From Wikipedia, the free encyclopedia
Ayrılıq — azərbaycanlı bəstəkar və tarzən Əli Səliminin ərdəbilli şair Fərhad İbrahiminin sözlərinə bəstələdiyi mahnı.[2] Mahnı ilk dəfə bəstəkarın həyat yoldaşı Fatma Qənnadi tərəfindən 1958-ci ildə Tehran Radiosunda səsləndirilib.[2][3]
"Ayrılıq" | |
---|---|
| |
tərəfindən ifa olunmuş mahnı | |
Yayımlanıb | 1958 |
Yazılma tarixi | 1957[1] |
Dil | Azərbaycan dili |
Bəstəkar | Əli Səlimi |
Sözlərin müəllifi | Fərhad İbrahimi |
Mahnının bəstəkarı Əli Səlimi 1922-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Onun valideynləri Ərdəbil şəhərindən Bakıya köçmüşdülər. Əli Səlimi tar məktəbini xalq artisti, görkəmli tarzən Əhməd Bakıxanovun sinfində bitirmişdir. XX əsrin 30-cu illərinin əvvəlində Əhməd Bakıxanov bu istedadlı şagirdinin yolunu Azərbaycanın orkestr və ansambllarına açdı.[4] Siyasi repressiyaların tüğyan etdiyi 30-cu illərdə Əli Səliminin ailəsi İrana qayıdır. Əvvəlcə Mazandarana, sonra Ərdəbilə, oradan da Tehrana köçürlər. Əli şəhərdəki tanınmış sənət adamları ilə əlaqələr qurur və istedadlı tarzən kimi tanınır və sevilir.[5]
Əli Səlimi müsahibəsində "Ayrılıq" mahnısının necə yaranması ilə bağlı belə deyib: "Mən uzun zaman idi bir çox azərbaycanlının həyatına ağrı və kədər gətirən ayrılıq mövzusunda bir mahnı bəstələmək üçün uyğun sözlər axtarırdım. Çoxlarımız üçün bu, ailə üzvləri, sevdiklərimiz, qohumlar və Arazın o tayındakı doğma kəndlər və şəhərlərimizdən ayrı olmaq demək idi. O dövrdə nə Sovet, nə də Şah rejimi bizlərə o taydakılarla görüşmək üçün icazə vermirdilər. Bir gün Fərhad adında gənc bir şair mənə bir şeir gətirdi. Öncə çox maraqlanmasam da, şeiri oxuduqdan sonra budur mənim axtardığım, dedim."[2]
"Ayrılıq" mahnısının ilk ifaçısı Əli Səliminin xanımı Fatimə Qənnadi olub. Lakin mahnıda siyasi motivlər olduğundan və senzura nəzarətindən keçmədiyindən onun efirdə səsləndirilməsinə icazə verilmir. Dostlarının təkidi və xahişi ilə Əli Səlimi Fərhad İbrahimiyə həmin musiqi üçün yeni mətn yazdırır. Yeni mətndə xalqın parçalanmasından deyil, sevgililərin ayrılığından söz açılır. Lakin musiqi əvvəlki ahəngdə qaldığından özünün yanıqlı, naləli və kövrəkliyini saxlayır. Beləliklə, yeni mətnli "Ayrılıq" mahnısı 1958-ci ildə ilk dəfə Tehran radiosu ilə səsləndirilir.[6]
1961-ci ilin sonu və 1962-ci ilin əvvəllərində Rəşid Behbudovun İran səfəri yaddaqalan, maraqlı hadisələrlə zəngin idi. İranda böyük müvəffəqiyyətlə keçən konsertlərdən birindən sonra bəstəkar Əli Səlimi Rəşid Behbudovu evinə dəvət edir. Dəvəti qəbul edən Rəşid Behbudov bəstəkarın qonağı olur. Maraqlı söhbətlər zamanı Əli Səlimi yenicə bəstələdiyi "Sizə salam gətirmişəm" mahnısını sənətkara göstərir. Rəşid mahnını çox bəyənir və tezliklə ifa edəcəyinə söz verir. Bəstəkarın həyat yoldaşı Əli Səlimiyə işarə edərək onu yan otağa çağırır. Bir qədər sonra həmin otaqdan xanımın həzin səslə, tarın müşayiəti ilə oxuduğu başqa bir mahnının səsi gəlir. Rəşid elə ilk notlardan