From Wikipedia, the free encyclopedia
Ayaq divanı — Osmanlı imperiyasında fövqəladə vəziyyətlərdə padşahın rəhbərliyi ilə çağırılan və padşahdan başqa hər kəsin ayaq üstə dayanmalı olduğu divan məclisidir.[1][2]
XVI əsrdə yalnız bir neçə dəfə çağırılan ayaq divanı, XVII əsrdə tez-tez rastlanmışdır. XVI əsrə aid ayaq divanları daha çox padşah tərəfindən saray xaricində toplanmışdır. Mustafa Selaniki öz əsərində qeyd edir ki, Sultan Süleyman Qanuni tərəfindən çağırılan ilk ayaq divanı 1564 tarixində baş tutmuş, səbəbi isə sədrəzəm Əli Paşanın qeyri-müsəlman bir memarı haqsız yerə həbs etdirməsi olmuşdur. Sultan Süleyman tərəfindən çağırılan ikinci ayaq divanı isə tacir və hacılarla dolu bir Osmanlı gəmisinin Malta quldurları tərəfindən ələ keçirilməsi səbəbilə çağırılmışdır.[3]
XVII əsrdə padşah əmriylə toplanan ayaq divanları IV Murad və IV Mehmed səltənətlərinə təsadüf edir. IV Muradın 8 iyun 1632 tarixində Sənan Paşa köşkündə çağırdığı ayaq divanı, onun dövlət idarəsini ələ almasında mühüm rol oynamışdır.[4]
IV Mehmedin səltənətində padşah əmriylə çağırılan ayaq divanı isə, Ədirnə yaxınlığında qurulan çadırda 15 oktyabr 1658 tarixində çağırılmışdır. Ayaq divanında səfərdən yenicə dönmüş Körpülü Mehmed Paşa ilə şeyxülislam, başqazılar və yeniçəri ağaları iştirak etmiş, padşah bu divanda Abxaz Həsən ağa üzərinə tərtiblənən səfər üçün ordu rəhbərləri ilə məsləhətləşmişdir.[5] Eyni zamanda bu divanda dövrün şeyxülislamı Bolevi Mustafa Əfəndi Abxaz Həsən ağanın ölümü ilə bağlı fətva vermişdir.
Bu iki nümunədən başqa XVII əsrdə çağırılan digər ayaq divanları əsgərin yaxud əhalinin tələbi ilə baş tutmuşdur. Hadisələrin bu qədər sərtləşməsində isə əsas səbəb ya dövlət adamlarının yeritdiyi yanlış siyasətlər, ya da maliyyə vəziyyətinin pisləşməsi olmuşdur.
Məsələn, 1602-ci ildə Anadoluda çıxan ayaqlanmaların vaxtında qarşısının alınmaması və alınan tədbirlərin yetərsizliyi səbəbilə sipahilər bəzi təhrikçilərin də müdaxiləsi ilə ayaqlanmış, sədrəzəm kədxudası da başda olmaqla yeniçəri ağası, şeyxülislam və başqazılar vəzifələrindən alınmışdır. Bununla da sakitləşməyən üsyançı dəstələr padşahı ayaq divanına çağırmışdır. 6 yanvar 1603 tarixində Babüssəadə qapıları önündə tərtib olunan ayaq divanında sipahilərin istəkləri dinlənilmiş, Darüssəadə və Babüssəadə ağaları edam olunmuşdur.[6]
IV Muradın səltənətində sərdar-ı əkrəm Hüsrəv Paşanın Bağdad mühasirəsindəki uğursuzluğu səbəbilə vəzifəsindən alınması ordunu narazı salmış və Anadoluda başlayan ayaqlanmalar paytaxta da sıçramışdı. Üsyançılar sədrəzəm Hafiz Əhməd Paşa daxil olmaqla bəzi saray adamlarının təslim edilməsini tələb etmiş, bunun ardından üsyanın üçüncü günü olan 10 fevral 1632 günü padşah Babüssəadə qapıları önündə bir ayaq divanı çağırmış və Hafiz Əhməd Paşanı üsyançılara təslim etməyə məcbur qalmışdır. Ancaq yenə də sakitləşməyən üsyançılar bu dəfə də Hüsrəv Paşanın edamı səbəbilə ayaqlanaraq 13 mart 1632 tarixində saraya yürümüş və IV Muradı ayaq divanına çağıraraq istəklərini bildirmişdir. İstəkləri yerinə yetirilmədiyi təqdirdə bu dəfə gənc padşahı taxtdan salmaqla hədələyən üsyançılar yeni sədrəzəm Topal Rəcəb Paşa və Şeyxülislam Ahizadənin müdaxiləsi ilə yatırılmış və saraydan çıxarılmışdır.[7]
IV Mehmed dövründə dövlət xəzinəsi o qədər zəifləmişdi ki, artıq ülufələr ödənə bilmirdi. Bu səbəbdən Rumelidə əyarı aşağı salınmış yeni sikkələr kəsildi və "züyuf akçe" adlanan bu pullar əhalidəki tam əyarlı qızıl pullarla dəyişdirildi. Əhalidən alınan pullar isə ülufə olaraq paylanmalı idi. Ancaq bu plandan xəbərdar olan əhali ayaqlandı və öncə sədrəzəmə, ardından isə şeyxülislama müraciət edərək şikayətlərini bildirdilər. Ancaq nəticəsiz qalan bu şikayətlər nəhayət 21 avqust 1651 tarixində Babüssəadə qapıları önündə toplanan ayaq divanında padşaha da ərz olundu. Nəticədə yeni maliyyə planı geri alındı və sədrəzəm Mələk Əhməd Paşa da vəzifəsindən alındı.
Yenə IV Mehmed səltənətində Süleyman Paşa sədarəti dönəmində çağırılan ayaq divanı tarixdə Çinar hadisələri adlanan hadisə əsnasında baş tutmuşdur. 4 mart 1656 tarixində Alay köşkündə çağırılan bu ayaq divanı Osmanlı tarixindəki son ayaq divanıdır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.