From Wikipedia, the free encyclopedia
Alxanlı hücumu və ya Alxanlı faciəsi — 2017-ci il iyulun 4-də saat 20:40 radələrində Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı yaşayış məntəqəsinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində törədilən hücumdür.[1]
Alxanlı hücumu | |
---|---|
Əsas münaqişə: Qarabağ münaqişəsi | |
| |
Ümumi məlumatlar | |
39°36′00″ şm. e. 47°23′12″ ş. u.HGYO | |
Yeri | Alxanlı, Füzuli rayonu, Azərbaycan |
Tarix |
|
Silah(lar) | minaatanlar və qumbaraatanlar |
Ölü sayı |
Zəhra Quliyeva Sahibə Allahverdiyeva |
Yaralı sayı | Səlminaz Quliyeva |
Törədən(lər) | Ermənistan silahlı qüvvələri |
Bu hücum nəticəsində 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həyatını itirmişdir.[1] Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə hərbi hospitala çatdırılaraq əməliyyata götürülmüşdür.[1]
Hücum zamanı həyatını itirən yaş yarımlıq Zəhra Quliyeva 1994-cü ildə Birinci Qarabağ müharibəsinin başa çatmasından sonra Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində öldürülən sayca üçüncü azərbaycanlı uşaq idi.[2] Bu hücum beynəlxalq ictimaiyyət və bir-sıra xarici dövlətlərin rəsmiləri, parlament üzvləri tərəfindən qınanmışdır.
1980-ci illərin sonlarında başlamış Azərbaycan–Ermənistan Dağlıq Qarabağ münaqişəsi 1990-cı illərin əvvəllərindən 1994-cü ilin mayına qədər davam edən Birinci Qarabağ müharibəsinə səbəb olmuşdur.[3][4] Müharibə zamanı Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafında olan yeddi rayon Ermənistan silahlı qüvvələri və erməni hərbi dəstələri tərəfindən işğal edilmişdir.[4] İşğal nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın düşmüşdür, münaribə zamanı isə həm Azərbaycan, həm də Ermənistan tərəfində ümumi olaraq 16–18 min insan öldürülmüşdür, mindən çox insan itgin düşmüşdür.[4]
1994-cü ildən aparılan sülh danışıqları nəticə verməmiş, 1994–2017-ci illərdə ara-sıra Dağlıq Qarabağ təmas xəttində və Azərbaycan–Ermənistan sərhədində silahlı toqquşmalar baş vermişdir.[4] Sonuncu belə silahlı toqquşma 2016-cı iin 2–5 aprelində Dağlıq Qarabağ təmas xəttində baş vermişdir.[4]
Bu müddət ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı da hücumlar olmuşdur.[4] 2011-ci ilin martında 9 yaşlı Fariz Bədəlov qarşı tərəfin snayper gülləsi nəticəsində öldürülmüşdür.[5] Həmin ilin iyulunda isə 13 yaşlı Aygün Şahmalıyeva qarşı tərəfin çaya buraxdığı oyuncağın partlaması nəticəsində həyatını itirmişdir.[6]
4 iyul 2017-ci il, saat 22:30 radələrində Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan tərəfinin cəbhə xəttində növbəti irimiqyaslı təxribat törətməsi barədə məlumat yaymışdır.[7] Məlumatda iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı yaşayış məntəqəsinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulduğu qeyd edilmişdir.[1] Ermənistan tərəfinin bu təxribatı nəticəsində 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həyatını itirmişdir.[1] Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə hərbi hospitala çatdırılaraq əməliyyata götürülmüşdür.[1] Hadisə ilə bağlı beynəlxalq qurumlar məlumatlandırılmış, Azərbaycan silahlı qüvvələrinin bu istiqamətdə yerləşən bölmələri tərəfindən görülən cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulmuşdur.[1]
Ermənistan tərəfi Alxanlıda dinc əhaliyə atəş açıldığını rədd eləməsə də, günahın Azərbaycan tərəfdə olduğunu bildirmişdir.[8][9] Hadisələri şərh edən Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan iyulun 4-də "Artsax [lower-alpha 1] və Azərbaycan qoşunlarının təmas xəttində qarşı tərəfin TR 107-dən bölmələrimizə atəş açıldığını" bildirmişdir. Bundan sonra isə Müdafiə Ordusunun qabaqcıl bölmələri Alxanlıda yerləşən atəş nöqtəsinə cavab atəşi açmışdırlar.[10] Dinc əhalinin ölümündə isə nazir müavini Azərbaycanı günahlandırmışdır — "dinc şəxslər adı altında hücumların olması Azərbaycanın ənənəvi siyasətinə uyğundur".[11]
