İd, eqo və supereqo
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
İd, eqo və supereqo — Ziqmund Freydə məxsus psixikanın struktur modelini təşkil edən 3 psixi aparatdan biri.
Bu üç aparatın fəallığı və qarşılıqlı əlaqəsi insanın psixi həyatını təsvir edir. Bu psixi modelə əsasən "İd" özündə bir-birinə bağlı olmayan instinktiv meylləri cəmləşdirir, "supereqo" tənqidi və nəsihət verici rol oynayır, "eqo" isə mütəşəkkil və real hissə olmaqla, "id"-in istəkləri ilə "supereqo" arasında aralıq rola malikdir. "Supereqo" insanın istədiyi hərəkəti etməsinin qarşısını almaq gücünə malidkir.[1]
Bu konsepsiya Freydin yaradıcılığının daha gec mərhələlərində yaranmış və 1920-ci ildə nəşr edilmiş əsərində müzakirə edilmişdir.
İd şəxsiyyətin quruluşunun qeyri-mütəşəkkil hissəsi olmaqla, özündə insanın başlıca instiktiv meylləri ehtiva edir. İd şəxsiyyətin yeganə elementidir ki, doğuşdan etibarən mövcud olur.
Bu, insanın fiziki tələbatlarının, arzu, istək və impulslarının, xüsusilə, insanın seksual və aqressiv istəklərinin mənbəyidir. İd, özündə obyektiv reallığın tələblərindən asılı olmayan instiktiv hərəkətin ilkin mənbəyi hesab edilən libidonu ehtiva edir. İd "həzz prinsipi" (hər hansı impulsun dərhal təmin edilməsinə çalışan hərəkətlərin stimullaşdırması) əsasında fəaliyyət göstərir. Həmçinin instiktiv gərginlik nəticəsində yarana biləcək ağrı və həzz doğurmayan hərəkətlərdən yayınmanı əhatə edir. Freydin fikrincə, id təhtəlşüura aiddir və buna aşağıdakı tərifi vermişdir:
"Bu bizim şəxsiyyətimizin qaranlıq, əlçatmaz hissəsidir. Biz onun haqqında çox az biliyə sahibik. Lakin yuxuyozmalar, həmçinin nevrotik simptomlar sahəsində qazandığımız biliklərə əsasən deyə bilərik ki, id neqativ xarakterlidir və eqoya zidd bir məfhum kimi özünü göstərir. Biz id-i xaos, içində ehtiras qaynayan "çəllək" adlandırırıq… O, instiklərdən qayanaqlanan enerji ilə doludur. Lakin mütəşəkkil deyil, prosedurları və kollektiv məramı yoxdur və yalnız "həzz prinsipi" əsasında instiktlərin təmin edilməsini əsas götürür."
Yeni doğulmuş uşağın beyni yalnız id əsasında idarə edilir. Belə ki, o, özünün külli miqdarda instinktiv istəklərini və impulslarını dərhal təmin etməyə çalışır.
İd heç bir dəyərin (nə yaxşılığı, nə pisliyi və də mənəviyyatı) mühakiməsini qəbul etmir…İnstinktiv istəklərin təmin edilməsi id-in əsas mahiyyətini təşkil edir. Onu "libidonun nəhəng ehtiyatı" hesab edirlər.
Eqo (qədim yun. Εγώ, lat. ego — "mən") — psixoanaliz nəzəriyyəsinə əsasən, eqo ətraf aləmlə duyğu vasitəsilə əlaqə yaradan və "mən" kimi qəbul edilən insan şəxsiyyətinin bir hissəsidir.
