From Wikipedia, the free encyclopedia
Şəmistan Əlizamanlı — Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri[1].
Şəmistan Əlizamanlı | |
---|---|
Ümumi məlumatlar | |
Doğum adı | Şəmistan Əlizamanlı |
Doğum tarixi | |
Doğum yeri | Marneuli, Gürcüstan |
Vətəndaşlığı | azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi |
Fəaliyyət illəri | 1988-günümüz |
Janrlar | Hərbi-vətənpərvərlik marşları və mahnıları |
Musiqi alətləri | gitara |
Səs tembri | Bassbariton |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Əlizamanlı Şəmistan Hüseyn oğlu 1959-cu il fevralın 4-də Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olub. Ailəlidir, bir qızı və bir oğlu var.
1977-79-cu illərdə sovet ordusu sıralarında Moskva şəhərində yerləşən V. V. Kuybışev adına Hərbi Akademiyasında həqiqi xidmətdə olub.[2]
1979-81-ci illərdə Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrında aktyor işləyib. 1985-ci ildə Mədəniyyət və İncəsənət Universitetinin dram-kino aktyorluğu fakültəsini bitirmişdir.[3]
Azərbaycan Dövlət Radiosunda diktor kimi çalışmağa başladığı dövrdə onu Moskvaya ixtisasartırma kursuna göndərmişdilər.[4] Moskvada keçirilən diktorluq kursunu fərqlənmə ilə bitirmişdir.[5] Özü bu bəradə belə deyirdi : "Tale elə gətirdi ki, 1986-cı ildə Azərbaycan Dövlət Radiosundan Moskvada SSRİ Dövlət Teleradio Verilişləri Şirkətində diktor kimi təcrübə keçməyə göndərildim. Artıq Levitan dünyasını dəyişmişdi, mənim müəllimimsə Levitanın yaxın dostu İlya Prudovski di. Levitan haqqında çox şey öyrəndim."[6][7]
1992-ci ildə onu Azərbaycan Dövlət Televiziyasına keçirdilər. O zaman Müdafiə Nazirliyindən səsi xalqı səfərbərliyə səsləyən diktor axtarırdılar və onun səsi üzərində dayandılar.[8] Sonradan 10 il müddətində Müdafiə Nazirliyində çalışmışdır, ehtiyatda olan zabitdir.[9]
Şəmistan Əlizamanlı fəaliyyətinə hərbi diktor kimi başlamışdır. Onu zaman zaman səs tembrinə görə Ümumittifaq radiosunun diktoru, SSRİ Nazirlər Soveti yanında televiziya və radio üzrə Dövlət Komitəsinin diktoru Yuri Levitanla müqayisə etmişlər.[10]
Qarabağ müharibəsinin başlanması və Azərbaycanda hərbi-vətənpərvərlik mahnılarının qıtlığı fonunda, Şəmistan Əlizamanlı hərbi-vətənpərvərlik mahnılarını ifa etməyə başlayır.
“Belə-belə işlər”in hazırladığı videoda bildirilir ki, Şəmistan Əlizamanlı Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevə ilk ifa edəcəyi mahnısını həsr edəcəyinə söz verir. Şahin Musaoğlunun bəstələdiyi və şer yazdığı "İgid əsgər" mahnısı Yusif Mirzəyevin qəhrəmancasına vəfatından sonra ona həsr olunmuşdur.[11]
Sonradan Şəmistan Əlizamanlı "Cənab Leytenant","And içirik", "Çağırır vətən", "Qalx, Azərbaycan", , "Vətən əmanəti", "Can Azərbaycan", "Birinci batalyon", , "And içirəm", "Sıravi Əhməd", "Çırpınırdı qara dəniz", "Dağlar", "Azərbaycan-Türkiyə", "Ana yurdum", "Tanrı türkə yar olsun", "Heyran türkün bayrağına", "Qafqaz dağı, yol ver bizə", "Bir şarlısan sən", "Ağ ümid", "Qərib bir karvan gedir", "Qəlbin payızı", "Şahinlər" və s. mahnılarını da ifa etməyə başlayır. Onun ifa etdiyi tanınmış "Öncə vətəndir" mahnısı Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına həsr olunmuşdur. Bu mahnı 1999-cu ildə Milli Təhlükəsizlik Nazirliyinin yaranmasının 80 illiyinə həsr olunmuş tədbirdə dövlətin ali rəhbərliyinin qarşısında ilk dəfə səslənmişdir.[12]