Azərbaycanın Müdafiə Nazirliyi isə bu ittihamları əsassız olduğunu sübut eləmişdir.[12] İyulun 6-da Azərbaycanın Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, Baş Prokurorluq və Füzuli rayonunun İcra Hakimiyyəti tərəfindən Azərbaycanda qeydə hərbi attaşelərin və xarici KİV nümayəndələrinin Ermənistan silahlı bölmələri tərəfindən atəşə tutulması nəticəsində 2 dinc insanın həyatını itirdiyi Füzuli rayonunun Alxanlı yaşayış məntəqəsinə səfəri baş tutmuşdur.[12] Bu ərazidə Azərbaycan silahlı qüvvələri bölmələrinin qərargahının və atəş nöqtələrinin olmadığını sübut edən dəlillər onlara yerində təqdim olunmuşdur.[12] Azərbaycanın Müdafiə Nazirliyi məlumatında hərbi attaşelər və KİV nümayəndələrinin ərazidə Azərbaycan bölmələrinin heç bir qərargahının və atəş nöqtələrinin olmadığına yerində əmin olduqlarını bildirmişdir və Ermənistan tərəfinin Alxanlı ərazisində guya hərbi bölmələrimizin olması barədə yaydığı məlumatının dezinformasiya və yalan olduğu qeyd edilmişdir.[12]
Azərbaycan Prezidenti İlham Əliyev özünün rəsmi sosial media hesablarında yaş yarımlıq Zəhra Quliyeva və nənəsinin öldürülməsi ilə bağlı paylaşım eləmişdir.[13] Paylaşımda qan içində olan uşaq oyuncağı yer almışdır və "Dünya ictimaiyyəti günahsız insanların qətlinə göz yummamalıdır" sitatı əlavə edilmişdir.[14]
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva isə özünün rəsmi sosial media hesablarında hadisə ilə bağlı paylaşım eləmişdir.[15] Paylaşımında "Azərbaycanın erməni işğalına, günahsız insanların qətlə yetirilməsinə qarşı" olduğunu qeyd edən Mehriban Əliyeva balaca Zəhraya və bütün şəhidlərə Allahdan rəhmət arzulamışdır.[16]
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Ermənistan silahlı qüvvələrinin bu təxribatının Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut elədiyi" bildirmişdir.[17] "Ermənistanın Azərbaycan əhalisinə və birbaşa və qəsdən hücumlarının, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə Konvensiyaları və ona 1 saylı əlavə, həmçinin uşaqların hüquqlarına və insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi formada pozulması" olduğunu qeyd edən Hacıyev yaranmış vəziyyətə görə bütün məsuliyyətin Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü qeyd eləmişdir.[18]
Azərbaycanın İnsan hüquqları üzrə ombudsmanı Elmira Süleymanova iyulun 5-də bəyanat vermişdir.[19] Bəyanatda "bunun, Ermənistan silahlı qüvvələri tərəfindən minlərlə günahsız insanın həyatına son qoymuş, insan hüquqlarının pozulması, dünya mədəniyyətinə mənsub tarixi, dini və mədəni abidələrin tam dağıdılması, yer üzündən silinməsi ilə nəticələnən Azərbaycana qarşı 25 ildən artıq davam edən hərbi təcavüzün, təmizləmənin və terror hadisələrinin davamı olan daha bir cinayəti" olduğu qeyd edilmişdir.[19] Bəyanatda həmçinin "bu hərbi təcavüz nəticəsində insan hüquqları sahəsində mövcud beynəlxalq sənədlərin, Cenevrə Konvensiyalarının, o cümlədən Müharibə zamanı dinc əhalinin qorunması haqqında 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının, BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasının və digər sənədlərin müddəaları pozulması" olduğu vurğulanmışdır.[20]
Azərbaycan Milli Məclisinin deputatı, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin üzvü, dönəmin ATƏT Parlament Assambleyası vitse-prezidenti Azay Quliyev[21] iyulun 5-də Belarusda baş tutan ATƏT Parlament Assambleyasının 26-cı sessiyasında çıxış edən zaman Ermənistanı barbar adlandırmışdır.[22] Azay Quliyev "erməni silahlı birləşmələrinin qəsdən dinc əhalini hədəfə alaraq günahsız insanları — Sahibə Quliyeva və 2 yaşlı Zəhra Quliyevanı qətlə yetirdiyini, bunun Ermənistanın Azərbaycan xalqına qarşı olan barbar və vəhşi addımı" olduğunu bildirmişdir.[22] Azay Quliyev həmçinin bu gündən etibarən bütün hərbi və siyasi məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirdi və ATƏT PA-nın bu insidentlə bağlı səssiz qalmamasının və cəbhə xəttində belə halların baş verməməsi üçün müvafiq addımlar atılmasının vacibliyini vurğulamışdır.[23]
