Amerika Birləşmiş Ştatları tarixi
ABŞ tarixindəki hadisələr və şəxslər / From Wikipedia, the free encyclopedia
Amerika Birləşmiş Ştatlarının ərazilərinin tarixi ibtidai insanların e.ə. 15.000-ci illərdə Amerikaya gəlməsi ilə başlamışdır. Çoxlu sayda yerli mədəniyyət formalaşdı, bunlardan bir çoxu XVI əsrdə daha sıx məskunlaşmış həyat tərzindən uzaqlaşaraq başqa yerlərdə yenidən təşkil edilmiş siyasətlərə doğru tranformasiyalardan keçdi. Avropalılar Amerika kolonizasiyasına XV əsrin sonlarından başladı, lakin müasir ABŞ ərazisindəki koloniyaların çoxuna 1600-cü ildən sonra yerləşdilər. 1760-cı ildə on üç ingilis koloniyasında 2,5 milyon insan yaşayırdı. Cənub koloniyaları qul əməyinə əsaslanan təsərrüfat sistemi qurdu və bu səbəbdən Afrikanın milyonlarla əhalisini kölələşdirdi. Fransanı məğlub etdikdən sonra Britaniya hökuməti kolonistlərin yeni vergilərin onların təsdiqinə ehtiyacı olduğuna dair konstitusiya arqumentini rədd edərək, 1765-ci il Möhür aktı da daxil olmaqla bir sıra vergilər tətbiq etdi. Bu vergilərə qarşı müqavimət, xüsusən də 1773-cü ildə Boston çay qonaqlığı parlamentin özünüidarəni dayandırmaq üçün cəza qanunları çıxarmasına səbəb oldu. 1775-ci ildə Massaçusetsdə silahlı münaqişə başladı.
1776-cı ildə Filadelfiyada İkinci Kontinental Konqres "Amerika Birləşmiş Ştatları" olaraq koloniyaların müstəqilliyini elan etdi. General Corc Vaşinqtonun rəhbərlik etdiyi İstiqlal müharibəsində qələbə qazanıldı. 1783-cü il Paris sülh müqviləsi yeni dövlətin sərhədlərini müəyyən etdi. Konfederasiya maddələri mərkəzləşdirilmiş hökumət qurdu, lakin vergiləri toplaya bilmədiyi və icra məmuru olmadığı üçün sabitliyi təmin etməkdə təsirsiz qaldı. Konvensiya 1789-cu ildə qəbul edilmiş yeni Konstitusiyanı yazdı və ayrılmaz hüquqları təmin etmək üçün 1791-ci ildə Hüquqlar haqqında Bill əlavə edildi. İlk prezident Vaşinqton və onun baş müşaviri Aleksandr Hamilton ilə güclü mərkəzi hökumət yaradıldı. 1803-cü ildə Fransadan Luiziana ərazisinin satın alınması ABŞ-nin ərazisini iki dəfə artırdı.
Açıq taledən ruhlanan ABŞ Sakit okean sahillərinə qədər ərazisini artırdı. Ölkə ərazisinə görə böyük olsa da, 1790-cı ildə əhalisi cəmi 4 milyon idi. Qərbə doğru genişlənmə fermerlər və qul sahibləri üçün ucuz torpaq axtarışından qaynaqlanırdı. Köləliyin genişlənməsi getdikcə daha çox mübahisəli oldu və kompromislərlə həll edilən siyasi və konstitusional döyüşləri qızışdırdı. Köləlik 1804-cü ildə Meyson-Dikson xəttinin şimalındakı bütün ştatlarda ləğv edildi, lakin cənubdakı ştatlar cənub iqtisadiyyatına hakim olan kənd təsərrüfatını dəstəkləmək üçün köləliyi davam etdirdi. 1860-cı ildə Avraam Linkolnun prezident seçilməsi ilə başlayan vətəndaş müharibəsi cənub ştatlarının ittifaqdan ayrılaraq öz köləlik tərəfdarı olan Amerika Konfederativ Ştatlarını yaratmaqla başladı. 1865-ci ildə Konfederativlərin məğlubiyyəti köləliyin ləğvinə səbəb oldu. Müharibədən sonrakı Yenidənqurma dövründə azad olunmuş kişi qullara səs vermə hüququ verildi. Milli hökumət daha da gücləndi və fərdi hüquqları qorumağa başladı. Lakin ağdərili cənublu Demokratlar 1877-ci ildə səsvermənin əsasən hərbiləşdirilmiş şəkildə yatırılması yolu ilə Cənubda öz siyasi güclərini bərpa etdikdə, ağdərililərin üstünlüyünü qorumaq üçün Cim Krou qanunlarını, eləcə də irqə əsaslanan ayrı-seçkiliyi qanuniləşdirən və əksər afroamerikalıların ictimai həyatda iştirakının qarşısını alan yeni ştat konstitusiyalarını qəbul etdilər.
