From Wikipedia, the free encyclopedia
Yunus Peyğəmbər – Allahın elçisi.
İona | |
---|---|
ivr. יוֹנָה | |
Doğum tarixi | təq. e.ə. 823[1] |
Vəfat tarixi | təq. e.ə. 720[1] |
Fəaliyyəti | vaiz[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Quranda adı müstəqil bir surəyə verilən 6 peyğəmbərdən (Nuh, İbrahim, Yusif, Hud, Məhəmməd və Yunus) biridir. Bundan başqa, müqəddəs Kitabımızda bir neçə surədə onun adı anılır.
Müqəddəs Kitaba (Tövrat, Zəbura, İncilə) əsasən, Assuriyanın paytaxtı Ninəva şəhərində (bu şəhər indiki İraq ərazisində, Mosul yaxınlığında olub) doğulan Yunus peyğəmbər ömrünün otuz üç ilini Allaha iman etməyə çağırıb. Amma cəmi iki-üç adam ona inanıb.
Bibliyada Yunus İona kimi verilir. Əhdi-ətiqdə deyilir ki, Assuriyanın paytaxtı Ninəvada əhali çox varlı həyat sürürmüş. Bu, onların dini və mənəvi cəhətdən çökməsinə gətirib çıxarır. Bu zaman Allah peyğəmbər Yunusu onlara göndərir ki, yollarına düzəlib tövbə etməsələr, onları gözləyən fəlakət barədə xəbərdarlıq etsin: "Allah dedi: "Dur get Ninəvaya – o böyük şəhərə, bildir ki, yaramazlıqlarından xəbərdaram" (Peyğəmbər İonanın kitabı, 1:2). Amma Yunus peyğəmbər Allahın sözünə qulaq asmayıb və gəmiyə oturub başqa ölkəyə gedib. Daha sonra tufan başlayıb və gəmidəki bütpərəst matroslar öz allahlarını köməyə çağırıblar. Təbii fəlakətin yatmadığını görən gəmi kapitanı deyib ki, püşk atsınlar, görək kimə düşür? Püşk Yunusa düşür və o deyir ki, bu fəlakət onun ucbatındandır, çünki Allahın qəzəbinə tuş gəlib. "Bəs indi nə edək?" deyə soruşanda Yunus deyib: "Məni dənizə atın. hər şey bitsin" (Peyğəmbər İonanın kitabı, 1:8; 11-12). Dənizçilər yaxşı adam imişlər, istəyiblər ki, onu sahilə çıxarsınlar, amma böyük dalğalar buna imkan verməyib və onların Yunus peyğəmbəri dənizə atmaqdan başqa yolu qalmayıb. Sonra onu balina udub. Üç gün balinanın qarnında qalıb. Burada tövbə edib, Allaha yalvarıb. Üç günün tamamında balina onu sahilə atıb.
Yunus peyğəmbərin balinanın qarnında qalması məsələsi İncildə də var: "Pis və vəfasız nəsil bir əlamət axtarır, lakin ona Yunus peyğəmbərin əlamətindən başqa əlamət verilməyəcək. Çünki Yunus üç gün, üç gecə nəhəng balığın qarnında necə qalmışdısa, İnsan oğlu da üç gün üç gecə yerin bağrında elə qalacaq" (İncil, Mattanın mücdəsi, 12: 39-40).
Əhdi-ətiqə görə, bundan sonra Yunus Ninəvaya gəlib və qırx gündən sonra olacaq fəlakət barədə şəhər əhlini xəbərdar edib. Əhali onun sözünə inanıb. Çar da daxil hamı oruc tutub, tövbə edib: "Və ninəvalılar inandılar Allaha və oruc elan elədilər. Və böyükdən kiçiyə cır-cındır geyindilər. Bu söhbət Ninəva çarına çatdı. Və o öz taxtından qalxdı, özünün çar libasını çıxardı, cır-cındır geyindi və külün üstündə oturdu və fərman verdi ki, Ninəva çarı və əyanların adından elan eləsinlər ki, nə insanlar, nə mal, nə öküzlər, nə qoyunlar otaracağa getməsin, yeməsin, içməsin və adamlar və heyvanlar cındırla örtülü olsun və Allaha möhkəm yalvarsınlar. Hər kəs özünün şər yolundan və əlinin zorakılığından əl çəksin. Kim bilir, bəlkə, Allah rəhmə gəldi, öz qəzəbini bizdən uzaqlaşdırdı və biz məhv olmadıq. Və Allah gördü ki, bunlar şər yolundan döndülər, onlara yazığı gəldi, onlara göndərməyi vəd elədiyi fəlakəti göndərmədi" (Peyğəmbər İonanın kitabı, 3:5-10). Bu səbəbdən fəlakət olmayıb. Allah bütpərəstləri cəzalandırmadığı üçün Yunusun acığı tutub və qəzəbli şəkildə şəhəri tərk edib. Düşünüb ki, bu hadisədən sonra camaat ona lağ edəcək ki, bəs nə oldu fəlakət? Və özünə Allahdan ölüm diləyib (Peyğəmbər İonanın kitabı, 4:2-4).
