhlükədə olanlar siyahısına salınmışdır.[4] Qobustan Dövlət Tarix-Bədii Qoruğu 2007-ci ildə siyahıya alınmışdır. 2013-cü ildə bu iki irsi obyektə silahlı münaqişə zamanı Mədəni Əmlakın Mühafizəsi Komitəsi tərəfindən gücləndirilmiş mühafizə statusu verilmişdir.[5] Siyahıya ən son əlavə edilən 2023-cü ildə Hirkan meşələri və Xınalığın mədəni mənzərəsi olmuşdur. Hirkan meşələri ölkənin yeganə təbii irsi obyektidir və İranla həmsərhəddir. Bundan əlavə, müvəqqəti siyahıda Azərbaycanın on irsi obyekti yer alır.[3]