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bəyanatında baş verən hadisənin Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut elədiyini bildirmişdir və "Azərbaycan dövlətinin heç bir uşağın istər azərbaycanlı olsun, istərsə də digər millətin nümayəndəsi olsun — müharibədən əziyyət görməsinə qarşı" olduğu da vurğulanmışdır.[49]
Qafqaz Müsəlmanları İdarəsi də hadisə ilə bağlı bəyanat yayaraq bu hadisəni qətiyyətlə pislədiyini, dinc insanların, qadın, uşaq, qocaların məhvi kimi bağışlanmaz cinayətlərə heç bir bəraət olmadığını bildirmişdir.[50] "Bu təxribat ilə erməni tərəfi növbəti dəfə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində danışıqlar prosesini pozmağa yönəlmiş cinayət əməllərinə yol verdiyini" qeyd edən bəyanat da Rus Pravoslav Kilsəsinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan dini liderləri olaraq dəfələrlə sülhməramlı görüşlərin də baş tutduğu vurğulanmışdır.[50]
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA)[51], "İrəli" İctimai Birliyi[52] və digər bir sıra ictimai birliyin rəhbərləri, həmçinin Danimarka[53], Finlandiya[54] və Yaponiyada[55] fəaliyyət göstərən Azərbaycan diasporları da bəyanatlar yayaraq Alxanlı hücumunu pisləmişdilər.
Alxanlı hücumu ilə bağlı azərbaycanlılar tərəfindən iyulun 7-də Birləşmiş Ştatların Vaşinqton şəhərində Ermənistanın səfirliyi qarşısında[56], iyulun 8-də isə Almaniyanın Berlin və Hannover şəhərlərində[57][58], iyulun 10-da isə Kiyev şəhərində ATƏT ofisinin qarşısında etirazlar olmuşdur.[59]
İyulun 5-də Azərbaycanın Baş Prokurorluğu Ermənistanın təxribatçı əməlləri ilə bağlı cinayət işinin başlandığını bildirmişdir.[60] Məlumatda Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Ermənistan hərbi hissələrinin növbəti dəfə təcavüz əməllərini davam etdirməsi və ağır artilleriya qurğularından Azərbaycan silahlı qüvvələrinin cəbhəboyu mövqelərini və dinc əhalinin yaşadığı əraziləri intensiv atəşə tutmaqla beynəlxalq humanitar hüquq normalarının tələblərini pozması nəticəsində Füzuli rayonunun Alxanlı yaşayış məntəqəsinin dinc əhalisinin mina və qumbaraatanlardan atəşə tutaraq dinc əhalinin qəsdən öldürülməsi məqsədilə növbəti təxribatın törədilməsi qeyd edilmişdir.[61] Təxribat 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının ölümü, 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır bədən xəsarətləri alması ilə nəticələnmişdir.[62] Həmin məqamlarla bağlı Füzuli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 116.0.6 (silahlı münaqişə zamanı hərbi zərurətdən irəli gəlməyən genişmiqyaslı dağıntılar törədilməsi ilə beynəlxalq humanitar hüquq normalarını pozma), 116.0.7 (silahlı münaqişə zamanı müdafiə olunmayan ərazilərə, yaşayış məntəqələrinə hücumla beynəlxalq humanitar hüquq normalarını pozma), 116.0.8 (silahlı münaqişə zamanı hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən dini, təhsil, elm, xeyriyyə, tibb müəssisələrinə, xəstə və yaralıların yerləşdirildiyi yerlərə hərbi zərurət olmadan hücumla beynəlxalq humanitar hüquq normalarını pozma), 116.0.10 (silahlı münaqişə zamanı dinc əhaliyə və ya döyüşlərdə olmayan ayrı-ayrı dinc şəxslərə hücumla beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.7 (2 və ya daha çox şəxsi qəsdən öldürmə) 29,120.2.7 (2 və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçi niyyətlə qəsdən adam öldürmə) maddələri ilə cinayət işi başlanılmışdır.[63]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.