Əhdiə-ətiqə görə, Allah onun bu düşüncəsiz arzusunu yerinə yetirməyib. Yunus peyğəmbərin başı üzərində onu günəşin istisindən qoruyacaq hündür bir bitki bitib. Amma səhəri gün Allahın əmri ilə qurdlar bu bitkinin kökünü yeyib və o quruyub. Yunus peyğəmbər bundan üzülüb və narazılıq etməyə başlayıb. Bu zaman Allah taaladan vəhy gəlib: "Sən o bitki üçün təəssüf edirsən, halbuki onun zəhmətini çəkməmişdin. Mənim yüz iyirmi mindən artıq əhalisi olan Ninəvaya, onun sağ əlini sol əlindən ayıra bilməyən əhalisinə rəhmim gəlməməliydimi?" (Peyğəmbər İonanın kitabı, 4:10-11).
İslamda Yunus peyğəmbərin soyunun Bünyamin vastəsilə Yaqub Peyğəmbərə, onun vasitəsilə də İbrahim Peyğəmbərə bağlandığı deyilir. "Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy verdiyimiz kimi, İbrahim, İsməil, İshaq, Yaqub, onların törəmələri, İsa, Əyyub, Yunus, Hərun və Suleymənə vəhy verdiyimiz kimi sənə də, şübhəsiz, vəhy verdik. Davuda da Zəbur verdik" (Nisa 163). Bir sıra alimlərin fikrincə, İsa peyğəmbər anasının adıyla Məryəm oğlu deyə anıldığı kimi, Yunus peyğəmbər də Matta oğlu kimi anılıb. Mattanın Yunus peyğəmbərin atasının adı olduğunu düşünənlər də var.
Quranda şəhərin adı çəkilmir, sadəcə, deyilir ki, Yunus Peyğəmbər böyük bir şəhərə peyğəmbər olaraq göndərilibmiş. "Yüz min, yaxud daha çox adama peyğəmbər göndərdik onu" (Saffət, 147). Bu şəhərin Dəclənin kənarında, indiki Mosulun yerində olan Ninəva şəhəri olduğu güman edilir. Yunus peyğəmbərin Ninəvada doğulub böyüdüyü deyilir. Bu şəhərin əhalisi bütpərəstliyə yuvarlanıbmış. Heykəllər düzəldərək onlara tapınırmışar. Amma sonradan iman edirlər: "Sonunda iman etdilər, biz də onları bir müddət yararlandırdıq" (Saffət,148). Şəhər əhlinin iman gətirməsi barədə Yunus surəsində də danışılır: "Kaş elə bir diyar olaydı, əhalisi əzab görən zaman gətirdiyi imanı fayda gətirəydi ona [əzab görəndən sonra imana gəlmək heç bir ölkəyə fayda verməz]. Əzaba düşməzdən öncə iman gətirən zaman yalnız Yunus qövmünü rəzillik əzabından uzaq elədik və bir müddət yaşatdıq bu dünyada onları (Yunus, 98).
