From Wikipedia, the free encyclopedia
Əsənboğa hava limanında terror aktı — 1982-ci il avqustun 7-də Ankaradakı Əsənboğa Beynəlxalq Hava Limanında ASALA tərəfindən həyata keçirilən terror aktı.
Terror aktının birbaşa icraçıları Zöhrab Sarkisyan və Levon Əkməkcyan olmuşlar. Onlar ağzınacan insanla dolu gözləmə zalının ortasında bomba partlatdıqdan sonra pasport nəzarəti əməkdaşlarına və KLM-in (Hollandiya aviaşirkəti) reysinə minmək üçün növbədə dayanan sərnişinlərə avtomatdan atəş açmağa başlamışlar. Şahidlərin dediyinə görə terrorçulardan biri qaçıb canını qurtarmaq istəyən sərnişinlərə atəş açarkən qışqırırmış: "Bizimkilərdən 1 milyondan çoxu ölüb, sizinkilərdən 25-nin ölməsiylə nə olacaq ki?"[1]
Bundan sonra terrorçular kafeyə girərək 20 nəfəri əsir götürmüşlər. Türk xüsusi təyinatlılarının əsirləri azad etmək üçün keçirdikləri əməliyyat zamanı Sarkisyan öldürülmüş, Əkməkcyan isə yaralanmış və həbs olunmuşdur.
Terror aktı və iki saatlıq atışma zamanı 9 nəfər dünyasını dəyişmiş, 72 nəfər isə yaralanmışdır.[2] Ölənlər arasında ABŞ-dən olan qadın, Qərbi Almaniyadan olan mühəndis, 3 türk polisi, eləcə də sərnişinlər və hava limanı əməkdaşları vardı. ABŞ Dövlət Departamenti Cin Bosuortun kürəyindən aldığı güllə yarasından vəfat etdiyini, onun əri C. F. Bosuortun isə ağır yaralandığını təsdiq etmişdir. Ankaradakı hospitalın əməkdaşlarının bildirdiyinə görə onların hər ikisinin yaşı 60-dan çox imiş.[3]
ASALA terror aktına görə məsuliyyəti öz üzərinə götürmüş və bunun "türk faşistləri tərəfindən bizim torpağların işğalına" etiraz olduğunu bəyan etmişdir. ASALA-nın bəyanatında o da bildirilirdi ki, "günahsız qurbanlara" görə məsuliyyət, "sadə insanların düşmənləri: türk-faşist hökumətinin, NATO-nun və Birləşmiş Ştatların" üzərinə düşür. ASALA onu da elan etmişdir ki, əgər bir sıra qərb ölkələri onlarda həbsdə yatan 85 erməni məhbusu azad etməsə, bu ölkələrin nümayəndəliklərinə qarşı hücumlar təşkil edəcək.
Türkiyə polisləri həbs olunmuş Levon Əkməkcyana o və həmkarının 9 nəfəri öldürdüyünü xəbər verəndə Əkməkcyan qışqırıb: "Bu azdır!!"[4] Amma bir ay sonra hərbi tribunalın məhkəməsi zamanı o bəyan etmişdir: "Məni bura inanclarım gətirib çıxarıb. Ancaq baş verən bu hadisədən sonra mən bu inanclarımın nə qədər cəfəng və yanlış olduğunu anladım".[5]
Məhkəmə Əkməkcyanı "ölkəni bütünlüklə və ya bir hissəsini ayırıb digər ölkənin hakimiyyəti altına keçirilməsi məqsədilə hərbi aksiyanın" təşkilində günahkar bilmiş və 1982-ci il sentyabrın 7-də onun haqqında ölüm hökmü çıxarmışdır.[5]
Həbsxanadan Əkməkcyan özünün ASALA-dakı yoldaşlarına müraciət etmiş və türklərin ermənilərin düşməni olmadığını bildirmıklə onları zorakılıqdan çəkinməyə dəvət etmişdir.[6][7]
Əkməkcyanın apellyasiyası rədd edilmiş və 1983-cü il yanvarın 29-u o, dar ağacından asılmışdır.[8][9]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.