Hal-hazırda onun ifa etdiyi mahnılar Azərbaycan Milli Ordusunun hərbi hissələrində səslənir.[13] Şəmistan Əlizamanlı Azərbaycan hərbi musiqisini və hərb sənətini məşhurlaşdıranlardan biri kimi tanınmışdır. O uzun illər Azərbaycanın universitet, məktəb və bağçalarının qonağı olur, müəllim, tələbə və şagirdlərlə görüşur, onları vətənpərvərliyə, vətənini sevməyə, birlik və həmrəyliyə çağırır.[14] Bu tədbirlərdən biri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının təşkil etdiyi müxtəlif məktəblərində təhsil alan 100-dən çox şagirdi birləşdirən Liderlik Məktəbi “Azərbaycan – yurdum mənim!” adlı tədbirlər silsiləsində iştirakı olmuşdur.[15]
Şəmistan Əlizamanlı Azərbaycanın əməkdar artisti Nuriyyə Hüseynova ilə bir sıra mahnıları duet şəklində səsləndiriblər. İndiyə kimi Şəmistan Əlizamanlının mahnılardan ibarət olan aşağıdakı diskləri işıq üzü görmüşdür:
O, həmçinin bir sıra kliplərin və musiqili kompozisiya şəklində olan şeirlər toplusunun da müəllifidir:
Son illər Şəmistan Əlizamanlı yeni vətənpərvərlik mahnıları üzərində işləyir. Onun səsi ilə "Şəhidlər xiyabanı", "Əsgər Marşı", "İgid oğlum, leytenantım", "And", "Güllələrin mübarək" mahnıları da uğur qazanmışdır.[21][22][23]
Uzun illərdir Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən rayon İcra Hakimiyyətləri ilə birgə “Vətənin müdafiəsinə hazıram!” adlı tədbirlər Azərbaycanın bütün bölgələrində keçirilir və Şəmistan Əlizamanlı tədbirləri aparmaqla yanaşı hərbi-vətənpərvərlik mahnıları ilə də çıxış edir.[24][25] Şəmistan Əlizamanlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” və Müdafiə Nazirliyi tərəfindən "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" Azərbaycan Respublikasının medalları ilə təltif edilmişdir.[24] Fəaliyyətinin digər istiqaməti isə Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Diaspor.FM-də "Qarabağ: gerçək tarix" adlı layihədir ki, Şəmistan Əlizamanlının təqdimatında aparılır.[26]
Bundan əlavə, Şəmistan Əlizamanlı Türkiyədə də geniş fəaliyyət göstərir. Onun bəstələdiyi və ifa etdiyi "Zafer Bismillah" mahnısı 2019-cu ildə Türkiyədə keçirilən bələdiyyə seçkilərində istifadə olunubdur. Mahnı AKP və MHP partiyalarının birlikdə qurduğu "Cumhur İttifaqı"nın seçim mahnısı seçilmişdir.[27] "Tanrı Türkə yar olsun", "Zəfər Bismillah" mahnıları Şəmistan Əlizamanlının ifasında Türkiyənin "Ahaber" televiziyasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xalqa birlik və həmrəylik müraciətlərində tez-tez istifadə olunmuş və müəllifə təşəkkür bildirilmişdir.[28]
Şəmistan Əlizamanlının "Turan Ellər var olsun" mahnısı youtube kanalında rekord sayda (13 milyondan artıq baxış) insan tərəfindən izlənilmiş və Azərbaycanda ən çox dinlənilən mahnı kliplərindən biri kimi yadda qalmışdır.[29] Bundan əlavə, onun bəstələdiyi və ifa etdiyi "Yürüyün Əsgər, yürüyün" mahnısı türk əsgəri "Mehmetciyə" həsr olunmuşdur və Türkiyə mediasında böyük rezonans doğurmuşdur.[30]
Maraqlı fakt ondan ibarətdir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak etmək üçün Bakıya gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şəmistan Əlizamanlı ilə də görüşüb. Türkiyə Prezidenti Əlizamanlının AKP-nin seçki musiqisi olan "Zəfər, bismillah" mahnısının bəstəçisi və ifaçısı olduğunu biləndə bu görüşdən çox məmnun olduğunu deyərək onunla şəkil çəkdirib.[31]
Şəmistan Əlizamanlı kinematoqrafçıların çəkdikləri "Bəd xəbərlər gətirən qəribə adamlar", "Qudyalçay", "Koroğlu" və s. onlarla sənədli filmlərinin səsləndirilməsində, "Dahi sərkərdələr" (Böyük Britaniya) filminin dublyajında iştirak edibdir.
