![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/0/00/Charlie_Chaplin.jpg/640px-Charlie_Chaplin.jpg&w=640&q=50)
Çarli Çaplinin filmoqrafiyası
From Wikipedia, the free encyclopedia
İngilis aktyoru, komiki və rejissoru Çarli Çaplinin (1889–1977) çəkdiyi filmlər üzərində işlədiyi dövr 1914–1967-ci illəri əhatə edir. O, kinoda çalışdığı ilk illər ərzində ifa etdiyi avara obrazı ilə bütün dünyada tamaşaçılar tərəfindən bütləşdirilərək şöhrət qazandı. 1910-cu və 1920-ci illərdə onu planetin ən tanınmış siması hesab edirdilər.[1]
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/0/00/Charlie_Chaplin.jpg/640px-Charlie_Chaplin.jpg)
Çaplin Londonda anadan olmuş və doqquz yaşından etibarən səhnəyə çıxmışdır.[2] 1913-cü ildə Fred Karnonun komediya qrupu ilə ABŞ qastrolunda olarkən, Çaplin Mak Sennetin Keystone film company studiyası ilə müqavilə bağlayır. O, Keystone-da çalışdığı zaman ssenarilər yazmağa və baş rolda özünün çəkildiyi bir neçə film çəkməyə başlayır. 1915-ci ildə Çaplin Essanay Film Manufacturing Company, bir ildən sonra isə Mutual Film Corporation şirkətlərilə müqavilə imzalayır. 1918-ci ildə Çaplin əvvəlcə First National studiyasında, daha sonra isə Meri Pikford, Duqlas Ferbenks və Devid Uork Qriffitlə birgə yatadığı United Artists şirkətində şəxsi filmlərini ərsəyə gətirməyə başlayır.[3] 1940-cı illərin sonu, 1950-ci illərin əvvəlində Çaplin kommunizm tərəfdarı olması ittihamı irəli sürülsə də, özü bu məsələni inkar edib.[4] O, Britaniya vətəndaşı olaraq qalmışdı. 1952-ci ildə "Səhnə işıqları" filminin premyerasında iştirak etmək üçün İngiltərəyə gedərkən, onun ABŞ ərazisinə daxil olmaq icazəsi ləğv olunur.[5] Buna görə də Çaplin ömrünün sonuna qədər İsveçrədə məskunlaşır. Rejissor özünün son iki filmini İngiltərədə çəkir.
Çaplin yaradıcılığı ərzində Kinematoqrafik sənətlər və elmlər Akademiyası tərəfindən üç mükafata layiq görülüb. 16 may 1929-cu ildə təşkil olunmuş ilk Akademiya Mükafatlarının təqdimetmə mərasimində o, "Sirk" (1928) filminə görə əvvəlcə Ən yaxşı aktyor və Ən yaxşı rejissor nominasiyasiyasında Oskar mükafatına namizəd göstərilmişdi, lakin Akademiya hər iki namizədliyi aradan qaldırır və əvəzində Çaplin ssenari, rejissorluq, prodüserlik və aktyorluğa görə Fəxri Oskar Mükafatına layiq görülür.[6][7] 1972-ci ildə onun bütün kino nailiyyətlərinə həsr olunmuş növbəti fəxri mükafatı qəbul etmək üçün təxminən iyirmi il sonra ABŞ-yə qayıtmışdır. Bir il sonra isə "Səhnə işıqları" filminin musiqisi Ən yaxşı musiqiyə görə Oskar mükafatına layiq görülür, lakin "Səhnə işıqları" filmi 1972-ci ilə qədər 20 il müddətində Los-Anceles ərazisinə buraxılmır və Oskar mükafatına təqdim olunmaq üçün münasib hesab edilmirdi.[7] Çaplin 1940-cı ildə "Böyük diktator" filmi ilə Ən yaxşı aktyor və Ən yaxşı orijinal ssenari nominasiyalarında Oskar mükafatına namizəd olub. 1942-ci ildə Çaplin "Qızıl hərisliyi" filminin yeni versiyasını hazırlayır və 1925-ci ildə çəkilmiş səssiz filmə musiqi yazılışını həyata keçirir. "Qızıl hərisliyi" filmi Dram və ya komediya filmində Ən yaxşı musiqiyə görə Oskar mükafatına namizəd olub. Çaplinin bu mükafata sonuncu namizədliyi 1947-ci ildə "Müsyö Verdu" filminin ssenarisinə görə olub.[7]
2011-ci ilin nəticələrinə görə Çaplinin baş rolu ifa etdiyi 6 film Amerika Filmlərin Milli Reyestrinə daxil edilmişdir: "İmmiqrant" (1917), "Uşaq" (1921), "Qızıl hərisliyi" (1925), "Böyük şəhərin işıqları" (1931), "Yeni zamanlar" (1936) və "Böyük diktator" (1940). Seçilən filmlər sırasında Çaplinin kiçik rolda göründüyü "Şou adamları" (1928) filmi də yer alır.[8] Çarli Çaplin kinematoqrafdakı xidmətlərinə görə Şöhrət xiyabanında ulduza malikdir.[9]