İsgəndərnamə
Nizami Gəncəvinin poeması / From Wikipedia, the free encyclopedia
"İsgəndərnamə" (fars. اسکندرنامه) — Nizami Gəncəvinin "Xəmsə" toplusuna daxil olan beşinci və sonuncu poemadır. Məsnəvi 1200–1203-cü illər arasında fars dilində yazılmışdır. Şairin lirik şeirlərində və digər poemalarında qaldırdığı ictimai problemlər bu əsərdə tam bədii əksini tapmışdır.
İsgəndərnamə | |
---|---|
اسکندرنامه | |
Janr | məsnəvi |
Müəllif | Nizami Gəncəvi |
Orijinal dili | fars dili |
Yazılma ili | 1200–1203 |
Tərcümə |
Abdulla Şaiq — Şərəfnamə Mikayıl Rzaquluzadə — İqbalnamə |
Əvvəlki | Yeddi gözəl |
Vikianbarda əlaqəli mediafayllar |
"İsgəndərnamə" poeması iki hissədən ibarətdir: birinci hissə "Şərəfnamə", ikinci hissə "İqbalnamə" adlanır. "Şərəfnamə" Azərbaycan Atabəylərindən Nüsrətəddin Əbubəkr ibn Məhəmmədə, "İqbalnamə" isə Mosul hakimi Məlik İzzəddinə ithaf edilmişdir. "İsgəndərnamə" tarixi-romantik poema olub, epopeya da adlandırıla bilər.[1] Əsər müəllifin başqa poemaları, xüsusilə məhəbbət dastanlarından fərqlənməklə, Nizaminin həcmcə ən böyük əsəri olub 10460 beyti əhatə edir. Əsərin 6835 beyti "Şərəfnamə"də, 3625 beyti isə "İqbalnamə"də cəmlənmişdir. Poema əruz vəzninin mütəqarebe məqsur (məhzuf) bəhrində yazılmışdır.
İsgəndərnamə özünün yüksək ideya və bədii dəyərləri ilə Yaxın Şərq xalqları ədəbiyyatına güclü təsir göstərmişdir. Əmir Xosrov Dəhləvinin "Ayineyi-İsgəndəri", Əbdürrəhman Caminin "Xirədnameyi-İsgəndəri", Əlişir Nəvainin "Səddi-İsgəndəri" və başqa əsərləri Nizami "İskəndərnamə"sinin təsiri ilə yazılmış əsərlər sırasında göstərmək olar. Nizaminin poeması Hatifinin "Teymurnamə"si kimi İsgəndərin adı ilə bağlı olmayan əsərlərə də təsir etmişdir. Həmin təsir "Teymurnamə"yə qəhrəmanlıq motivləri, Sədinin "Bustan"ına isə didaktik cəhətdən olmuşdur. "İskəndərnamə"də əxlaqi fikirlərin güclülüyü, Şərq ədəbiyyatında isə bu məsələyə xüsusi diqqət yetirilməsi poemanı sevdirən səbəblərdən olmuşdur.