Azərbaycan Respublikasının Milli Qəhrəmanı Aqil Quliyevin döyüş yolundan bəhs edən sənədli film (2011), "Qəhrəman kənd - Əlibəyli" (2013) adlı sənədli film onun iştirakı ilə ölkə ictimaiyyətinə təqdim edilibdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı ilə birgə keçirdiyi Film Festivalının qaliblərinin mükafatlandırılması mərasimində Şəmistan Əlizamanlının rəhbəri olduğu "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin ərsəyə gətirdiyi “Əsgər atası” sənədli filmi ikinci yerə layiq görülmüşdür. Sənədli film Qarabağ döyüşlərində iştirak edən ata və onun üç oğlunun döyüş yolundan bəhs edir.[32] Onun rəhbəri olduğu İctimai Birlik eyni zamanda "Səkkiz oğul istərəm", "Vətən sağ olsun", "Cənnət yolçusu" və digər sənədli filmləri ərsəyə gətirmişdir.[33][34][34]
Bundan əlavə aşağıdakı filmlər onun səsi ilə efirə verilmişdir:
Şəmistan Əlizamanlı Türkiyənin ən reytinqli tarixi seriallarından olan “Diriliş Ertuğrul”da rol alıb və serialda Ozan rolunu canlandırmışdır. O, serialın bir neçə bölümündə "Allah Türkə yar olsun" (122-ci bölüm), "Zafer Bismillah" (127-ci bölüm), "Yürüyün alplar" (136-ci bölüm) və "Süleyman şah Oğlu Yiğit Ertuğrul" (138-ci bölüm) mahnılarını ifa etmişdir.[35] Dünyanın 85 ölkəsində 25 dildə yayımlanan, hər seriyası təxminən 2 milyard 600 milyon insanın sevərək izlədiyi serialda[36], onun ifa etdiyi "Allah Türke Yar Olsun" mahnısı və rol aldığı səhnə rekod sayda baxışla yadda qalmışdır[37].
1998, 1999 və 2002-ci illərdə Almaniyada, Türkiyə Cümhuriyyətinin müxtəlif şəhərlərində, Rusiyanın bir çox vilayətlərində, Qazaxıstanda, Ukraynada, Türkmənistanda səfərlərdə olub və konsert proqramları ilə çıxış edib. İsveçrədə "Beynəlxalq Musiqi Festivalı"nda, müxtəlif ölkələrdə keçirilən Türk Xalqlarının Qurultaylarında iştirak edib. Ukraynanın Donetsk şəhərində Dünya Azərbaycanlıları Konqresinin qurultayında konsert proqramı ilə çıxış edib.
Macaristanda hər iki ildən bir keçirilən Hun - Türk Turan qurultayında (Böyük Qurultay) Azərbaycandan olan nümayəndə heyətinin tərkibində daim təmsil olunur. O, vətənpərvərlik mahnılarını tədbirin mədəni hissəsində ifa edir.[38]
1997-ci ildə şair-publisist Rəşid Faxralının müəllifi olduğu "Diqqət! Diqqət!.." adlı kitab nəşr olunubdur. Kitabda hərbi diktor Şəmistan Əlizamanlının səsinin fonunda müharibənin görünən və görünməyən məqamları öz əksini tapmışdır.
Azərbaycanın Məmməd Araz, Nizam Paşa Mutlutürk və digər tanınmış yazıçı və şairləri Şəmistan Əlizamanlıya şer və məqalə həsr etmişlər.[39]
Şəmistan Əlizamanlının yaradıcılığına həsr olunan "Dövrün səsi" sənədli filmi onun 60 illik yubileyinə hərs olunmuş tədbirdə ilk dəfə göstərilmişdir[40]. Tədbirdə Azərbaycanın millət vəkilləri, Qarabağ qaziləri, müharibə veteranları, şəhid ailələri, generallar, zabitlər, şair və yazıçılar, Abşeron rayon ictimayiəti də iştirak etmişdir.[41] Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin "Xalq qəzeti" onu 60 illik yubileyi münasibətilə əlaqədar olaraq "Azərbaycanın ilk hərbi diktoru" adlı məqaləsində təbrik etmiş və xoş arzularını çatdırmışdır.[42]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.