ABŞ sahibkarlıq və sənayeləşmə bumu və milyonlarla miqrant işçi və fermerin gəlişi nəticəsində XX əsrin əvvəlində dünyanın qabaqcıl sənaye gücünə çevrildi. Milli dəmir yolu şəbəkəsi hazırlandı və irimiqyaslı mədən və fabrikalar quruldu. Korrupsiya, səmərəsizlik və ənənəvi siyasətə qarşı olan kütləvi narazılıq 1890-cı illərdən 1920-ci illərə qədər Proqressiv hərəkatı canlandırdı, eləcə də federal gəlir vergisi, senatorların birbaşa seçilməsi, bir çox yerli xalqa vətəndaşlıq verilməsi, spirtli içki qadağası və qadınların seçki hüququ kimi islahatlara səbəb oldu. Birinci Dünya müharibəsində başlanğıcda birtərəf olan ABŞ 1917-ci ildə Almaniyaya müharibə elan etdi və sonrakı il Antanta dövlətlərinin zəfərini maliyyələşdirdi. Kükrəyən iyirmilərdən sonra 1929-cu il birja çöküşü on il davam edəcək olan dünya miqyaslı Böyük böhranın başlanğıcı oldu. Prezident Franklin Ruzvelt işsizlərə kömək, fermerlərə dəstək, sosial təhlükəsizlik və ortalama əmək haqqı da daxil olmaqla yeni kurs proqramlarını qüvvəyə mindirdi. Yaponiyanın Pörl-Harbora hücumundan sonra ABŞ İkinci Dünya müharibəsinə girərək Anti-Hitler koalisiyasını maliyyələşdirmiş və Avropa cəbhəsində Nasist Almaniyası və Faşist İtaliyasının məğlub olmasına dəstək göstərmişdir. ABŞ-nin iştirakı Sakit Okean müharibəsində Yaponiya imperiyasını məğlub etmək üçün Hiroşima və Naqasakidə yeni icad edilmiş amerikan nüvə silahlarından istifadə etməklə kuliminasiya nöqtəsinə çatdı.
ABŞ və SSRİ İkinci Dünya müharibəsindən sonra iki hegemon güc olaraq meydana çıxdı. Soyuq müharibədə iki ölkə silahlanma yarışı, kosmik yarış, təbliğat kampaniyaları və vasitəçilik müharibələrində mübarizə apardı. 1960-cı illərdə böyük miqyaslı mülki hüquqular hərəkatı sayəsində afro-amerikalıların səs vermə və hərəkət azadlığı kimi konstitusional hüquqlarını təmin edən sosial islahat dalğası qüvvəyə mindi. 1980-ci illərdə Ronald Reyqanın prezidentliyi dövründə ABŞ siyasəti vergi və dəyişikliklərin azaldılması istiqamətində yenidən quruldu. Soyuq müharibə 1991-ci ildə SSRİ-nin dağılması ilə başa çatdı və ABŞ dünyanın tək hegemon dövləti oldu. Soyuq müharibədən sonra xarici siyasət, xüsusilə də 11 sentyabr hücumlarından sonra əsasən Orta Şərqə yönəlmişdir. XXI əsrin əvvəllərində ABŞ-də dünyaya mənfi təsir göstərən Dünya iqtisadi böhranı və COVID-19 pandemiyası yaşandı.