bu mahnıya vurulur və onlara qoşulub zümzümə etməyə başlayır. Mahnı bitdikdən sonra müğənni Əli Səlimidən bunun kimin mahnısı olmasını soruşur. Əli Səlimi bildirir ki, Fərhad İbrahimi "Ayrılıq" adlı gözəl bir şeir yazmışdı. Mən də bir neçə gün bundan əvvəl həmin şeirə mahnı bəstələdim. Rəşid Behbudov bəstəkara irad tutur ki, bəs nəyə görə "Ayrılıq"ı mənə təklif etmirsən? Əli Səlimi cavabında izah edir ki, qorxuram "Ayrılığ"ı oxumağa icazə verməsinlər. Sənə də baş ağrısı olmasın. "Sizə salam gətirmişəm"i oxusan mənə dünyanı vermiş olarsan. Rəşid Behbudov bəstəkarın da, onun xanımının da kövrəldiyini görüb qətiyyətlə bildirir ki, tezliklə hər iki mahnını mənim ifamda eşidəcəksiniz.[6]
Bakıya dönəndən sonra Rəşid Behbudov həqiqətən də hər iki mahnını — "Sizə salam gətirmişəm" və "Ayrılıq" mahnılarını ifa edərək lentə yazdırır.[6] Hər iki mahnı qısa bir zamanda respublikada yayılır. Rəşid Behbudovun ifasından sonra "Ayrılıq" mahnısının şöhrəti sərhədləri aşmağa başlayır. Bir çoxları "Ayrılıq" mahnısını sadəcə ən məşhur Azərbaycan mahnılarından deyil, bəlkə türk dünyasının ən məşhur mahnılarından biri kimi qiymətləndirir.[2]
1989-cu ildə Azərbaycanın məşhur müğənnisi Gülağa Məmmədov Almaniyaya gəlir və burada əslən Cənubi Azərbaycanlı olan vokalist və müğənni Yaqub Zurufçu ilə görüşür. Gülağa Məmmədov onun "Ayrılıq" mahnısına çəkdiyi klipi görüb heyrətə gəlir. Azərbaycanın Cənubi və Şimali Azərbaycana bölünməsinə həsr edilən klip Gülağa Məmmədov sayəsində Azərbaycan Televiziyasında yayımlanır. Azərbaycan Milli Azadlıq Hərəkatı zamanında "Ayrılıq" mahnısı milli-mənəvi dirçəlişə təkan verir. Gülağa Məmmədovun dəvəti ilə Yaqub Zurufçu illərdir həsrətində olduğu Azərbaycana gəlir.[7]
"Ayrılıq" mahnısına ikinci ömür bəxş edən və ona siyasi məna verən Yaqub Zurufçu oldu. O, "Azadlıq" meydanında "Ayrılıq" mahnısını dizi üstə çöküb oxumuşdu. Həmin illərdə "Azadlıq" meydanı xalqın bir araya yığışdığı məkan idi. Üzeyir Hacıbəyovun "Koroğlu" uvertürası kimi "Ayrılıq" mahnısı da o vaxtdan Azərbaycanın iki parçasını — Cənubu və Şimalı mənən birləşdirmişdi.[7]
Bu günə qədər Fatma Qənnadi, Flora Kərimova, Lütfiyar İmanov və Cavid Təbrizli kimi azərbaycanlı müğənnilərlə birlikdə, əsasən fars mahnıları oxuyan Daryuş İqbali, Ququş, Mənsur Mamağani, Türkiyənin tanınmış ifaçilarından Barış Manço, Selda Bağcan, Zəki Mürən, Emel Sayın, Fatih Kısaparmak, Müslüm Gürsəs, Mahsun Qırmızıgül, Cem Adrian, Dəniz Tekin, Doğan Canku, İnci Çayırlı, Ləman Sam, Özdemir Erdoğan və "maNga" qrupu və digərləri "Ayrılıq" mahnısını ifa edib. Əslən İran Azərbaycanından olan dünya şöhrətli ingilis musiqiçi və muğənni Sami Yusuf "Ayrılıq" mahnısını həm orijinal Azərbaycan dilində, həm də ingilis dilində "My Love Azerbaijan" (azərb. Mənim eşqim Azərbaycan) adı ilə oxuyub.[2]
Mahnı insanların vətənindən didərgin düşməsindən, aşiqin məşuqundan uzaqlaşmasından söz açır.[6]
Mətni |
---|
|
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.