Rəvayətə görə, Yunus peyğəmbər şəhəri tərk edəndən sonra bir gün göyün üzü qara buludlarla dolur. Sadə insanlardan birisi camaata bildirir ki, bu, Allahın qəzəbinin əlamətidir və əhalini böyük fəlakət gözləyir. Camaat bir yerə toplaşır və fəlakəti dəf etmək üçün tədbirlər görürlər. Südəmər körpələri analarından ayırırlar ki, ana və uşaqların yalvarışı hər yeri bürüsün. Bəlkə, onların duası daha keçərlidir? Heyvanları otlaqlardan uzaqlaşdırırlar ki, onlar ac qalsın. Dua, tövbə yalvarışlar nəticəsində Allahın onlara rəhmi gəlir, buludlar çəkilir. Cəlaləddin Rumi "Məsnəvi"də bu xüsusda yazır: "Yunus peyğəmbərin qövmünə bəla gəldi. Göydən odla dolu bir bulud ayrıldı. İldırımlar saçır, daşları əridirdi. Göy guruldamaqda, bənizləri saralmaqdaydı. Onların hamısı damlardaydı. Gecə vaxtı idi. Göy üzündən gələn bu bəla gecə vaxtı gəlib çatmışdı. Hamısı damlardan aşağı endi. Başlarını açıb ovalığın yolunu tutdular. Analar övladlarını özündən ayırdı. Hamısı fəryad-fəğana, çığırışıb ağlamağa başladı. O qövm axşam namazından səhər çağına kimi başlarına torpaq tökdü. Hamısı avaz-avaz ağlayıb yalvarırdı. Tanrının o inadçı qövmə yazığı gəldi. Ümidsizlikdən, səbirsiz ah və fəryaddan sonra yavaş-yavaş bulud dağılmağa başladı… Xülasə, ağlayıb-sızlamağın Tanrı yolunda dəyəri var… Üstünlük baxıimından Ulu Tanrı göz yaşını şəhidlərin qanına bərabər tutur". ("Məsnəvi", 5-ci cild, 1608-1619). Göründüyü kimi, yuxarıdakı rəvayət və Ruminin yazdıqları Bibliya mətni ilə paralellik təşkil edir. Amma Quranda bu barədə təfərrüat yoxdur.
Bibiliyadan fərqli olaraq, dinimizə görə Yunus peyğəmbərə insanları tövhidə çağırmaq tapşırığı veriləndə o, vəzifəni yerinə yetirməkdən imtina etmir. Amma onun xəbərdarlığına şəhər əhlinin reaksiyası peyğəmbəri qane etmir və o, şəhərdən çıxır. Gözləyir ki, Allah taala onları cəzalandıracaq. Amma yuxarıda sadalanan hadisə baş verdiyindən, Allah taala onları bağışlayır. Yunus peyğəmbər isə cəza olmadığı üçün çıxıb gedir. Quranda bu xüsusda danışılarkən onun hirslənərək getdiyi deyilir. Onun bu hərəkəti, səbirsizliyi qınanır: "Rəbbin Öz hökmünü verənə qədər səbir elə! Balıq sahibinə (Yunus peyğəmbər) oxşamayasan" (Qələm, 48); "Zunnunu da yada sal. Hirslənərək gedərkən zənn elədi Biz onu sıxıntıya salmarıq. Və nəhayət, qaranlıqlar içində "Səndən başqa tanrı yoxdur. Ucalardan ucasan. Mən gerçəkdən zalım idim!" deyərək çağırmışdı Rəbbini" (Ənbiya, 87).
Yunus peyğəmbər dənizdə gəmiyə minəndə baş verənlər barədə Quranda bunlar deyilir: "Yunus da göndərilmiş elçilərdəndi. Qaçaraq minmişdi dolu gəmiyə. Batmaq təhlükəsi yaranan zaman püşk atdılar. Yunusun bəxtinə düşdü püşk. Atdılar onu dənizə. Balıq uddu onu" (Saffət, 139-142).
Yunus peyğəmbər balinanın qarnında olarkən öz yanlışına görə Allaha yalvarır və duası qəbul olunur: "Rəbbindən iznsiz iş görmüşdü o. Allahı öyən kimsələrdən olmasaydı, diriləcəyi günə qədər balığın qarnında qalacaqdı. Quruya çıxartdıq onu, halsız-halsız uzanmışdı. Bir qovun ağacı bitirdik ondan ötrü" (Saffət 142-146); "Və nəhayət, qaranlıqlar içində "Səndən başqa tanrı yoxdur. Ucalardan ucasan. Mən gerçəkdən zalım idim!" deyərək çağırmışdı Rəbbini. Qəbul etdik duasını. Qəm əlindən aldıq onu. Mö'minlərə nicat veririk beləcə" (Ənbiya, 88-89).
Rəvayətə görə, Yunus peyğəmbər sağalandan sonra öz şəhəri Ninəvaya qayıdır və şəhər əhli onun istiqbalına çıxır. Quranda Yunus peyğəmbərin həyatı bir ibrət olaraq verilir. İnsanlar səbirli, səbatlı olmağa çağırılır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.