Eqo, id və supereqo ilə yanaşı, insanın psixi dinamikasının təsvir edilməsi məqsədilə, Ziqmund Freyd tərəfindən təklif edilmiş 3 psixoloji anlayışdan biridir. Freydin fikrincə, Eqo icraedici funksiyaları yerinə yetirməklə, daxili və xarici aləm, həmçinin İd və supereqo arasında vasitəçi kimi çıxış edir. O, davranışın kəsilməzliyi və davamlılığını, şəxsi nəzər nöqtəsini təmin edir. Bunun köməyi ilə, keçmişdə baş vermiş hadisələr (yaddaşda qalan), hal-hazırda və gələcəkdə (təsəvvürdə canlanan) baş verəcək hadisələr arasında vəhdət yaradılır. Fərdin ilkin həyat təcrübəsinin əsasını cismanı hisslərin formalaşdırmasına baxmayaraq, Eqo nə psixika, nə də bədənlə üst-üstə düşür. Eqo inkişaf etdikdən sonra, bütün həyat boyu, xüsusilə də, təhlükə və xəstəliyin təsiri ilə və ya həyat şərtlərinin dəyişməsi ilə dəyişə bilir. Fərdin inkişafı səviyyəsinə uyğun olaraq, Eqonun diferensasiyası və Supereqonun inkişafı baş verir. Supereqo, ailə və cəmiyyətın standartlarının qəbul edilməsi nəticəsində, instinktiv impulsları nəzarətə alır və qadağalar tətbiq edir. Bunun nəticəsində isə şəxsiyyətin inkişafı üçün zəruri olan mənəvi münaqişə yaranır. Eqo müdafiə mexanizmləri yaratmaqla, Supereqo və İd arasında vasitəçi rolunu üzərinə götürür. Ani reaksiyadan təmkinli davranışa, qeyri-məntiqilikdən rasional düşüncəyə keçid uşaqlıqda asta-asta və mərhələli şəkildə baş verir. Hətta yetkinlik yaşına çatmış insanlar arasında Eqonun formasına və effektivliyinə əsaslanan fərqlər mövcud olur. Freyd bu mühüm xüsusiyyəti "Eqonun gücü" adlandırırdı. "Güclü Eqo"su olan insanların əsas xüsusiyyətlərinə ətrafda və özünün daxilində baş verən hadisələrin obyektiv qiymətləndirilməsi, daha uzun müddətə mütəşəkkil davranış, hərəkətlərin planlaşdırılması və ardıcıllığı, tərəddüd etmədən qərar qəbul edilməsi, mövcud olan alternativlərdən seçimin edilməsi, öz istəklərinə kor-koranə aludə olmamaq və istəklərin ictimai faydalı sahələrə istiqamətləndirilməsi, xaricdən gələn fiziki və sosial təzyiqlərə dözümlülük, həyatda öz yolunu seçmək və s. xüsusiyyətlər aiddir. Digər tərəfdən isə "zəif Eqo"ya malik fərdlər uşağa bənzəyirlər. Belə ki, onların davranışı impulsivdir və hər an dəyişir. Həqiqətin və özünün təhrif edilmiş formada dərk edilməsi, əmək məhsuldarlığının aşağı olması, nevrotik simptomlardan əziyyət çəkmə və s. xüsusiyyətlər "zəif Eqo"ya malik fərdlərə xarakterikdir.
Supereqo — psixoanalizdə, adətən, insana xas mənəvi qaydaları belə adlandırırlar. Cəmiyyətdə insan edə biləcəyi və etməməli olduğu hərəkətlərə dair insanın təsəvvürüdür. Vicdan, utanc və s. — bunlar hamısı Supereqonun ifadə formalarıdır.
"Supereqo" şəxsiyyətin tərkib hissəsi kimi 3–6 yaşlarında yaranır. Supereqonun vəzifəsi cəmiyyətdə qəbul edilmiş normalara riayət edilməsinin təmin edilməsidir. Bəzi hallarda ictimai normalar və insanın istəkləri arasında ziddiyyətlər yaranır. Bu ziddiyətlərin aradan qaldırılması məqsədilə, sıxışdırma, rasionallaşdırma, sublimasiya, proeksiya, reqresiya və s. müdafilə mexanimzləri işə düşür.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.